Uşaqlarda ürək qüsurları: əməliyyat nə zaman vacibdir?
“Bəzi ürək qüsurları ilə bağlı kiçik yaşlarda tədbir görülməsə, sonradan vəziyyət çarəsiz bir həddə çatır”
“Hər anadangəlmə ürək qüsuru əməliyyat olunmamalıdır”
“Qohum evliliklər, ananın keçirdiyi infeksion xəstəliklər, hamiləlik dövründə qəbul edilən bir sıra preparatlar ürək qüsurlarına səbəb ola bilir”
“Hər bir mütəxəssis öz sahəsində dünyada tətbiq olunan yenilikləri izləməlidir”
“Dünyada aparılan araşdırmaların nəticəsindən, uzun illərdən bəri aparılan statistik qeydlərdən görünür ki, anadan olan hər 1000 uşaqdan 7-8-də ürək qüsuru mövcud olur.
Son illərdə ölkəmizdə də ürək qüsuru ilə anadan olan uşaqların sayı çox görünür. Amma mən düşünmürəm ki, bu, qüsurların sayının artması ilə bağlıdır. Son illərdə diaqnostikanın inkişafı, bu qüsurların zamanında diaqnozunun qoyulması nisbi olaraq sayda artımla qarşımıza çıxır. Təxminən 10 il bundan qabaq 15-20-25 yaşlarında ürək qüsurları ilə bağlı ilk dəfə diaqnoz qoyurdu. Bu isə bizdə ürək qüsurlarının sayının az olduğu qənaətini yaradırdı, amma əslində belə deyildi”.
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar xəstəlikləri Mərkəzinin rəhbəri, Respublika Müalicə Diaqnostika Mərkəzinin Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, tibb elmləri namizədi Rəşad Mahmudov deyib.
Mütəxəssisin sözlərinə görə, anadangəlmə ürək qüsurlarının böyük bir hissəsinin səbəbi bilinmir: “Dünyada bununla bağlı çoxsaylı araşdırmalara aparılsa da, qüsurların 90 faizinin səbəbi bəlli deyil. Amma bilinən səbəblər içərisində Azərbaycanda da geniş yayılan yaxın qohum evliliklər də var. Eyni zamanda nəsildə xəstəliklər ola-ola yaxın evliliklərin olması ürək qüsurlarının ortaya çıxmasında rol oynayır”.
Ürək-damar cərrahı deyib ki, ananın keçirdiyi infeksion xəstəliklər, hamiləlik dövründə qəbul edilən bir sıra preparatlar ürək qüsurlarına səbəb ola bilir: “Uşağın formalaşdığı ilk üç ay çox vacibdir. Bu müddətdə ananın keçirdiyi infeksion xəstəliklər, ələlxüsus da qızılca, su çiçəyi, məxmərək xəstəlikləri qüsurların artımına səbəb olan əsas faktorlardan biridir. Orqanların əsas formalaşdığı dövrdə - ilk üç ay ərzində mümkün qədər təbii qidaların qəbulu, sağlam həyat tərzi keçirmək, ziyanlı hallardan kənar durmaq vacibdir. Yüksək dozada antibiotiklərin qəbulunun ziyanı var. Təbii ki, hamilə qadının problemi varsa, aradan qaldırmaq lazımdır. Amma hər hansı preparatın qəbuluna mütəxəssislər göstəriş verməlidir. Orqanların formalaşmasına yan təsiri göstərə biləcək kimyəvi maddələrin qəbulu yolverilməz sayılmalıdır”.
R. Mahmudov vurğulayıb ki, hamiləlik öncəsi yüksək dozada antibiotiklərin, digər dərmanların qəbulunun da bir çox ziyanları var. Mütəxəssis eyni zamanda qeyd edib ki, həyati əhəmiyyətli çox vacib göstəriş yoxdursa, hamilə qadın Rentgen, Kompüter-tomoqrafiya müayinələrindən də keçməməlidir: “Rentgen şüaları birmənalı olaraq ürək qüsurlarının, digər qüsurların ortaya çıxmasına təsir edir. Həyati göstəriş olmadığı halda bu şüaların hər bir növündən uzaq qalmaq lazımdır.
Kompüter-tomoqrafiya rentgen şüalanmasında ən yüksək dozaya malikdir. Bunun da hamiləlik dövründə istifadəsindən uzaq olmaq gərəkdir. Amma Maqnit-Rezonans Tomoqrafiyanın hər hansı bir ziyanının olması barədə hər hansı dəlil yoxdur.
Bəzən çarəsiz vəziyyətdə qalanda Rentgendən istifadə olunur, onda da dölü qoruyan xüsusi qoruyucu vasitələrdən istifadə olunmalıdır.
Ana bətnində uşağın formalaşması, diferensiasiyası getdiyi bir məqamda oraya dəyəcək bir Rentgen şüası həmin orqanın formalaşmasına ciddi şəkildə yan təsir göstərə bilər.
Bəzən erkən dövrlərdə bu problemlər qarşımıza çıxmaya bilər. Amma sonrakı dövrdə gözlənilməz problemlərin ortaya çıxması mümkündür”.
Rəşad Mahmudov bildirib ki, Azərbaycanda ana bətnində olan uşaqda ürək qüsurlarının aşkarlanması, diaqnozunun qoyulması imkanı gündən-günə artır: “Artıq bizə müraciət edən xəstələrin çoxunun diaqnozu ana bətnində olarkən qoyulmuş olur. Hamiləliyin 14-cü həftəsindən etibarən uşaqda xəstəliyin olub-olmadığını görmək mümkündür. Uşaq ana bətnindəykən ürək müayinəsi aparmaq üçün qızıl standart metod dopler - exo-kardioqrafiyadır: “Burada hər hansı rentgen şüalanma yoxdur, səs dalğaları ilə baxılır. Şübhələr olduğu zaman müayinəni hər ay təkrarlamaq olar”.
Mütəxəssis bildirib ki, ana bətnində ürək qüsuru aşkarlanıbsa, uşaqların ixtisaslaşmış mərkəzlərdə dünyaya gəlməsi vacibdir:
Ürək-damar cərrahı hər anadangəlmə ürək qüsurunun əməliyyat olunmadığını da vurğulayıb: “Elə anadangəlmə ürək qüsurları var ki, öz-özünə keçib gedir.
Bütün qüsurlar bizi qorxutmur. Onların bəzilərinin hər hansı müdaxilə etmədən öz-özünə keçib getmə ehtimalları olduğuna görə, hər ürək qüsurunun ailə və cəmiyyət üçün problem olduğunu düşünmürük.
Ana bətnindəykən uşağın ürəyində “botal axacaq” deyilən bir damarın açıq olması sonradan ciddi xəstəliklərə səbəb olur. Amma bunun bəzən ilk günlər, bəzən ilk aylar, ilk illər içində öz-özünə bağlanması ehtimalı yüksəkdir. Digər bir hal, mədəciklərarası çəpərin əzələ tipli qüsurunun bəzi formaları var ki, təqib edəndə çox zaman bağlanma ehtimalının yüksək olduğunu görürük. Yəni öz-özünə keçib gedən, gələcək üçün təhlükə törətməyən problemlər ola bilər.
Amma xalq arasında “filan yaşa qədər gözləyək düzəlməsə, üstünə düşərik” kimi bir düşüncə də var. Bu düşüncə tərzi erkən yaşlarda rahat çarəsi olan bir xəstəliyi tək Azərbaycanda deyil, dünyada çarəsiz bir həddə gətirib çıxarır. Yəni bəzi ürək qüsurları ilə bağlı kiçik yaşlarda tədbir görülməsə, sonradan vəziyyət çarəsiz bir həddə çatır.
Məsələn mədəciklərarası çəpərin qüsurlarının elə formaları da var ki, ilk altı ayda tədbir görülməsə, əməliyyat olunmasa, ağciyər hipertenziyası əmələ gəlir və vəziyyət çarəsiz həddə çatır. Ona görə də bu hallarda yüksək ixtisaslı mütəxəssislərin təqibinə, onların müdaxiləsinə, qərarına böyük ehtiyac var”.
Ürək-damar cərrahı daha sonra bildirib ki, qüsurla dünyaya gələn uşaqların yalnız 3-5 faizində anadan olan kimi müdaxiləyə ehtiyac olur. Digər hallarda isə uşağın inkişafı nəzərə alınır: “Amma qüsurun ürəyə böyük ziyanı varsa, ürəkdə genişlənməyə səbəb olursa, bu qüsur başqa qüsurların ortaya çıxmasına zəmin yaradırsa, müdaxilənin tez bir şəkildə, hətta ehtiyac olarsa, uşaq bir günlük olanda belə, həyata keçirilməsinin zəruri olduğu hallar da olur. Burada da dünyada qəbul olunan tövsiyələr nəzərə alınmalıdır. Dünyada müvafiq standartlara əsasən addımlar atılır. Şükürlər olsun ki, ölkəmizdə də aparıcı ürək mərkəzlərinə həmin tövsiyələr nəzərə alınır. İnşallah, gələcəkdə bu hal daha da vüsət alar.
Amma bu gün əminliklə deyə bilərəm ki, bu gün əvvəlki illərlə müqayisədə bu problemə qarşı mübarizə və uşaq ana bətnindəykən diaqnozun qoyulması imkanları həddən artıq böyükdür. Ürək qüsurları ilə bağlı ana bətinindəykən diaqnozun qoyulması halları gündən-günə artır. Bu da bu işin ciddiyyətinin həkimlər tərəfindən qəbul olunmasından, ixtisaslı mütəxəssislərin sayının artmasından xəbər verir. Amma yenə də düşünürəm ki, bu sahədə görəcəyimiz işlər çoxdur.
Hər bir mütəxəssis öz sahəsində dünyada tətbiq olunan yenilikləri izləməli, həm ölkəmizdə, həm də başqa ölkələrdə təşkil olunan elmi seminar və kurslarda iştirak etməlidir”.
R. Mahmudov onu da vurğulayıb ki, əgər ana bətnində olanda uşaqda ürək qüsuru aşkarlanıbsa, doğuş ixtisaslaşmış mərkəzlərdə həyata keçirilməlidir: “Uşaq ixtisaslaşmış neonatoloqların, pediatrların, kardioloqların nəzarət altında olmalıdır. Mənim tövsiyəm budur ki, belə hallarda sadəcə, ginekoloji xidməti olan deyil, onunla yanaşı neonatologiyası, pediatriyası və kardioloji xidmətləri inkişaf etmiş, təcili müdaxilə etmək imkanları olan mərkəzlərə üstünlük verilməlidir. Bu, daha gözəl nəticə əldə etməyə imkan verir”.
Onun sözlərinə görə, ana bətnində olanda uşaqda ağır ürək qüsuru aşkarlanıbsa, uşaq qeysəriyyə əməliyyatı ilə dünyaya gəlməlidir. R. Mahmudov, anadan olan bütün uşaqların həm də ürək müayinəsindən keçirilmələrinin çox vacib olduğunu deyib...