Yeni doğulmuşlara qulluq: yanlış vərdişlər hansılardır?
“Yeni doğulanlara qarşı xüsusilə diqqətli olmaq lazımdır”
“Hər bir ana uşaq doğulmazdan əvvəl ona qulluğa hazır olmalıdır”
“Yeni doğulanlarda problem olan kimi birbaşa dərmanlara müraciət olunması düzgün deyil”
“Hipoksik vəziyyət sinir, ürək problemləri yarada, hətta ölümə qədər gətirib çıxara bilər”
“Həkim təyinatı olmadan körpəyə heç bir dərman vermək olmaz”
“Köp, bağırsaq ağrılarına bütün hallarda patologiya kimi yanaşmaq doğru olmaz”
“Ana südü əvəzedilməz qidadır və doğulduğu andan başlayaraq uşaq onunla qidalanmalıdır”
“Çox nadir hallarda ana südünün verilməməsi tövsiyə oluna bilər”
“Ana südü həm də körpəni ətrafda olan infeksiyalardan qoruyur”
“Ciddi qəbizlik probleminin ilk növbədə səbəbi araşdırılmalıdır”
“Uşaq doğulandan sonrakı ilk 28 gün yeni doğulmuş dövr hesab olunur. Bu, ən həssas mərhələdir. Hər zaman bu dövr ayrı bir elm, ayrı bir sahə olaraq öyrənilir, qiymətləndirilir. Doqquz ay ana bətnində olan canlının birdən-birə yeni mühitə düşməsi, ona alışması həm stressli bir mərhələ, həm də adaptasiya dövrü sayılır”.
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında pediatr-neonatoloq, Mərkəzi Klinik Xəstəxananın Uşaq Mərkəzinin müdiri Sevda Əsədova deyib.
Mütəxəssis bildirib ki, eyni zamanda ananın da müəyyən zaman ərzində uyğunlaşmasını, məsuliyyəti anlamasını nəzərə alsaq, həmin mərhələni həm də keçid dövrü adlandırmaq olar: “Yeni doğulanların bir çox fizioloji xüsusiyyətləri sonrakı dövrlərdə olan uşaqlardan, hətta 3 aylıq körpələrdən seçilir. Ona görə də yeni doğulanlara qarşı xüsusi olaraq diqqətli olmaq lazımdır. Onların olduqları mühitdən tutmuş, qəbul olunan qidaya, dəriyə qulluğa, təmizliyinə kimi ayrıca yanaşmaq gərəkdir. Bütün bunlar vəhdət, harmoniya halında olmalıdır. Əks halda, yəni düzgün tənzimlənmə olmasa, uşaqlarda çox ciddi problemlər ortaya çıxa bilər”.
Həkim vurğulayıb ki, hər bir valideyn, hər bir ana yeni doğulan dövrə, onlara qulluğa hazır olmalıdır. Hansısa problemlər yarandıqda isə evdə, kor-koranə halda problemin öhdəsindən gəlməyə çalışmamalı, belə hallarda mütləq həkimə müraciət olunmalıdır.
S. Əsədova onu da deyib ki, yeni doğulanlarda problem olan kimi birbaşa dərmanlara müraciət olunması düzgün yanaşma deyil: “Həkim göstərişi olmadan uşağa müdaxilələr etmək olmaz. Adətən bir qədər praktikası olan xanımlar gənc anaya məsləhətlər verməyə başlayır. Analar isə bu məsləhətlərin əsasında uşağa dərmanlar verir, müəyyən prosedurlara əl atırlar. Nəzərə almaq lazımdır ki, bunun ciddi fəsadları ola bilər. Həkim təyinatı olmadan körpəyə heç bir dərman vermək olmaz”.
Yeni doğulanlarda doğuşdan sonra hipoksiya hallarının olması barədə suallara aydınlıq gətirən mütəxəssis deyib ki, hipoksiya orqanizmin oksigensiz qalması nəticəsində yaranan durumdur: “Hipoksiya diaqnoz deyil, bir vəziyyətdir. Əgər bətndaxili hipoksik vəziyyət yaranıbsa, bu da plasentar qan dövranı nəticəsində ortaya çıxa və uşaqda mütləq özümü büruzə verə bilər. Təbii ki, müasir müayinə metodları bətndaxilində belə problemlərin olduğunu qeydə alır. Elə hallar ola bilər ki, bu halı aradan qaldırmaq üçün müdaxilə zərurəti yaranar.
Uşaq doğulandan sonra isə əgər ətrafda mütəxəssislər varsa, onda hipoksik vəziyyət yaranmamalıdır. Hipoksiya oksigen çatışmazlığıdır doğuşdan sonra uşaqda tənəffüs pozğunluğu olar bilər. Ətrafda olan mütəxəssislər, problem olduğu halda uşağın normal tənəffüs almasında problem varsa, bunu aradan qaldırmalıdırlar ki, beyin, digər orqanlar oksigensiz qalmasın. Uşaq uzun müddət hipoksik vəziyyətdə qalarsa, o zaman fəsadlar yarana bilər. Hipoksik vəziyyət sinir, ürək problemləri yarada, hətta ölümə qədər gətirib çıxara bilər.
Bəzən isə valideynlər uşaqlarına hipoksiya diaqnozunun qoyulduğunu deyirlər. Qeyd etdiyim kimi, hipoksiya diaqnoz deyil, hipoksiya nəticəsində beyin hipoksik vəziyyətdə qalıbsa, bu zaman onun törətdiyi problemlər, məsələn, ensefolopatiya yarana bilər”.
Uşaqların qidalanmasının doğulan andan etibarən mühüm əhəmiyyət kəsb etdiyini deyən pediatr qeyd edib ki, qidalanma düzgün aparılmadıqda o zaman problemlər tez bir zamanda özünü büruzə verir: “Qeyri-düzgün qidalanma nəticəsində köp və qusma kimi problemlər ortaya çıxır. Amma qidalanma düzgün tənzimləndikdə, bu problemlər də yaranmır. Bütünlükdə qidalanma rejimi normal təşkil olunsa belə köpün, bağırsaq ağrılarının yaranması mümkündür və buna bütün hallarda patologiya kimi yanaşmaq doğru olmaz.
Çox zaman körpə əziyyət çəkməsin deyə çox cüzi müdaxilələrlə körpəni köp vəziyyətindən azad etmək olar. Yəni uşağı müxtəlif vəziyyətlərdə tutmaqla problemi aradan qaldırmaq olar.
Yeni doğulanlarda nəcis ifrazının tez-tez olması da normal haldır. Bəzən buna problem kimi yanaşıb, dərman təyin olunmasına çalışırlar. Yeni doğulan uşağın nəcis ifrazı tezləşmiş ola bilər. Aşırı selik, qan izi yoxdursa, müdaxiləyə ehtiyac olmaz. Əgər belə patoloji hallar yoxdursa, deməli, müəyyən dövrdən sonra bu problem də yoluna qoyulacaq”.
S.Əsədova deyib ki, dünyada aparılan araşdırmalar ana südünün yeni doğulan uşaq üçün əvəzedilməz qida olduğunu sübut edib: “Doğulduğu andan başlayaraq uşaq onunla qidalanmalıdır. Bu həm körpənin mədə-bağırsaq sisteminin düzgün təmin olunması, həm də immun sisteminin düzgün formalaşmasına təkan verir. Uşaq ana südü ilə qidalanırsa, ana südündə olan immunoqlobulinlər onu ətrafda olan infeksiyalardan qoruyur. Hər bir ana övladını ana südü ilə qidalandırmağa çalışmalıdır.
Körpə bir yaşına qədər heç bir əlavə qida olmadan təkcə ana südü ilə qidalana bilər.
Ana südü ilə qidalanan körpəyə əlavə heç nə verməyə ehtiyac yoxdur. Yalnız məcburiyyət qarşısında qalınan hallarda, ana südü çatışmadıqda əlavə qidalara müraciət etmək zərurəti ola bilər”.
Bəzən isə ana südündə ziyanlı olduğunun əsas gətirilməsi və bu səbəbdən uşaqlara verilməməsi hallarına münasibət bildirən mütəxəssis deyib ki, çox nadir hallarda ana südünün verilməməsi tövsiyə oluna bilər: “Əgər anada aktiv bir infeksion proses varsa, məsələn, vərəm kimi, bu hallarda ana südünün verilməsi dayandırıla bilər. Belə hallar da təbii ki, çox az ola bilər. Bəzən görürük ki, hətta ana südünü analiz edirlər, bunlar yanlışdır. Cəmi 3-4 aktiv infeksion xəstəliklər var ki, o zaman biz ana südünün kəsilməsinə qərar verə bilərik. Bundan başqa, ciddi nevroloji, endokrin problemlərə görə qəbul edilən dərmanlar ana südünün verilməsinə imkan vermir”.
Yeni doğulanlarda qəbizlik probleminin ən çox qida çatışmazlığı zamanı yarandığını deyən neonatoloq qəbizliyin tək nəcis ifrazının gecikməsi demək olmadığını açıqlayıb: “Əgər uşaqda nəcis ifrazı normaldırsa, patoloji, sərt deyilsə, deməli bu qəbizlik problemi deyil, burada bağırsaqların perestatikası zəifdir, yaxud uşaqda qida çatışmazlığı var.
Amma ciddi qəbizlik problemi varsa, ilk növbədə bunun səbəbi araşdırılmalıdır. Çünki qəbizlik ciddi bağırsaq patologiyaları nəticəsində də yarana bilər. Bununla bağlı neonatoloqa müraciət olunmalıdır, ehtiyac olarsa, uşaq cərrahları ilə də məsləhətləşmək olar. Çünki bəzən operativ müdaxilələrə belə ehtiyac yarana bilər”.
Pediatr uşaqlarda anadangəlmə bağırsaq keçməzliyi probleminin də yeni doğulan ilk dövrdə aşkarlandığını və bu zaman təxirəsalınmaz müdaxilənin lazım gəldiyini açıqlayıb.