Narınc Rustəmova: “Gərginlik hiss edən kimi, onu qusmağı bacarmalısan”
“Sözümüz çəp gəlirsə, bu, bir saatdan, iki saatdan, ən uzağı, bir gündən o yana keçə bilmir…”
Bunu APA.TV-nin "Ömür yoldaşı" verilişində qonaq olan, “Narınc” Psixologiya Mərkəzinin direktoru Narınc Rustəmova deyib. O, bu qənaətini həyat yoldaşı Elnur Rüstəmovun da psixoloq olması ilə əlaqələndirib.
“Gərgin olan zaman bir- birimizə, necə dəyərlər, konsultasiya eləyirik… bir-birimizin psixoloqu oluruq... bir-birimizin dəstəyinə xüsusi ehtiyac duyuruq”- deyən Narınc xanım incikliklərin, məqamında aydınlaşdırılmasının vacibliyini diqqətə çatdırıb. Onun fikrincə: “Zamanında bir gərginlik hiss edən kimi, onu qusmağı bacarmalısan. İncikliklər heç vaxt içdə saxlanılmamalıdır və ya kiminləsə paylaşılmamalıdır. Qəzəbli olanda insan bəzən anlaqsız düşünə bilir. Barışıq olandan sonra xanım öz əziyyətini çəkir...”
“Tərəflərin bir- birinin qarşısında yazılan və yazılmayan öhdəlikləri var”- deyən Elnur Rüstəmov Narınc xanımı nəzərdə tutaraq: “Telefon zəngindən bilirəm ki, onun əhvalı necədir…”- söyləyib. Ailədaxili problemlərin həlli yolundan danışarkən, Elnur bəyin qənaəti konkret olub: “Allah hər bir dərdin dərmanını verib. Sadəcə, zaman lazımdır. Özünü anlayan insan başqasını da anlayacaq…”
Xanımların sosial şəbəkələrdə ona - "siz nə qədər xoşbəxtsiniz, yəqin artistlik eləyirsiniz…” rəylərinə də aydınlıq gətirən Narınc Rüstəmova xoşbəxtliyin ər və arvad arasında qarşılıqlı anlaşma ilə sıx bağlı olduğunu bildirib və xanımlara bir məsələni unutmamağı tövsiyə edib: “Şəxsin özü yanımdadırsa, niyə mən başqasından kömək istəməliyəm?”
Ailədə tərəflərin, bəzən, bir-birlərini azadlıqlarını məhdudlaşdırmaqda ittiham etmələri məsələsinə toxunarkən Elnur Rüstəmovun fikri belə olub: "azadlıq, dərk edilən məsuliyyətdir. Azadlıq, necə istədin, elə hərəkət etmək demək deyil…”
Narınc Rüstəmova valideyn- övlad münasibətlərini tənzimləyərkən ata-anaları çox diqqətli olmağa, məsuliyyəti bölüşməyə, və bir-birilərinə dəyər verməyə çağırıb:
“Adama qalan həyat yoldaşıdır. Yaşlananda o bizim yanımızda olacaq. Övladımızsa, öz həyatını qurub xoşbəxt yaşayacaq…”