İmplant dişlər: kimlərə olmaz?

“İmplant əməliyyatından öncə pasientin hansı xəstəlik daşıyıcısı olduğu nəzərə alınmalıdır”

 

“Süni diş funksiyanı düzgün yerinə yetirmirsə, estetik baxımdan gözəl olsa belə, ağızda durmamalıdır”

 

“Kimyaterapiya alan onkoloji xəstələrdə bu əməliyyatın tətbiqi xoşagəlməz hallarla nəticələnə bilər”

 

“Şəkərli diabet xəstələrinə implant tətbiq etmək olmaz anlayışı doğru deyil”

 

“İmplant dişlərə ilk illərdə qorxaraq yanaşanlar çox idi. Çoxları bunun ziyanlı bir metod olduğunu, hətta implant dişlərin xərçəngə belə səbəb olacağını düşünürdülər. Amma əvvəlki illərlə müqayisədə bu gün insanlarımız daha çox maarifləniblər və daha dəqiq bilgilərə malikdirlər. Günümüzdə adi diş müalicəsi kimi implant əməliyyatları da geniş tətbiq edilir”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında ağız, üz-çənə cərrahı, implantoloq, tibb üzrə fəlsəfə doktoru Eldar Nəcəfov deyib.

 

Onun sözlərinə görə, implant əməliyyatları ilə bağlı sui-istifadə hallarına da rast gəlinir: “Gərəksiz yerə də implant əməliyyatları da edilir. Bəzən adi görünsə də, bu da bir cərrahiyyə əməliyyatıdır. İmplant əməliyyatı aparmazdan əvvəl diş ətində, implant yerləşdiriləcək çənədə sümüyün qalınlığına diqqət yetirmək lazımdır. Eyni zamanda müraciət edən şəxslərin hansısa bir xəstəlikdən əziyyət çəkib-çəkmədikləri araşdırılmalı, pasientin hansı xəstəlik daşıyıcısı olduğu nəzərə alınmalıdır. Əgər problem varsa, xəstənin daşıdığı xəstəlik üzrə olan mütəxəssislə birgə qərar verilməlidir.

 

İmplant  süni diş köküdür. Diş implantasiyası son iyirmi ildə daha çox gündəmə gəlib. İnsanlar diş boşluqlarını hələ qədimlərdən doldurmağa çalışıb, bununla bağlı müxtəlif üsullara müraciət ediblər. Amma son illər texnologiyanın sürətli inkişafı sayəsində implantologiya daha mükəmməl inkişaf etməyə başlayıb”.

 

E. Nəcəfov deyib ki, skelet formalaşdığı dövrdən sonra implantların tətbiqi ilə bağlı hər hansı yaş məhdudiyyəti yoxdur:

 

“Üz skeletinin formalaşması qızlarda 14-16, oğlanlarda 16-18 yaşda başa çatır. 20 yaşda isə inkişaf tamamilə dayanmış olur. Ümumiyyətlə, implantlar 18 yaşdan sonra tətbiq oluna bilər.

 

Təbii ki, 70-80 yaşlarda implantasiya əməliyyatı aparılanda problemlərin ortaya çıxması mümkündür. Bu yaşda implant tətbiqinin riskləri var”.

 

İmplantoloq deyib ki, onkoloji xəstəliklərdən əziyyət çəkən, radioterapiya, kimyaterapiya alan xəstələrdə implant tətbiqi ciddi fəsadlara səbəb ola bilər: “Bu məqamlarda son dərəcə diqqətli olmaq borcumuzdur. Amma kimyaterapiyanın hansı səviyyədə aparılması  önəmlidir, buna diqqət vermək lazımdır. Əks təqdirdə, implant sümüklə birləşməyə və xoşagəlməz hallarla rastlaşa bilərik. Bu proses hətta çənə sümüyünün məhv olmasına, çənə rezeksiyasına qədər gətirib çıxarar”.

 

Onun sözlərinə görə, şəkərli diabetdən, tiroid vəzinin problemlərindən əziyyət çəkənlər üçün də implant əməliyyatlarının riskləri var:

 

“Ona görə də xəstənin sistemik xəstəlikləri, anadangəlmə qüsurlarının olub-olmadığı  yoxlanmalıdır.

 

Bizə müraciət edən pasientin hər-hansı xəstəlikdən əziyyət çəkdiyi ortaya çıxanda qan analizlərinin verilməsi də tələb olunmalıdır. Təbii ki, anemiya şübhəsi olduqda, qara ciyərdə, böyrəklərdə problemlər olanda, şəkərli diabet, tiroid vəzinin problemləri, yəni zob zamanı qan təhlillərinin aparılması zəruridir”.

 

Mütəxəssis deyib ki, şəkərli diabet xəstələrinə implant tətbiq etmək olmaz anlayışı doğru deyil: “Diabeti kontrol altında olanlara və olmayanlara eyni cür yanaşmaq olmaz.  Bəli, şəkərli diabet xəstələrinə də implant əməliyyatlarının aparılması mümkündür. Amma şəkər nəzarətdə saxlanmalı, kontrol olunan hala gətiriləndən sonra bu əməliyyatlar olunmalıdır.

 

Təbii ki, fəsadlardan heç kim sığortalanmayıb. Doğru seçim edəndə, əməliyyat düzgün aparılanda fəsad riskini sıfıra da endirmək olar. Qaydalara düzgün əməl etməyəndə sağlam insanlarda da implant əməliyyatı zamanı və sonradan da fəsad yaranma ehtimalı yüksək olur.

 

Yanlış addımlar atılanda implantın boyun qismində iltihab yaranır, implantla sümük arasında toxuma əmələ gəlir və bu implantın düşməsinə səbəb olur”.

 

E. Nəcəfov implantların xərçəng yaratması barədə deyilənlərlə razılaşmadığını deyib:

 

“Bu məsələ müzakirə mövzusu ola bilməz. Son nəsil implantlarla bağlı bunu demək olmaz. Çünki onların tərkibi titandır və bu, orqanizmdə xərçəng yarada bilməz”.

 

Onun sözlərinə görə, implant tətbiq olunan zaman həm onun yerinə yetirəcəyi funksiya, həm də estetikası dəyərləndirilməlidir: “Çənə sümüyünün inkişafı bitən sağlam insanlarda implant əməliyyatının aparılması üçün heç bir problem olmur. Əgər bir implant diş funksiyasını yerinə yetirə bilmirsə, estetik baxımdan gözəl olsa belə, onun yeri yoxdur və o ağızda durmamalıdır. Çünki belə implantın ağızda olmasının heç bir əhəmiyyəti yoxdur. Düzgün texnika seçilməyəndə problemlərin ortaya çıxması qaçılmaz olur”.

 

E. Nəcəfov onu da deyib ki, bütün amillər nəzərə alınanda, əməliyyat doğru icra olunduqda yerləşdirilən implantların uzun ömürlü olması, hətta 30 ilə yaxın qalması mümkündür: “Burada dişlərə doğru qulluq da önəmli şərtlərdən birdir. İmplant dişləri olan xəstələr onlara qulluq qaydalarını bilməli, ən pis halda ildə bir dəfə həkim qəbulunda olmalıdırlar. İndi demək olar ki, bütün implant materialları keyfiyyətlidir. Əməliyyatdan sonra problem əsasən həkimin işi, pasientin düzgün qulluq etməməsindən asılı olaraq ortaya çıxır. İnsanlar implant dişlərə öz normal dişlərindən daha artıq diqqət ayırmalıdır”.

 

İmplant dişlərin üstünlüklərinin çox olduğunu deyən həkim onu da vurğulayıb ki, süni dişlər ən yaxşı alternativ sayılır: “Xəstənin, orqanizmin qəbul etməsi baxımından süni dişlər ən doğru seçimdir. Funksiyanın daha doğru yerinə yetirilməsi, dad hissiyyatının artıq olması, gözəl görüntü əsas üstünlüklərdir.   

 

Digər tərəfdən, ağızda bir diş yeri boşdursa, ənənəvi üsulla, körpü ilə bərpa etmək üçün iki sağlam dişi də qurban vermiş oluruq. Ancaq bu boşluğu süni dişlə dolduranda digər dişlərə toxunmuruq və implantlar diş funksiyasını daha yüksək dərəcədə yerinə yetirə bilir.

 

Hər kəs onu da nəzərə almalıdır ki, uzun müddət dişsiz qalan çənədə ciddi problemlər yaranır və implant qoyulmasını da çətinləşdirir. Ona görə də dişlərdə problem yarandığı halda həkimə müraciət olunmalı, dişlərin yerinin uzun müddət boş qalmasına yol verilməməlidir”...

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR