Cərrah: "Babasil xəstəliyi əksər hallarda dərmanla müalicə olunur"

"Oturaq həyat tərzi keçirən, qəbizlikdən əziyyət çəkənlər bu problemlə  daha çox üzləşirlər"

 

"Hamilələrin 70-80 faizində hemorroidal xəstəliyə rast gəlinir"

 

“Ağırlaşma olmayan hallarda ağrı babasil üçün xarakterik əlamət deyil”

 

“Ancaq tromblaşmıs babasil düyünlərində ağrı əlaməti olur”

 

 

“Hemorroy – babasil düz bağırsağın aşağı hissəsində olan damarların genişlənməsidir.

Bu problem məhz damarların genişlənməsi və sallanması nəticəsində yaranır. Xəstəliyin əmələ gəlməsi səbəbləri isə müxtəlifdir”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında ümumi cərrah, uzman doktor Bibixanım Məmmədova deyib.

 

Onun sözlərinə görə, babasilin yaranmasının əsas səbəbi qəbizlik və düzgün qidalanmamaqdır: “Qəbizlik nəticəsində qarın daxili təzyiq artır, çanaq dibinə təzyiq düşür və bağırsaq damarlarında durğunluq yaranır. Ona görə də damarlar genişlənir və sallanır. Təbii ki, qəbizlik düzgün qidalanmayan, lifli qidalardan az istifadə edən, uzun müddət oturaq həyat tərzi keçirən insanlarda daha çox görülür”.

 

Cərrah deyib ki, hamilələrdə də bu problemə daha çox təsadüf edilir: “Belə demək mümkündürsə, hamilələrin 80-90 faizində qəbizlik və buna bağlı olan hemmoroidal düyünlər əmələ gəlir. Hamiləlikdə həm böyüyən uşaqlıq, həm də hormonlarin dəyişməsi hemorroidal xəstəliyə səbəb olur. Amma digər problemli şəxslərdən fərqli olaraq hamilələrdə bu problem çox zaman hamiləliyin sonunda aradan qalxır. Nadir hallarda uzunmüddətli ishallarda da hemorroidal problemlərə rast gəlinir. Qıcıqlandırıcı qidalar, pivə, qarpız, pomidor da hemorroidal xəstəliyə səbəb olur”.

 

B. Məmmədova vurğulayıb ki, bu problemdən əziyyət çəkənlər ilk növbədə həyat tərzini dəyişməlidirlər: “Qəbizliyin qarşısını almaq yetərincə maye qəbulu, hərəkətliliyin artırılması vacibdir. Bütün gününü kompüter arxasında keçirən insanlar, sürücülər xüsusilə diqqətli olmalıdırlar. Arada fasilələrə ayağa durmaq, beş dəqiqə gəzib yenidən oturmaq vacib şərtdir. Babasil xəstəliyi ilə üzləşməmək üçün ilk növbədə lifli qidalardan, yəni meyvələrdən, tərəvəzlərdən, dənli bitkilərdən daha çox istifadə olunmalıdır”.

 

Mütəxəssis, çox qıcıqlandırıcı qidalarla qidalanan şəxslərdə də bu problemə geniş rast gəlindiyini açıqlayıb: “Çünki bu qidalar bağırsaq divarlarında damarların genişlənməsinə səbəb olur, damarlar sallanır və bunun hesabına problem yaranır. 

Eyni zamanda ayaqyolunda uzun müddət oturma vərdişi olan insanlar da babasil problemi ilə üzləşirlər. Araşdırmalara görə, xəstəxanalara müraciət edərək yoxlanan, kolonoskopiya edilən xəstələr arasında hemmoroidal problemlərin aşkarlanması 86 faiz təşkil edir. Bu da çox yüksək faizdir. Təbii ki, kolonoskopiyaya müraciət edənlərin hər hansı şikayətləri olur, yoxlanandan sonra yüksək faizlə babasil aşkarlanır”.

 

Cərrah qeyd edib ki, babasildən əziyyət çəkən xəstələrin əsas şikayəti bağırsaq qanaxmasıdır: “Lakin  heç də həmişə qanaxma babasil əlaməti deyil. Qanaxma başqa problemlərə, daha ciddi hallar da bağlı ola bilər. “Mənim babasilim var”, - deyib, buna barmaqarası baxmaq olmaz. Ona görə də müayinə olunmaq vacibdir. Bir çox bağırsaq problemlərində, hətta bədxassəli bağırsaq şişlərində də qanama əlaməti ola bilər”.

 

Onun sözlərinə görə, ağırlaşma olmayan hallarda ağrı babasil üçün xarakterik əlamət deyil. Ağrı ancaq tromblaşmıs babasil düyünlərində görülür.

 

Cərrah onu da deyib ki, babasil xəstələrinin əksəriyyəti dərmanla müalicə olunur.

 

Babasilin cərrahi yolla müalicəsi 100 faiz effektiv üsuldur. Cərrahi müdaxilənin mənfi cəhəti isə bağırsaq nahiyəsində ağrıların olmasıdır. Onun sözlərinə görə, hemorroidal xəstəliyin bədxassəli şişə çevrilməsi ehtimali yoxdur.

 

Mütəxəssis soyuq mühitin hemorroidal xəstəlik riskini artırdığını bildirib və qeyd edib ki, babasil qanaxmaları zamani soyuq prosedurlardan istifadə qətiyyən olmaz.

 

B. Məmmədova babasil ağrıları zamanı ev şəraitində ilkin tədbir görülməsinin doğru olmadığını, bütün hallarda mütəxəssisə müraciət olunmasının vacib olduğunu deyib.

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR