Sonsuzluqların əsas səbəbi: hormonal pozğunluqlar nədən yaranır?

“Qadınlarda endokrin sonsuzluqlara daha çox rast gəlinir”

 

“Karbohidratlar, süni qidalar, yarımfabrikatlar da hormonal pozğunluqlar yaradır”

 

“Piylənmə, tüklənmə, saçların tökülməsi, təzyiqin qalxması hormonal pozğunluqların əsas simptomlarıdır”

 

“Son zamanlar autoimmun sonsuzluqlar geniş yayılıb”

 

“Yeniyetmələrə məsləhət görülən proteinli qida əlavələri hormonal pozğunluqlara səbəb olur”

 

"Bəzi hormonal problemlər zamanı ömürlük müalicə lazımdır"

 

"Tez həll olunan karbohidratlar insulin problemi yaradır"

 

“Qarın nahiyəsində piylənmə artarsa, mütləq qanda insulin miqdarı yoxlanmalıdır”

 

“İnsulinə rezistetntliyin tamam başqa pəhrizi var”

 

“Nəsildə ikinci tip şəkərli diabet varsa, artıq çəki probleminə diqqətlə yanaşmaq lazımdır”

 

“Son zamanlar endokrin sonsuzluqların sayı artıb. Demək olar ki, endokrin sonsuzluqlar bütünlükdə sonsuzluqların 60-70 faizini təşkil edir”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında həkim-endokrinoloq, Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Səbinə Məşədiyeva deyib.

 

Həkim bildirib ki, ötən sərin 70-80-ci illərində bu, 30-40 faiz olub. Endokrinoloq qeyd edib ki, kişilər arasında endokrin sonsuzluqlara qadınlardan daha az təsadüf olunur. Son statistik məlumatlara görə, kişilər arasında endokrin sonsuzluqlar 30-40 faiz təşkil edir. Qadınlarla bağlı olan rəqəm isə daha böyükdür. Amma ümumi olaraq qadınlar və kiçilər arasında sonsuzluq payı eynidir.

 

Artımın səbəbləri barədə danışan mütəxəssisin sözlərinə görə, burada son illərdə əhali arasında şəkərli diabet xəstəliyinin, metabolik pozğunluqların yayılması, onlara meylliyin artmasının böyük rolu var. Endokrinoloq son on ildə böyrəküstü vəzin və hipofiz vəzinin xəstəliklərinin də sayının artdığını bildirib: 

 

“Bu baxımdan bu problemlərin də rolunun olduğunu düşünürük. Digər tərəfdən, son illərdə diaqnostik metodların inkişafı, müayinə imkanların daha geniş olması da burada rol oynayır. Eyni zamanda son illərdə sonsuzluq halları ilə bağlı endokrinoloq müayinəsinə daha tez cəlb olunma hallarına rast gəlinir. Bu da təbii ki, müsbət haldır”.

 

O, sonsuzluğun həm də hormonal pozğunluğun simptomlarından biri olduğunu vurğulayıb.

 

Hormonal pozğunluqların ümumi simptomları barədə danışan endokrinoloq deyib ki, ilkin simptomlar kimi qadınlarda aybaşı pozğunluqları, tüklənmə, kökəlmə, saçların tökülməsi, arterial təzyiqin yüksəlməsini qeyd etmək olar: “Bu simptomlar varsa, mütləq müayinələr aparılmalıdır. Burada müxtəlif müayinələr aparıla bilər, amma ən əsas müayinə hormonal sınaqlardır. Hormonal pozğunluqlar zamanı başlıca yeri hormon müayinəsi tutur. Burada bir çox nüanslara diqqət yetirmək vacibdir. Ən əsası gün düzgün seçilməlidir. Belə ki, qadınlarda hormonal analizlər verilərkən aybaşı fazasının müəyyən günləri, səhər saatlarında yoxlanmalıdır. Məsələn, prolaktin hormonu çox səhər saatlarında yoxlana bilməz. Yuxudan durandan iki saat sonra, acqarına yoxlanmalıdır. Amma elə hormonlar da var ki, aybaşı dövründən asılı olaraq 14-cü, bəzən isə 21-ci gün yoxlanmalıdır. Bunların hamısı barədə xəstəyə ətraflı məlumat vermək lazımdır ki, aparılan müayinələrin nəticələri dəqiq olsun. Ardıcıllıq pozulan hallarda yanlış nəticələr əldə oluna bilər. Bundan sonra isə hormonal müayinələrin nəticələrinin də çox dəqiq hesablanması lazımdır.

 

Dəqiq diaqnoz qoyulandan sonra düzgün müalicə aparıla bilər. Çünki oxşar şikayətlə gedən çoxlu sayda endokrin pozğunluqlar, eləcə də sonsuzluq növləri var. Təkcə yumurtalıqların polikistozunun özünün 7 forması var. Bunlar eyni şikayətlərlə gedən xəstəlikdir. Amma diaqnoz hormonal müayinələrdən sonra qoyulur”.

 

Vaxtilə sonsuzluqla görə uzun illər davam edən müalicələrin nəticəsiz qalması, sonradan isə sırf təsadüf nəticəsində bu halın endokrin pozğunluqlarla bağlı olduğunun aşkarlanması barədə danışan mütəxəssis deyib ki, indi belə hallara çox az təsadüf edilir. Onun sözlərinə görə, əslində bu hallar ümumiyyətlə, olmamalıdır. O, bu problemlər məşğul olan həkimlərin mama-ginekoloqların, endokrinoloqların vaxtaşırı təkmilləşmə kurslarına getmələrinin vacib olduğunu deyib:

 

“Məsələn, mama-ginekoloqlar endokrinologiya, endokrinoloqlar isə mama-ginekologiya sahəsi ilə bağlı kurslara getməlidirlər. Həm də beş ildən bir yox, iki ildən bir belə kurslara gedilsə yaxşı olar. Çünki təbabət gündən-günə inkişaf edir, yeniliklər çoxdur”.

 

Bu baxımdan S. Məşədiyeva deyib ki, bəzən sonsuzluqlar immunoloji problemlərlə, autoimmun xəstəliklərlə bağlı olur. Bir sıra revmatoloji problemlər autoimmun problemlərə səbəb olur: “Bəzən sonsuzluqla bağlı illərlə müalicələr aparılır, nəticə olmur, təsadüfən bilinir ki, səbəb autoimmun problemlər imiş.

 

Yeri gəlmişkən, onu da deyim ki, son zamanlar autoimmun sonsuzluqlara da geniş rast gəlinir”.

 

Hormonal pozğunluqların əsas simptomlarından birinin də piylənmə olduğunu vurğulayan endokrinoloq deyib ki, metabolik pozğunluqlar zamanı abdominal piylənmələrə daha çox təsadüf olunur: “Yəni qarın nahiyəsində piylənmə artır. Bu zaman mütləq acqarına qanda insulin miqdarı yoxlanmalıdır. Burada insulinə rezistentlik  müəyyən faizlərlə hesablanır. İnsulinə rezistetntliyin tamam başqa pəhrizi var. Çünki ümumi piylənmə tamam başqa, insulinə rezistetntlik isə tamam başqa səbəblərdən yaranır. Bu problemin müalicəsi düzgün aparılanda piylənmə aradan qalxır və artıq çəki də tez bir zamanda itirilir.

 

Təəssüf ki, bu hal yeniyetmələr arasında geniş yayılıb. Ona görə də ailədə, nəsildə ikinci tip şəkərli diabet varsa, artıq çəki məsələsinə hər zaman diqqətlə yanaşmaq lazımdır”.

 

 

S. Məşədiyeva onu da deyib ki, qızlarda hormonal pozğunluqlar 13-14 yaşlarda, daha çox yumurtalıqların polikistozu problemi ilə özünü büruzə verir. Oğlanlarda isə elə həmin yaş dövründə kəskin piylənmə meydana gəlir: “Onlar idmanla məşğul olsalar, cürbəcür pəhrizlər saxlasalar, arıqlama həbləri qəbul etsələr də, nəticəsi olmur”.

 

Mütəxəssis qeyd edib ki, idman zallarında yeniyetmə oğlanlara məsləhət görülən mənşəyi məlum olmayan proteinli qida əlavələri də hormonal pozğunluqlara səbəb olur: “Mənşəyi bəlli olmayan protein həbləri endokrin sonsuzluqlara da səbəb ola bilər. Daimi yox, hətta bir neçə dəfə qəbul olunanda problem yaranır. Tövsiyə edirik ki, heç vaxt mənşəyi bilinməyən bioloji aktiv qida maddələrini qəbul etməsinlər.

 

Tez həll olunan karbohidratlar, yəni şirniyyatlar, süni qidalar, yarımfabrikatlar da hormonal pozğunluqlar yaradır. Bu qidalar piylənməyə, insulinə rezistentliyə gətirib çıxarır”.

 

Onun sözlərinə görə, qızlarda 16 yaşa qədər aybaşı dövrü tam formalaşmayıbsa, saçlarda tökülmə varsa, çəki, boy normal deyilsə, mütləq ya endokrinoloqa, ya da mama-ginekoloqa müraciət olunmalıdır.

 

Həkim deyib ki, 30-45 yaşlarda olan qadınlarda daha çox qalxanabənzər vəzin xəstəlikləri geniş yayılıb: “Bu yaşlarda hipofiz vəzinin problemlərinə də çox rast gəlinir. Bu baxımdan ikincili sonsuzluqlar da yarana bilər. Bir sıra hallarda bu keçirilən abortların fəsadları kimi üzə çıxır.

 

Hormonal problemi olanlar bir müddət dərmanları qəbul edəndən sonra sağaldıqlarını düşünür və dərman qəbulu dayandırırlar. Bu, yolverilməz haldır. Hormonal dərmanların qəbulu xəstə dayandırmamalıdır. Elə hormonal problemlər var ki, onlara ömürlük müalicə lazımdır”.

 

Hormonal dərmanların təhlükəsi barədə əhali arasında olan təsəvvürlər barədə danışan mütəxəssis vurğulayıb ki, hormonal pozğunluqlar zamanı əvəzedici terapiya gedir: “Orqanizmdə nə çatışmırsa, o dərman kimi qəbul edilir. Əgər doza artıq olsa o zaman problem yarana bilər. Doza artıq olanda mədə-bağırsaq problemləri, ürəkdə döyünmələr arta bilər. Bəzən toksiki urun əlamətləri ortaya çıxa bilər. Bunların baş verməməsi üçün vaxtında müayinələrdən keçmək lazımdır”.

 

Mütəxəssis onu da deyib ki, endokrin pozğunluqlar zamanı güclü baş ağrıları da əsas əlamətlərdən biri kimi özünü büruzə verir: “Endokrin səbəbdən arterial təzyiqin dəyişməsi və qan azlığı yarandığı hallarda güclü baş ağrıları müşahidə olunur.

Bəzən yüksək arterial təzyiqi olan xəstələr tam kardioloji, nevroloji, müayinələrdən keçirilir və yüksək təzyiqin səbəbi bilinmir. Endokrinoloji müayinələr aparılandan sonra məlum olur ki, bu hal endokrin pozğunluqlarla bağlıdır”.

 

Hormonal pozğunluqların əsas əlamətlərindən birinin də piylənmə olduğunu xatırladan mütəxəssis piylənmənin səbəbləri araşdırılandan sonra pəhriz proqramının tərtibinin zəruri olduğunu açıqlayıb. Pəhriz proqramları barədə danışan endokrinoloq deyib ki, əgər piylənmə insulinə rezistetntlikə bağlı yaranıbsa, bu zaman insulin miqdarını azaltmaq gərəkdir. Tez həll olunan karbohidratlar, şəkər tozu olan qidalar rasiondan çıxarılmalıdır. Bəzən xəstə bütün günü heç bir qida qəbul etmir, ac gəzir, amma bir gündə bir konfetlə çay içirsə, o da insulini artırmağa yetir və çəki artımı davam edir. Amma elə hallar var ki, pəhrizdə zülalları, yağları, lipidləri azaltmaq lazımdır.

 

Bəzən isə qalxanabənzər vəzin çatışmazlığı zamanı bədəndə yaranan şişkinlik piylənmə kimi qəbul edilir. Bu, yalançı piylənmədir. Burada pəhriz lazım olmur, Əvəzedici terapiya tətbiq olunur, artıq maye toplanması aradan qalxandan sonra normal çəki bərpa edilir”... 

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR