Şəkərli diabet: fəsadları ilə qarşılaşmamaq üçün nə etməli?
Daxili xəstəliklər uzmanı Xəyyam Eyvazov: “Şəkərli diabet xəstələri üçün dərman müalicəsindən də vacib amil sağlam həyat tərzidir”
Oftalmologiya uzmanı Fariz Sadıqov: “Diabet diaqnozu qoyulubsa, başlanğıc mərhələdə 6 ayda bir, orta mərhələdə 3 ayda bir dəfə göz müayinəsi vacibdir”
"Əgər şəkərli diabet xəstəliyi şikayət verməyə başlayıbsa, bu, artıq problemin ən azı 4-5 il əvvəl yaranmasından xəbər verir"
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında daxili xəstəliklər uzmanı Xəyyam Eyvazov deyib.
X. Eyvazov bildirib ki, şəkər xəstəliyi əlamətləri xəstəlik inkişaf edəndən sonra özünü göstərir: “Şikayətlərin başlanması ilə eyni zamanda qanda şəkərin miqdarı yüksəlir”.
Onun sözlərinə görə, halsızlıq, yorğunluq, çox su qəbul etmə, səbəbsiz arıqlama, çox yemək ikinci tip şəkərli diabetin, yəni insulindən asılı olmayan xəstəliyin əsas əlamətlərdir.
Mütəxəssis ikinci tip şəkərli diabet xəstələrinin sayının sürətlə artığını qeyd edib.
Kiçik yaşlı uşaqlar arasında da şəkərli diabet xəstəliyinə geniş rast gəlindiyini deyən mütəxəssis vurğulayıb ki, uşaqlarda səbəbsiz qarın ağrıları, ürək bulanma, ishal, qusma ilə bağlı mütləq həkimə müraciət olunmalıdır: “Bunlar şəkərli diabetin əlamətləridir. Bir sıra hallarda bu, insulindən asılı olan, yəni birinci tip şəkərli diabet problemi başlayan zaman ortaya çıxır. Birinci tip şəkərli diabet uşaq yaşlarında özünü göstərir və diaqnoz qoyulan andan insulin müalicəsi tələb edir".
Həkim bildirib ki, risk qrupuna aid insanlar hər hansı şikayətləri olmadıqda belə, mütləq zəruri müayinələrdən keçməlidirlər: “Çünki vaxtında aşkarlanan şəkər xəstəliyi ilə mübarizə aparmaq daha asan olur. Əgər xəstəlik şikayət verdisə, deməli problem xeyli əvvəldən başlayıb”.
Xəyyam Eyvazov deyib ki, şəkərli diabetdə dərman müalicəsindən də vacib amil sağlam həyat tərzidir: Şəkərli diabet xəstəlik deyil, həyat tərzidir. Adətən xəstələr on gündən bir qanda şəkər səviyyəsini öyrənirlər, həkimə getmirlər, illər sonra ağırlaşma ortaya çıxanda həkimə müraciət edirlər.
Əgər bir xəstə sağlam həyat tərzinə əməl etmirsə, idmanla məşğul olmursa, təkcə dərman müalicəsi ilə vəziyyətini yaxşılaşacağını düşünürsə, bu, yanlışdır. Hər bir şəkər xəstəsi bilməlidir ki, dərman müalicəsindən də öndə gələn sağlam həyat tərzidir.
Adətən, həkim dərman təyin edər və xəstələr bu dərmanı aylarla, bəzən illərlə qəbul edər, amma həkim kontrolunda olmurlar. Bu, çox səhv yanaşmadır”.
X. Eyvazov deyib ki, ailəsində, qohumları arasında şəkərli diabet xəstəsi olanlar, çox çəkili insanlar, ağır çəkidə uşaq doğan analar, qanında lipidlərin miqdarı çox olan şəxslər, arterial təzyiqi yüksək olanlar risk qrupuna aiddirlər: “Bu qrup insanlar daha ayıq olmalı, 30-35 yaşdan sonra qanda şəkərin miqdarını öyrənməlidirlər”.
Oftalmologiya uzmanı Fariz Sadıqov isə “Öncə sağlıq” proqramında deyib ki,
şəkərli diabet problemi ilə bağlı daxili orqanların funksiyası pozulduqda gözün torlu qişasında da zədələnmələr müşahidə olunur.
Onun sözlərinə görə, bir çox xəstələrdə şəkərli diabet diaqnozunu yalnız göz şikayətləri ilə müəyyənləşdirmək olur: "30 yaşına çatan şəkər xəstələrinin 80 faizində göz damarlarının zədələnməsi özünü büruzə verir. Əgər qanda şəkərin miqdari yüksəkdirsə, göz müalicəsinin heç bir faydası olmaz. Bəzən xəstələr sadəcə, bizə görmə azlığı şikayəti ilə müraciət edirlər və biz müayinə zamanı onlarda şəkərli diabetin olduğunu və görmə probleminin də məhz bununla bağlı yarandığını aşkarlayırıq.
Birinci tip şəkərli diabet xəstələrində 10 yaşın altında olan xəstələrdə çox nadir hallarda şəkərin gözdə problem yaratması halları olur. On yaşdan yuxarı insanlarda isə bu risk yüksəkdir.
30 yaşdan yuxarı insanlarda isə şəkərli diabetin istənilən halda gözə təsir olur. Bəzən insanlar deyirlər ki, onlarda qanda şəkərin miqdarı o qədər də yüksək deyil. Amma burda insanının neçə müddətdən bəri şəkər xəstəsi olması önəmlidir. Otuz il şəkər xəstəsi olan insanların göz damarları xroniki təzyiq, zərbə altında qalmış olur”.
F. Sadıqov deyib ki, ikinci tip şəkərli diabet xəstələrində isə daha çox 40 yaşdan sonra gözlərdə problem yaranma sıxlığı artır: “Ona görə də 40 yaşdan sonra heç olmasa, iki ildə bir, 50 yaşdan sonra ildə bir dəfə göz dibi müayinəsi aparma lazımdır. Şəkərli diabet diaqnozu qoyulmayan insanlar da bunu etməlidirlər.
Amma əgər insana şəkərli diabet diaqnozu qoyulubsa, başlanğıc mərhələdə 6 ayda bir, orta mərhələdə 3 ayda bir, çox ağır mərhələdə isə hər həftə xəstəni görməliyik.
Çox zaman xəstələr düşünürlər ki, həkim müalicə yazıb, gözə iynələr vurur, mən gedib evdə rahat şəkildə qidalana bilərəm. Amma hər kəs bilməlidir ki, həyat tərzinə, qidalanmaya diqqət yetirildiyi zaman bizim apardığımız müalicənin də effekti olur”...