“Onurğa şişləri gec aşkarlandıqda hissiyyat, hərəkət pozğunluğu da yaradır”

“Şiş tədricən inkişaf etdikcə ağrıdan əlavə hərəkət pozğunluqları da yarada bilər”

 

"Ən təhlükəli onurğa şişləri boyun hissəsində olanlardır"

 

“Onurğa beyni şişləri daha çox xoşxassəli olur”

 

“Bu şişlər ölüm riskini deyil, xəstənin iflic olma riskini artırır”

 

“Şişin yerləşdiyi yerdən asılı olaraq hərəkət funksiyasının itirilməsi baş verə bilər”

 

“Onurğa şişləri nəticəsində hətta hərəkətin tamamən itməsi mümkündür”

 

“Aqressiv onurğa beyni şişləri əməliyyatla götürülsə də, onların təkrar yaranma ehtimalı böyükdür”

 

 

Bu fikirləri APA TV-nin “Öncə sağlıq” proqramında neyrocərrah, Mərkəzi Klinik Xəstəxananın həkimi Vüqar Mirzəliyev deyib.

 

 

Mütəxəssis bildirib ki, mərkəzi sinir sistemi problemlərinin 3-5 faizini onurğa şişləri təşkil edir: “Ümumiyyətlə, baş və onurğa beyni şişlərinin 30 faizi onurğa beyni və onun ətrafında olan şişlərdir. Onurğa şişləri dedikdə onurğa beynində və ətrafında olan, hər hansı bir səbəbdən yaranan birincili vıə ikincili şişlər nəzərdə tutulur. Onlar da xarakterinə və mənşəyinə görə müxtəlif olurlar”.

 

V. Mirzəliyevin sözlərinə görə, onurğa şişləri üç qrupa bölünür, sümük və toxumalarda inkişaf etmiş şişlər, sərt qişa ilə onurğa beyni arasında yerləşənlər və onurğa beyninin daxilində olan şişlər.

 

Xoşxassəli onurğa şişlərinin inkişafının bir qədər ləng getdiyini deyən neyrocərrah bədxassəli şişlərin daha aqressiv olduğunu və basqı nəticəsində simptomatika yaratdıqlarını bildirib.

 

V. Mirzəliyev deyib ki, baş beyin şişlərindən fərqli olaraq onurğa şişlərində ölüm riski daha az sayılır: “Bu xəstələrdə ilk növbədə simptomatika əmələ gəldikdə ağrı yaranır və bu da şişin basqısı nəticəsində ortaya çıxır. Şiş tədricən inkişaf etdikcə müxtəlif simptomlar da verə bilər. Yəni xəstədə ağrıdan əlavə hərəkət pozğunluqları da yaranır. Şişin yerləşdiyi yerdən asılı olaraq hər hansı əzələ, hərəkət funksiyasının itirilməsi baş verir. Məsələn, aşağı ətraflarda, ətraflardan birində, ya da ikisində zəiflik yaranması mümkündür. Bundan başqa, hissiyyat pozğunluğu da ortaya çıxar. Yəni şişin basqısı nəticəsində aşağı ətraflarda, yaxud da sinirin irradiasiya etdiyi sahələrdə keylik, hissiyyatın zəifləməsi yaranır. Bu hal onurğa şişlərində xarakterikdir”.

 

Onun sözlərinə görə, onurğa şişləri çanaq üzvləri orqanlarının funksiyalarının pozğunluqlarına da səbəb ola bilir. Sidik ifrazının pozulması, sidik qaçırma, defekasiya aktının qeyri-iradi olmasını da şişin əlamətlərindən saymaq olar: “Şişin yerləşdiyi yerdən asılı olaraq bu əlamətlər ortaya çıxır. Bu əlamətlərin hər hansı biri  olarsa, mütləq həkimə müraciət etmək, müayinə olunmaq zəruridir”.

 

Mütəxəssis onurğa beyni şişlərinin daha dəqiq müayinəsi üçün Kompüter Tomoqrafiya və Maqnit Rezonans Tomoqrafiya müayinələrinin aparılmasının mühüm olduğunu açıqlayıb.

 

Onun sözlərinə görə, daha erkən yaşlarda onurğa şişləri daha aqressiv olur. Bu baxımdan uşaqlarda olan şişlər daha aqressiv gedişata malik sayılır, daha kəskin böyüyə bilir, bəzən əməliyyat olunsa da, təkrar yaranma ehtimalı böyük olur.

 

 

V. Mirzəliyev onurğa beyni şişlərinin daha çox xoşxassəli olduğunu açıqlayıb. Həkim qeyd edib ki, bu şişlər ölüm riskini deyil, xəstənin iflic olma riskini artırır.

 

Neyrocərrah, həkimə nə qədər tez müraciət olunarsa, şiş nəticəsində yaranan pozğunluqları daha tez bərpa etməyin mümkün olduğunu vurğulayıb: “Yəni hissiyyat pozğunluqları ilə bağlı yaranan problemlər dərinləşmədən müdaxilə olunarsa, həm əməliyyatın gedişatı, həm də reabilitasiya daha rahat olur. Həm həkim, həm də xəstə üçün yaxşı nəticə əldə edilir. Xəstələr bir qədər gec müraciət edəndə isə əməliyyatın radikallığından, yəni şişin tam götürülməsində asılı olmayaraq  reabilitasiya müddəti uzana bilir. Hətta xəstələrin nevroloji defisiti, hərəkət zəifliyi, hissiyyat pozğunluğu keçməyə də bilir. Ona görə də erkən dövrdə, simptomlar yenicə başladığı mərhələdə həkimə müraciət olunması şərtdir.

 

Onurğa şişləri nəticəsində hətta hərəkətin tamamən itməsi də mümkündür. Aqressiv onurğa beyni şişlərində, bəzən xoşxassəli olsa belə, şiş əməliyyatla götürülsə də, onların təkrar yaranma ehtimalı böyükdür. Əməliyyat mikroskopla olunsa da, şiş toxuması gözlə görünəcək səviyyədə götürülür. Lakin onurğa beyninin özündən inkişaf edən şiş toxuması təkrar yarana, yayıla bilir və normal toxumaları da məhv edir”.

 

Onun sözlərinə görə, xəstə həkimə gec müraciət edəndə, bəzən isə düzgün instrumental müayinə aparılmadıqda və nəticədə qeyri-adekvat müalicə alanda sonradan görülən tədbirlər nəticəsində şişin çıxarlısa belə, xəstəyə daha az faydası olur. Yəni sinir toxumaları zəifləyir və sonradan bərpa olunmaya bilir.

 

Mütəxəssis deyib ki, hərəkətdə olanda, istirahət halında olan ağrılar daha təhlükəli sayılır, ona görə də belə ağrılar olduğu halda səbəbini araşdırmaq lazımdır. V. Mirzəliyev uzun müddətli baş, kürək, qabırğaaltı nahiyə, qarın ağrılarının onurğa şişlərinin əlaməti ola biləcəyinin istisna olunmadığını açıqlayıb.

 

Neyrocərrah onu da deyib ki, onurğa şişlərinin yaranma səbəbi tam olaraq müəyyən olunmasa da, burada müəyyən risk faktorları var. Mütəxəssis buraya ətraf mühit, qidalanma, yaş, genetik faktorların daxil olduğunu qeyd edib.

 

V. Mirzəliyev bildirib ki, ən təhlükəli onurğa şişləri boyun hissəsində olanlardır. O, boyunun 3-cü seqmentinə qədər olan şişlərin tənəffüsdə ciddi problemə səbəb olduğunu da deyib. Cərrah qeyd edib ki, onurğanın boyun fəqərəsi şişləri zamani yaranan baş ağrıları daha davamlı olur, dərmana tabe olmur. Həkimin sözlərinə görə, qadınlarda süd vəzi xərçəngi, kişilərdə prostat xərçəngi onurğada metastasik şişlərə səbəb olur...

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR