Oynaqlarda “duzlaşma” - artroz: sağalmaz xəstəlikdir?
“Əhalinin ”duzlaşma” adlandırdığı artroz xəstəliyi son dövrlər xeyli cavanlaşıb”
“Artrozun müalicəsinin olmaması barədə fikirlər qətiyyən doğru deyil”
“Əməliyyatlar düzgün icra olunsa, süni oynaqların ömrü 30-40 il də ola bilər”
“Oynaqlarda olan hər ağrı artroz demək deyil”
“Dünyada, o cümlədən Azərbaycanda artrozdan əziyyət çəkənlərin sayı olduqca çoxdur. Artroz oynaq səthini təşkil edən qığırdaqların yeyilməsi, aşınması deməkdir. Oynaq səthi geniş sahədə yeyildiyi zaman qığırdaq məsafəsi daralır. Əhali arasında buna “duzlaşma” deyilir. Bu vəziyyətin ortaya çıxmasının səbəbləri isə müxtəlifdir”.
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında ortoped-travmatoloq, Azərbaycan Dövlət Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının Travmatologiya və ortopediya şöbəsinin müdiri, tibb elmləri namizədi Cəfər Nəsirli deyib.
Cəfər Nəsirli artrozun yaşlı insanların xəstəliyi kimi təqdim olunması barədə fikirlərlə razılaşmadığını bildirib: “Bəli, yaşlı insanlarda müəyyən metabolizm pozuntuları nəticəsində artroz meydana gələ bilir. Amma bunun təkcə yaşlı insanların problemi olduğunu demək yanlışdır. Bu xəstəlik günümüzdə xeyli cavanlaşıb”.
O, artrozun yaranmasının çoxsaylı səbəblərinin olduğunu açıqlayıb. Mütəxəssisin sözlərinə görə, insanların çəkisinin normadan artıq olması da artroza səbəb olan amillərdən biridir: “Eləcə də metabolik pozğunluqlar, vaxtında müalicə olunmayan revmatizm xəstəliyi artroz yarada bilir. Bundan başqa, travmalara bağlı olan oynaq zədələnmələri zamanı da oynaqlarda artroz inkişaf edir. Oynaq infeksiyalarının da infeksion artroz yaratması mümkündür. Məsələn, oynaq daxilində daha çox rast gəlinən septik artrit vaxtında, düzgün müalicə olunmadıqda iltihab oynaq səthini təşkil edən qığırdaqlara ziyan verir və onların yeyilməsinə səbəb olur. Bu da artroza gətirib çıxarır”.
Metabolizm pozğunluqları nəticəsində yaranan artritlər barədə danışan ortoped-travmatoloq qeyd edib ki, düzgün qidalanmamaq qanda kalsium, fosfor kimi sümük elementlərinin azalmasına səbəb olur və bu zaman artrozun yaranması mümkündür.
Hormon pozğunluqlarının da oynaq qığırdaqlarında erkən artroza səbəb olduğunu deyən mütəxəssisin sözlərinə görə, bəzi ginekoloji əməliyyatlardan sonra, tiroid problemləri, revmatik xəstəliklər zamanı istifadə olunan hormonal müalicələr də oynaqlarda artrozun yaranmasını sürətləndirir: “Çox erkən yaşlarda artroz yarana bilir. Təbii ki, xəstəliyin geniş yayılmasının qidalanma ilə də bağlılığı var. Düzgün qidalanmamaq, qidaların tərkibində hormonlu maddələrin olması, daha çox fast-food qidalarına üstünlük verilməsi də artrozun yaranmasına təkan verən amillərdən biridir”.
C. Nəsirli qeyd edib ki, artrozun yaranmasının səbəblərindən biri də oynaqlarda olan anadangəlmə çıxıqlardır. Anadangəlmə çıxıqlar vaxtında aradan qaldırılmasa, bu, artrozun yaranmasına səbəb olur.
Həkim artrozun ilk əlamətinin ağrı olduğunu vurğulayıb: “Xəstəlik ağrı ilə başlayır. Bunun ardınca şişlik də əmələ gələ bilər. Sonradan isə oynaqlarda hərəkət məhdudiyyəti yaranır. Bunlar artdıqca artrozun ağırlıq dərəcəsi də artır. Xəstəliyin ağrısız davam etməsi mümkün deyil. Amma oynaqlarda olan hər ağrı da artroz demək deyil. Bəzən çox bəsit bir səbəbdən də oynaqlarda ağrı yarana bilər”.
Onun sözlərinə görə, artroza ən çox diz, bud-çanaq oynaqlarında rast gəlinir. Bununla yanaşı, topuq, dirsək, çiyin oynaqlarında da artroz inkişaf edə bilir.
Xəstəliyin diaqnostikası barədə danışan ortoped-travmatoloq qeyd edib ki, hər şeydən əvvəl artroz ağırlarının xarakterinə diqqət yönəldilməlidir: “Ağrıların nə zaman başlanması, gündüzmü, gecəmi olması, hansı aralıqlarda yaranması, davamiyyəti, xəstənin daha öncə travma alıb-almaması, peşəsi barədə mütləq məlumatlar toplanmalıdır.
Bütün bunlardan sonra oynaqları ilkin olaraq əllə müayinə etmək gərəkdir. Oynaqların hərəkətliliyinə, şişkinliyə, oynaq mayesinin artıb-azalmasına diqqət olunmalıdır.
Təbii ki, rentgen müayinəsi də aparılmalıdır. Rentgenoqrafiya ilə oynaq aralığına, qığırdaq qalınlığına baxılır. Onu da qeyd edim ki, Maqnit Rezonans Tomoqrafiya müayinəsi problemi daha erkən mərhələdə, rentgen müayinəsi isə daha kobud, irəliləmiş vəziyyətdə olan artrozları aşkarlamağa imkan verir”.
Artroza ultrasəs müayinəsi ilə diaqnoz qoyulması hallarına da rast gəlinməsinə münasibət bildirən C. Nəsirli deyib ki, oynaqların USM-lə müayinəsi mümkün deyil: “Dünyanın heç bir yerində bu müayinə olunmur. Dünyaya gələn uşaqların oynaqları ilk dörd ay ərzində USM müayinəsi edilir, vəziyyət dəyərləndirilir. Amma sonrakı dövrlərdə belə bir müayinənin aparılması doğru deyil. Artroz üçün instrumental müayinə üsulları varsa, niyə oynaqlar USM-lə müayinə olunmalıdır ki? Zaman-zaman mənim də qəbuluma gələn xəstələrin bəzilərinə USM-lə diaqnoz qoyulmasının şahidi oluram”...
C. Nəsirli artrozun müalicəsinin olmaması barədə fikirlərlə razılaşmadığını da vurğulayıb: “Bu fikirlər qətiyyən doğru deyil. Artrozun müalicəsi var. İlkin dövrdə konservativ müalicə, fizioterapiya, əzələlərin gücləndirilməsi ilə problemin qarşısını almaq mümkün olur. Amma ağırlaşmış mərhələdə problem cərrahi yolla aradan qaldırılır. Bəzi hallarda qığırdaqların təmiri aparılır. Yəni çox kiçik qığırdaq pozğunluğu olan oynaqlara qığırdaq köçürə bilirik. Amma ən son mərhələdə xəstəyə oynaq köçürülür. Pozulan oynaq çıxarılır və yerinə süni oynaq qoyulur. Bununla da xəstə normal bir şəkildə həyatına davam edə bilir. Təbii ki, bütün müalicələr, tədbirlər nəticə verməsə, bu addım atılır.
Süni oynaq köçürülmə əməliyyatları nə qədər gec aparılsa, bir o qədər yaxşı olar. Amma qeyd etdiyim kimi, bu xəstəlik xeyli cavanlaşıb. Bəzən biz məcbur qalaraq gənc insanlar üzərində də bu əməliyyatları icra edirik. Yəni 20 yaşında ciddi problemi olan gəncin şikəst olmasını, 50 yaşa çatmasını gözləmək düzgün deyil. Xəstəni normal həyata qaytarmaq lazımdır”.
Köçürülən oynaqların ömürlük olmadığını deyən mütəxəssis qeyd edib ki, süni oynaqların ömrü onların keyfiyyətindən, sonradan qorunmasından çox asılıdır: “Keyfiyyətli material seçilibsə, əməliyyat doğru icra olunubsa, xəstə qaydalara əməl edirsə,süni oynaqların ömrü 30, 40 il də ola bilər. Çox şey həm də əməliyyatın necə icra olunmasından asılıdır.
Bəzən xəstə əməliyyatdan sonra çətinliklə gəzir, çünki əməliyyat düzgün icra edilməyib, material düzgün seçilməyib. Oynaq dəyişilməsi ağır bir əməliyyatdır. Bu əməliyyatları professionallar etməlidir. Belə olarsa, xəstə bir müddət sonra normal həyata qayıdır. Bəzən onlar sağlam insanlardan heç bir fərqlənmirlər”.
Artrozdan əziyyət çəkənlərə artıq çəkidən azad olmağı, qidaları düzgün seçməyi məsləhət görən həkim bildirib ki, onlar gün ərzində kalsiumla zəngin qidalardan, o cümlədən süd məhsullarından daha çox yararlanmalı, 3 litrə qədər su içməli,
siqaret və alkoqoldan imtina etməlidirlər.
Onun sözlərinə görə, artrozla bağlı risk qrupuna aid olan şəxslər - qadınlar 40, kişilər isə 45 yaşdan sonra profilaktik olaraq, həkim məsləhəti ilə kalsiumlu, qan sulandırıcı dərmanlardan istifadə etməlidirlər.
Mütəxəssis deyib ki, oynaqların çox hərəkətli olması da artroz problemindən əziyyət çəkənlər üçün mühüm əhəmiyyət kəsb edir: “Gün ərzində çoxlu hərəkət, gəzinti vacibdir. Bu problem zamanı mütləq əzələni gücləndirmək gərəkdir. Əzələ güclü olarsa, oynağa düşən yük azalır. Əzələni gücləndirən idman hərəkətlərinin mühüm əhəmiyyəti var”...