Allergik dermatit: çoxsaylı səbəblər, ilkin əlamətlər, qorunma yolları

“Hər yüz insandan təxminən ikisində allergik kontakt dermatit aşkarlanır”

 

“Allergik kontakt dermatitə rast gəlinməsində irsi faktor mühüm rol oynayır”

 

“Dəri həssaslaşandan sonra allergen maddə ilə təkrar təmas olan kimi allergik dermatit yaranır”

 

"Problemə daha çox əllərdə rast gəlinir"

 

"Saç boyaları, şampunlar, saç spreyləri, kremlər, ətirlər allergik kontakt dermatit yarada bilər"

 

“Nikel aksessuarlar - saatlar, xırda pullar, bijuterialar və s. allergik dermatitə səbəb olur”

 

“Dermatitə bəzən bütün bədəndə rast gəlinir”

 

“Ekzemaya səbəb olan maddəni tamamilə xəstənin həyatından çıxarmaq lazımdır”

 

“Daha quru və həssas dərilər kontakt dermatitlərə daha çox meylli olur”

 

 

“Allergik kontakt dermatit və yaxud ekzema adlandırılan problem bir sıra maddələrin dəriyə təsiri nəticəsində ortaya çıxır. Bu, geniş rast gəlinən dəri problemlərindən biridir. Demək olar ki, hər yüz insandan ikisində allergik kontakt dermatit aşkarlanır”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında dermatoloq, uzman doktor Lalə Mehdi deyib.

 

Mütəxəssis bildirib ki, dünyada 3500-dən çox maddənin allergik dermatitə səbəb olduğu qəbul olunur. Daha çox kimyəvi maddələr həyatımıza daxil olduqca onların sayı daha da artır. Allergik kontakt dermatit normal halda dəriyə hər hansı qıcıqlandırıcı təsir göstərməyən maddələrlə təmas nəticəsində yaranır və hər dəfə bu maddə ilə təmas olanda problem təkrar olunur.

 

Onun sözlərinə görə, bu problemə hər kəsdə rast gəlmək mümkün deyil. Daha çox genetik meylli insanlarda bu problemə rast gəlinir: “Allergiyaya səbəb olan maddə, allergenlə ilk dəfə olan qarşılaşmada hər hansı problemə rast gəlinmir. Bu hal dərhal baş vermir. İlkin olaraq dəridə həssaslaşma periodu olmalıdır. Bunun üçün 7-14 gün müddət keçməlidir. O zamandan sonra təkrar həmin maddə ilə qarşılaşma olanda allergik kontakt dermatit ortaya çıxır. Təkrar qarşılaşmada problem dərhal özünü göstərir”.

 

Lalə Mehdi deyib ki, kontakt dermatit bir çox müxtəlif əlamətlərlə özünü büruzə verir. Əsas əlamətlər dəridə şişkinlik, qızartı, sulanma, qaşınma və s. ola bilər. Hətta dəridə qabarcıqlar yarana və onlar partlayaraq infeksiyalaşa bilər. Zaman keçdikcə həmin maddələrlə təkrar qarşılaşanda yeni əlamətlərin də meydana çıxması mümkündür.

 

Həkim bildirib ki, ən önəmli faktorlardan biri ekzemanın yerləşdiyi yerdir: “Kontakt dermatitə səbəb olan maddə dəriyə hansı nahiyədən təsir edirsə, ekzema oraya lokalizasiya edir. Amma bəzən təmas olmayan yerdə də ortaya çıxır və bütün bədəndə rast gəlinə bilər”.

 

Onun sözlərinə görə, praktikada ən çox əl ekzeması görülür. Mütəxəssis nikel aksessuarların, məsələn, saatlar, xırda pullar, bijuterialar, kəmərlər və s. allergiyaya və ekzemalara səbəb ola biləcəyini deyib.

 

Bəzi qidaların da tərkibində nikel olduğunu deyən həkim həmin qidaların da dəridə allergiya yarada biləcəyini açıqlayıb. O, bu sırada hazır çayları, ispanaq, badam, fındıq və s. adını çəkib: “Bu qidalarla bağlı daha çox əl ekzeması ortaya çıxır. Ekzemanın qidalarla bağlı olduğu təsbit olunarsa, o zaman tərkibində nikel olan qidaları rasiondan çıxarmağı tövsiyə edirik. Rasiondan çıxandan sonra bu əlamətlər geriləyəndə onların bütövlükdə həyatdan çıxarmaq, başqa qidalarla əvəzləmək lazım gəlir”.

 

Dermatoloq qeyd edib ki, ümumiyyətlə, başqa problemlərlə bağlı dərinin tamlığı pozulan şəxslərdə allergik dermatit olma şansı daha yüksəlir. Bundan başqa, daha quru və həssas dərilər kontakt dermatitlərə daha çox meylli olurlar.

 

Onun sözlərinə görə, bu problem zamanı ən vacib məqam düzgün diaqnostikadır, yəni allergik kontakt dermatitə səbəb olan maddəni aşkara çıxarmaqdır: “Ən önəmli olan məqam budur. Xəstəni çox ətraflı dinləmək lazımdır ki, bu problemin hansı maddənin təsiri nəticəsində yarandığını öyrənək. Bu problemi tapmaq üçün xəstənin ev və ya iş şəraitini araşdırmaq lazımdır, dermatitin hansı maddənin təsiri nəticəsində ortaya çıxdığı aydın olmalıdır. Təbii ki, ekzemanın harada yerləşməsi də çox önəmlidir. Məsələn, başda, saçlı dəridədirsə, o zaman şampunlar, sperylər, saç boyaları, saç kremləri səbəb kimi göz önünə gəlməlidir”.

 

L. Mehdi vurğulayıb ki, ələlxüsus saç boyaları çox tez-tez allergik kontakt dermatitə səbəb olur. Dermatoloq onu da deyib ki, üz və boyun nahiyəsində olan allergik dermatitlə bağlı spreylər, ətirlər, metal tərkibli boyunbağılar, sırğalardan, göz çevrəsində olan dermatitlə əlaqədar göz damcıları, göz ətrafına istifadə olunan nəmləndiricilərdən, qoltuqaltı nahiyədə olanda epilyasiya kremləri, tər əleyhinə olan vasitələrdən, bütün bədəndə ekzema varsa, duş gellərindən şübhələnməyə dəyər: “Amma bütün bunlar ehtimallardır. Diaqnozu dəqiqləşdirmək üçün testlər var. Bütün dünyada qəbul olunan testlər mövcuddur.

 

Diaqnostik testlərlə allergik kontakt dermatitə hansı maddələrin səbəb olduğunu aşkara çıxarmaq mümkündür. Ondan sonra isə həmin maddədən qorunmaq nəticəsində problem aradan qalxır”.

 

Bir sıra hallarda tatuajlardan sonra bu problemə rast gəlindiyini qeyd edən həkim tatuaj olunan maddənin də allergen olduğunu söyləyib: “Tatuaj daha dərinə nüfuz etdiyi üçün bu zaman yaranan allergiya daha şiddətli hala gəlir. Hətta əvvəl saç boyalarından istifadə zamanı problem yaranmadığı halda tatuajdan sonra saç boyalarına qarşı da allergik reaksiya olur. Belə olan halda kimyəvi saç boyalarından imtina edib, təbii boyala keçmək məcburiyyəti yaranır”.

 

Dermatoloq bir sıra dərmanların tərkibindəki maddələrin də kontakt dermatitə səbəb ola biləcəyini açıqlayıb.

 

Mütəxəssis onu da deyib ki, allergik kontakt dermatit problemi Azərbaycanda bir qədər kölgədə qalan mövzudur: “Halbuki bizdə bu problem geniş yayılan problemlərdən biridir. Hər yüz insandan təxminən ikisində bu problemlərə rast gəlinir. Əhalimiz çox az məlumatlıdır. Bəzən insanlar bu problemdən əziyyət çəkdikləri halda belə bir problemin olduğundan xəbərsiz olurlar.

 

Təbii ki, həyatımızı kimyəvi maddələrsiz təsəvvür etmək mümkün deyil. Amma məlumatlı olanda onların təsirini mümkün qədər azaltmaq olur. Bu zaman allergik kontakt dermatit yaranması ehtimalı da azalmış olur”.

 

Dermatoloq onu da deyib ki, allergik dermatitlə bağlı diaqnostik testləri remissiya dövründə aparmaq lazımdır: “Çünki kəskin dövrdə test aparılanda həmin testdə istifadə olunan maddə allergiyanı daha da şiddətləndirər bilər. Bundan başqa, Günəş ekzemanın təsirini azaldır ona görə də test edərkən bir müddət Günəş şüalarının təsirindən qorunmaq lazımdır”...

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR