Şüa diaqnostikası: Üstünlükləri, riskləri, fəsadları

“Kiminsə bir yeri ağrıyırsa, dərhal MRT müayinəsi olunması doğru deyil” 

 

“Hamilə və hamiləlik şübhəsi olan qadınlarda KT müayinəsinin aparılması qadağandır”

 

“Kontrast maddə veriləndən sonra xəstələrdə ağırlaşmalar yarana bilər“

 

 “Ultrasəs müayinəsi mədə və bağırsaqlarla bağlı dəqiq diaqnoz qoymağa imkan vermir”

 

“Günümüzdə elə bir xəstəlik yoxdur ki, radiologiyadan istifadə edib onun diaqnostikasını aparmaq mümkün olmasın. Radiologiya son illərdə çox inkişaf edib, hətta ağlasığmaz  inkişaf yolu keçib. Onun imkanlarından istifadə edərək vaxtilə çox çətin aşkarlanan xəstəliklərə daha dəqiq diaqnoz qoymaq mümkündür”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında radioloq, uzman doktor, Mərkəzi Gömrük Hospitalının əməkdaşı Eldəniz Hüseynov deyib.

 

Radioloq qeyd edib ki, hətta artıq beyində olan törəmələrə biopsiya aparmadan radioloji müayinə metodları ilə düzgün, dəqiq diaqnoz qoymaq mümkündür.

 

Mütəxəssis radiologiyada, şüa diaqnostikasında hər müayinə metodunun özünəməxsus rolunun olduğunu vurğulayıb. Burada ultrasəs müayinəsinin böyük əhəmiyyət daşıdığını qeyd edən E. Hüseyov buna baxmayaraq, bəzi orqan, toxumaları ultrasəs müayinəsi ilə dəqiq görməyin mümkün olmadığını açıqlayıb: “Sümüklə əhatə olunmuş toxumalar, eləcə də beyin toxuması ultrasəs müayinəsi zamanı görünmür. Düzdür, yeni doğulanlarda əmgək açıq olduğu üçün oradan beyin toxumasını görmək mümkün olur. Amma zaman keçdikcə bu qapanır və görmək imkanımız olmur.

 

Eləcə də qazla dolu olan orqanlarda, məsələn, mədə, bağırsaqlarda ultrasəs müayinəsi aparıb, dəqiq nəticə əldə etmək imkanları çox azdır. Səs dalğaları havadan keçdiyi üçün geri dönmür və görüntü əldə etmək imkansız olur”.

 

Radioloqun sözlərinə görə, USM müayinəsinin nəticəsi onu edən mütəxəssislə də çox bağlıdır: “Əgər müayinəni edən şəxsin təcrübəsi azdırsa, bu müayinənin nəticəsinin ziyanı, xeyrindən daha çox olur”.

 

Həkim, ultrasəs müayinəsinin ziyansız müayinə olduğunu da vurğulayıb: “USM-in heç bir ziyanı yoxdur. Hətta gün ərzində bu müayinəni hər saatdan bir təkrarlamaq olar.

Ona görə də hamilələrdə, yeni doğulanlarda çox geniş istifadə edilir. Yeni doğulanlarda həm beyin, həm onurğa, həm də qarın boşluğu orqanlarının dəyərləndirilməsində ultrasəs müayinəsinin yeri böyükdür, əvəzsizdir. Amma hamilələrdə bu müayinələr müəyyən periodlarda aparılmalıdır. Tez-tez təkrarlanacağı halda ziyanlarının olması barədə də elə bir məlumat yoxdur”.

 

Kompüter Tomoqrafiya (KT) müayinələrinin üstünlükləri barədə danışan E. Hüseynov bununla yanaşı onun yumşaq toxumalar üçün həssaslığının çox da yüksək olmadığını açıqlayıb: “Məsələn, əzələdə, dəridə KT müayinəsi çox da informativ sayılmır. Daha doğrusu, Maqnit Rezonans Tomoqrafiya müayinəsi ilə müqayisədə KT-nin imkanları zəifdir”.

 

Radioloq qeyd edib ki, qarın boşluğu orqanlarının cərrahi xəstəlikləri zamanı KT müayinəsi əvəzolunmaz rola malikdir: “KT müayinəsi havalı sayılan orqanlarda, ağ ciyər toxuması müayinələrində çor geniş istifadə olunur. İstər onkoloji, istərsə də digər xəstəliklər zamanı bu müayinə metodu çox geniş yer tutur”.

 

Kontrast maddənin köməyi ilə aparılan KT müayinələri barədə danışan həkim deyib ki, kontrast maddə orqan və toxumalarda yayılaraq onları rənglə boyayır və daha yaxşı görüntü əldə etməyə imkan verir: “Bəzi xəstəliklər zamanı kontrastsız müayinə aparmaq daha dəqiq görüntü alınması imkanını azaldır. Azərbaycanda xəstələr, bəzən həkimlər də kontrast maddədən bir qədər çəkinirlər. Amma əslində belə olmamalıdır”.

 

E. Hüseynov onu da deyib ki, əslində kontrast maddə veriləndən sonra xəstədə bəzi ağırlaşmalar ola bilir: “Bəzən bu ağırlaşmalarla üzləşməmək üçün bu maddəni verməmək qərarı qəbul olunur. Amma nəzərə almaq lazımdır ki, bu maddə diaqnozun düzgün, dəqiq qoyulmasında mühüm yer tutur. Bundan çəkinmək doğru olmaz. Bu maddəyə qarşı yüngül, orta və ağır dərəcəli reaksiyalar ola bilir. Bu hallar kontrastla aparılan ümumi müayinələrin təxminən 5-10 faizində görünür. Bunların da çox böyük hissəsini yüngül formalı reaksiyalar təşkil edir. Məsələn, dəridə qaşınma, ürək bulanma, qusma ola bilər. Təxminən 20 dəqiq sonra ötür.

 

Orta və ağır dərəcədə rast gəlinən ağırlaşmalara gəlincə, xüsusi dərman maddələrinin köməyi ilə aparılan müdaxilələrə bu halı aradan qaldıra bilirik. Onu da deyim ki, bu da heç bir qalıcı təsir olmadan keçir. Amma “kontrast nefropatiyası” deyilən bir hal var. Yəni kontrast maddəsi veriləndən, qəbul olunandan sonra bəzi xəstələrdə xüsusilə də ağır xəstələrdə, şəkərli diabetdən, xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanlarda belə hal yarana bilir. Bu, 24-48 saat ərzində kəskin böyrək çatışmazlığına gətirib çıxara bilən bir vəziyyətdir. Hərçənd ki, bu hala nadir rast gəlinir və qarşısını ala bilirik. Müalicə ilə 10-15 gün ərzində geriləyir. Bəzən isə daha ağır fəsadlara səbəb olur.

 

Ona görə də qeyd elədiyim risk faktoru olan insanları müayinədən qabaq hidrotasiya dediyimiz metod tətbiq olunmalıdır. Yəni həmin xəstə bir gün qabaqdan çoxlu maye qəbul etməlidir. Belə olanda ağırlaşmanın qarşısını almaq mümkün olur”.

 

Mütəxəssisin sözlərinə görə, şəkərli diabet xəstələrinin qəbul etdiyi bəzi dərmanlar da kontrast maddə ilə reaksiyaya girib, müəyyən problemlər yarada bilir: “Ona görə də kontrastlı tomoqrafiya müayinəsindən bir gün əvvəl, bir gün isə müayinədən sonra həmin dərmanı içməmək lazımdır”.

 

Həkim onu da açıqlayıb ki, ümumiyyətlə, xəstələrin həssaslığını yoxlamaq üçün müayinədən əvvəl prob qoyulması da mümkündür.

 

E. Hüseynov, bütün hallarda KT müayinəsinin həkimin göstərişi ilə olunmasını vacib saydığını deyib: “Xəstənin bu müayinə üçün birbaşa müraciəti doğru deyil”.

 

KT müayinəsi zamanı ötürülən radiasiyanın böyük ziyanlarının olması haqda deyilənlərə münasibət bildirən mütəxəssis bildirib ki, əslində texnologiyanın inkişafı sayəsində artıq

bir neçə saniyə ərzində dəqiq görüntü almaq, çəkim müddətini də, radiasiyanın səviyyəsini də azaltmağın mümkündür: “Son illərin istehsalı olan cihazların sayəsində xəstənin radiasiyaya məruz qalma vaxtı əvvəlki dövrlərlə müqayisədə çox azalıb. Ona görə də bu müayinədən çəkinmək doğru deyil. Təbii ki, bu müayinədən sui-istifadə hallarına yol vermədən istifadə edilməlidir. Həkim məsləhəti ilə, zəruri hallarda müayinə aparılmalıdır”.

 

Həkimin sözlərinə görə, bu müayinənin neçə müddətdən bir təkrarlanması barədə əslində elə bir qayda yoxdur: “Müayinənin nə zaman aparılması barədə qərar xəstənin vəziyyətinə bağlı olaraq verilməlidir. Onkoloji xəstələrin müayinəsi də xəstənin vəziyyətinə görə aparılmalıdır. Zərurət olan yerdə təbii ki, radiasiyanın miqdarı ön planda gəlmir”.

 

KT müayinəsinin xərçəng riski yaratması haqda deyilənlərə münasibət bildirən mütəxəssis qeyd edib ki, bu yöndə müəyyən araşdırmalar aparılıb.

 

E. Hüseynov onu da vurğulayıb ki, hamilə və hamiləlik şübhəsi olan qadınlarda KT müayinəsinin aparılması qadağandır: “Ən zəruri hallarda belə onlara başqa müayinələr tətbiq olunmalıdır. Amma bilmədən müayinə aparılıbsa, ələlxüsus da bu, hamiləliyin ilk üç ayında baş veribsə, daha təhlükəli sayılır. Bu müayinə döldə anomaliyalar yarada bilir. Əsasən mikrosefaliya, onkoloji problemlər, leykoz və digər qan xəstəliklərinə səbəb olur. Ona görə də bu müayinə ilk  üç ayda təsadüfən olunubsa, verilən doza hesablanmalıdır. Dozanın səviyyəsi yüksəkdirsə, hamiləliyi sonlandırmaq məsləhət görülməlidir”.

 

Radioloq qeyd edib ki, süd verən qadınlar KT müayinəsindən sonrakı bir sutka ərzində körpəyə süd verilməməlidirlər.

 

Maqnit Rezonans Tomoqrafiya müayinəsinin ziyanlarının olması barədə məlumatların doğru olmadığını deyən həkim onu da qeyd edib ki, bu müayinə qapalı mühitdə aparıldığı üçün insanların bir çoxunda qorxu, həyəcan hissi yaradır: “Bəzi xəstələr hətta MRT müayinəsindən imtina edirlər. Amma qapalı MRT-dən imtina edənlərə açıq MRT məsləhət görürük. Onların da fərqi var təbii ki. Açıq MRT-nin çəkim gücü, daha normal görüntü almaq imkanı qapalıya görə aşağı sayılır. Həm də açıq MRT-də çəkim müddəti daha uzun olur”.

 

Həkim onu da deyib ki, hamilələrin, uşaqların MRT müayinəsindən keçmələri ilə əlaqədar hər hansı qadağa yoxdur və bu müayinə onlara da tətbiq olunur: “Yumşaq toxumaların,  dayaq-hərəkət sistemi, beyin toxuması müayinələri zamanı MRT müayinəsinin KT müayinəsindən üstünlükləri var. KT müayinəsi zamanı şübhəli nəticələr varsa, onu MRT müayinəsi zamanı daha dəqiq görmək mümkün olur.

 

Amma kiminsə harasısa ağrıyırsa, dərhal gedib MRT müayinəsi olunması doğru deyil. MRT-nin mənfi cəhəti dəmirə həssaslığıdır. Ürəyində kardiostimulyator olanlara bu müayinənin aparılması qadağandır. Ortopedik protezlərlə də bağlı qadağalar var. Amma son dövrlərdə hazırlanan protezlər müayinə üçün uyğun sayılır.

 

Onlar da bəzən görüntünü poza, müayinə olunan sahənin üzərini örtə bilir. Amma son  texnologiyalar bu halı da aradan qaldıra bilir”...

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR