Zəifləmiş, itmiş eşitmə bərpa oluna bilərmi?

“Qohum evlilikləri nəticəsində doğulan uşaqlarda eşitmə problemlərinə daha çox rast gəlinir”

 

“Üz skeletinin inkişafında olan problemlər, alt çənənin inkişaf qüsurları da eşitmə azlığına səbəb olur”

 

“Qulaq pərdəsində olan dəyişikliklər bəzən hətta eşitməni dramatik dərəcəyədək poza bilir”

 

 

“Eşitmə zəifliyindən şikayət edən bütün xəstələr ilkin olaraq otoskopiya müayinəsi olunmalıdırlar. Audiometriya müayinəsi vasitəsilə də eşitmə azlığı barədə daha geniş məlumat əldə etmək olar”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında burun, boğaz, qulaq və baş-boyun cərrahiyyəsi uzmanı, Azərbaycan Silahlı Qüvvələrinin baş otorinolarinqoloqu, Baş Klinik Hospitalin otorinolarinqologiya bölməsinin rəisi, tibb xidməti mayoru Elnur Əkbərov deyib.

 

Eşitmə azlıqlarının anadangəlmə və sonradan qazanılma olduğunu bildirən mütəxəssis deyib ki, xarici və ortaq qulaq səviyyəsində olan problemlər, patologiyalar konduktiv və yaxud nəqli eşitmə azlığına, daxili qulaq, eşitmə siniri, mərkəzi sinir sistemi səviyyəsində olan patologiyalar neyrosensor tip eşitmə azlığına aid edilir. Qarışıq tip eşitmə azlıqları isə həm xarici, həm orta qulaq, həm də daxili qulağın problemlərində meydana gəlir.  

 

Onun sözlərinə görə, ən geniş yayılan eşitmə azlığı problemlərindən biri xarici qulaq keçəcəyinin kirlə tıxanması nəticəsində meydana gələn haldır: “Bu da eşitmə azlığı yaradır. Çox rahatlıqla aspirasiya, ya da yumaqla aradan qaldırılır”. Həkim qeyd edib ki, müasir təbabətdə kirin aspirasiya ilə aradan qaldırılması metodundan daha çox istifadə olunur. Bundan başqa, xarici qulaq keçəcəyinin iltihabları nəticəsində qulaq keçəcəyinin daralmasının şahidi olduqlarını deyən cərrah bunun da eşitmə zəifliyi yaratdığını, bu problemin uğurlu müalicəsinin mümkün olduğunu qeyd edib.

 

E. Əkbərov onu da bildirib ki, xarici qulaq keçəcəyinin bətndaxili anomaliyalara bağlı, virus, travma mənşəli, digər infeksiyalarla əlaqəli olan patologiyaları da olur, bu zaman xarici qulaq keçəcəyi boru şəklini itirir. Mütəxəssis qeyd edib ki, orta qulağın patologiyaları nəticəsində qulaq pərdəsində olan bəzi dəyişikliklər bəzən hətta eşitməni dramatik dərəcəyədək poza bilir: “Bura təbil pərdəsinin özünün iltihabından tutmuş, orta qulaqdakı xroniki xəstəliklərə qədər aid etmək olar. Bəzi xəstələrdə orta quladakı infeksiyalarla bağlı xroniki irin axması müşahidə olunur. Bu da təbii ki, eşitmə azlığı, qulaqda küy yaradır. El arasında buna qulaq pərdəsinin deşilməsi deyilir. Tibbi adı isə perforasiyadır. Bu hal bəzi xəstələrdə baş gicəllənmə, beyin daxili fəsadlar da yarada bilir.

Orta qulaqda məməyəbənzər çıxıntı yaranan zaman belə hallar əməliyyata birbaşa göstəriş sayılır. Bu zaman nəinki eşitmə itə, meningit yarana, hətta həyati təhlükələr ortaya çıxa bilər. Bundan başqa, orta qulaqdan üz siniri keçir, bu sinirin zədələnməsi nəticəsində şikəstlik yaranması da mümkündür.

Yəni bununla bağlı aparılan əməliyyatların əsas məqsədi xəstənin yaşam komfortunu, eşitməsini yaxşılaşdırmaq deyil, daha çox xroniki infeksiyanın yaratdığı həyati təhlükəni aradan qaldırmaqdır”.

 

Elnur Əkbərov deyib ki, son 4-5 ilə qədər cəmiyyətdə “əməliyyat edib, qulaq pərdəsinə əl vurmaq olmaz”, “pərdə deşilsə, insan ömrü boyu kar qalar” kimi mövcud olan təsəvvürlər artıq yersiz görünür. Onun sözlərinə görə, müasir tibdə vaxtında aparılan cərrahiyyə əməliyyatları vəziyyəti əhəmiyyətli səviyyədə yaxşılaşdıra bilər: “Artıq cəmiyyətdə olan məlum stereotiplər də aradan qalxır. Qulağın təbil pərdəsinin deşilməsini əməliyyatla bərpa etmək olar”.

 

Anadangəlmə eşitmə problemləri barədə danışan həkim onu da qeyd edib ki, eşitmə problemlərinə genetik faktora meylli olan qohum nikahlarda daha çox rast gəlinir: “Ümumiyyətlə, genetik patologiyalara qohum evliklərdə daha çox rast gəlinir. İç qulağın inkişafı ilə bağlı problemlərə qohum evliliklərdə rast gəlmə sıxlığı daha yüksəkdir. Üz skeletinin inkişafında olan problemlər, alt çənənin inkişaf qüsurları da orta qulaqda problem yaradır, bu isə eşitmə azlığına səbəb olur. 

Parotit, yəni xalq arasında “qulaqdibi” kimi tanınan xəstəlik də eşitmə əngəlinə səbəb olur. Eşitmə sinirini, iç qulağı zədələyə bilir”.

 

E. Əkbərov vurğulayıb ki, erkən yaşlarda geniş spektrli və yüksək dozalı antibiotiklərdən istifadə uşaqlarda ciddi eşitmə qüsuru ilə nəticələnir: “Doza doğru seçilməlidir. Mövcud patologiyanın aradan qaldırılmasına ciddi ehtiyac duyulmursa, istifadə olunmamalıdır.

Sadə bir tənəffüs yolları infeksiyasında böyük dozalarda, xüsusilə son nəsil antibiotiklərin təyin olunması yolverilməzdir. Antibiotiklərin ototoksik və sairə effektləri, fəsadları çox güclüdür. Çox kiçik yaşda olan uşaqları şikəst edib, ağır əməliyyatlara məruz qoymaq çox xoşagəlməz haldır”.

 

Onun sözlərinə görə, sonradan müşahidə olunan eşitmə azlığının diaqnostikası vaxtında aparılarsa, bundan sonra atılan addımların uğurlu nəticəsi ola bilər. Mütəxəssis, burun-boğazda olan infeksiyaların orta qulaqda problemlərə səbəb ola biləcəyini də qeyd edib.

 

Eşitmə azlığı probleminə səbəb olan amillər barədə danışan E. Əkbərov yaşla bağlı olaraq eşitmə sinirində də zəiflik yarandığını, həmişə səs-küylü yerlərdə işləyən və genetik eşitmə problemi olan insanların yaşlanarkən eşitmə zəifliyi ilə qarşılaşa biləcəklərini açıqlayıb.

 

Bəzən valideynlərin eşitmə azlığı olan uşaqlar üçün təyin edilən eşitmə cihazlarını istifadə etməkdən yayındırdıqlarını bildirən həkim deyib ki, bu, olduqca yanlış addımdır: “Eşitmə cihazından istifadəyə ciddi yanaşılmalıdır, çünki eşitmə azlığı gələcəkdə uşağın əqli inkişafına mənfi təsir edir"...

 

 

 

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR