Mədə və qida borusu xərçənginə tutulmamaq üçün nə etməli?
“Mədə və qida borusu xərçənginin yaranmasında daha çox qida amili rol oynayır”
“Mədə xərçənginin əsas əlaməti xəstənin səbəbsiz yerə arıqlamasıdır”
“Qidalanma faktoruna diqqət yetirdikdə xərçəng riskini azaltmaq mümkündür”
“Qidanın yemək borusunda ilişməsi siqnalıdır”
“Qida borusunun və mədənin xərçəngi həm dünya, həm də Azərbaycan üçün ən aktual onkoloji problemlərdən biridir. Təəssüf ki, hər iki problem Azərbaycanda da ən çox rast gəlinən onkoloji şişlərdən hesab olunur”.
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında onkoloq, Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikasının Torakoabdominal şöbəsinin rəhbəri, professor Ramiz Bayramov deyib.
Ramiz Bayramovun sözlərinə görə, dünyada hər il 1 milyona yaxın mədə xərçəngi ilə yeni xəstələnmə halı qeydə alınır: “Ola bilsin ki, real rəqəmlər bundan daha da böyükdür.
Qida borusu xərçənginə mədə xərçəngindən daha az rast gəlinir. Amma buna baxmayaraq, qida borusu və mədə xərçəngi ikisi bir yerdə ümumi onkoloji şişlərin 15-20 faizini təşkil edir. Bu şişlərin yaranmasında elə faktorlar rol oynayır ki, biz istəsək də, istəməsək də bundan qaça bilmirik. Bu, xüsusi aktuallıq kəsb edən məqamlardan biridir. Amma nəzərə almaq lazımdır ki, qidalanma faktoruna diqqət yetirdikdə, rejimə əməl etdikdə bu riskləri azaltmaq mümkündür”.
Bəs mədə, qida borusu xərçəngini yaradan amillərdən necə uzaq durmaq olar?
Onkoloq vurğulayıb ki, müəyyən qaydalara əməl etməklə bədxassəli şişlərin yaranma riskini iki dəfəyədək azaltmağın mümkün olduğu sübut olunub. Onun sözlərinə görə, hər iki orqanın şişinin yaranmasında 5-6 faiz irsiyyət faktorunun rolu var. 90-95 faiz isə xarici mühit faktoru rol oynayır: “Həm mədə, həm də qida borusu xərçəngi ən daxili qatdan, yəni selikli qişadan inkişaf edir. Selikli qişanı xarici mühitlə əlaqələndirən isə qidadır. Ona görə də hər iki orqanının xərçənginin yaranmasında əsas yeri müstəsna şəkildə qida amilləri tutur. Ələlxüsus da burada qidanın tərkibində olan kimyəvi, kanserogen amillərdən söhbət gedir”.
Onkoloq onu da deyib ki, hər iki problemin müalicəsinin əsasını cərrahi müalicə təşkil edir. Hər iki halda cərrahiyyə əməliyyatını əvəz edən ikinci bir müalicə metodu yoxdur. Həkim qeyd edib ki, qida borusu xərçəngi əməliyyatları ağırlaşmaları, ölüm riski yüksək olan əməliyyatlardır: “Amma qida borusu xərçəngi zamani xəstələr daha tez müraciət edirlər. Çünki bu zaman qidanı udarkən ilişmə olur deyə xəstələrin bu halı daha tez hiss etmək imkanları olur. Ona görə daha çox tez mərhələdə həkimə müraciət olunur.
Bəzən xəstələr bu şişlər çox kiçik olsa belə bunu hiss edə bilirlər. Amma bəzi hallarda buna əhəmiyyət verməyib, “yeməkdi də, ürəyimdə qaldı, üstündən su içdim, keçdi“, deyib, vaxtında həkimə getmirlər. Halbuki bilmək lazımdır ki, yeməyin qida borusunda ilişməsi qida borusu xərçənginin ilkin əlaməti ola bilər. İlk siqnal belə olur. Ona görə də yaxşı olar ki, kim ki bu əlamətləri tez-tez, məsələn, bir həftənin içində bir neçə dəfə hiss edirsə, həkimə müraciət etsin və mütləq endoskopiya müayinəsindən keçsin”.
R. Bayramov bildirib ki, ən erkən mərhələdə müraciət ediləndə qida borusunun bədxassəli şişini müasir laparoskopik metodlarla soyub götürmək mümkün olur: “Çox təəssüflər olsun ki, bu mərhələdə şişin olduğunu aşkarlamaq müşkül məsələdir. Əgər xəstə boruda yemək ilişməsi hiss edirsə, deməli, proses bəlli bir mərhələyə çatıb və qida borusunun mənfəəzini daraldıb”.
Onun sözlərinə görə, reflüks problemi də qida borusu xərçənginin əsas səbəblərindən biridir: “Ümumiyyətlə, qida borusunda disfagiya yaradan patologiyaların 80-90 faizinin kökündə xərçəng durur. Amma qida borusu əzələlərinin özünün problemləri də olur. Hərçənd ki, bu patologiyalara az rast gəlinir.
Yuxudan duranda dilin acı olması hissi varsa, sinənin arxasında yanma əlamətləri olursa, bunlar reflüksün əlamətləridir. Reflüksü ilkin dövrlərdə dərman müalicəsi ilə aradan qaldırmaq mümkün olur. Amma gecikmiş mərhələdə bunun dərmanla müalicəsi mümkün deyil. Uzun müddət davam edəndə isə problem xərçəngə çevrilir”...
Qida borusu xərçənginə səbəb olan əsas amillərdən birinin də qaynar qida, qaynar çay qəbul etmək olduğunu açıqlayan mütəxəssis deyib ki, isti qidaların hamısı bəlli bir temperatura qədər soyuyandan sonra qəbul edilməlidir.
Onun sözlərinə görə, tədqiqatlar pivə və qırmızı şərabdan başqa, bütün alkoqollu içkilərin qida borusu xərçəngi yarada bildiyini göstərib.
R. Bayramov mədə xərçənginin əmələ gəlməsində əsasən başqa amillərin rol oynadığını vurğulayıb: “Tərkibində nitrit və nitrat olan maddələr mədə xərçəngini yaradan əsas səbəblərdən biridir. Təbii ki, gündəlik qəbul etdiyimiz qidaların tərkibində nitratlar və nitritlər var. Çünki gübrələrdən geniş istifadə olunur. Turşuluğu az olan, “helikobakter pilori” deyilən infeksiyası olan mədə mühitində nitratlar və nitritlər “nitrozamin” adlanan çox güclü xərçəng əmələ gətirən maddəyə, faktora çevrilə bilirlər.
Nitritlərlə ən zəngin qidalar isə kolbasa və sosiska məhsullarıdır. Bu riski azaltmağın yolları var. Mədə turşuluğu aşağı olanlar qida qəbulundan sonra C vitamini qəbul etməlidirlər. Çünki C vitamini bu prosesi poza, ziyanlı maddənin yaranmasını blok edə bilir. Kimlərin ki, mədə turşuluğu azdır, qidadan sonra C vitamini, bu vitaminlə zəngin olan qidalar qəbul etməlidirlər.
Acı qidalar da mədə xərçəngindən qoruyan faktordur. Məsələn, gürcü mətbəxində daha çox acılı qidalara yer verilir. Amma keçmiş SSRİ məkanında ən az mədə xərçənginə Gürcüstanda rast gəlinib.
Onu da nəzərə almaq lazımdır ki, uzun müddət duzlu qida qəbulu mədə xərçəngi riskini artırır. Hisə verilən ət, balıq məhsulları barədə də eyni sözü demək olar”.
C vitamini, karatinlə zəngin olan qidaların mədə xərçənginə tutulma riskini azaltdığın deyən professor, soğan və sarımsaq qəbulunun bu mənada çox faydalı olduğunu vurğulayıb: “Ümumiyyətlə, bütün xərçəng xəstəliklərindən qorunmaq üçün yaşıl qidalardan istifadə əhəmiyyətlidir.
Çəkinin artıq olması qida borusu və yoğun bağırsaq xərçənginin əsas səbəblərindəndir. Ona görə də ilk növbədə həm də artıq çəkidən azad olmaq barədə düşünmək lazımdır”...
Ramiz Bayramov onu da deyib ki, mədə xərçənginin əlamətləri digər mədə xəstəliklərinin əlamətlərindən heç nə ilə fərqlənmir. Ona görə də mədəsində problem olan hər bir şəxs maksimum diqqətli olmalı, narahatlıq hiss edən kimi mütəxəssislərə müraciət etməlidir. Onun sözlərinə görə, bütün mədə problemlərinə görə mütləq endoskopiya müayinəsindən keçmək zəruridir.
O, həmçinin mədə xərçənginin əsas əlamətinin xəstənin səbəbsiz yerə arıqlaması olduğunu da açıqlayıb.
Onkoloq qeyd edib ki, mədə xərçənginin ilk mərhələsində problemi aradan qaldırmaq, ondan tam xilas olmaq mümkün olur. Amma mütəxəssis mədə xərçənginin çox sürətlə inkişaf etdiyini, ağırlaşma mərhələləri arasında müddətin cəmi 1-2 ay olduğunu da nəzərə çatdırıb...