Estetik stomatologiya bütün diş qüsurlarını aradan qaldıra bilirmi?

“Uşaqların dişlərində qapanma qüsurları, əyrilik varsa, ən asan müalicə dövrü 10-15 yaş arası dövrdür”

Stomatoloji klinikalarda sterilizasiya qaydalarına əməl olunub-olunmadığını nədən bilmək olar? 

 

"Artıq aradan qaldırılması mümkün olmayan diş problemi qalmayıb. Dünyada, o cümlədən Azərbaycanda qüsurlu, əyri dişlərin cərrahiyyə əməliyyatları olmadan, ağrısız, ziyansız  aradan qaldırılması mümkündür. Son illərdə estetik stomatologiya çox inkişaf edib”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında həkim-stomatoloq Fərid Zeynalov deyib.

 

Mütəxəssis bildirib ki, Azərbaycanda uşaqların 20-30 faizində diş qapanışında problemlər var. 18 yaşdan 30 yaşa qədər olan insanların isə 60 faizində problemləri mövcuddur: “Valideynlər uşaqlarda olan diş, qapanma problemləri ilə bağlı diqqətli olmalıdırlar. 6 yaşdan 12 yaşa qədər daimi dişlərin çıxması prosesi davam edir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində də deyilir ki, bir problem olmasa belə, 6 yaşda stomatoloqa qapanma problemi ilə əlaqədar müraciət edilməlidir. Çünki valideynlər peşəkar olmadıqları üçün problemin olub-olmadığını özləri bilə bilmirlər. Ona görə də uşaq stomatoloqu və ortodontunun tövsiyəsi mütləq nəzərə alınmalıdır. Dişlərdə qapanma qüsurları, əyrilik varsa, ən asan müalicə dövrü 10-15 yaş arası dövrdür. Amma bu dövrdə müalicə olunmayıbsa, 18-19 yaşlarda da müalicə olunması, qüsurların aradan qaldırılması mümkündür. Azərbaycanda bu gün hətta 40-50 yaşlarda belə bu qüsurların müalicəsi aparılır. Əgər yuxarı yaşlı insanlarda belə qüsurlar varsa, utanıb, çəkinmələrinə ehtiyac yoxdur, bilsinlər ki, bu yaşlarda da problemə son qoymaq olar”.

 

Estetik stomatologiyada geniş istifadə olunan vinirlər barədə danışan F. Zeynalov deyib ki, vinirləmə zamanı dişlər ya heç yonulmur, ya da çox az yonulur: “Vinir xüsusi keramikadan xüsusi avadanlıqla hazırlanan materialdır və xüsusi sementlə dişə yapışdırılır. Estetik qüsurlar, ləkələr, çatlar olanda vinirlərdən istifadə olunur.

Dişin forması, rəngi asanlıqla bir neçə günə bərpa olunur. İki-üç prosedura ilə problemi aradan qaldırmaq mümkündür. Vinirli dişlərin təbii dişlərdən heç bir fərqi olmur, dişlər daha gözəl görünür. Vinir taxılan dişlərin gigiyenasına xüsusi diqqət yetirmək lazımdır. Vinirli dişlərə qulluq yüksək səviyyədə qulluq  olunmalıdır”. 

 

Onun sözlərinə görə, dişlərdə karies varsa, sinir çıxarılıbsa, bunu vinirlə örtmək mümkün deyil: “Vinir siniri olan dişlərə tətbiq olunur. Əvvəllər dişdə koronka, plomblama olubsa, vinir tətbiq edilə bilməz”.

 

F. Zeynalov müasir estetik stomatologiyada metal-keramikalı qapaqlardan çox istifadə olunmadığını vurğulayıb: "Metalsız keramika dişlər metallı dişlərdən daha möhkəmdir".

 

Stomatoloq deyib ki, hər bir insan altı ayda, heç olmasa ildə bir dəfə diş daşlarını təmizlətmək üçün stomatoloqa müraciət etməlidir. Bu prosedura olmasa, ağız sağlığında ciddi problemlər yarana bilər.

 

Xüsusi kimyəvi preparatlarla diş toxumalarının ağardılması barədə danışan həkim qeyd edib ki, keyfiyyətsiz preparatlardan istifadə olunduğu halda bunun fəsadları ola bilər: “Mina qatında zədələnmələr, diş ətində yanmalar mümkündür. Bu ən çox həmin prosedura özfəaliyyət şəklində olunduğu hallarda ortaya çıxır. Amma bunu həkim edirsə və keyfiyyətli materiallardan istifadə olunursa, diş ağardılmasının problemi ola bilməz”.

 

F. Zeynalov pasientləri stomatoloji proseduralar zamanı sterilizasiya qaydalarına xüsusi diqqət yetirməyə çağırıb: “Hər kəs diş həkimlərinin istifadə etdiyi alətlərin birdəfəlik olmasına və avtoklavda sterilizasiya olunmasına diqqət yetirməlidir. Ağızla birbaşa təmasda olan alətlər qana bulaşır. Stomatologiyada istifadə olunan avadanlıqlar ya birdəfəlik olmalıdır, ya da avtoklavda sterilizasiyadan keçirilməlidir. Həmin alətlərin hansısa sterilizasiya, dezinfeksiya mayeləri ilə silinməsi, təmizlənməsi yolverilməzdir. Qanla təmasda olan alətləri hansısa maddə ilə silməklə sterilizasiyanı təmin etmək olmur. Bütün alətlər mütləq sterilizasiya paketlərində olmalıdır. Və bunlar paketlənmiş şəkildə sterilizatora qoyulmalıdır  Pasientlər paketlənmiş alətlərin həqiqətən steril olub-olmadığını nədən bilər bilərlər? Həmin paketlərin içində xüsusi lentlər -  sterilizasiya lentləri deyilən xüsusi kağızlar olmalıdır. Sterilizasiyadan əvvəl həmin lentin üzərində mavi və qara rəngdə cizgilər olur. Sterilizasiyadan sonra isə həmin mavi rəng də qara rəngə çevrilir, yəni xətlər qara görünür. Ona görə də oradakı xətlərin qara rəngdə olmasına diqqət etmək lazımdır. Bunları görmək və bilmək bütün pasientlərin hüquqdur. Əgər bütün bu proseduralara əməl olunmayıbsa, hər bir insanın xəstəliklərə yoluxması şansı çox yüksəkdir”.

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR