Uşaqlarda şəkər xəstəliyi nədən yaranır?

“Qorxu, stress faktoru şəkərli diabetin yaranmasına təkan verir”

 

“Uşaq birdən-birə çoxlu su içir, sürətlə arıqlamağa başlayırsa, gecələr daha çox sidiyə çıxırsa..."

 

“Uşaqlar şirniyyatdan az istifadə etməlidirlər”

 

“Qanda şəkərin miqdarının yüksək olması hələ şəkərli diabet demək deyil”

 

“Adətən ailəsində, qohumlarında şəkər xəstəliyi olan, bədən kütləsi ağır olan uşaqlarda şəkərli diabetə meylilik daha çox ola bilər. Uşaqlarda stress faktoru, qidalanma ilə bağlı olaraq da qanda şəkərin miqdarı arta bilər. Son zamanlar qanda şəkərin miqdarı çox olan insanların sayı artıb. Amma hər belə insana şəkərli diabet xəstəsi demək olmaz. Qanda şəkərin miqdarının yüksək olması hələ şəkərli diabet demək deyil”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının assistenti, Tədris-Terapevtik Klinikasının II Pediatriya Şöbəsinin əməkdaşı, tibb elmləri namizədi Gündüz Əhmədov deyib.

 

Onun sözlərinə görə, uşaqlarda qida rejiminin pozulması, son zamanlar karbohidratla zəngin, un məmulatlarından hazırlanan qidalardan tez-tez istifadə olunması, sürətlə həzm olunan şirniyyat məhsullarına meylli olmaları uşaqlar arasında şəkərli diabet xəstələrinin sayının artmasına səbəb olub: “Bədən çəkisinin normadan artıq olması, piylənmənin baş verməsi şəkərli diabet xəstəliyinin yaranması üçün əsas faktorlardan biridir. Şirniyyatın uşaq orqanizminə külli miqdarda daxil olması yolverilməzdir. Çalışmaq lazımdır ki, uşaqlar şirniyyatdan az istifadə etsinlər”.

 

Mütəxəssisin sözlərinə görə, uşaqlarda şəkərli diabetə əsasən yetkinlik dövründə, orqanizmin hormonlara tələbatının artdığı bir zamanda daha çox rast gəlinir: “Amma son illərdə hətta südəmər uşaqlarda da şəkərli diabet xəstəliyinə rast gəlirik. Ona görə diabet daha da cavanlaşıb deyirlər. Biz bu gün praktikada bir yaşında, hətta iki, üç aylıq uşaqlarda şəkərli diabet aşkar edirik”.

 

Pediatr deyib ki, uşaqlarda şəkərli diabet daha çox valideynlərdə olan problemlərlə bağlı ortaya çıxır. Qohum nikahlardan dünyaya gələn uşaqlar arasında şəkərli diabetə daha çox rast gəlinir.

 

Endokrinoloq onu da bildirib ki, adətən ana xətti ilə qohum nikahlarda ikinci tip şəkərli diabetli uşaqlara rast gəlinir: “Ata xətti ilə qohum nikahlarda daha çox birinci tip, yəni insulin asılılığı olan şəkərli diabeti olan uşaqlar doğulur”.

 

G. Əhmədzadə, “əgər ailədə şəkərli diabet xəstəsi varsa, bütün ailə üzvləri ildə bir dəfə qanda qlükoza miqdarını yoxlatmalıdırlar. Ailədə uşaqlardan birində bu xəstəlik aşkarlansa, o biri uşaqlara qarşı da diqqətli olmaq lazımdır. Ən azı ildə bir dəfə qanda şəkərin miqdarı yoxlanmalıdır”, - deyə virğulayıb.

 

Uşaqlarda şəkərli diabetin əlamətləri barədə danışan mütəxəssis problemin spesifik əlamətlərlə özünü göstərdiyini açıqlayıb:

 

“Səciyyəvi əlamətlərdən biri çoxlu maye qəbul etməkdir. Belə uşaqlar qısa zamanda, qəfildən çox su içməyə başlayırlar. Bunun baş verməsi daha çox stress faktoru ilə bağlı olur. Məsələn, valideyn deyir ki, uşaq qorxandan sonra belə oldu. Qorxu, stress faktoru prosesin başlanmasına təkan verir. Uşaqlarda şəkərlə bağlı arıqlama qəflətən baş verir. Valideyn hiss edir ki, uşaq yeyir amma inkişaf etmir. Kəskin arıqlama, zəifləmə yaranır və bunu heç nə izah etmək olmur. Eyni zamanda sidik ifrazının tezləşməsi də baş verir. Gecə sidik miqdarının artması, uşağın yerini  islatması halları olur. Sidiyə çıxandan sonra alt paltarda bərkimə, ağ ləkələr yaranır. Bu, şəkərin miqdarının çox olması ilə bağlıdır. Əsas bu üç əlamətin olması şəkərin əsas klassik simptomudur.

 

Yəni hər bir valideyn bilməlidir ki, əgər uşaq qəfildən çoxlu su içirsə, sürətlə arıqlama baş verirsə, gecələr daha çox sidiyə çıxırsa, şəkərli diabet ola bilər".

 

Onun sözlərinə görə, qış aylarında uşaqlarda şəkərli diabet daha çox aşkarlanır, bunun əsas səbəbi isə bu fəsildə uşaqlar arasında viruslu infeksiyalara daha çox rast gəlinməsidir. Mütəxəssis deyib ki, dalğalı virus infeksiyalarından, hepatit A-dan, qızılcadan, suçiçəyindən sonra uşaqlarda şəkərli diabet yarana bilər: “Virus infeksiyaları uşaqlarda mədəaltı vəziyə daha çox təsir edir. Virus bütün orqanlara yayılır. Amma uşaqlarda mədəd vəzi çox zəif olduğu üçün onu daha tez, daha çox zədələyə bilir və şəkərli diabet ortaya çıxır”.

 

G. Əhmədov, Azərbaycanda uşaqlarda insulin asılılığı olmayan şəkərli diabet probleminə çox az rast gəlindiyini açıqlayıb: “Adətən bu halda əlamətlər olmur, proses gizli inkişaf edir, klassik əlamətlərə rast gəlinmir. Əsasən çəkisi, piylənməsi, çox olan, ailəsində şəkərli diabet problemi olan uşaqlarda insulindən asılı olmayan forma aşkarlanır. Bu gün bizdə belə uşaqların sayı çox azdır”.

 

İnsulindən asılı olan xəstələr barədə danışan endokrinoloq "valideynlər uşaqların insulin qəbul etməsindən çox qorxurlar", - deyə bildirib.

 

Pediatr bunun əsassız olduğunu vurğulayıb, bunun faciə kimi təqdim edilməsinin doğru olmadığını deyib: “Uşaqlara insulin yazılanda valideynlər düşünürlər ki, yəqin uşağın  vəziyyəti ağırdır. Qətiyyən belə deyil. Valideyn nəzərə almalıdır ki, bu müalicə çıxış yoludur və bu, təhlükəli deyil.

 

Onu da deyim ki, uşaqlarda şəkərli diabet böyüklərdə olduğu kimi ağır yox, nisbətən daha yüngül keçir. Böyüklərdə şəkərli diabet nəticəsində gözlərdə, ayaqlarda, böyrəklərdə daha çox fəsad yaranırsa, buz uşaqlarda bunu görmürük”.

 

G. Əhmədov onu da deyib ki, ailədə şəkərli diabetdən əziyyət çəkən uşağın qida rasionu digər uşaqlarınkından fərqlənməməlidir: “Şəkərli diabeti olan uşaqlar hər şey yeyə bilərlər, sadəcə, insulini buna uyğun qəbul etmək lazımdır".

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR