"Çox qorunan, steril şəraitdə saxlanılan uşaqların astma olmaq riski böyükdür"
“Ana südü ilə qidalanan, təbii yolla dünyaya gələn uşaqlarda astmaya az rast gəlinir”
“Astmanın yaranmasının çoxlu səbəbləri var”
“Qazlı-şəkərli içkilər, “fast food” qidalar uşaqların astma olmaq riskini artırır”
“Tərkibində konservantlar olan qidalar uşaqların hormonal mühitinə mənfi təsir edir”
“Kiçik yaşlı uşaqlara astma diaqnozu qoymaq çətindir”
“Uşaqlar erkən dövrdən təbiətlə, heyanlarla təmasda olmalıdır”
“Evdə xalçaların, toz yığan tüklü oyuncaqların olmamasına çalışmaq lazımdır”
“Uşaqlarda astma problemi günümüz üçün çox aktual mövzudur. Astma bizim ailələrimiz, valideynlərimiz tərəfindən çox qorxulu bir xəstəlik kimi qəbul olunur. Astma ağciyərlə bağlı ən çox rast gəlinən və xroniki bir xəstəlikdir. Təbii ki astmanın şiddətindən, dərəcəsindən asılı olaraq onun qorxulu olan və olmayan tərəfləri var”.
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında qonaq olan pediatr-neanatoloq, uzman doktor Erkin Rəhimov deyib.
Onun sözlərinə görə, astmanın bir yox, həddən artıq çox səbəbi var. Astma çox zaman allergiya ilə əlaqəli olan xəstəlikdir.
Bütünlükdə dünyada astmadan əziyyət çəkənlərin sayının çox olduğunu açıqlayan mütəxəssis ölkələr arasında astma ilə bağlı rəqəmlərin dəyişdiyini bildirib: “Elə ölkələr var ki, orada astmalı insanlar cəmi bir-iki faiz təşkil edir. Bəzi ölkələrdə, məsələn, Avropada, Şimali Amerikada astmadan əziyyət çəkənlərin hətta 25-30 faizə çatması haqda məlumatlar var. Təbii ki, daha çox insanı narahat etdiyi üçün bu, çox əhəmiyyətli bir məsələdir”.
Mütəxəssis deyib ki, ağciyərin bronxlarında, yəni hava yollarında allergik və ya başqa faktorlar nəticəsində baş verir. Hava yolu daralır, selikli qişada dəyişikliklər baş verir, bunun nəticəsində xırıltı, öskürəklə müşayiət olunan proses gedir, nəfəs alıb-vermədə çətinliklər yaranır:
“Bu problemin digər xəstəliklərdən fərqi onun təkrarlayıcı olmasıdır. Astma aralıqlarla təkrarlanır və xəstəliyin şiddətindən asılı olaraq tək öskürəklə gedən astma olduğu kimi, xəstəxanada müalicə olunacaq həddə, ciddi nəfəs darlığı ilə olan hallar da ortaya çıxır”.
Onun sözlərinə gərə, uşaqların yaşı kiçik olduğu hallarda astma diaqnozu qoymaq çətindir:
“İki yaşdan kiçik uşaqlara astma diaqnozu qoymaq çətin məsələdir. Çünki kiçik uşaqlarda bronxlar daha dar olur və selikli qişada hər hansı problem onun şişməsinə, ödemlənməsinə səbəb olur və bunun nəticəsində öskürək, xışıltı ilə nəfəs alma yaranır.
Bu yaşda olan uşaqlarda virus infeksiyalarına daha çox rast gəlinir. Onlar da bronxların daralmasına səbəb olur. Ona görə də bu yaş dövründə hər öskürəyə “astma” deməyə tələsmək olmaz.
Amma öskürək şikayətləri varsa, bu hal adi dərmanlarla keçmirsə, öskürəkdən başqa, xışıltı, xırıltı varsa, bu hal təkrarlanırsa, qışda daha çox, yayda az olursa, daha çox astma və ya astmaya bənzər hallardan şübhələnirik. Bir uşağa astma diaqnozu qoymaq üçün mütləq bu kriteriyalar olmalıdır. Uşağın ata-anasında, bacı-qardaşında astma, allergik rinit, allergik dermatit problemləri varsa, nəfəs almada xışıltı eşidilirsə, böyük ehtimalla o ya astmadır, ya da astmaya bənzər problemdir.
Atada və ya anada astmanın olması uşaqlarda astma olmaq riskini artırır. Ümumiyyətlə,
ailədə astma probleminin olması böyük risk faktorudur”.
Erkin Rəhimov deyib ki, allergik rinit, allergik dermatit astmaya meyllilik yaradır. Əgər uşaqlarda belə problemlər varsa və üstəlik ağciyərlərdə tez-tez xışıltı yaranırsa, astma nöqteyi-nəzərdən bununla bağlı araşdırma aparmaq vacibdir.
Həkim bildirib ki, astmaya tutulan azyaşlıların sayı getdikcə artır: “Kiçik yaşlarda problemə oğlan uşaqlarında daha çox rast gəlinsə də, yaş böyüdükcə bu, qız uşaqları ilə bərabər hala gəlir. Çəkisi artıq olan oğlanlar astmaya daha çox meyllidir.
Qadınlarda isə yaş artdıqca astmaya daha çox rast gəlinir”.
Mütəxəssis daha sonra vurğulayıb ki, astmanın olmasında irsi faktorla yanaşı, qidalanma, ətraf mühit amilləri də çox önəmlidir. Siqaret tüstüsü də ağciyərlərdə astma riskini artırır:
“Ətraf mühitin tozlu, çirkli, nəm olması astmanın yaranmasına təkan verən amillərdəndir. Bununla yanaşı bilmək lazımdır ki, uşaq vaxtı çox qorunan, steril mühitdə böyüyən uşaqlarda astma yaranması riski böyükdür. Amma daha çox təbiətlə, heyvanlarla təmasda olan uşaqlarda astmaya daha az rast gəlinir.
Əgər bir uşağın immuniteti körpəlik vaxtından mikroblarla, ətraf faktorla çox təmasda olmursa, immunitet hüceyrələri bədəndə olan hüceyrələr, toxumalara qarşı savaş açmağa başlayır. Bu çox ciddi sübutlara əsaslanan fərziyyədir.
Ona görə də uşaqları körpəlikdən təbiətlə, heyvanlarla təmasda olması, ətrafın çox steril olmaması lazımdır. Bir çox elmi tədqiqatlar keysəriyyə əməliyyatı ilə doğulan uşaqlarda astma riskinin daha yüksək olduğunu göstərir. Yəni keysəriyyə kəsiyi ilə doğulan uşaqlar tam bir steril şəraitdə, heç bir mikrobla təmasda olmadan dünyaya gəlir. Ona görə də bu uşaqlarda astma və autoimmun xəstəliklər daha çox aşkarlanır”.
Mütəxəssis onu da deyib ki, qazlı, şəkərli içkilər, “fast food”, konservantlarla zəngin qidalar uşaqların həm inkişafına, həm hormonal vəziyyətlərinə təsir edir, eyni zamanda astma olmaq riskini artırır:
“Uşaqların tez-tez təbiətlə, yaşıl mühitlə olması vacibdir. Evlərdə havanı tez-tez dəyişmək də önəmli məqamlardan birdir. Nəmli mühiti aradan qaldırmaq, xalçaların, toz tutan oyuncaqların çox olmamasına diqqət yetirmək vacibdir. Ümumiyyətlə, evdə xalçaların, toz yığan tüklü oyuncaqların olmamasına çalışmaq lazımdır. Bir yaşına qədər uşaqlara şirniyyat verməmək məsləhətdir. Yadda saxlamaq lazımdır ki, ana südü ilə qidalanan, təbii yolla dünyaya gələn uşaqlarda astmaya az rast gəlinir. İnək südü də allergik olduğundan bir yaşına qədər uşaqlara verilməsi tövsiyə edilmir".
E. Rəhimov bildirib ki, bizim ailələr astma diaqnozunu eşitmək, qəbul etmək istəmirlər: “Deyəndə də uşaq astmadır, tez təlaşa düşürlər. Bəzən həkimlərimiz də uşaq astma olduğu halda valideynin bundan çox narahat olduğunu düşünərək diaqnozu onlara olduğu kimi demirlər. Məncə, bu, doğru deyil, diaqnozu olduğu kimi demək lazımdır ki, valideyn problemi bilib ona qarşı mübarizədə yardımçı olsun”.
Mütəxəssis onu da deyib ki, daim cihazlarla nəfəs alan ağır astma cəmi 10 faiz xəstədə müşahidə olunur.