Mədəaltı vəzin iltihabı niyə qorxulu xəstəlik sayılır?

“Kəskin pankreatitlərin əsas əlamətləri qarın ağrısı, qusma, halsızlıqdır”

 

“Xırda öd daşları mədəaltı vəzidə iltihab yaradır”

 

 “Bir dəfə öd daşı spazması keçirənlər növbəti spazmaları gözləməməlidirlər”

 

 “Pankreatit ağrıları daimi və kəskin olur”

 

“Böyük cərrahiyyə əməliyyatları nəticəsində mədəaltı vəzin iltihabı başlaya bilər”

 

“Mədəaltı vəzinin iltihabı - pankreatit probleminin yaranmasına səbəb olan əsas amillər öd daşı xəstəliyi və çoxlu spirtli içki qəbuludur. Problem 70-80 faiz hallarda bu amillərdən qaynaqlanır. Digər səbəblər də var. Onların arasında isə çoxlu yağlı qida qəbulu da yer tutur”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında ümumi cərrah, uzman doktor  Bibixanım Məmmədova deyib.

 

Cərrah mədəaltı vəzinin orqanizm üçün önəmindən danışaraq qeyd edib ki, bu vəz həzm prosesində iştirak edən ferment, eyni zamanda qanda şəkər mübadiləsini tənzimləyən insulin və qlükaqon kimi hormonal maddələr ifraz edir.

 

Mədəaltı vəzin iltihabının ağır və xroniki olmaqla iki yerə ayrıldığını xatırladan həkim bildirib ki, ağır pankreatit ən çox qorxu yaradan, həkimlərin də çox çəkindiyi problemlərdən biridir. Onun sözlərinə görə, ümumi olaraq pankreatit keçirən xəstələrin 70-80 faiz hallarda vəziyyətləri orta və yüngül, qalan 30 faiz hallarda ağır formalı olur. Ağır pankreatitlərin isə ölüm faizi yüksək sayılır:

 

“Ağırlaşmalar nəticəsində orqan çatışmazlıqları baş verir. Bu isə çox təəssüflər olsun ki, 3-7 faiz hallarda ölümlə nəticələnir”.

 

Cərrah onu da deyib ki, spirtli içki qəbulu nisbətən az, yağlı qida qəbulu isə çox olan ölkələrdə pankreatitlər ən çox öd daşı xəstəliyi ilə bağlı ortaya çıxır. Amma spirtli içki qəbulu daha çox olan ölkələrdə mədəaltı vəzinin iltihabı probleminin daha çox alkoqol qəbuluna bağlı yarandığı müəyyən edilir.

 

Bəs öd daşları pankreatitə necə səbəb olur? 

 

B. Məmmədova deyib ki, bu problemi əsasən çox kiçik ölçülü xırda öd daşları törədə bilir: “Qara ciyərdən gələn ümumi öd axarı və mədəaltı vəzin axarı onikibarmaq bağırsaqda birləşərək birgə açılırlar. Öd kisəsində olan xırda daşlar bu ümumi axara düşəndə həm qaraciyər axınında təzyiqi artırır, sarılıq yaradır, həm də mədəaltı vəzi axarında təzyiqi artırır, xırda kapilyarların partlamasına və mədəaltı vəzidə iltihabın yaranmasına səbəb olur”.

 

Cərrah onu da deyib ki, hər hansı əlamət verməyən,  əhali arasında “lal daşlar” adlandırılan öd daşlarının pankreatitə səbəb olması ehtimali azdır. Çünki adətən xırda daşlar iltihaba səbəb olurlar. Lal daşlar kimi təqdim olunan daşlar isə daha böyük ölçülü daşlar olur. Onun sözlərinə görə, əsasən ölçüsü 1 mm-dən az olan xırda öd daşları pankreatitə səbəb olur.

 

Mütəxəssis alkoqola bağlı yaranan pankreatitlər haqda danışarkən onu da deyib ki, əslində problemin məhz içki qəbuluna görə yaranması o qədər də dəqiq bəlli deyil: “Çünki uzun müddət alkoqol qəbul edən amma bu problemi yaşamayan, kəskin pankreatit keçirməyən insanlar da var və onların sayı çoxdur.

 

Əgər bu hal sırf içkiyə bağlı olsaydı, deməli, onların hamısında bu problem ortaya çıxardı. Amma belə hesab olunur ki, uzun müddət spirtli içki qəbulu fermentlərin öz-özünə aktivləşməsinin qarşısını alan mexanizmin qırılmasına səbəb olur, bu səbəbdən mədəaltı vəz axarında təzyiq artması baş verməsə belə, fermentlərin vəzin özündə öz-özünə aktivləşməsi nəticəsində pankreatit başlayır. Belə bir nəzəriyyə var və bu daha geniş yayılıb, daha çox tərəfdar toplayıb”.

 

B. Məmmədova pankreatitə səbəb olan digər amillər barədə danışarkən deyib ki, bu sırada çoxlu yağlı qida qəbulu, travmalar da var. Amma bu amillər nəticəsində problemin ortaya çıxmasına daha az rast gəlinir: “Çoxlu yağlı qida qəbulu, qanda yağları parçalayan fermentlərin aktivləşməsi pankreatitə səbəb ola bilir. Yəni qanda lipidlərin miqdarının artması ilə bağlı mədəaltı vəz içərisində yağları parçalayan fermentlərin vəz daxili aktivləşməsi pankreatit yaradır”.

 

Cərrah pankreatit yaradan nadir səbəblərdən birinin də travmalar olduğunu açıqlayıb: “Məsələn, kənar təsir nəticəsində mexaniki travmaların pankreatitə səbəb olması mümkündür. Böyük cərrahiyyə əməliyyatları nəticəsində belə bir hal baş verə bilər. Xüsusilə dalaq əməliyyatları zamanı bunun baş verməsi mümkündür. Mədəaltı vəz dalağa yaxın olduğu üçün əməliyyat zamanı vəzin quyruğunda zədə yaransa, bu, iltihabın başlanmasına yol aça bilər. Hərçənd ki, bu da nadir hallardan sayılır”.

 

Onun sözlərinə görə, xırda öd daşları ümumi öd axarına düşən zaman müayinə və müalicə üçün istifadə olunan endoskopik üsul da bəzən mədəaltı vəzi axarında ağırlaşma yarada bilir.  

 

Kəskin pankreatitlərin əsas əlamətləri barədə danışan mütəxəssis bunun qarın ağrısı, qusma, halsızlıq olduğunu açıqlayıb: “Pankreatit ağrıları tutma şəklində deyil, daimi və kəskin olur. Bu ağrılar yeməkdən sonra və getdikcə kəmərvari şəkildə yayılır”.

 

Bir sıra hallarda mədəaltı vəzin çıxarılması əməliyyatlarına da əl atıldığını deyən B. Məmmədova bunun qazanılmış şəkər xəstəliyinə və həzm fermenti çatışmazlığına səbəb ola biləcəyini açıqlayıb.

 

Uşaqlar arasında demək olar ki, bu problemə rast gəlinmədiyini bildirən həkim onu da bildirib ki, istər gənclər, istərsə də orta və yuxarı yaşlı insanlar arasında problemin ortaya çıxması mümkündür.

 

Mütəxəssis, mədəaltı vəzinin iltihabı ilə üzləşməmək üçün ilk növbədə öd daşı problemi olanları diqqətli olmağa çağırıb: “Bir dəfə öd daşı spazması keçirənlər növbəti spazmaları gözləməməli, zamanında həkimə müraciət etməlidirlər ki, həm də pankreatit təhlükəsi ilə üzləşməsinlər. Eyni zamanda alkoqol, siqaret qəbul edənlərə bundan imtinanı, bu da mümkün deyilsə, azaltmağı məsləhət görürük. Bundan başqa, qida rasionumuzda yağların miqdarını da azaltmaq lazımdır”...

 

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR