“Yağlı qidalar, çoxlu dərman qəbulu da revmatoloji problemlərə səbəb olur” - MÜTƏXƏSSİS

“Revmatik problemlərə vaxtında diaqnoz qoyulmasa, həm xəstənin, həm də cəmiyyətin qarşısında çox ağır sosial, tibbi yük dayanar”

 

“Revmatoloji xəstəliklərlə bağlı diaqnozu mütləq revmatoloq qoymalı, müalicəsi ilə o məşğul olmalıdır”

 

“Vaxtında diaqnoz qoyulmadıqda ilk beş ildə xəstələrin əlli faizi əmək qabiliyyətini itirir”

 

“Revmatoloji xəstəliklərdən qorunmaq üçün ilk növbədə sanitariya maarifinin gücləndirilməsi vacibdir”

 

“Revmatik xəstəliklər bütün dünyada olduğu kimi Azərbaycanda da çox geniş yayılıb”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında professor, əməkdar elm xadimi, Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Revmotologiya və qastroenterologiya şöbəsinin müdiri Sahib Musayev deyib.

 

Sahib Musayev bildirib ki, Azərbaycanda bu xəstəliklərin geniş yayılması üçün münbit şərait var. Hər şeydən əvvəl tez-tez dəyişən iqlim şəraiti buna imkan verir. Digər tərəfdən, illərdir mövcud olan sosial gərginlik - ölkənin müharibə vəziyyətində olması, qaçqın və məcburi köçkün problemi, eyni zamanda milli mətbəxdə çox yağlı qidalardan istifadə olunması bu xəstəliklərin inkişafına, oynaqlarda degenerativ proseslərin başlanmasına şərait yaradır: “Həddən artıq  yağlı qidalarla qidalanmaq oynaqlarda degenerativ xəstəliklərin yaranmasına səbəb olur”.

 

Revmatik xəstəliklər deyəndə əhalinin daha çox revmatizm barədə düşündüyünü qeyd edən mütəxəssis deyib ki, əslində belə deyil. S. Musayev xatırladıb ki, revmatizm bəşər tarixinin ən qədim xəstəliklərindən sayılır. Artıq revmatizm termini tarixi bir termin olaraq qalmaqdadır: “Tarixi məfhuma görə, revmatizm  beyində iltihabi mayenin yığılması, buradan isə ürəyə və oynaqlara yayılması kimi təqdim olunurdu. Bu gün isə revmatizm termini nə qəbul, nə də istifadə olunur. Bu, sadəcə, kəskin revmatik qızdırma problemi ilə əlaqələndirilir. Revmatologiya o qədər geniş sahədir ki, xəstəliklərlə bağlı reyestrdə onunla əlaqədar 120-dən çox xəstəlik qeyd olunub”.

 

S. Musayev deyib ki, bu xəstəliklərə dəqiq, dolğun diaqnoz vaxtında qoyulmalıdır. Bunun üçün isə ən müasir standartlara cavab verən laboratoriyalar olmalıdır: “Nə yaxşı ki, bizim ölkəmizdə belə imkanlar var. Bu problemlərə vaxtında diaqnoz qoyulmasa, həm xəstənin, həm onun ailəsinin, həm də cəmiyyətin qarşısında çox ağır sosial, tibbi yük kimi böyük problem dayanar. Revmatik xəstəliklərə dəqiq diaqnoz qoymaq üçün hər şeydən əvvəl onun diaqnostik meyarları tapılmalıdır”.

 

Onun sözlərinə görə, bu problemlərə diaqnoz qoymaq üçün əvvəllər istifadə olunan

bir sıra metodlardan artıq müasir tibdə istifadə olunmur, onlar öz əhəmiyyətini itirib: “Müasir diaqnostik meyarlara əsaslanaraq vaxtında lazımi müalicə proqramı hazırlamaq mümkün olur. Bu da xəstələr vaxtından qabaq əlilliyin qarşısını alır, onlar əmək qabiliyyətlərini qoruyub saxlayırlar, komfort vəziyyətdə yaşayır, ailədə və cəmiyyətdə əmək qabiliyyətinin icrası mümkün olur”.

 

Revmatoloq vurğulayıb ki, revmatoloji xəstəliklərə bütün yaş qruplarında rast gəlmək mümkündür: “Revmatoloji problemlərə yeniyetmə yaşlarda, hətta anadangəlmə təsadüf olunduğu hallar da var. Kəskin revmatik qızdırma ən çox yeniyetmələrin, gənclərin xəstəliyidir. Sistem qırmızı qurd eşənəyi, sistem vaskulit probleminə təəssüf ki, yeniyetmə, gənc yaşlarda daha çox rast gəlinir. Bu, gənc, yeniyetmə qızlar arasında, gənc analarda da ciddi problemlər yaradır. Xüsusilə hamiləlik dövründə onun ağırlaşmaları baş verir və bu da böyük sosial bəla hesab olunur. Ona görə də bu xəstəliklərə vaxtında diaqnoz qoyulmalıdır.

 

Hətta onu da qeyd etməliyəm ki, ən ali savada malik olan ordinator, terapevt, xalq dilində desək “can həkimi” bu problemlərə dəqiq diaqnoz qoyub, müalicə etmək imkanına malik deyil. Bir profilli xəstəxanalarda da bu xəstəliyə dəqiq diaqnoz qoymaq, müalicəsini aparmaq mümkün deyil.

 

Revmatoloji xəstəliklərlə bağlı diaqnozu mütləq revmatoloq qoymalı, müalicəsi ilə o məşğul olmalıdır. Bu yöndə lazımi proqram tərtib olunmalıdır. Xəstənin özü, onun yaxınları da dəstək olanda yaxşı nəticə əldə etmək mümkün olur”.

 

S. Musayev onu da deyib ki, Azərbaycanda əhalinin minimum bir faizi revmatoid-artriddən əziyyət çəkir: “Bu, böyük rəqəmdir, böyük sosial problemdir. Həm ailə, həm cəmiyyət üçün problemdir. Vaxtında diaqnoz qoyulmadıqda ilk beş ildə xəstələrin əlli faizi əmək qabiliyyətini itirir. Ona görə də hər şeydən əvvəl vaxtında diaqnoz qoyulmalıdır. Bu olmasa problem əlilliyə doğru irəliləyər. Vaxtında diaqnoz qoyulması mühüm şərtdir”.

 

Mütəxəssis, revmatoloji xəstəliklər sırasında artrozun, podaqranın da əhali arasında çox geniş yayıldığını, dözülməz ağrı sindromu ilə müşayiət olunduğunu qeyd edib.

 

Onun sözlərinə görə, revmatoloji xəstəliklərdən qorunmaq üçün ilk növbədə sanitariya maarifinin gücləndirilməsi vacibdir: “Bundan başqa, insanlarımız özünü müalicə taktikasından uzaqlaşmalıdır. Yanlış tədbirlər ağırlaşmalara səbəb olur. Ona görə də bundan yayınmaq lazımdır. İltihab əleyhinə olan dərmanlar var, onların, eləcədə də bir sıra digər dərmanların konrtrolsuz qəbulu ciddi fəsadlara səbəb olur. Bəzi dərmanların çox qəbulu da revmatolojoi problemlərə səbəb olur. Ona görə də apteklərdə reseptsiz dərmanların satılması yolverilməzdir. Elə dərmanlar var ki, bu xəstəliklərin meydana çıxmasına şərait yaradır”.

 

Mütəxəssis, bəzi hallarda revmatik xəstəliklər zamanı fizioterapiyanın əks göstəriş olduğunu, ağırlaşmalara səbəb olduğunu açıqlayıb.

 

S. Musayev onu da qeyd edib ki, kəskin revmatik qızdırma ən çox anginalardan sonra inkişaf edir: “Bu problem badamcıqların iltihabı ilə müşayiət olunur. Tez-tez angina keçirən uşaqlara daha diqqətlə yanaşılmalıdır. Uşaqlar bağçaya, məktəbə gedəndə diqqətli olmaq gərəkdir. Çünki böyük kollektivlərdən problemin geniş yayılması ehtimalı böyükdür.

 

Karies dişlər də revmatik qızdırmanın əmələ gəlməsi üçün fon yarada bilər. Kariesli diş varsa, müalicə olunmalıdır ki, gələcəkdə revmatik qızdırma yaranmasın”... 

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR