“Dişlərin yanlış müalicəsi çox ağır fəsadlar yaradır”

“Azərbaycanda yanlış müalicələr nəticəsində ağız boşluğunda ən ağırlaşmış vəziyyətlərlə qarşılaşmaq mümkündür”

 

“Çox zaman həkimlər stomatologiyanı firmaların bizə təqdim etdiyi materiallardan öyrənirlər”

 

“Dişlər ortopedik məqsədlə yonulanda ehtiyac olmadan siniri çıxarmaq stomatologiyaya ziddir”

 

“Elmi izahı olmayan müalicələr təkcə Azərbaycanda rast gəlinən stomatologiya mədəniyyətidir”

 

“Stomatologiyada bəzi təcrübələr keçmişə qovuşmalı, daha istifadə olunmamalıdır”

 

“Diş əti qanamasına qarşı edilən inyeksiyalar uzunmüddətli nəticə vermir”

 

“Qanama əksər hallarda yanlış aparılan müalicələrə görə baş verir”

 

 “İmplant dişlərin xərçəng riski yaratması ancaq Azərbaycanda müzakirə olunan mövzudur”

 

 

“Stomatologiya ilə bağlı ölkəmizə xas olan, məhz Azərbaycana məxsus xüsusi problemlər var. Praktikada biz problem sayılan hallarla daha çox qarşılaşırıq. Bütün bunlar bir qədər yanlış müalicələr, pasientlərin də yanlış məlumatlandırılması ilə bağlı olur”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında ortoped-implantoloq, uzman doktor Əbülfəz İsayev deyib.

 

Ortopedik stomatologiyada tətbiq olunan müalicələr barədə danışan mütəxəssis deyib ki, bu, üz və çənədə estetik problemləri, itirilmiş dişlərin bərpasını, implantlarla müalicəni, qapaqlar, protezlərlə bərpanı özündə birləşdirən çox geniş bir sahədir: “Bu əslində planlaşdırma üzərində dayanan sahə hesab olunur. Mən Ankara Universitetində təhsil almışam, orada qarşılaşmadığım problemlərlə Azərbaycanda qarşılaşdım. Ağız boşluğu vəziyyətlərinin ən ağırlaşmış durumları ilə burada üzləşdim.

 

Bunun səbəbi əvvəlki müalicələrdə yaranmış sıxıntılar olur. Apardığımız müzakirələrə əsasən deyə bilərəm ki, bütün bunlar məlumat azlığından irəli gəlir. Ən çox rast gəldiyimiz problem isə dişlərin yonulan zaman sinirlərinin çıxarılmasıdır. Bu, ağız boşluğuna ziyan verən əsas məqamlardan biridir.

 

Diş qidalanan toxumadır. Dişlərin sinirləri çıxarılan zaman isə diş ölü toxumaya çevrilir. Sinir çıxarılır, qapaq altına salınır və dişin ömrü qısalmış olur. Dişlərin qapaq altına salınması prosesi aparılan zaman dişlərin yonulması qaydalarına riayət olunsa, sinirlərin çıxarılmasına gərək qalmaz.

 

Əslində həkimlər siniri çıxarmaqla bir növ işlərini qarantiya altına almaq istəyirlər ki, gələcəkdə pasientin qapaq altına alınmış dişləri ağrımasın. Əgər həkim ehtiyac olmadığı hallarda siniri çıxarırsa, deməli yonma qaydalarını bilmir. Bu, stomatologiyaya ziddir.

 

Siniri çıxan diş ölmüş dişdir və artıq qidalanmır. Yaxşı olar ki, onu canlı qoruyaq və ömrünü azaltmayaq. Çox təəssüf ki, bəzən çox gənc insanlar bunun nəticəsində dişlərini itirmiş olurlar”.

 

Mütəxəssisin sözlərinə görə, ümumiyyətlə, stomatologiyada ortopedik məqsədlərlə sinir çıxarmaq kimi bir yanaşma olmamalıdır. Yalnız çox nadir hallarda, xüsusi istisnalar nəzərə alınmaqla ortopedik müalicə məqsədi ilə sinirləri çıxarmaq olar: “Efir vasitəsilə də deyirəm ki, əgər normal bir diş yonulursa və həkimlər “sinir çıxmalıdır”, deyirsə, pasient buna etiraz etməlidir. Bu, heç bir elmi izahı olmayan yanaşmadır və təkcə Azərbaycanda rast gəlinən stomatologiya mədəniyyətidir”.

 

Ə. İsayev deyib ki, bu kimi yanlış yanaşmalar toplumun ağız boşluğunda yaranan problemlərin sayını daha da çoxaldır. Belə hallarda geri dönməsi mümkün olmayan vəziyyətlər yaranır.

 

Onun sözlərinə görə, dişlərin itirilməsinin əsasında çox zaman yanlış planlaşdırmalar, yanlış müalicələr dayanır: ”Çox yaxşı olardı ki, bəzi təcrübələr keçmişə qovuşsun, artıq onlardan istifadə olunmasın.

 

Paradontologiyanın məşğul olduğu, əsasında isə ortopedik stomatologiyanın dayandığı bir problem, diş əti qanamaları ilə daha çox xəstə müraciət edir. Eyni zamanda körpülər hazırlanan zaman tələb olunan kriteriyalara əməl olunmaması halları ilə də daha çox üzləşirik. Qaydalara əməl olunmaması nəticəsində pasientlərin böyük hissəsi diş əti şişmələri, diş əti qanamaları ilə üzləşirlər. Məsələn, diş ətinə xüsusi inyeksiyalar etməklə diş əti qanamalarını aradan qaldırmağa çalışırlar, amma bu uzunmüddətli nəticə vermir. Həmin pasiyent 5-6 ay sonra yenidən həkimə müraciət etməlidir ki, simptomatik olaraq qanama yenidən aradan qaldırsın”.

 

Ortoped onu deyib ki, diş əti qanamalarının təməlində əksər hallarda qapaqlarla bağlı yanlış aparılan müalicələr dayanır. Qanama orada iltihabi proses olduğunu göstərir: “Onun altında isə sümük toxumasında ərimələr olur. Sümük toxuması əridiyi üçün həmin dişlərin ağız boşluğundakı dəstəyi azalır və pasiyent dişləri itirmiş olur.

 

Bəzən isə pasiyentin ağzında ümumiyyətlə, sümük toxuması qalmır, hətta protezlə bərpa da mümkün olmur. Bütün bunlar paradontoloji sahənin düzgün tətbiq olunmaması nəticəsində yaranır.

 

Təəssüflər olsun ki, bizdə hamı hər bir işlə məşğul olur. Stomatologiya çox geniş bir sahədir və onun da özünün çoxlu bölmələri var. Təbii ki, müəyyən istisnalar hər zaman olur. Amma ortodont ortodontiya, ortoped ortopediya ilə, uşaq stomatoloqu öz sahəsi ilə məşğul olmalıdır. Çünki sahələr öz-özlüyündə çox genişdir və bu işlərin hamısına birdən yiyələnmək çox çətindir. Bununla bağlı problemlər bizim ölkədə daha qabarıq görünür. Halbuki postsovet məkanında məsələn, Ukraynada, Rusiyada ixtisaslaşmalar var. ABŞ-da stomatologiya ilə bağlı 9 ayrı-ayrı sahə var və onların hər biri öz problemləri ilə məşğul olur.

 

Məsələn, ortoped-stomatoloq kanal müalicəsi etməməli, diş daşı təmizləməməli, əyri dişin düzəldilməsi ilə məşğul olmamalıdır. Hərə öz sahəsi ilə məşğul olsa, bu ümumi işin müsbət olmasına təsir edər. Hər sahənin müalicəsi o sahədə ixtisaslaşan həkimlər tərəfindən aparılsa, nəticələr daha yaxşı olar. O zaman daha az problemlərə qarşılaşarıq.

 

Təbii ki, hamı haqda bunu demək olmaz, amma bizdə çox zaman stomatoloqlar stomatologiyanı firmaların bizə təqdim etdiyi materiallardan, firmaların buradakı nümayəndəliklərinin təqdimatları əsasda öyrənirlər. Təəssüf ki, bir çox hallarda elmin mənbəyindən deyil, firmalardan öyrənilir.

 

Bəzən etdikləri proseduraların əlifbasını bilməyənlər onu asanlıqla tətbiq edirlər. Ən böyük narahatlıqlardan biri budur”.

 

Bu gün ən çox tətbiq olunan proseduralardan birinin implant dişlər olduğunu diqqətə çatdıran mütəxəssis təəssüflə qeyd edib ki, bəzi hallarda implant diş tətbiq etmək sadəcə, sümüyün içində bir oyuq açıb, ora implant yerləşdirmək kimi qavranılır: “Ona görə də tez bir zamanda implant dişlərin düşməsi halları ilə rastlaşmaq mümkündür”.

 

İmplant dişlərin xərçəng riski yaratması barədə iddiaların, məlumatların əsassız olduğunu deyən həkim bildirib ki, bu, ancaq Azərbaycanda müzakirə olunan mövzudur.

 

Mütəxəssis onu da deyib ki, pasiyentlərin məlumatlı olmaları da vacibdir: “Çox zaman onlar vacib məqamları aydınlaşdırmadan mütəxəssislərə müraciət edirlər. Yaxşı olar ki, pasientlər mütəxəssis seçərkən daha diqqətli olsunlar.

 

Bundan başqa, bəzən pasientlər mütəxəssisin məsləhətlərini nəzərə almırlar. Məsələn, pasient gəlib deyir ki, mən vinir istəyirəm. Biz ona deyirik ki, bu problemi vinirlə deyil, başqa metodla, ortodontik yolla müalicə etmək olar. İzaha baxmayaraq pasinet yaxınlarına vinir tətbiq olunduğunu əsas gətirib, israr edir”.

 

Vinirlərin istifadə müddəti barədə suala aydınlıq gətirən Ə. İsayev deyib ki, qaydalara əməl olunaraq hazırlanarsa, vinirlər on ildən az olmayacaq istifadə oluna bilər.

 

Ortoped onu da deyib ki, elə vəziyyətlər var ki, pasiyent istəsə belə dişi vinirlə bərpa etmək mümkün olmur: “Bu isə çənə anomaliyalarına, diş ətinin problemlərinə aiddir. Vinirlərin tətbiqində standart yoxdur. Hər bir pasient fərdidir və hər kəslə bağlı fərdi işlər görülür. Vinir tətbiq etməkdə məqsəd dişə daha az zərər vurmaq, dişi daha az yonmaqdır. Vinir düşübsə, ondan sonra qapağa keçid üçün bir göstəriş yoxdur. Düşın vinirin yerinə yenidən vinir tətbiq etmək olar”.

 

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR