Qadınları ən çox qorxudan sual: uşaqlıq fibromaları, miomalar xərçəngə çevrilirmi?

Qadınları ən çox qorxudan sual: uşaqlıq fibromaları, miomalar xərçəngə çevrilirmi?

 

Ginekologiya uzmanı Rəşad Sultan: “Uşaqlıq cismi xərçəngi üçün günümüzdə əsas risk faktoru piylənmədir”

 

“Qadınların xoşxassəli şişlərlə bağlı gərəksiz yerə qorxudulması...”

 

“Uşaqlıq boynu və uşaqlıq cisminin şişlərinin hər birinin özünün yaranma səbəbləri var. Artıq sübut olunub ki, uşaqlıq boynunun xərçəngi virus etiologiyalıdır. Yəni uşaqlıq boynu xərçənginə cinsi yolla keçən virus səbəb olur”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında ginekologiya uzmanı, Bakı Sağlamlıq Mərkəzinin Doğuş bölməsinin müdiri Rəşad Sultan deyib.  

 

Ginekoloqun sözlərinə görə, virus orqanizmə daxil olandan sonra xərçəngönü proses gedir. Bu, təxminən on il müddətində davam edir, ondan sonra xərçəng prosesi başlayır: “Bu uzun müddət bizə problemi xərçəngönü mərhələdə aşkar etməyə və hətta müalicə etməyə imkan verir. Uşaqlıq cisminin, daha doğrusu, selikli qişanın xərçəng tipi də xərçəngönü mərhələdən keçir və yenə də bunu aşkar edib, müalicə etmək mümkündür”.

 

Rəşad Sultan deyib ki, xərçəngönü mərhələnin heç bir klinik əlaməti yoxdur: “Təbii ki, bu, işin pis tərəfidir. Əlamətlər çox gec mərhələdə üzə çıxır”.

 

Ona görə də ginekoloq hesab edir ki, bütün qadınlar kütləvi şəkildə “Pap-test” deyilən yaxma müayinəsində keçməlidirlər: “Təbii ki, bu test şübhələnmə metodudur. Burda nəticənin 40 faiz yanlış çıxma ehtimalı ola bilər. Amma ən azı bu müayinə zamanı xəstədə atipik hüceyrələrin olduğu məlum olsa, toxuma parçası götürülür və biopsiya metodundan istifadə edirik. Bu məsələdə çətini şübhələnməkdir, şübhələndiyimiz zaman sonradan xəstəliyi daha asanlıqla aşkarlamaq mümkündür”.

 

Mütəxəssis bütün qadınların zamanında ginekoloji müayinələrdən keçməsinin zəruri olduğunu, problem olanda onu vaxtında aşkarlamağın, vaxtında müalicə etməyin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

Həkim nəzərə çatdırıb ki, uşaqlıq cismi xərçənginin əsas əlaməti qanaxmadır: “Menopauza dövründə bir damla da olsa, qanaxması olan qadın mütləq ginekoloqa müraciət etməlidir. Çünki klimaks dövründə qanaxması olan qadınların 8-10 faizində uşaqlıq cisminin xərçənginə tutulma ehtimalı var. Bu qadınların hamısı endometrial biopsiya müayinəsindən keçməlidirlər”.

 

Onun sözlərinə görə, uşaqlıq cismi xərçəngi üçün şəkərli diabet xəstəliyi, piylənmə, ovulyasiyanın gecikməsi, polikistoz xəstəliyi, gec menopauzaya girmək risk faktoru hesab olunur: “Günümüzdə ən əsas risk faktoru piylənmədir”.

 

Ginekoloq qeyd edib ki, bu xəstəliyin də əlaməti qanaxmalardır, qeyri-sabit  menustral sikldir.

 

Uşaqlığın xoş xassəli şişləri barədə danışan Rəşad Sultan deyib ki, bu gün qadınların xoşxassəli şişlərlə bağlı gərəksiz yerə qorxudulmasının şahidi olurlar: “Uşaqlığın xoşxassəli şişləri deyərkən birinci ağıla miomalar, ikinci isə poliplər gəlir.

 

“Şiş” deyən kimi xəstələr qorxuya düşürlər, xoşxassəli olduğunu desək də. Ona görə də mən hər zaman deyirəm ki, dərinin xoşxassəli şişi xaldır və hamıda xal var. Statistik rəqəmlərə görə, qadınların 25-30 faizində mioma var. Bəlkə də yoxlansalar, bütün qadınlarda mioma var. Bu isə o demək deyil ki, bütün qadınlar, bütün miomalar əməliyyat olunmalıdır. Miomalar konkret olaraq problem yaratdığı, şikayət verdiyi zaman əməliyyat edilməlidir.

 

Miomanın yaradığı bir nömrəli şikayət qanaxmadır. Yəni mioma qanaxma yaratdığı zaman əməliyyat olunmalıdır. Burada isə menustrasiya qanaxmalarının uzanması və bol miqdarda olan qanaxmalar nəzərdə tutulur”.

 

Onun sözlərinə görə, uşaqlığın üstündə yerləşən mioma ölçüsündən asılı olmayaraq qorxulu deyil. Rəşad Sultan onu da deyib ki, 50 yaşdan sonra miomanın ölçüsü kiçilir... 

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR