“Bəzən beldə olan ilk ağrı hansısa ciddi xəstəliyin siqnalı olur”

“Bel ağrıları ilə müraciət edənlərdə ən çox fəqərələrarası disklərin yırtıqlarına rast gəlinir”

 

“Ancaq beldə olan ağrı daha çox disk sürüşmələrinin, degenerativ disk xəstəliyinin simptomatik təzahürü olur”

 

“Tam sağlam bir insanda da fəqərələrarası diskin birdən yırtılması mümkündür”

 

“Adətən onurğa şişləri zamanı beldə gecələr ağrı yaranır”

 

“Artıq çəkidən azad olmaq onurğa problemlərinin 50 faiz azalması deməkdir”

 

 “Bel ağrılarından əziyyət çəkənlərin sayı gündən-günə artır. Ümumiyyətlə, bu gün bir dəfə də olsun bel ağrısı olmayan insana nadir hallarda rast gəlinir. Ona görə də bel ağrıları hər zaman aktuallığını qoruyub saxlayan bir mövzudur. Yəqin ki, hər zaman da bu belə olacaq”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Neyrocərrahiyyə Şöbəsinin müdiri, neyrocərrahiyyə uzmanı Fərid Qaralov deyib.

 

Bel ağrılarının bir çox səbəblərinin olduğunu bildirən neyrocərrah problemə ən çox yaşlı insanlarda təsadüf olunduğunu açıqlayıb: “Çünki yaş artdıqca onurğada degenerativ dəyişikliyi baş verir.

Onurğanın özünün strukturu var, burada fəqərələr, sümük seqmenti, onu çevrələyən bağlar, qığırdaqlar, oynaqlar, sinir, əzələləri mövcuddur. Onların hər hansı birinin qıcıqlanması, iltihabı şikayət verir. “Belim ağrıyır”, deyə olan şikayətlərin fərqli səbəbləri ola bilər. Yəni biz bu şikayətlə müraciət edənlərin hər birində başqa-başqa problemlər aşkarlaya bilirik. Amma bel ağrıları ilə bizə müraciət edənlərdə daha çox fəqərələrarası disklərin yırtıqlarına rast gəlinir və bu, özünü beldə ağrı şəklində büruzə verir.

Daha doğrusu, fəqərələrarası disk yırtığı əvvəlcə bel ağrıları, sonra həm də ayağa yayılan ağrılarla ortaya çıxır".

 

F. Qaralov qeyd edib ki, beldə fəqərələrin bir-birinin üzərində tamlığının pozulması, başqa sözlə, onurğa, bel sürüşməsi deyilən bir halda da beldə ağrıların yaranması qaçılmazdır:

 

“Sağlam bir insan qəflətən ağır bir yük qaldıranda, ya da ağır bir əşyaya güc verəndə beldə şiddətli bir ağrı başlayır. Çox zaman bunun ciddi bir səbəbi olmur. Böyük ehtimalla belə hallarda xəstə onurğanı çevrələyən əzələ qruplarında dartılma nəticəsində yaranan ağrılardan şikayətlənir. Təbii ki, belə hallarda fərqli problemlər də aşkarlana bilər. Məsələn, ağır yük qaldıranda, əşyaya güc verəndə fəqərələrarası diskin anidən yırtılması da baş verə bilər. Çox nadir hallarda isə travmatik bel sürüşmələri də ortaya çıxır. Bunun da nəticəsində şiddətli bel ağrısı yaranır”. 

 

Onun sözlərinə görə, beldə fəqərələrarası diskin yırtılması və ya disk sürüşməsi tamamilə sağlam orqanizmdə də baş verə bilər: “Tam sağlam bir insanda da fəqərələrarası diskin birdən yırtılma baş ver bilər. Amma adətən belə olur: yırtıq varsa, deməli bu, normal, anatomik, fizioloji funksiyasını itirmiş xəstə toxumada yaranıb. Belə hallarda disk yırtılmağa daha çox meylli olur”.

 

Onun sözlərinə görə, sadəcə, bel nahiyəsində olan ağrı daha çox disk sürüşmələri, ya da degenerativ disk xəstəliyi deyilən bir halın simptomatik təzahürü ora bilər: “Onurğadan çıxan sinirlərin sıxılması varsa, bu zaman bellə yanaşı ayaqda ağrılar, eyni zamanda gücsüzlük yarana bilər. Ancaq gecələr ortaya çıxan bel ağrıları onurğa şişləri ilə bağlı ola bilər.

 

Beldə spazma şəkilli  ağrılar soyuqdəymə, travma sonra əzələ yığılması nəticəsində yaranır. Belə olan hallarda sadəcə, bir əzələ yumşaldıcı dərmanlarla spazma aradan qalxar və ağrı azalar. Amma hər beli ağrıyan şəxs bu cür dərmanlardan fayda görməz. Çünki bel ağrıların tamamilə başqa səbəblərdən ortaya çıxır. Hətta beldə onurğaya bağlı olmayan səbəbdən də ağrıların yaranması mümkündür.

 

Hətta ona görə də istənilər halda xəstədə bel ağrısı varsa, mütləq mütəxəssisə müraciət etmək lazımdır. Nəzərə almaq lazımdır ki, ilk ağrı belə hansısa bir ciddi xəstəliyin siqnalı ola bilər. Ağrı insana problem barədə məlumat verir, ağrı varsa, hərəkətlərə diqqət etmək lazımdır. Ona görə də yaxşı olar ki, belində ağrı yaranan şəxslər mütəxəssisə müraciət etsinlər.”.

 

Belində ağrı yaranan şəxslərin 3-4 gündən çox yataq rejimi seçməsinin əleyhinə olduğunu deyən F. Qaralov deyib ki, uzun müddətli yataq rejimi hətta psixoloji problemlərə də yol açır: “Yataq rejimi seçmək əvəzinə səbəbi araşdırıb, tapmaq lazımdır. Yəni həkimə nə qədər tez müraciət olunsa, bir o qədər yaxşıdır”.

 

Həkim onu da deyib ki, bütün bel ağrıları zamani Maqnit Rezonans Tomoqrafiya (MRT) müayinəsinin seçilməsi şərt deyil: “Müraciət edən şəxs ilkin olaraq fiziki müayinə olunmalıdır. Həkim ilkin olaraq ağrının lokalizasiyasını öyrənməli, xəstənin yerişinə, əzələ gücünə baxmalı, reflekslərdə artım, ya azalma olduğunu müşahidə etməlidir. Əgər ciddi bir problem yoxdursa, MRT və yaxud da digər müayinələrə gərək qalmaz. Yox, əgər mütəxəssis hansısa bir problemdən şübhələnirsə, o zaman digər müayinələr etmək lazımdır”.

 

Neyrocərrah, uzun müddət oturaq rejimdə və ya ayaq üstdə olan insanlarda onurğa problemlərinə, eləcə də bel ağrılarına daha çox rast gəlindiyini açıqlayıbir: “Məsələn, uzun müddət eyni vəziyyətdə, ayaqüstündə dayanan cərrahlar, stomatoloqlar da bu problemlərlə üzləşirlər. Təbii ki, 6-7 saat eyni vəziyyətdə çalışan şəxslərdə ciddi problemlər yarana bilir. Eyni zamanda ağır fiziki iş görən insanlarda da bel ağrılarına çox rast gəlinir. Biz ən çox insanlara önə doğru əyilməkdən və yaxud da çox oturmaqdan qaçmağı tövsiyə edirik. Bu tip insanlar daha həssas olurlar. Onlarda problemlərə daha çox rast gəlinir”.  

 

Mütəxəssis onu da deyib ki, bütün bel ağrıları heç də onurğa ilə bağlı deyil: “Bəzən daxili orqanlarda olan problemlər zamanı da belə ağrı vurur”.  

 

F. Qaralov artıq çəkisi olan insanları daha çox diqqətli olmağa çağırıb: “Çox çəki olanda ən çox yük, belə, dizlərə düşür. Ona görə də ən tez sıradan çıxan, problem yaranan bölgə bel və dizlər olur. 70 kiloqram çəkisi olan bir insanla 90-100 kilo çəkisi olan insanın onurğasının yük götürmək qabiliyyəti eynidir.

Artıq çəkidən azad olmaq onurğa problemlərinin 50 faiz azalması deməkdir”.

 

Neyrocərrah, bel ağrılarından əziyyət çəkən insanlara əsasən ortopedik ayaqqabılardan istifadə etməyi tövsiyə edib. Bel ağrıları zamanı bir çoxlarının ağrıyan bölgəni masaj etməsinin yanlış olduğunu deyən mütəxəssis deyib ki, beldə olan sürüşmələr zamani masaj qəti əks göstəriş sayılır.

 

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR