Rekonstruktiv-plastik əməliyyatlar: anadangəlmə qüsurlara son qoya bilirmi?

“Adətən dodaq, damaq yarığı ilə doğulan uşaqlarda həm də ürək qüsurları aşkarlanır”

 

“Dodaq yarığı 3 ayda, damaq yarığı altı aydan sonra, qulaq isə bir yaşda  bərpa edilməlidir”

 

“Anesteziyanın ziyanlı olduğunu düşünüb, uşaqları əməliyyatdan yayındırmaq doğru deyil”

 

“Damaq yarığı vaxtında bərpa edilməsə, uşağın nitqində qüsur olur”

 

“Rekonstruktiv cərrahiyyə ən çox anadangəlmə qüsurlar, travmalar nəticəsində yaranan  problemlərin aradan qaldırılması məqsədi daşıyır. Anadangəlmə anomaliyalar dodaq yarığı (dovşandodaqlıq), damaq yarığı (qurdağızlıq), barmaqların bitişikliyi, barmaq sayının normadan çox olması, qulağın olmaması halları ilə bağlı olur”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında estetik, plastik, rekonstruktiv cərrah, Mərkəzi Neftçilər Xəstəxanasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Rauf Kərimov deyib.

 

Cərrah bildirib ki, başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da uşaqların müəyyən bir qismi fiziki qüsurla doğulur.

 

Mütəxəssisin sözlərinə görə, bu, daha çox qohum nikahlar, radiasiyaya məruz qalma, genetik faktorla əlaqələndirilir. Eləcə də ananın hamiləliyin ilk üç ay ərzində şüalanmaya məruz  qalması, antibiotik və digər dərmanlar qəbul etməsi səbəblərdən biri kimi qəbul olunur.

 

Rauf Kərimov deyib ki, bu qüsurların hər birini öz zamanında aradan qaldırmaq məqsədəuyğundur. Məsələn, dodaq yarığı uşağın 3 ayında, damaq yarığı altı aydan sonra, olmayan xarici qulaq bir yaşında bərpa edilməlidir. Barmaqlarda olan qüsurları da uşaqlar məktəb yaşına çatana qədər aradan qaldırmaq lazımdır.

 

Onun sözlərinə görə, bəzən belə problemlərlə bağlı həkimlərə çox gec müraciət hallarına da rast gəlinir: “Bəzən 18 yaşında olan gənc damaq yarığını aradan qaldırmaq üçün bizə müraciət edir. Valideynlər deyirlər ki, uşaq böyüsün, qüsuru sonra aradan qaldırarıq. Bu, doğru yanaşma deyil.

 

Dodaqlarda olar yarıqlar iki cür olur – tam və natamam şəkildə. Təbii ki, ikisi də uşaqlar üçün narahatlıq yaradır. Ancaq tam şəkildə olanda uşaqlar üçün daha çox narahatlıq olur. Uşaq əmzik tuta bilmir, bir sözlə normal qidalanma üçün problem yaranır.    

 

Ona görə də bu problem ilk üç aya bərpa olunmalıdır. Əslində bu qüsuru uşaq bir ayında olanda da aradan qaldırmaq olar.

 

Amma biz ona görə üç ay deyirik ki, bu müddətdə uşaq inkişaf edir və bəlli kiloya gəlib, çatır, bəlli hemoqlobin miqdarı olur. Bu əməliyyatlar ümumi anesteziya altında icra olunur. Ona görə də uşağı təhlükəyə salmamaq üçün 3 ayın tamam olmasını gözləyirik. Görəndə ki, normal uşaqdır, o zaman əməliyyata icazə veririk. Əməliyyatdan sonra uşağın normal əmməsi, yeməsi təmin olunur”.

 

Onun sözlərinə görə, damaq yarığı, daha çox qurdağızlıq kimi təqdim olunan problem isə uşaqlar bir yaşına çatana qədər aradan qaldırılmalıdır: “Bir yaşı keçməz olmaz. Çünki o zamandan sonra uşaqda nitq inkişaf edir. Bu qüsur aradan qalxmasa, uşaq bir sıra səsləri, sözləri deməyə çətinlik çəkir. Bu qüsur aradan qaldırılandan sonra uşaqları loqoped müayinəsinə göndəririk”.

 

Valideynlərin anesteziyanın fəsadlarının olacağını nəzərə alaraq kiçik yaşlı uşaqlar üzərində cərrahiyyə əməliyyatlarının aparılmasına tərəddüd etdiklərini bildirən Rauf Kərimov deyib ki, əslində təlaşa düşməyə gərək yoxdur:

 

“Nəzərə almaq lazımdır ki, anesteziologiya son zamanlar çox inkişaf edib. Bəlkə 30-40 il əvvəl narkoz təhlükəli sayılırdı, o zaman efir narkozları istifadə edilirdi. Amma indi hətta bir neçə günlük uşağa belə ümumi anesteziya edib, ağır əməliyyatlar icra edilir. Dodaq, damaq yarığı əməliyyatları belə ağır əməliyyatlarla müqayisədə çox yüngül sayılır.

 

Təbii ki, həmin bölgədə toxumalar incə olduğu üçün bir qədər vaxt aparır, əməliyyat təxminən saat yarıma kimi davam edir”.

 

Həkimin sözlərinə görə, adətən dodaq, damaq yarığı ilə doğulan uşaqlarda həm də ürək qüsurları aşkarlanır: “Mən Azərbaycanda öz şəxsi təcrübəmdə bununla bir neçə dəfə rastlaşmışam. Belə hallarda ürək-damar cərrahları bu əməliyyatları edirlər, uşaqlar bəlli bir yaşa gəlirlər, sonra isə biz onlarda olan dodaq, damaq yarıqlarını aradan qaldırırıq.

 

Dodaq, damaq yarığı ilə gələn uşaqları mütləq kardioloq müayinəsinə göndərmək lazımdır. Ürəkdə qüsur yoxsa, əməliyyat etmək qərarı veririk. Varsa, kardiocərrahlarla danışırıq.

Onlar lazımi addımlar atandan sonra biz qərarımızı veririk və əməliyyatı icra edirik.

Dodaq, damaq yarıqları ilə ömür boyu yaşamaq olar. Amma nəzərə almaq lazımdır ki, bu, nitq qüsuru yaradacaq, qidalanma zamanı çətinliklər olacaq, üz, çənə qüsurları ortaya çıxacaq, dişlərin formalaşmasında problemlər yaranacaq.

 

Təbii ki, damaq yarığında dişlərin formalaşmasında da çətinliklər ortaya çıxır. Ona görə biz ortodontlarla məsləhətləşib, birgə addım atırıq. Əməliyyat sırasında süd dişlərini bəzən çıxarmaq və gələcəkdə oraya diş implantı etmək lazım gəlir.

Amma bütün hallarda belə olmur. Bəzən dodaq-damaq yarığı bərpa olunanda heç dişlərin formalaşmasında problemi olmur.

Dodaq, damaq yarığı olan zaman ən azı üç əməliyyat etmək lazım gəlir. Bəzən ideal nəticə olur, bəzən isə istənilən nəticə əldə olunmur. Əməliyyatlar arasında təbii ki, ara məsafə olur”.  

 

Xarici qulaq olmayan hallarda, qulaq anomaliyalarının bərpası barədə danışan cərrah deyib ki, qulağın bir hissəsi olan zaman bu qüsurların aradan qaldırılması nisbətən asan olur: “Amma qulaq tamamilə olmayanda çətinlik yaranır. Bəzən deyirlər ki, uşaq 10-11 yaşa gələndən sonra bu əməliyyatlar icra olunmalıdır. Amma belə deyil.

Qüsur uşaq məktəbə gedənə kimi bərpa edilməlidir. Uşaq məktəbə problemsiz getməlidir. Qulaq qüsurlarında implant, protez qulaq tətbiq olunur. Ya da qabırğadan qığırdaq götürülür və ona qulaq şəkli verilərək dəri altına yerləşdirilir. Bu əməliyyat da seanslarla icra olunur. Bu, daha çətin əməliyyat sayılır”.

 

“Uşaqlarda aparılan rekonstruktiv əməliyyatların ağırlaşmaları olurmu” sualına cavab olaraq R.Kərimov deyib ki, ilkin ağırlaşmalar əməliyyatdan bir neçə gün sonra ortaya çıxa bilər: “Uşaqlar azyaşlı olduğu üçün bəzən çətinliklər üzə çıxır, ən çox qanama yaranması mümkündür. Əməliyyat olunan yerə infeksiya da düşə bilər. Həmin dövrdə uşaqları travmalardan qorumaq lazımdır. Təbii ki, sonradan da ağırlaşmaların ortaya çıxması mümkündür. Bu əməliyyatları çox diqqət tələb edir. Elə etmək lazımdır ki, qüsur olsa belə, onu sonradan aradan qaldırmaq mümkün olsun”.

 

Mütəxəssis vurğulayıb ki, barmaqların bitişik olduğu hallarda əməliyyatla normal funksiyanın tam bərpası mümkün olur: “Bu da uşaqlar aşağı yaşlarda olanda icra edilməlidir. Təbii ki, bu qüsuru sonradan da aradan qaldırmaq mümkündür. Amma tez olunsa, uşaqlar məktəbə gedənə qədər problem həll edilsə, yaxşıdır. Ona görə məktəbəqədər müddəti vurğulayırıq ki, uşaq məktəbə gedəndə hər hansı psixoloji təzyiqə məruz qalasın”.

 

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR