“Viruslara bağlı mədə-bağırsaq pozuntularında antibiotik istifadə etmək olmaz”

“İsti aylarda uşaqlar arasında mədə-bağırsaq pozuntularına daha çox rast gəlinir”

 

“Uşağın müqaviməti nə qədər güclüdürsə, xəstəliyin törənmə ehtimalı bir o qədər aşağıdır”

 

“Hazırda bizim əlimizdə virusları öldürəcək dərmanlar yoxdur”

 

“Antibiotiklərin, hətta hərarət salan dərmanların ciddi fəsadları olur”

 

“Ağır dərmanlar ən çox körpənin mədəsini, bağırsaqlarını pozur”

 

 “Uşaqda ağır maye itkisi olanda qaraciyərdə, böyrəklərdə problemlər ortaya çıxır”

 

“Yay aylarında havaların isti keçməsi ilə bağlı uşaqlar arasında mədə-bağırsaq xəstəliklərinin sayı artır. Bunlar həm viruslar, həm də mikroblarla bağlı ola bilir”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında pediatr-neonatoloq, uzman doktor Altay Abdullaoğlu deyib.

 

Mütəxəssis bildirib ki, xəstəliyin əmələ gəlməsi üçün onu törədən amillər olmalıdır. Bu amillər viruslar, mikroblar, parazitlər, göbələklərdir: “Xəstəliyin baş verməsi üçün ilk növbədə bu amillərin uşağın orqanizminə daxil olması lazımdır. Təbii ki, bu amillər daxil olan kimi xəstəlik törətmir. Uşağın müqavimət hissi ilə qarşılaşır. Müqavimət nə qədər güclüdürsə, uşaq nə qədər sağlamdırsa, xəstəliyin törənmə ehtimalı bir o qədər aşağıdır.

 

Amillər vücuda daxil olandan sonra müdafiə sistemini aşmalıdır. Aşandan sonra təbii ki, xəstəlik yaranır.

 

Biz hər zaman deyirik ki, xəstəliyi müalicə etmək mümkündür. Amma müalicə etməkdən daha asanı ondan qorunmaqdır. Valideynlər də bu baxımdan uşaqlarını xəstəlikdən qorumalıdırlar”.

 

Hər mövsümün özünə məxsus xəstəliklərinin olduğunu deyən pediatr yay aylarında uşaqlar arasında mədə-bağırsaq pozuntularına daha çox rast gəlindiyini vurğulayıb: “Mədə-bağırsaq xəstəlikləri ağız yolu ilə keçir. Uşaqların təmizliyinə daha çox diqqət yetirmək lazımdır. Hər zaman tövsiyə edirik ki, uşaqları insanların daha çox toplaşdıqları yerlərdən uzaq tutmaq lazımdır. Belə yerlərdə hava-damcı yolu ilə yayılan xəstəliklərə yoluxmaq ehtimalı daha çox olur.

 

Həmçinin uşaqları nə qədər təmiz saxlayırıq desək də, onların əllərini kifayət qədər qorumaq, təmiz saxlamaq mümkün olmur.

 

Uşaqlar əllərinə aldıqları hər şeyi ağızlarına da aparırlar. Bununla da mədə-bağırsaq xəstəlikləri ortaya çıxır. Uşağı xəstəlikdən qorumaq üçün ilk növbədə onun immun sistemi güclü olmalıdır.  Bunun üçün onun qidalanmasına, istirahətinə, yuxusuna diqqət etmək lazımdır”.

 

Mədə-bağırsaq pozuntularının həm də viruslar vasitəsilə törədildiyini deyən həkim bunları deyib:

 

“Bu kimi hallarda viruslara qarşı müalicə tədbirləri görməyə çalışırlar. Halbuki virusların müalicəsi yoxdur. Hazırda bizim əlimizdə virusları öldürəcək dərmanlar mövcud deyil. Virus xəstəlikləri özü-özünə sağalır. Bu zaman antibiotiklərin, ağır dərmanların istifadəsinin heç bir əhəmiyyəti və yeri yoxdur. Virusun bədəndən atılmasını, çıxmasını gözləmək lazımdır.

 

Bu hallarda müalicə sadəcə, simptomatik olmalıdır. Yəni ki, əlamətə yönəlik müalicə gərəkdir. Məsələn, xəstəliyə yoluxan uşağın yüksək hərarəti varsa, bu zaman hərarəti aşağı salan dərmanlardan istifadə olunmalıdır. Və yaxud da ishalı, qusması varsa, maye itkisi baş veribsə, bu zaman bu əlamətlərə yönəlik tədbir görülməlidir. Amma bu hala səbəb olan, onu törədən virusa qarşı heç bir dərmanımız yoxdur. Onun öz-özünə sağalmasını gözləməkdən başqa heç bir yol, imkan tanımırıq.

 

Təbii ki, virus xəstəliklərinin da ağırlaşmalarının olması mümkündür. Bəzən belə hallar olur. Ələlxüsus da virus infeksiyasına bakteriyalar, mikroblar qoşulanda bu kimi hallarla rastlaşırıq. Bu durum da hər zaman olmur, az hallarda ortaya çıxır. Bu zaman antibiotik müalicəsinə ehtiyac ola bilər. Amma bu hal da fərdidir”.  

 

A. Abdullaoğlu deyib ki, virusla bağlı mədə-bağırsaq pozuntuları kiçik yaşlı uşaqlarda ortaya çıxır: “Rotavirus xəstəliklərinə iki yaşdan aşağı olan uşaqlarda daha çox rast gəlinir. Bunlar orta, yüngül və ağır formada seyr edilir. Rotavirusa yoluxma zamanı ilk növbədə qusma olur. Uşaq halsız qalır. Bəzən yediyi hər şeyi qusur. Bağırsaq, mədə nahiyəsində ağrılar olur. Daha sonra ishal yaranır. Temperaturun yüksəlməsi də ola bilər.  Bu az hallarda olur. Nəcisin rəngi açıq, sulu olur.

 

Bu hallarda ağır dərmanlar istifadə olunmamalıdır. Yüngül formalarda ağır dərmanların verilməsi məqsədəuyğun deyil. Bəzən valideynlər bu kimi hallarda dərman təyin olunmadığı üçün narahat olurlar. Amma hər zaman deyirik ki, yüngül hallarda dərmanların qəbuluna ehtiyac yoxdur. Təbii ki, dərmanlardan ehtiyac olanda, qədərində istifadə olunmalıdır.

 

Yox, əgər infeksiya ağır gedişatla gedirsə, uşaq halsızdırsa, maye itkisi varsa, belə durumlarda təbii ki, simptomatik müalicə verilir, damar yolu ilə maye yeridilir. Xəstə çox halsızlaşarsa, ağır maye itkisi olarsa, qaraciyərdə, böyrəklərdə problemlər ortaya çıxa bilər. Ona görə də valideynlər uşağın vəziyyətini diqqətlə izləməlidirlər. Uşaq çox qusur, halsızdır, heç nə yeyə bilmirsə, o zaman mütləq xəstəxanaya, pediatra müraciət olunmalıdır”.

 

Bu kimi hallarda ev şəraitində ilkin tədbirlərə gəlincə, pediatr deyib ki, xəstə uşağa bol maye verilməlidir. Onun sözlərinə görə, su tərkibli bir çox qidaların istifadəsi (məsələn, sup, qatıq, dovğa, şirə) məqsədəuyğundur.

 

Yayda parazitlərin də mədə-bağırsaq pozuntularına səbəb olduğunu deyən pediatr bu halın əsas əlamətinin nəcisdə qan görüntüsü olduğunu deyib.

 

Həkim onu da deyib ki, mədə-bağırsaq pozuntularını törədən mikrobdursa, yoluxma hallarında antibiotiklərdən istifadə oluna bilər: “Amma bu zaman da antibiotikin tətbiqində diqqətli olmaq lazımdır. Bütün dərmanların, ələlxüsus antibiotiklərin əks təsirləri var. Hətta uşaqlar üçün istifadə olunan hərarətsalıcı dərmanların da ciddi yan təsirləri olur.

 

Antibiotiklər körpə orqanizminə daxil olaraq xüsusən mədəni, bağırsaqları poza bilir. Qaraciyərə, böyrəklərə yan təsir edir. Allergik reaksiyalara, səpgilərə də səbəb ola bilir.

 

O baxımdan az istifadə etmək lazımdır. Virus xəstəliklərində isə qətiyyən istifadə olunmamalıdır.

 

Mikrobların səbəb olduğu mədə-bağırsaq pozuntularında ümumi vəziyyət daha ağır olur. Yüksək temperatur, qusma yaranır, nəcis daha tünd rəngdə olur. Adətən bu zaman dərman, antibiotik istifadə edilir. Onu da nəzərə almaq mikrobun törətdiyi mədə-bağırsaq xəstəliklərində vəziyyət fərqlidir. Xəstə çox kiçik deyilsə, yan təsirlər yoxdursa, o zaman da antibiotik də istifadə olunmamalıdır. Burada da təyinat məhduddur. Çünki mikroblara bağlı mədə-bağırsaq xəstəlikləri də əlamətə yönəlik müalicə ilə sağala bilir. Yan təsirlər olduqda antibiotiklər, ağır dərmanlar təyin olunmalıdır”. 

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR