Fikrət Verdiyev: “ Dedim, Şövkət xanım, elə sən deyəndir, özünü ver ora...”
“Bir gün Şövkət Ələkbərova dedi ki, Xanın Şuşinskinin iki qızı var. Mən məsləhət görərdim, onlara baxasan. Mən də dedim, görüb-eləməmişəm. Beləcə, o fikirdən vaz keçdim”.
APA TV-də yayımlanan “Ömür yoldaşı” proqramının qonağı, Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri, “Göy-göl” Dövlət Mahnı və Rəqs ansamblının yaradıcısı, Xalq artisti Fikrət Verdiyev ailə qurmasının tarixçəsini xatırlayarkən unudulmaz sənətkarımız Şövkət Ələkbərovanın təklifi ilə xoş təsadüfün üst-üstə düşdüyünü bildirib: “Bir gün Hökumət evində Xan əminin yanında bu xanımı görəndə, dedim, deyəsən , mən axtardığımı tapmışam. Tez zəng elədim Şövkət xanıma. Dedim, Şövkət xanım, elə sən deyəndir, özünü ver ora...”
Sənətkarın 40 illik ömür yoldaşı, məşhur muğam ifaçısı Xan Şuşinskinin qızı, “Xan Şuşinski” fondunun rəhbəri Bəyimxanım Cavanşir-Verdiyeva, ona elçi düşərkən, Şövkət xanımın Fikrət haqqında dediyi bu sözləri yada salıb: “Şövkət xanım, Fikrət elə bir oğuldur ki, - dedi,- onun üzərində 20 mərtəbəli bina tikmək olar. O qədər güclü, iradəli və zəhmətkeşdir...”
Uğurlu ailə həyatı çətinliklərsiz də ötüşməyib. “Fikirləşin ki, bir gündə 2 bayram konserti olurdu. Həm Bakıda, həm də Gəncədə. O vaxt 5 təyyarə reysi var idi Gəncəyə. Gəlirdim bunu yola verirdim, qaçırdım təyyarəyə o birini yola verirdim”.
Bəyimxanım, Fikrət Verdiyevin bəzən aylarla qastrolda olduğunu, ailədən uzaq düşdüyünü, lakin uşaqların təhsilinə və tərbiyəsinə xüsusi diqqət yetirdiyini söyləyərək, onun musiqiçi taleyi ilə həmişə hesablaşdığını bildirib .“Mən sənətkar ailəsində böyümüşdüm. Bilirdim ki, hər qadın sənətkar xanımı ola bilməz. Ömür yoldaşın aylarla qastrolda da ola bilər. Xanımlarla şəkil də çəkdirə bilər. Bütün bunlara hazır olmalısan ”.
Fikrət Verdiyev rəhbəri olduğu “Göy-Göl” ansamblının yaranma tarixindən, toylardan qazandığı pullarla onu necə saxladığından söz açıb: “Yaxşı musiqiçiləri yığdım, ansambl yaratdım. 8 il mən onu ictimai əsaslarla saxlamışam. Heç bir məvacib olmurdu. Ulu öndər Heydər Əliyevin bir kəlmə sözü ilə “Göy göl”ə Dövlət Mahnı və Rəqs ansamblı statusu verildi. 75 nəfərlik ştat açıldı”.
“Gəncədə heç kim qızını oynamağa-filana buraxmırdı. Bu da Dövlət Mahnı və Rəqs ansamblıdır axı. Xalq artisti Kamil Dadaşova dedim. Bakıdan Gəncəyə 12 oğlan, 12 qız gətirdim ”.
Rəqqasların kirayə və yemək pulunu öz üzərinə götürdüyünü söyləyən Fikrət Verdiyev “Göy-Göl” ansamblının nüfuzunu qaldırmaq üçün hansı vasitələrə əl atdığını da vurğulayıb: “İctimai əsaslarla filarmoniyanı tikdik... Müşərrəf Akayı, Radmila Karaklaiçi, Mixail Boyarskini və başqa məşhur ifaçıları gətirdik Gəncəyə. Hər ay 10 gün, beləcə, musiqi bayramı olurdu. Şəhər rəhbərliyinə dedim ki, hamımız ailəli gəlirik konsertlərə. Camaat da bizə baxsın, başlasın ailəli gəlməyə... Elə də oldu”.
“Bizim evimiz , sanki, xaricdən gələn qonaqların qonaq evi idi”- deyə o günləri yada salır Bəyimxanım Cavanşir-Verdiyeva: “Mən hər şeyi qayınanam Məryəm xanımdan öyrənmişəm. Onun savadı yox idi. Adını da yaza bilmirdi, amma mənən çox zəngin insan idi. Kiçik qızıma qayınanamın adını qoymuşuq”.
Bəyimxanım “Ömür yoldaşı”na müsahibə verərkən bir haşiyə də çıxıb: “Axşam toydan gəlirdik . Polis sənədləri yoxlamaq üçün bizi saxladı. Fikrəti tanıdı. Gördü bu Xalq artisti, kürəkənim Xalq artisti...Uşaq da qucağımda yatmışdı. O da istedadlıdır. Dedim, bu da gələcəyin Xalq artisti...”