Bağırsaq keçməzliyi: Ölüm riski nə zaman yaranır?
“Öddə olan daş öd yolları ilə bağırsağa keçə və keçməzlik yarada bilər”
“Bağırsaq keçməzliklərinin çoxu bitişmələr nəticəsində ortaya çıxır”
“Bağırsaq keçməzliyi problemlərinin heç də hamısı əməliyyatla aradan qaldırılmır. Ümumilikdə götürdükdə bağırsaq keçməzliklərinin 60-70 faizi konservativ müalicə ilə açıla bilir”. Bunu APA TV-nin “Öncə sağlıq” proqramında cərrahiyyə uzmanı, Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası Mərkəzinin aparıcı cərrahı Eldar Əhmədov deyib.
Mütəxəssis qeyd edib ki, günün istənilən anında cərrahlara bağırsaq keçməzliyi ilə bağlı müraciətlər olunur: “Bu problemlə bağlı şikayətlər əsasən köp, nəcis ifrazının dayanması, yaxud azalması, qarın ağrıları, qusmalardır. Şiddətli ağrılar olmaya da bilər”.
Cərrah deyib ki, hər şeydən əvvəl klinik, instrumental müayinələr aparılmalı, keçməzliyin nazik, yoxsa qalın bağırsaq səviyyəsində olduğu aydınlaşdırılmalıdır: “Rentgen müayinəsi aparılır. Lazım gəlsə, diaqnozu dəqiqləşdirmək üçün kontrastlı Kompüter-tomoqrafiya müayinəsi də aparıla bilər. Bütün bunlardan sonra problemin dərman müalicəsi, yoxsa cərrahiyyə əməliyyatı ilə aradan qaldırılacağı aydın olur. Bağırsaq keçməzliyi 60-70 faiz hallarda konservativ müalicə ilə açılır.
Bununla bağlı xüsusi müalicə metodları var ki, heç əməliyyata ehtiyac qalmır. Müalicə çox zaman effekt verir. Təbii ki, problemin növündən asılı olaraq müalicənin necə aparılacağına qərar verilir”.
E. Əhmədovun sözlərinə görə, bağırsaq keçməzliyi həm də mexaniki səbəblərlə bağlı yarana, yəni bağırsaq mənfəəzinin daralması nəticəsində ortaya çıxa bilər: “Əsasən yaşlı xəstələrdə nəcis tamamən sərtləşir və daş halına gəlir. Yeni doğulan uşaqlarda ilk nəcisə çıxa bilməmə problemi də buraya aid edilir. Tük, dırnaq yeyən, daim meyvələri qabıqla qəbul edən insanlarda da mexaniki keçməzliyin yaranması mümkündür.
Bütün bunlar bağırsaqlarda toplanaraq sərt maneə əmələ gətirir və bağırsaq keçməzliyi yaradır. Bundan başqa, yaşlı insanlarda öddə olan daş öd yolları ilə bağırsağa keçə bilir və keçməzlik yaradır”.
Bağırsaq boşluğunda yaranan problemlərin də keçməzliyə səbəb olduğunu deyən mütəxəssisin sözlərinə görə, bağırsağı divarında olan problemlər əsasən şiş xəstəlikləri zamanı yaranır və bağırsaq keçməzliyinə səbəb olur: “Bədxassəli şişlərin bağırsaq mənfəəzini tutması nəticəsində də keçməzlik yaranır. Bağrsağın iltihabi xəstəliləri zamanı bağırsaq divarında çatlar əmələ gəlir ki, onların hesabına mənfəəz darılır. Bağrsağın xaricdən sıxılması nəticəsində də bağırsaq keçməzliyinin ortaya çıxması mümkündür”.
Cərrah qeyd edib ki, ümumiyyətlə, bağırsaq keçməzliklərinin 60-70 faizə qədəri bitişmələr nəticəsində ortaya çıxır: “Əgər xəstə əvvəllər bağırsaqla, ya başqa bir orqanla bağlı əməliyyat keçiribsə, hər hansı əməliyyatdan sonra qarında bitişmələr, bağırsaq keçməzliyi yarana bilər.
Bununla bağlı keçməzliklərin 70-80 faizi konservativ müalicə ilə aradan qalxa bilər. Çürümə, deşilmə yoxdursa, müalicə aparılır. Nəticə olmasa əməliyyat tətbiq olunur”.
E. Əhmədov onu da deyib ki, bağırsaq divarında hərəkət pozulması nəticəsində də keçməzlik yaranır: “Qarında infeksiyalar nəticəsində, travmalar zamanı bağırsaqda hərəkətlilik pozulur. Bu da əsasən dərman müalicəsi ilə aradan qaldırılır”.
Həkim, gün ərzində az hərəkət edən, az su içən, oturaq həyat tərzi keçirən, ətli yeməklərə üstünlük verən, ağır çəkili insanlarda bağırsaq problemlərinə daha çox rast gəlindiyini vurğulayıb.
Mütəxəssis deyib ki, qidalanmada bağırsaq hərəkətlərini artıran bitkilərə, tərəvəzlərə üstünlük vermək lazımdır: “Belə qidaları qəbul etməyəndə bağırsaqlar tənbəlləşir, qəbizlik yaranır. Çünki uzun müddət davam edən qəbizlik nəticəsində də nəcis daşları formalaşır”.
Onun sözlərinə görə, nevroz insanlarda bağırsaq xəstəlikləri daha çox yaranır: “Çünki bağırsaq divarlarının qidalanması sinir sistemi vasitəsilə olur. Nevrozdan əziyyət çəkən, gərgin olan insanlarda bu problem yaranır”...