“Qan təzyiqinin yüksək olması anevrizmanın əmələ gəlməsində çox vacib faktordur”

Kamran Musayev: “Aorta anevrizmaları təsadüfi aşkarlansa da, vaxtında müalicə olunmalıdır”

 

“Anevrizma xəstələrinin yarıdan çoxu aortanın partlaması nəticəsində həyatini itirir”

 

“Ana damar dediyimiz aortanın partlaması ölüm deməkdir”

 

“Anevrizmalar adətən təsadüfi aşkarlanır və çox zaman ağrı vermir”

 

“Əslində aorta anezvrizmasını çox sadə bir müayinə ilə aşkarlamaq mümkündür”

 

“Təəssüf ki, aorta anevrizmaları nəinki ictimaiyyətə, hətta həkimlərə belə çox tanış olmayan bir xəstəlikdir. Bu bəlkə də problemin diaqnozunun qoyulmasının, müalicəsinin daha çətin və daha spesifik olmasından irəli gəlir. Bizim əlimizdə nə qədər dəqiq statistikalar olmasa da, bilirik ki, aorta anevrizmaları dünyanın bir çox ölkələrində kifayət qədər geniş yayılıb“.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında kardiocərrah, tibb elmləri doktoru, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev deyib.

 

Mütəxəssis bildirib ki, inkişaf etmiş ölkələrdə aorta anevrzimaları səbəbindən ölüm halları bütün ölümlərin yeddi faizini təşkil edir. Bu isə həm də o deməkdir ki, aorta anevrizmaları ölüm səbəbləri arasında 4-5-ci yeri tutur:  

 

“Aorta bizim ana damarımızdır. Bu damar ürəyimizdən çıxır, döş qəfəsindən qarın boşluğuna daxil olaraq ikiyə ayrılır və aşağı ətraflarımıza doğru gedir. Bütün təmiz qanı daşıyan damarlar aortadan çıxır, oradan şaxələnir. Aortanın anevrizması damarın normadan artıq, 50 faizdən çox böyüməsidir. Ürəkdən çıxan aortanın ilk hissəsinin ölçüsü 3-3,5 santimetr olmalıdır. Əgər ölçü 4, 5-ə çatıbsa deməli, bu, anevrizmadır. Anevrzima barədə məlumatların, bilgilərin az olmasının ən önəmli səbəblərindən biri də budur ki, bu anevrizmalar çox spesifik şikayətlərə səbəb olmurlar. Anevrizmalar uzun müddət, hətta təhlükəli hala gələnə qədər heç bir şikayət vermədən də qala bilərlər. Çünki damarların genişlənməsi ancaq və ancaq ətrafdakı toxumalara, damarlara basqı olanda şikayət verir. Anevrizmalar adətən təsadüfi aşkarlanır və çox zaman ağrı vermir”.

 

Onun sözlərinə görə, aşağı ətraflara gedən aortanın anevrizması zamanı qarından belə doğru yayılan ağrı şikayətləri olur: “Arıq şəxslərdə qarın nəbz kimi vurur. Onlar qarınlarında sanki nəbz kimi atan top his edirlər. Döş qəfəsində isə bunu hiss etmək olmur. Döş qəfəsində ancaq ağrı şikayəti olanda həkimlər bunu aşkar edə bilərlər”.

 

Kamran Musayev deyib ki, anevrizma xəstələrinin yarıdan çoxu aortanın partlaması nəticəsində həyatini itirir. Ona görə də dünyanın bir çox ölkələrində 50 yaşına çatan insanlar risk qrupuna daxil olduqları üçün bu baxımdan müəyyən müddətlərdə yoxlamadan keçirlər.

 

Kardiocərrahın qənaətincə, əslində aorta anezvrizmasını çox sadə bir müayinə ilə aşkarlamaq mümkündür. Döş qəfəsi üçün rentgen müayinəsi, qarın boşluğu üçün isə adi ultrasəs müayinəsi ilə problemi müəyyənləşdirmək olar:  

 

“Təbii ki, bunlar ilkin diaqnoz üçün lazımdır. Amma diaqnozun daha da dəqiqləşdirmək və müalicə taktikamızı planlaşdırmaq üçün biz daha irəli müayinə metodlarından istifadə edirik. Bunlar da əsasən Kompüter Tomoqrafiya və Maqnit Rezonans Tomoqrafiya metodlarıdır. Bu müayinələr artıq bizə aortanın, qonşu orqanların anatomiyasını tam detalları ilə öyrənməyə imkan verir”.

 

Aorta anevrizmalarının bir çox hallarda təsadüfən aşkarlandığını vurğulayan K. Musayev deyib ki, ağrı şikayətləri olmur deyə insanlar çox zaman onlarda belə bir problemin olduğunu qəbul etmək istəmirlər: “Amma bəzən heç bir şikayət verməyən anevrizma hətta təcili əməliyyata ehtiyac yaranacaq qədər təhlükəli olur. Anevrzimalar hər nə qədər təsadüfən aşkarlansa da, vaxtında müalicə olunmalıdır. Belə xəstələr vaxtında müalicə olunmasalar, çox ciddi həyati təhlükə ilə üzləşə bilərlər. Çünki damar genişləndikcə, diametri artdıqca damarın partlama və yırtılma riski artır. Belə hal baş verəndə xəstələrin yarıdan çoxu xəstəxanaya çatmadan həyatlarını itirirlər. Ana damar dediyimiz aortanın partlaması ölüm deməkdir. Dünyanın ən inkişaf etmiş ölkələrində də bu xəstələrin yarıdan çoxu xəstəxanaya çatdırıla bilmir.

 

Bir çox anidən itirilən xəstələrin ölüm səbəbi araşdırıldığı zaman bir çox hallarda məhz aorta anevrizmasının partlaması nəticəsində vəfat etdikləri məlum olur”.

 

K. Musayevin sözlərinə görə, anevrizmanin dəqiq səbəbi bilinmir, lakin ən çox rast gəlinən səbəb yüksək qan təzyiqidir: “Dəqiq səbəb bəlli olmasa da, bildiyimiz müəyyən məsələlər var. Qan təzyiqinin yüksək olması anevrizmaların əmələ gəlməsində çox vacib faktordur. Çox təəssüf ki, bizdə yüksək qan təzyiqindən əziyyət çəkən insanlar həkimə gedirlər, təyin olunan dərmanları bir müddət qəbil edəndən, təzyiq normaya düşəndən sonra bununla kifayətlənib, sağaldıqlarını düşünürlər. Amma bunu qəbul etmək lazımdır ki, qan təzyiqinin yüksək olması bir kurs müalicə ilə keçməz, belə xəstələr ömür boyu müalicə almalı, dərman qəbul etməlidirlər”.

 

Onun sözlərinə görə, duzdan çox istifadə aorta anevrizmalarının əsas səbəblərindən olan hipertoniyanın riskini artırır.

 

Kardiocərrah onu da deyib ki, anevrizmalara siqaret çəkən şəxslərdə daha çox rast gəlinir. Bundan başqa, xromosom qüsuru olan bəzi genetik xəstəliklər, bəzi virus infeksiyaları və travmalar da anevrizmaların səbəbləri arasındadır:

 

“Aorta anevrizması adətən hər zaman 50-60 və yuxarı yaşların xəstəliyi sayılıb. Amma genetik, anadangəlmə problemi olan insanlarda çox cavan - 19, 20, 25 yaşında bu problemə rast gəlirik. Hətta 9 yaşında əməliyyat etdiyim anevrtizma xəstəsi olub. Bir çox travmalar da aorta divarının zədələnməsinə səbəb olur və bu zaman içində anevrizmaya səbəb olur”.

 

Mütəxəssis onu da deyib ki, əgər aortanın ölçüsü 5 santimetrə çatıbsa, cərrahi müdaxilə vacibdir. Aorta ölçüsü 4 santimetrə qədər olan xəstələri isə dərman müalicəsi ilə nəzarətdə saxlamaq lazımdır. Onun sözlərinə görə, açıq cərrahi metodla anevrizma əməliyyatı olunan xəstələrdə uzunmüddətli nəticələr daha uğurludur: “Qapalı və açıq əməliyyatların təyini anevrizmanın lokalizasiyasından asılıdır. Əksər hallarda aorta anevrizmasına görə əməliyyatı olmuş şəxslər tam sağlam şəkildə həyatlarına davam edə bilir”...

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR