Çəpgözlüyün müalicəsində yaş məhdudiyyəti varmı?

Uşaqlarda çəpgözlüklə bağlı valideynlərin yanlış bildikləri nələrdir? – oftalmologiya uzmanı Fariz Sadıqov

 

"Gözlərdə yaranan çəpliyi hər zaman müalicə etmək olar, amma çəplik nəticəsində yaranan göz tənbəlliyini 6 yaşdan sonra müalicə etmək çətindir".

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında oftalmoloq, uzman doktor Fariz Sadıqov deyib.

 

Mütəxəssis vurğulayıb ki, uşaqda çəplik hiss olunan kimi müalicəyə başlamaq lazımdır, gözləmək olmaz. Daha çox anadangəlmə çəpliklərə rast gəlindiyini deyən Fariz Sadıqovun sözlərinə görə, çəpliklərlə bağlı cərrahiyyə əməliyyatları uşağın 14-cü ayından etibarən aparılır: “Bundan tez çox nadir hallarda əməliyyat olunur. Əvvəllər uşaqların 6-cı ayından etibarən bunu edirdik. Amma sonradan təcrübəyə əsaslanaraq əməliyyatları 14-cü aydan sonra daha rahatlıqla etməyin mümkün olduğu ortaya çıxdı. Amma burada da vaxt məsələsi içə və yaxud bayıra olan çəpliklərin növündən asılı olaraq seçilir”.

 

Gözlərdə içə doğru olan çəpliklərin gözdəki problemlərlə bağlı olduğunu deyən həkim, bayıra doğru çəpliklərin böyük ehtimalla nevroloji problemlərdən qaynaqlandığını açıqlayıb: “90 faiz hallarda bayıra doğru çəpliklərin beyindaxili problemlərlə bağlı olduğu bəlli olur. Ya beyin şişləri ilə bağlı olur, ya kəllədaxili təzyiqin yüksəlməsi, ya da travmalı doğuşlar nəticəsində gözlərdə çəpliyin yarandığı ortaya çıxır. Ona görə də diqqətli olmaq lazımdır”.

 

F. Sadıqov beyindəki problemi aradan qaldırdıqdan sonra çəplik əməliyyatı aparmağın lazım olduğunu da qeyd edib. Onun sözlərinə görə, əksər valideynlər narkozdan ehtiyat etdikləri üçün uşaqları əməliyyatdan yayındırmağa çalışırlar: “Amma göz əməliyyatlarının ümumi narkozla həyata keçirilməsi məqsədəuyğundur. Çəpliyi hər yaşda əməliyyat etmək olar, lakin 6 yaşdan sonra çox zaman görmə bərpa olunmur, yalnız estetik görüntü düzəlir”.

 

Onun sözlərinə görə, ağır infeksion xəstəliklər nəticəsində də gözlərdə çəplik yarana bilər. Eyni zamanda hamiləliyin ilk üç ayında ananın keçirdiyi infeksion xəstəliklərin uşaqda çəpgözlüyə səbəb olması mümkündür. Mütəxəssis vurğulayıb ki, valideynlərdə çəpgözlük varsa, uşaqda rast gəlmə ehtimalı çoxdur.

 

F. Sadıqov daha sonra deyib ki, çəpgözlüklə bağlı aparılan müalicənin faydası xəstənin nə qədər tez həkimə müraciət etməsindən və çəpliyin faizindən asılıdır: “Tək gözündə problem olan uşaqlara eynək təyin edirik və uşağı müşahidə altına alırıq. Müəyyən vaxtdan sonra problem aradan qalxmağa başlamayıbsa, görmə artmayıbsa, heç bir irəliləyiş yoxdursa, eynəkdən istifadə etməklə yanaşı eynəyin altından uşağın sağlam gözünü qapadırıq”.

 

Oftalmoloq valideynlərin səhv bildiyi qapatma metodları haqqında da danışıb: “Sağlam göz xüsusi qapatma bantıları ilə tamamilə qapadılmalı və eynək onun üzərindən taxılmalıdır. Biz sağlam gözü qapadıb, xəstə, tənbəl gözü çalışdırmalıyıq. Bəzən gözü yanlış olaraq elə qapadırlar ki, sağlam gözə işıq düşür. Əslində sağlam gözə işıq düşməməlidir. Yəni sağlam göz beyinə impuls göndərməməlidir. Çünki beyin onu tanıyır. Azacıq işıq düşsə, beyin sağlam gözü işlətməyə başlayacaq. Biz elə etməliyik ki, beyin tənbəl gözü işlətməyə məcbur olsun. İkinci böyük səhv isə odur ki, valideynlər eynəyi taxıb, gözü qapadandan sonra uşağı bayırda oynamağa göndərirlər. Bu, çox yanlışdır. Tənbəl gözün işləməsini istəyiriksə, gözü işlətməliyik. Gözü işlətmək üçün isə kompüterlə çalışmaq, şəkil çəkmək, boyalarla rəngləmək və sairə məşğələlər nəzərdə tutulmalıdır. Son araşdırmalar sübut edir ki, kompüter oyunları, özü də üç müstəvili dərin kompüter oyunları göz tənbəlliyini aracan qaldırmağa çox yaxşı təsir edir”.

 

Həkim onu da deyib ki, müalicə məqsədilə sağlam göz gün ərzində ümumi olaraq 6 saat qapadılmalıdır...

 

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR