Ürəyin ritm pozğunluqları: Nələrə diqqət etməli?
“Ürəyin ritm pozğunluqları heç bir əlamət vermədən ani ölümə də səbəb olur”
“Aritmiya əleyhinə olan bir sıra dərmanların ölümcül yan təsirləri də olur”
“Öldürücü ritm pozğunluqları çox yemək yeyəndə də ortaya çıxır”
“Energetik içkilər hətta ürəyin dayanmasına səbəb olur”
“Hamiləlik dövründə aritmiyaların müalicəsi də mürəkkəb bir haldır”
“Ritm pozğunluğu zamanı ürək vurğuları 100-dən 300-ə kimi də davam edə bilər”
“Aritmiyalar - ürəyin ritm pozğunluqları bir sıra səbəblərlə bağlı yaranır. Bunlar ürəyə bağlı olan və olmayan səbəblər ola bilər. Ürəyə bağlı olan səbəblər ürəyin, onun hüceyrələrinin elektrik sistemindən mənşəyini alan bir haldır. Bu sistemdə ortaya çıxan xəstəliklər, anomaliyalar ürəyin ritm pozğunluqlarına gətirib çıxarır”.
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında kardioloq-aritmoloq, Azərbaycan Tibb Universitetinin dosenti, Tədris-terapevtik Klinikanın Ürək-damar Mərkəzinin müdiri, uzman doktor Fərid Əliyev deyib.
Kardioloq deyib ki, ürək ritmində vurğuların yavaşlaması və sürətlənməsi ilə birgə gedən pozğunluqlar ortaya çıxır: “Pozğunluqların hər birinin yaranmasının yüzlərlə səbəbi var. Aritmiyanın bir səbəbə bağlı olduğunu söyləmək düzgün deyil və bunun hansı səbəblərdən yarandığını da tez demək çətindir”.
Fərid Əliyev, ürək-damar xəstəliklərinin aritmiya yaradan səbəblərdən biri olduğunu, amma aritmiyanın özbaşına heç vaxt ürək-damar problemi yarada bilmədiyini qeyd edib: “Aritmiya ürəyin funksiyalarını pozar, ürəyin yığılma qabiliyyətinin pozulmasına gətirib, çıxarar. Amma damar tıxanıqlığına səbəb olmaz. Damar tıxanıqlığına bağlı olaraq aritmiyalar ortaya çıxar”.
Anadangəlmə aritmiyalar barədə danışan aritmoloq deyib ki, elə anadangəlmə ritm pozğunluqları var ki, uşaq dünyaya gələn kimi görünür, elələri də var ki, çox yuxarı yaşlarda özünü büruzə verir. Onun sözlərinə görə, anadangəlmə ritm pozğunluğu problemləri daha çox 20-40 yaşlar arasında ortaya çıxır. Amma bundan daha əvvəl, daha sonra da rast gəlinməsi mümkündür.
“Aritmiyaların əsas əlamətləri nədir” sualına cavab verən Fərid Əliyev deyib ki, xəstələr ən çox döyüntü şikayətləri ilə müraciət edirlər: “Nəbzin qəflətən sürətlənməsi, ürəyin qeyri-nizamlı vurması, yəni vurub dayanması, yenidən vurmağa başlaması ilə bağlı şikayətlər çox olur. Huşunu itirmə kimi daha ağır şikayətlər də az da olsa, görülür. Xəstələr ən çox döyüntüdən şikayət etsələr də, ikincili olaraq təngnəfəslik, halsızlıq, sidiyə tez-tez getmə, öskürmə kimi şikayətlər də var.
Döyüntülərlə bağlı şikayətlər müxtəlifdir. Bəzən xəstə deyir ki, döyüntü o qədər güclü olur ki, boynumda hissi edirəm, yaxud da yatağım silkələnir. Döyüntülər bəzən boğucu şəkildə də olur. Döyüntü sayı eyni xəstədə müxtəlif vaxtlarda başqa cür ola bilər. Biz aritmiya deyəndə nəbzin yüzdən çox vurması kimi durumları düşünürük. Amma vurğular 100-dən 300-ə kimi də davam edə bilər”.
Mütəxəssis vurğulayıb ki, ürəyin ritm pozğunluqlarının heç bir əlamət vermədən ani ürək ölümünə də səbəb olması mümkündür.
F. Əliyev, kofein, siqaret, energetik içkilər, həyəcan, çox miqdarda və tez-tez qəbul olunan alkoqolun ritm pozğunluğu problemləri üçün çox provokativ faktor olduğunu açıqlayıb: “Çox həyəcanlanmaq, fiziki, emosional stress də provokasiya edən amillərdir. Ümumiyyətlə, nəbzi artıran qidaların hamısı provokativ amil sayıla bilər. Anormal şəkildə çox yemək yeməyi də buraya əlavə etmək olar. Bəzi genetik problemlər var ki, onlarda öldürücü ritm pozğunluqları çox yemək yeyəndə ortaya çıxa bilir. Məsələn, adam çox yemək yeyəndə ölür. Ona görə də belə problemi olan insanlara mütləq olaraq çox yemək yeməmək tövsiyə olunur”.
Onun sözlərinə görə, energetik içkilər hətta ürəyin dayanmasına səbəb olur: “Ələlxüsus da bu içkiləri alkoqolla qarışdıranda ritm pozğunluqlarına çox provokativ təsir edir. Birmənalı demək olar ki, bunlar çox təhlükəli içkilərdir. Tərkibində çox ciddi stimulyant maddələr var. Bəlkə də problemi olan insan ömür boyu fəsadla qarşılaşmaz, amma bu içkiləri qəbul edəndə ölüm də yarana bilər. Hətta bir dəfə qəbul edəndə də belə, ölüm hallarının ortaya çıxması mümkündür”.
Aritmoloq orqanik ürək problemi olan xəstəliklərin hər birinin aritmiya üçün risk faktoru sayıldığını da açıqlayıb: “Xəstələrin infarkt keçirməsi də, anadangəlmə ürək qüsurunun olması, yaşlı olması da risk faktorudur.
Fərid Əliyev deyib ki, əslində aritmiya ilə bağlı bütün halların qarşısını almaq mümkündür: “Biz bunu edə bilirik. Amma xəstənin nə zaman həkimə müraciət etməsi çox önəmlidir. Bəzən sadə bir kardioqram bir sıra genetik sindromları ortaya çıxarmağa kömək edir və əlavə hər hansı müayinəyə ehtiyac qalmır. Aritmiyalarla bağlı dəqiq diaqnoz qoymaq üçün kardiologiyada istifadə olan bütün müayinə üsullarından istifadə edilir. Ehtiyac olanda əlavə olaraq elektrofizioloji müayinə də tətbiq olunur.
Bud arteriyasından venaya kateter daxil edib, ölçmələr aparmaq, provokativ stimulyasiya etməklə ritm pozğunluqlarının mexanizmi, yerləşimini təsbit edirik.
Bu gün üçün bütün ritm pozğunluqlarının ortaya çıxararaq, bir çox problemləri müalicə edəcək üsulları tətbiq etmək mümkündür”.
Kardioloq deyib ki, aritmiyalarla bağlı təyin olunan bir sıra dərmanlar ciddi problemlərə də səbəb ola bilər : “Ələlxüsus xəstələr bu dərmanları özləri özfəaliyyət şəklində qəbul edirlərsə, daha çox yan təsirlərə rast gəlmək mümkündür. İçdikdən həmən sonra da, illər keçəndən sonra da bu yan təsirlər özünü göstərə bilər. Bəzən bu dərmanlar hətta vitaminlər kimi çox yazılır. Bütün bunlar çox riskli hallardır. Bu dərmanlar xəstəyə təyin olunursa, ciddi təqibdən sonra təyin olunmalıdır. Bəzi yan təsirlər isə ölümcül də ola bilər.
Bəzi ritm pozğunluqlarına qadınlarda daha çox rast gəlindiyini deyən F. Əliyevin sözlərinə görə, aritmiyası olan hamilə qadın xüsusilə problemli bir xəstə sayılır: “Çünki burda təkcə qadını müalicə etmək yox, həm də uşağa zərər vurmamaq lazımdır. Hamiləlik dövrünsə aritmiyaların dərman müalicəsi də mürəkkəb bir haldır. Çünki anti-aritmik dərmanların çoxunun yan təsirləri var. Onların çoxu hamiləlikdə əks göstərişdir. Ona görə də hamilə qadında olan aritmiya çox riskli deyilsə, onları müalicə etmək tərəfdarı deyiləm”...