Eşitmə qüsurunu neçə yaşa qədər aradan qaldırmaq mümkündür?
Yusif Hacıyev: “Ən böyük problemlərdən biri eşitmə qüsuru olan uşaqların gec aşkarlanmasıdır”
“Sonradan qulağa implant taxılanda eşitmə bərpa olunsa da, nitq inkişaf etmir”
“Uşaq doğulan kimi eşitməsi yoxlanmalıdır”
“Vaxtından əvvəl doğulmaq, sarılıq, irsi eşitmə problemi, qohum evlilikləri anadangəlmə karlığın səbəblərindəndir”
“Bütün valideynlər, ələlxüsus qohum evlilikləri olanlar diqqətli olmalıdırlar”
“Çox təəssüf ki, uşağın eşitmə cihazı ilə gəzməyi əvəzinə ömürlük əlil olmasına üstünlük verənlər var”
“Azərbaycanda hər 1000 doğulan uşaqdan biri, ya ikisi eşitmə qüsurlu olur. İldə ölkəmizdə təxminən 150-200 min doğuş qeydə alınır. Bu da o deməkdir ki, hər il təxminən 200 uşaq eşitmə qüsuru ilə anadan olur. Əslində bu, çox böyük rəqəmdir. Lakin vaxtında müdaxilə ilə bunların hamisini müalicə etmək mümkündür. Biz problemi vaxtında aşkarlamaqla bu uşaqları cəmiyyətə qazandıra bilərik”.
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında qulaq-burun-boğaz və baş-boyun cərrahiyyəsi uzmanı, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Otorinolarinqoloji şöbəsinin müdiri Yusif Hacıyev deyib.
Mütəxəssis qeyd edib ki, son dövrlərdə dünyada bir çox xəstəliyin çarəsi tapılsa da, anadangəlmə eşitmə qüsurunun həlli, yəni “koxler implant”ın tətbiqi ilə bu problemin aradan qaldırılması tamam başqa bir hal, böyük hadisədir: “Bu, eşitmə qüsuru olan, uşağın cəmiyyətdən təcrid olunmasının, əlil olmasının qarşısının alınmasıdır. Qulağın ilbizinə implant taxılanda eşitmə bərpa olunur və bununla eşitməsi bərpa olunan uşaq bir müddət sonra danışmağa başlayır. Bununla həm də dövlətin sosial və iqtisadi yükü azalır”.
Y. Hacıyevin sözlərinə görə, bu gün ən böyük problemlərdən biri eşitmə qüsuru olan uşaqların gec aşkarlanmasıdır: “Yəni valideynlər bu hallarla bağlı mütəxəssislərə çox gec müraciət edirlər. Məsələn, uşaq üç yaşına çatır, danışmır, amma buna ciddi əhəmiyyət vermirlər. Ətrafdakı insanlar çox zaman deyirlər ki, belə hallar çox olur, narahat olmağa dəyməz, ya da məsələn, “oğlan uşaqları gec danışır” və sairə. Belə-belə vaxt ötür və problemin aradan qaldırılması mümkün olmur. Ya da valideynlər uşaqda karlığın olmasını gizlədirlər. Bəzən hətta valideyn uşağın eşitmə cihazı ilə gəzməyi əvəzinə ömürlük eşitmə və nitq qüsurlu olmasına üstünlük verirlər. Çox təəssüf ki, belə hallar da var. Hər kəs bilməlidir ki, biz eşitmə qüsuru olan uşaqlara əsasən dörd yaşa qədər kömək edə bilirik. Amma bəzən bir sıra kriteriyaları nəzərə alaraq bu müddəti beş, beş yaş yarıma qədər uzada bilirik”.
Mütəxəssis deyib ki, bu implantların tətbiqi adətən dörd yaşa qədər ideal nəticə verir. Sonrakı müddətdə uğurlu nəticələr əldə etmək şansı getdikcə azalır. Qulağa implant tətbiq olunsa da, uşağın nitqi inkişafı etmir:
“Bir qrup hallar da var ki, bu zaman uşaq danışır, eşidir, amma sonradan yaranan problem nəticəsində eşitməni itirir. Eşitməyə ciddi ziyan verən dərmanlar, xəstəliklər bu hallara səbəb olur. Bu kimi hallarda da “koxler implant”ın tətbiqi mümkündür”.
Onun sözlərinə görə, sonradan eşitməsini itirən, yəni danışa bilən insanın eşitməsini yaş məhdudiyyəti nəzərə alınmadan bərpa etmək mümkündür:
“Amma yaş ötəndən sonra eşitmə bərpa olunsa da, danışmanı bərpa etmək mümkün olmur. Nitq inkişafı bir yaşdan başlayır. Beyin bu zamandan nitqlə bağlı formalaşır. Ona görə də bu əməliyyat nə qədər tez olsa, bir o qədər yaxşıdır”.
Həkim onu da deyib ki, anadangəlmə daxili qulaq olmadıqda belə, koxlear implantın tətbiqi mümkündür. Bu zaman implant beyinə yerləşdirilir və adətən nəticə uğurlu olur. Daxili qulağın tamamilə olmadığı hallara isə çox nadir hallarda rast gəlinir.
Y. Hacıyevin sözlərinə görə, uşaq doğulan kimi eşitməsi yoxlanmalıdır: “Bu sistem bütün müasir ölkələrdə formalaşıb. Uşaq doğulan kimi qulağına xüsusisi cihaz taxılır və bununla eşidib-eşitmədiyi yoxlanılır. Azərbaycanda da bəzi xəstəxanalarda, doğum evlərində bu tətbiq olunur. Əslində bu müayinə bütün xəstəxanalarda, doğum evlərində tətbiq olunmalıdır. Çətin deyil, yaymaq mümkündür. Bizim layihəmiz var, bir il ərzində bütünlükdə Bakıda tətbiq etmək olar. Bu müayinə bahalı da deyil. Mənim çalışdığım klinikada da tətbiq olunur. Bütün vətəndaşların müraciət etməsi mümkündür. Burada maddi qazanc da güdülmür. İndi bütün ailələr uşaq anadan olan kimi aparıb bu cihazlar olan yerlərdə uşağın eşitməsini yoxlatmalıdırlar. Bütün valideynlər, ələlxüsus qohum evlilikləri olanlar bunu mütləq etməlidirlər”.
Y. Hacıyev onu da deyib ki, vaxtından əvvəl doğulmaq, sarılıq, irsi eşitmə problemi, qohum evlilikləri anadangəlmə karlığın səbəblərindəndir: “Uşaqlıqda kimyaterapiya qəbul etmək və meningit xəstəliyi eşitmə qabiliyyətinin itirilməsinə səbəb olur. Antibiotiklər də uşaqlarda karlığa səbəb ola bilər. Antibiotik zərərli deyil, lakin uyğun zamanda, uyğun tərkibdə və dozada təyin etmək lazımdır".
Mütəxəssis deyib ki, bir çox ölkələrdə koxlear implant əməliyyatları dövlət təminatı altında həyata keçirilir. Belə uşaqlar doğulan kimi qeydə alınır, sosial dövlətin təminatı altında olur: “Çox sevindirici haldır ki, Azərbaycan dövlətinin, Səhiyyə Nazirliyinin bu yöndə addımları var. Bu yöndə daha geniş addımların atılacağına inanırıq. Yəqin ki, daha geniş məlumatlar zamanında veriləcək. Biz bu yöndə ciddi addımlar atmalıyıq. İnanıram ki, yaxın zamanlarda bunun şahid olacağıq”.
Cərrah bildirib ki, maddi təminat varsa, koxlear implantın iki qulağa da taxılması ideal olar: “Eşitmə stereo olmalıdır, mono yox. İki qulağın eşitməsi daha yaxşıdır. Amma imkan yoxdursa, bir qulağa da etmək olar. Yəni heç olmamaqdansa, birinin olması da gözəldir”.
Onun sözlərinə görə, implantın bayırda qalan hissəsini uşaq 10 yaşa çatandan sonra dəyişdirilir. Əvvəlcə taxılan hissə daha rahat, daha kiçik olan bir hissə ilə əvəz olunur:
“Bəzi ailələrin qulağa taxılan cihazla bağlı kompleksi var. Necə ki, vaxtilə eynəkli uşaqlarla bağlı bu kompleks var idi. Bu hallar tamamilə yersizdir. Hər kəs bilməlidir ki, eşitmə problemi uşağın cəmiyyətdən təcrid olunmasına gətirib çıxarır. Uşaqları cəmiyyətdən təcrid etmək olmaz"...