Əməkdar İncəsənət xadimi Ayaz Salayev: “Ümumiyyətlə, mənim bəxtim gətirib”.
APA TV-nin “Ömür yoldaşı” proqramında qonaq olan teleaparıcı, rejissor, pedaqoq, Əməkdar İncəsənət xadimi Ayaz Salayev Nərmin xanıma vaxtilə İncəsənət Universitetində rast gəldiyini söyləyib, o vaxt hansı hisslər keçirdiyini belə ifadə edib: “1994-cü ilin sentyabr ayında Nərmini gördüm və o dəqiqə hiss elədim ki, elə bil, onu lap çoxdan tanıyıram”.
Həmin dövrü yada salan Nərmin xanım qeyd edib ki, "Ayaz müəllimin çox maraqlı mühazirələr dediyini eşitmişdim. O, bir dəfə bizim müəllimi əvəz elədi. Çox maraqlı mühazirə oldu... Sonralar mən özüm, başqa ixtisasda dərs desəm də, imkan olan kimi, onun mühazirələrinə gedirdim. O da məni o cür tanıdı”.
Nərmin xanım Ayaz Salayevi ilk dəfə “Retro” televiziya verilişində görəndə 6 yaşı olduğunu söyləyib: “Ayazı, qətiyyən, bəyənmirdim. Çünki mən kinoya baxmaq istəyirdim. Ayaz danışdıqca, məni yuxu aparırdı. Kinonu buraxırdım. Ona görə də, sözün düzü, uşaqlıqda acığım gəlirdi ondan”.
Ailə sarıdan bəxti gətirdiyini bildirən Ayaz Salayev ömür yoldaşının xarakterini belə səciyyələndirib: “Bir var, ev quran, ocaq qalayan qadınlar, bir də var ev yıxan qadınlar. Əksəriyyət ikisinin ortasındadır. Nərmin xalis birinci qütbdür. Ocaq qalayan. enerji gətirən və mənəvi baxımdan məndən qat-qat üstün olan qadındır... O çox istedadlıdır. Amma sənətini ailəsinə qurban verdi”.
Ayaz Salayevin intellektual səviyyəsini yüksək qiymətləndirən Nərmin xanım bildirib ki, Ayaz müəllim ensiklopediya kimi bir adamdır. Onunla bir evdə yaşayan adam “Google” və “Vikipediya”ya girməyə bilər. İnternetə ehtiyac olmur, sadəcə. O, hər şeyi bilir”.
“Bəs ailənin qarşılaşdığı çətinliklər, problemlər necə həllini tapır?” sualına Nərmin Salayeva konkret cavab verib: “Hər hansı bir işə problem kimi baxmaq mənə xas deyil. Heç kim xəstə deyilsə, rəhmətə gedən yoxdursa, heç bir problem də yoxdur”.
Kişinin ailəyə fiziki, qadının isə mənəvi dayaq olduğunu bildirən Ayaz Salayev evdə bu sosial rolların dəyişik düşməsinə, birmənalı olaraq, yol vermədiyini xüsusi qeyd edib: “ Mən heç vaxt özümə sığışdırmaram ki, həyat yoldaşım nəsə fiziki yük altına girsin və heç vaxt ailəmi sənətimə qurban vermərəm”.