Ürək-damar əməliyyatları: yeni metodlar hansı risklərdən qoruyur?
“Ürəyində problem olan hər xəstəyə fərdi yanaşmaq lazımdır”
“Əməliyyat qərarı veriləndə dünyanın aparıcı mərkəzlərinin, mütəxəssislərin tövsiyələri nəzərə alınmalıdır”
“Ürək əməliyyatına girən şəxs başdan-ayağa yoxlanmalıdır”
“Bu gün ən geniş yayılan xəstəliklərdən biri də ürək-damar xəstəlikləridir. Ürək-damar xəstəliklərinin əksəriyyəti çox sıx rast gəlinən problemlərdir”.
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında kardiocərrah, Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının Ürək-damar mərkəzinin rəisi, uzman doktor Anar Əmrah deyib.
Mütəxəssis bildirib ki, bu gün dünyada, eləcədə də Azərbaycanda ən çox icra olunan ürək-damar əməliyyatı aorta-koronar şuntlama əməliyyatlarıdır:
“Şükürlər olsun ki, bu gün Azərbaycanda açıq ürək əməliyyatlarını apara bilən 10 mərkəz var. Bundan on il, iyirmi ilə əvvəl bütün bunları xəyal belə edə bilməzdik. Bu gün bu mərkəzlərdə çoxlu sayda ürək-damar əməliyyatları icra olunur. Aparıcı dünya klinikalarında tətbiq olunan ürək əməliyyatları bu gün rahatlıqla bizim bir sıra mərkəzlərdə də icra olunur. Bütün bunları həyata keçirən mütəxəssislərimizin əksəriyyəti xaricdə təhsil alıb. Mən düşünürəm ki, xarici ölkələrdə həyata keçirilən bütün ürək-damar əməliyyatları bu gün ölkəmizdə də icra edilir. Bəli, bəzi çox nadir görünən problemlər - milyonda bir, iki-üç milyonda bir rast gəlinə bilər, bizim ölkədə belə problemlərlə bağlı icra olunan cərrahiyyə əməliyyatlarının sayı azdır. Bizim mütəxəssislər bu əməliyyatları ildə, 3-5 ildə bir dəfə görürlər. Amma günlük icra olunan ürək-damar əməliyyatları ilə bağlı hər hansı fərq yoxdur. Hətta mən deyərdim ki, bizim mütəxəssislər insanlarımıza daha məsuliyyətlə yanaşırlar”.
Bu əməliyyatlarda tətbiq olunan yeniliklər barədə danışan kardiocərrah deyib ki, müasir metodlardan, yeniliklərdən Azərbaycanda geniş istifadə edilir: “Çox zaman düşünürük ki, necə edək ki, problemi açıq ürək-damar əməliyyatı etmədən aradan qaldıra bilək. Bir çox hallarda stendlər tətbiq edilir. Amma bəzən bu da yetərsiz olur. O zaman açıq ürək əməliyyatları qaçılmaz olur. Biz hər zaman düşünürük ki, necə etmək olar, necə edək ki, xəstəyə daha az travma verək, xəstə daha az ziyan görsün. Bildiyimiz kimi, standart ürək əməliyyatlarında, aorta-koronar şuntlama əməliyyatlarında ürək dayandırılır, orta hesabla 5 litr qan bədəndən kənara alınır, həmin qan xüsusi ürək-ağciyər aparatında oksigenləndirilir və ürək vəzifəsini yerinə yetirən xüsusi cihazla xəstənin bədəninə verilir. Bu müddət ərzində ürək və ağciyər dayanır, biz ürək üzərində əməliyyat icra edirik.
İşimiz bitdiyi zaman ürəyi təkrar işə salıb, xəstəni ürək-ağciyər aparatından ayırırıq və əməliyyat bununla bitir. Standart əməliyyatlar hər zaman belə olur. Ürək-ağciyər aparatının fəsadlarını öyrəndikcə, təbabət araşdırmalar apardıqca “süni aparatdan uzaqlaşa bilərikmi” kimi suallar ortaya çıxdı. İlk dəfə 1964-cü ildə bir hərbi həkim döyünün ürəkdə, ürəyi dayandırmadan əməliyyat apardı. Sonradan bu metod dünyaya yayılmağa başladı. Təbii ki, bu çətin prosedurdur. Əvvəllər daha gənc xəstələr üzərində bu əməliyyatlar aparılırdı. Amma sonradan daha yaşlı xəstələr üzərində tətbiq olunmağa başladı.
Məlum olanda ki, ürək-ağciyər aparatı böyrəyə, qaraciyərə, ağciyərə, ziyan vura bilir. Eyni zamanda texnologiyaların inkişafı sayəsində ürəyin sadəcə, əməliyyat olunan nöqtəsi dayandırılır və əməliyyat icra olunur. Günümüzdə özəlliklə yaşı 70-dən çox olan, ciddi beyin-damar, ağciyər, böyrək, qaraciyər problemi olan, şəkərli diabetdən əziyyət çəkən xəstələrdə döyünən ürəkdə əməliyyatlar daha çox tətbiq edilir.
Çünki belə xəstələrdə ürəyi dayandırıb onu ürək-ağciyər aparatına qoşan zaman sadəcə, ürəkdə yox, digər orqanlarda ciddi problemlər yaranır. Qaraciyər, ağciyər, böyrək çatışmazlığı, insult ortaya çıxır. Standart ürək əməliyyatlarının yüzündən ikisində insultla qarşılaşa bilirik. Amma döyünən ürəkdə əməliyyatlarda isə daha üstün nailiyyətlər əldə etmək mümkün olur.
Təbii ki, bu zaman süni ürək-ağciyər aparatı istifadə edilmir, ürək dayandırılmır, əməliyyat olunan sahə dayandırılır və bu şəkildə əməliyyat icra olunur. Əməliyyatdan sonra problemlər daha az görülür və xəstə daha tez bərpa olunur. Qan ehtiyacı da az olur. Bəzən qan köçürmədən də əməliyyatı icra etmək mümkündür”.
Kardiocərrah onu da vurğulayıb ki, tək bir faktora görə bu əməliyyatı icra etmək olmaz: “Əvvəla buna göstəriş olmalıdır, digər tərəfdən isə bütünlükdə komanda şəklində bu əməliyyata hazır olmaz lazımdır”.
Onun sözlərinə görə, bəzi xəstələrdə döyünən ürəkdə əməliyyat aparmaq əks göstərişdir: “Xüsusilə şok halında olan, ürəyi dayanmaq üzrə olan xəstəni belə metodla əməliyyat etmək olmaz. Belə məqamlarda ürəyi dayandırmaq və ürək-ağciyər aparatını işə salmaq zərurəti yaranır. Hər bir xəstə ilə bağlı döyünən, ya döyünməyən ürəkdə əməliyyat etmək qərarını qabaqcadan vermək doğru deyil. Dünyada hər bir xəstəyə fərdi yanaşılır. Üstünlüklər, əks göstərişlər mütləq nəzərə alınmalıdır. Cərrah və onun komandasının qərarı çox önəmlidir.
Təbii ki, bütün əməliyyatlarda olduğu kimi döyünən ürəkdə də əməliyyatların öz fəsadları var. Və burada da komandanın təcrübəsi çox önəmlidir. Standart ürək əməliyyatına girən hər bir xəstə başdan ayağa, təpədən-dırnağa yoxlanmalı, müayinə olunmalıdır”.
Bir sıra hallarda yeri gəldi-gəlmədi ürək əməliyyatlarının tətbiq olunması, sui-istifadə hallarına yol verilməsi barədə iddialara münasibət bildirən həkim bunları deyib: “Əgər ürək əməliyyatı qərarı qəbul olunursa, həmin şəxs bir yox, bir neçə mütəxəssisin rəyini öyrənə bilər. Hətta bu gün dünyada məşhur olan ürək mərkəzinin də rəyini öyrənə bilərlər internet vasitəsilə. Xəstə özü də qərar verməlidir. Həm də kardioloq və kardiocərrah bu qərarı birgə verməlidir. Əməliyyat olunsa nəticə necə olar, müalicə edilsə nə baş verər, bu suallara təxminən on mütəxəssis birgə cavab verməli və qərar qəbul etməlidir. Eyni zamanda qərar verən zaman dünyanın aparıcı mərkəzlərinin, mütəxəssislərin tədqiqat nəticəsində əldə etdikləri tövsiyələr nəzərə alınmalı, onlara əsasən qərar qəbul olunmalıdır”.
A.Əmrah ürək əməliyyatlarının çox qorxulu olması barədə əhali arasında mövcud olan təsəvvürün doğru olmadığını bildirib: “Təbii ki, bu, asan əməliyyat deyil. Amma günümüzdə çox zaman insanlarımız məlumatsız olduqları üçün belə düşünürlər. Elə insanlar var ki, onlara ürək əməliyyatı olunmalısınız deyəndə sarsılırlar. Çünki bilmirlər ki, əməliyyat zamanı heç ağrı hiss etmir, hətta ayılanda ciddi ağrı yaşamırlar.
Bizim hədəflərimizdən biri də keyfiyyətli yaşamaqdır. Bir adam, beş addım atıb, təngnəfəs olursansa, bu normal yaşam deyil, əməliyyat olunandan sonra bu problemlər olmur, rahat yaşayırlar və heç kimə möhtac olmurlar. Əməliyyat olunan şəxs 3 ay sonra tam bərpa olunmuş sayılır. Vacib məqamlardan biri də xəstənin infarkt keçirib-keçirməməsidir. Əgər ürəyin atım gücü normalıdırsa, xəstə əməliyyatdan sonra istənilən işi görə bilər. Yox, xəstə 2-3 dəfə infarkt keçiribsə, ürəyin atım gücü aşağı düşübsə, o zaman biz xəstəyə fiziki işlə bağlı müəyyən məhdudiyyətlər qoyuruq. İnsanlarımız sağlamlıqlarını itirmədən onu qorusunlar. Hər şey itəndən sonra bərpa prosesi çətin olur”.
Mütəxəssis onu da deyib ki, Azərbaycanda ürək problemləri ilə əlaqədar ən çox damar tıxanıqlığı, klapan darlıqları, ürək çatışmazlıqları, anadangəlmə ürək qüsurlarına rast gəlinir. Bundan başqa, 1000 canlı doğulan uşaqdan 8-də anadangəlmə qüsurlar aşkarlanır.