Gicgah-çənə ağrıları: səbəblər və risklər
“Gicgah-çənə oynağının problemləri daha çox ağrı əlaməti ilə özünü göstərir”
“Yemək yeyəndə, danışanda üzdə və çənədə ağrılar yaranması problemdən xəbər verir”
“Bu problemlər ağızın çətin açılması, tez-tez çənə çıxıqları şəklində də özünü büruzə verir”
“Gicgah-çənə oynağı xəstəliklərinin ən çox rast gəlinən səbəbləri travmalar, mikrotravmalar, bruksizm, yanlış çeynəmə vərdişləridir”
“Düzgün diş quruluşunun olmaması sonradan gicgah-çənə problemləri yaradır”
“Bu xəstəliklərin yaranmasında stress faktorunun da mühüm rolu var”
“Qadınlarda stressli hallar çox olduğundan, gicgah-çənə problemləri ən çox onlarda müşahidə olunur”
“Müalicə üçün ilk növbədə səbəbkar faktor aradan qaldırılmalıdır”
“Oynaq nahiyəsində kəskin ağrılar daha çox artrit problemi ilə bağlı olur”
“Gicgah-çənə oynağının problemlərinə çox tez-tez rast gəlinir. Demək olar ki, hər yaş qrupunda bu problemlər aşkarlanır. Amma gicgah-çənə problemlərinə ən çox yeniyetməlik dövründən sonra təsadüf edilir”.
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında ağız, üç, çənə cərrahı, uzman doktor Ülviyyə Məmmədova deyib.
Mütəxəssis bildirib ki, gicgah-çənə oynağı bədənimizdə ən çox istifadə edilən oynaqlardan biridir, yemək yemə, danışma, hətta sakit vəziyyətlərdə udqunma zamanı bu oynaqlardan istifadə olunur.
Onun sözlərinə görə, gicgah-çənə oynağının problemləri daha çox ağrı əlaməti ilə özünü göstərir: “Xəstələr çox zaman ağrı şikayəti ilə həkimə müraciət edirlər. Yemək yeyəndə, danışanda ağrılar olur. Eyni zamanda bu problemlər ağız açıqlığı, bəzi xəstələrdə tez-tez çənə çıxıqları şəklində özünü büruzə verir. Bu problemlər xəstələrdə çənə, üz ağrılarına, üzdə əzələ yorğunluğuna səbəb olur”.
Ü. Məmmədova deyib ki, gicgah-çənə oynağı problemlərinin ən çox rast gəlinən səbəbləri travmalar, mikrotravmalar, bruksizm, yanlış çeynəmə vərdişləridir: “Oynaq nahiyəsində kəskin ağrılar daha çox artrit problemi ilə bağlı olur. Gicgah-çənə oynaqlarında artritin yaranma səbəbləri müxtəlifdir. Ən çox rast gəlinən səbəb travmalarla bağlı olur. Belə hallarda çox zaman ağızın çətin aşılması, yemək yemədə çətinliklər qeydə alınır.
Gicgah-çənə oynağında yaranan problemlərin digər səbəbi düzgün diş quruluşunun olmamasıdır. Burada çənə və diş əyriliklərini qeyd etmək olar. Bu isə bəlli bir yaşdan sonra özünü göstərməyə başlayır. Uşaq vaxtından düzgün çeynəmənin olmaması sonradan oynaqlarda problemlərin yaranmasına səbəb olur.
Bədəndə olan revmatoloji problemlər də bütün oynaqlar kimi gicgah-çənə oynağında da ağrılara səbəb olur.
Bütün bu problemlərin hər birinin müalicə tədbirləri çox fərqlidir. Amma bütün hallarda ilk növbədə səbəbkar faktor aradan qaldırılmalıdır. Məsələn, düzgün olmayan diş sırası düzəldilməli, artıq diş, tək tərəfli çeynəmə varsa ilkin olaraq bunlar aradan qaldırılmalıdır”.
Ü. Məmmədova qeyd edib ki, uşaq yaşlarında barmaq sormaq, dodaq çeynəmək kimi vərdişlər də gicgah-çənə oynağı problemlərinə səbəb olur.
Onun sözlərinə görə, gicgah-çənə oynaqlarında problemlərin yaranmasında stress faktorunun da mühüm rolu var. Və qadınlarda stressli hallar çox olduğundan gicgah-çənə problemləri ən çox qadınlarda müşahidə olunur.
Gicgah-çənə oynağının artriti zamanı əsas şikayətin ağızın çətin aşılması olduğunu deyən həkim bildirib ki, bu hətta yemək yemədə çətinliklər yaradır.
Mütəxəssis onu da deyib ki, gicgah-çənə problemləri zamani uzun müddət həkimə müraciət etmədikdə, problem xroniki hal alır və artıq oynaqdan hətta başqalarının eşitdiyi səs gəlir: “Gicgah-çənə oynağında səsin eşidilməsi bu oynaqların problemlərindən biridir. İlkin dövrlərdə bunu ancaq xəstələr özləri eşidə bilirlər və çox zaman bu səsin qulaqda olduğunu düşünürlər. Amma bu hal uzun zaman davam etdikdə və müalicə olunmadıqda hətta kənarda olan şəxslərin də oynaqlardan gələn səsi eşitməsi mümkündür. Bu səs istər danışan, istər yemək yeyən zaman hiss olunur. Belə olanda çox zaman ağrı şikayəti olmur. Yəni ağrı ilkin mərhələdə olur, sonrakı mərhələdə isə bu cür səsi eşidilməsi ilə problem özünü qabarıq şəkildə büruzə verir”.
Həkim bildirib ki, bu problemlər nə qədər tez aşkarlanarsa, aparılan müalicələrin effekti bir o qədər yaxşı olur...