Arıqlamaq üçün mədə kiçildilməsi: kimlərə olmaz?

 

“Dərin depressiya, psixoloji problemlər də davamlı yemək alışqanlığı yaradır”

 

“Şişman insanların mədəsini kiçiltməklə 40-50 kiloya qədər çəki itirmək mümkündür”

 

“Mədə kiçildilməsi əməliyyatlarının çox cazibədar göstərilməsi yanlışdır”

 

“Hər kəsin bariatrik əməliyyat olunması mümkün deyil”

 

“Bariatrik əməliyyat mütəxəssislərin müştərək razılığı və müvafiq göstərişlər üzrə həyata keçirilə bilər”

 

 

“Bədən kütlə indeksi 30-dan artıq olan insanlar piylənmə mərhələsində hesab olunur.

Piylənmə, çəkinin normadan artıq olması bir çox amillərlə bağlıdır. Burada təbii ki, qidalanma və genetik faktor çox əhəmiyyətlidir”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında ümumi cərrah, uzman doktor Elmir Əsgərov deyib.

 

 

Mütəxəssis bildirib ki, artıq çəki sadəcə, insanın xarici görünüşünün gözəl görünməməsi demək deyil, bu, həm ciddi sağlamlıq məsələsi, həm də cəmiyyətin, bütün dünyanın epidemik şəkil almış tibbi problemidir: “Bunun qarşısını almaq üçün müxtəlif yollara əl atılıb. 50-60 ildir ki, piylənmə, ağır çəki ilə mübarizədə cərrahi metodlardan da istifadə olunur. Bu əməliyyat metodları günümüzə qədər təkmilləşdirmələrdən keçib. İndiyə kimi müxtəlif əməliyyat metodları tətbiq olunub və bu metodların tətbiqi nəticəsində piylənmədən əziyyət çəkən insanlar daha sağlam, keyfiyyətli ömür sürməyə başlayırlar”.

 

Bu gün artıq çəki ilə mübarizədə bariatrik, yəni mədənin kiçildilməsi əməliyyatlarının daha effektiv metod kimi qəbul edildiyini deyən cərrah vurğulayıb ki, hər artıq çəkili insanı bariatrik əməliyyat etmək olmaz, bunun üçün bir çox amillər nəzərə alınmalıdır.

 

E. Mirzəyev deyib ki, çəkinin boyun kvadratına bölünməsi ilə əldə olunan rəqəm bədən kütlə indeksi sayılır. Bədən kütlə indeksi 18-25 arasında olan insan normal, 25-30 arasında olan artıq çəkili, 30 üzərində olan şişman sayılır: “Əgər insanda bir sıra xəstəliklər, məsələn, şəkərli diabet, yüksək təzyiq varsa və indeks 35-dən, 40-dan artıqdırsa buna “ölümcül artıq çəki” deyilir. Ümumdünya Səhiyyə Təşkilatı da kriteriyaları ayırır. Biz artıq çəki, piylənmə deyəndə insanın piylənmə səviyyəsindəki ciddi artımı nəzərdə tuturuq. Yəni əzələ sisteminin inkişafı heç də piylənmə kriteriyalarına daxil deyil. İdmançının bədən kütlə indeksi 35 ola bilər. Amma biz buna artıq çəki, piylənmə demirik.

 

Bəzən insanlar deyir ki, mən çox kiloluyam, amma sağlamam. Bu, qətiyyən belə deyil. Dərindən araşdıranda özünə sağlam deyən həmin insanların ciddi sağlamlıq problemləri ortaya çıxır. 30-40 yaş arasında olan çox kilolu bir insan ilk baxışda sağlam görünə bilər. Amma yaş irəlilədikcə problemlər özünü qabarıq şəkildə göstərməyə başlayır”.

 

Elmir Mirzəyev bariatrik əməliyyatdan öncə bir neçə mütəxəssisin bir araya gələrək birgə qərar vermələrinin önəmli olduğunu vurğulayıb:

 

“İnsanın çəkisi artdıqca, mədəsi də böyüyür və daha çox yemək istəyir. Hər şeydən əvvəl insanın hansı səbəbdən çox çəkili olduğunu araşdırmaq lazımdır. Biz çox zaman piylənmənin insanın çox yeməsinə bağlayırıq. Amma bu, gizli səbəblə bağlı ola bilər. Endokrin sistemin xəstəlikləri, qalxanabənzər vəzin çalışmaması, hipofiz  vəzində olan problemlər, Kuşinq xəstəliyi ilə bağlı artıq çəkinin də olması mümkündür. Eləcə də piylənmə genetik faktorla da əlaqədar ola bilir.

 

Bir insan mən kiloluyam əməliyyat olunub, arıqlamaq istəyirəm, deyə bilər. Amma bu, həkim tərəfindən dərhal qəbul olunmamalıdır. Hər şeydən əvvəl pasientin ciddi dəyərləndirilməsi aparılmalıdır. İlk növbədə psixoloq, endokrinoloqun rəyi lazımdır.

Hətta  psixiatrın araşdırması olmalıdır. Çox yemək alışqanlığı olan bir şəxsə “səni əməliyyat edəcəyəm, sonradan bir daha artıq çəkili olmayacaqsan, bir də piylənməyəcəksən” qarantiyası vermək olmaz.

 

Öncə piylənmədən əziyyət çəkən insanın yemək alışqanlığının səbəbini bilmək gərəkdir. Yəni dərin depressiya, psixoloji problemlərlə da bağlı davamlı yemək alışqanlığının  olması mümkündür.

 

Psixoloji, psixiatrik dəyərləndirmədən sonra qastroenteroloqun müayinəsinə ehtiyac var. Çünki mədədə hər hansı bir problemin olub-olmadığını da bilmək vacibdir.

Eləcə də endokrinoloqun ciddi müayinəsi lazımdır. Və ən vacib məqamlardan biri də budur ki, insanlar çox yeməkdən imtina etməyi bacarmalıdır. Pasient əməliyyatdan sonra iradəsinin olacağına əmin olarsa, o zaman əməliyyata qərar vermək olar”.

 

Cərrah qeyd edib ki, mədənin həcmini  kiçiltmək önəmli kriteriyadır. Məqsəd isə  mədəyə az qida daxil olmasına nail olmaqdır: “Mədə həcminin 2/3-ni azaltmaq minimum şərtdir. Yəni əməliyyatdan əvvəl iki boşqab yemək yeyən insan əməliyyatdan sonra  birini yemək məcburiyyətində qalır. Ən azı əməliyyatdan bir il sonra bunu etməmək mümkün deyil. Pasient əməliyyatdan qabaq on küftə yeyirdisə, sonradan birini yeməyə məcburdur.

 

Əgər insanın psixoloji durumu normaldırsa, əməliyyatdan sonra arıqladıqca az yeməyə davam edir, çox yemək vərdişini tərgidir”.

 

Mütəxəssisin sözlərinə görə, mədəni kiçiltməklə 40-50 kiloya qədər çəki itirmək mümkündür. Əməliyyatdan sonra həm həcmin kiçilməsi, həm də mədədə olan, davamlı yeməyə çağıran hormonun yox olması yemək həvəsini azaldır.

 

E. Əsgərov onu da deyib ki, bariatrik əməliyyatdan sonrakı ilk altı ay ərzində çəki sürətlə azalmağa başlayır:

 

"Əgər əməliyyatdan iki il sonra xəstənin çəkisi artırsa, bu, əməliyyatın, onu edən cərrahın uğursuzluğu deyil, insanın özündən asılı olan məqamdır.

Bariatrik əməliyyatın nəticəsinin uğurlu olması üçün xəstə daim yeməyinə diqqət etməlidir. Təbii ki, ilk bir ildə kilo itirilir. Amma çəkinin normada qalması üçün ciddi iradə olmalıdır. “Mən əməliyyat olunacam, sonra isə yemək vərdişimi davam etdirəcəm” yanaşması tamamilə yanlışdır.

 

Bəzən bu əməliyyatlar çox cazibədar göstərilir. Belə olmamalıdır. Bəli, əməliyyat nəticələri çox yaxşı olur. Amma əməliyyat etdirim, sonra da istədiyimi yeyim, içim, deyilən bir qayda yoxdur. İnsan hər şeydən əvvəl psixoloji olaraq bu mərhələyə hazır olmalıdır”.   

 

 

 

Qastroenteroloq, Tibb Universitetinin Tədris Terapevtik Klinikasının əməkdaşı Vüqar Rəsulov da deyib ki, bütün cərrahi əməliyyatlar kimi bu əməliyyatların da öz göstərişləri var: “Hər kəsin bu əməliyyatı etdirmək istəyirəm deməsi düzgün deyil.

Bu əməliyyatlardan öncə psixoloqun, hətta psixiatrın rəyi də lazım olur. İkincisi, mütəxəssis cərrahın, endokrinoloqla birgə dəyərləndirməsi gərəkdir. Bədən kütlə indeksi hesablanmalı, həmin şəxsin hansı xəstəliklərinin olması araşdırılmalıdır. Bariatrik əməliyyat ilk baxışda sadə bir əməliyyat kimi görünsə də, kifayət qədər həcmli bir əməliyyatdır. Bu əməliyyat xəstənin və mütəxəssisin müştərək razılığı və müvafiq göstərişlər üzrə həyata keçirilə bilər”.

 

Vüqar Rəsulov qeyd edib ki, bədən kütlə indeksinin 35-dən çox olması, yanaşı gedən ağır problemlərin, şəkər, digər endokrin xəstəliklərin də ortaya çıxması halı varsa, əməliyyat tətbiq oluna bilər:

“Bu əməliyyatların çox yaxşı effekti olur. Hətta bir sıra endokrin problemlər, o cümlədən şəkər xəstəliyi olan insanlarda bu əməliyyat nəticəsində ya xəstəliyin ağırlıq dərəcəsini azaltmaq, ya da birdəfəlik dərman asılılığını aradan qaldırmaq mümkün olur.

Şişman insanın mədə həcmi də böyük olur və təbii ki, yemək tələbatı da artır.

Həcmlə bağlı doymaq hissi də gec yaranır. Mədə divarında olan reseptorlar şişman insanlarda doyma hissini gec çatdırır. Mədə əməliyyatı həcmi azaldır və qəbul edilən qidanın mənimsənilməsinə hesablanır.

 

Bariatrik əməliyyat nəticəsində bəzən artıq çəkinin 80, bəzən isə 90 faizə qədərinin itirilməsi mümkün olur. Bu əməliyyatlar zamanı pasientə ciddi ziyan vurmamaq şərti ilə müsbət nəticə əldə etmək olur. Təbii ki, uzun müddətli nəticə haqda nəsə deyə bilmərik. Hələlik nəzarət altında saxlanılan hallarda bu əməliyyatların müsbət nəticələrinin olduğu bizə məlumdur”.

 

Artıq çəkidən azad olmaq üçün mədəyə “balon” yerləşdirilməsi metodu barədə danışan  

qastroenteroloq bunları deyib: “Balon şişir və mədənin içində müəyyən həcmi tutur, doymaq siqnalının verilməsini tezləşdirir. Amma balon mədə divarını sıxır deyə onu zədələyə də bilir. Bu zaman hətta mədədə xoranın da əmələ gəlməsi mümkündür. Balon olanda insan mədəsində sanki yad cisim olduğunu hiss edir. Digər tərəfdən, bununla kifayət qədər kilo vermək mümkün olmur. Bir sözlə, “balon” əməliyyatı gözlənilən effekti vermir.

 

Balon nadir hallarda partlayır. Çünki kifayət qədər dayanıqlı olan kimyəvi materialdan hazırlanır. Amma onun da müddəti var, o müddətdən çox mədədə qalanda partlaya da bilər”...

 

 

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR