İdman travmaları: ilkin yardım, bərpa necə olmalıdır?

 

 

İdman travmaları: nə zaman təhlükəlidir?

 

 

“Vaxtında əhəmiyyət verməyəndə idman travmaları sonradan ciddi problemlərə qədər inkişaf edə bilir”

 

“İdmanda travma alan kimi dayanmaq lazımdır”

 

“Uyğunlaşma olmadan birdən-birə idmana başlamaq düzgün deyil”

 

 

“Zədələr tam sağalmayınca idman etmək olmaz”

 

 

“Son illər ölkəmizdə idmana maraq böyükdür. Professional səviyyədə olmasa da, bu gün çoxları müxtəlif idman növləri ilə məşğul olur. Təbii ki, idman hərəkətləri zamanı travmaların olması qaçılmazdır. Bəzən məlumatsızlıqdan insanlar idman zamanı aldıqları travmaların fərqinə varmır, zamanında buna əhəmiyyət vermirlər, bu isə sonradan ciddi problemlərə qədər inkişaf edə bilir”.

 

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında ortoped-travmatoloq Sənan Aşirov deyib.

 

Mütəxəssis hər bir idman növünün özünəməxsus spesifik travmalarının olduğunu, onların hər birinə yanaşmanın fərqləndiyini vurğulayıb.

 

Onun sözlərinə görə, günümüzdə futbola maraq böyük olduğuna görə, daha çox bu oyun zamanı qazanılan travmalara rast gəlinir: 

 

“Bəzən futbol zamanı travma alan şəxs buna ciddi əhəmiyyət verməyərək oyuna davam edir. Bu çox yanlış haldır. Travma alan kimi dayanmaq lazımdır. Davam edərkən zədə daha da böyüyür. Bu yöndə insanların daha çox maariflənmələrinə ehtiyac var.

Çünki insanlar nə qədər çox məlumatlı olsalar o zaman daha az problemlərlə qarşılaşarlar.

 

Hər şeydən əvvəl bilmək lazımdır ki, istənilən idman növündən asılı olmayaraq isinmə hərəkətləri deyilən hərəkətlər olmadan birbaşa idman hərəkətlərinə başlamaq düzgün deyil. Günün on saatını futbol oynayan futbolçular belə isinmə hərəkətləri olmadan oyuna başlamırlar.

 

Vətərlər, bağlar, əzələlər müəyyən bir vərdiş halına gəlməlidir ki, ondan sonra onları daha ağır yükə salmaq mümkün olsun. Birdən-birə onlara lazım olmadan artıq yük verəndə əzələlər, bağlar dartılır. Travma alan kimi hərəkəti dayandırmaq lazımdır.

İdman zamani ağrı hiss olunursa, dayanmaq, həkimə müraciət etmək, müəyyən reabilitasiya müddəti keçmək lazımdır. Ağrı olan sahəyə tez bir zamanda buz qoymaq gərəkdir. Buz qoyulan sahədə qan dövranı zəiflədiyi üçün daha az travmatik sayılır”.

 

Ortoped-travmatoloq qeyd edib ki, futbol travmaları içində ən çox rast gəlinəni diz oynağı travmalarıdır: “Həm professional, həm də qeyri-professional şəkildə bu idmanla məşğul olanlar bəzən bu travmaları alandan sonra buna əhəmiyyət vermədən oyuna davam edirlər. Amma azacıq ağrı hiss edən kimi oyunu saxlamaq lazımdır.

 

Dizlərdən sonra futbol zamanı ən çox bizim topuq dediyimiz - aşıq baldır oynaqlarında problemlərə rast gəlinir. Orada da eynən dizlərdə olduğu kimi yüngül travma olsa belə, həmin an dayanmaq və ağrıyan yerə buz bağlamaq lazımdır. Əgər oyuna davam edilərsə, hissəvi zədələnən bağların tam qopması mümkündür.

 

Bu travmalar zamanı ilkin əlamət ağrıdır. Bundan sonra ikinci əsas əlamət həmin nahiyənin şişməsidir. Travmalar tam sağalandan sonra idmana davam etmək olar. Tam sağalmadan hərəkət etmək düzgün deyil. Hər bir travmanın öz bərpa müddəti var".

 

 

S. Aşirov onu da deyib ki, beldə, boyunda olan travmaları zamanı tez bir zamanda fiksator tapıb zədə olan nahiyəni fiksasiya etmək vacibdir: “Zədələnən şəxsin düz yerə uzadılması, həmin nahiyənin xərəyə, ya başqa bir yerə bağlanması vacib şərtdir”.

 

Bu gün qaçışla məşğul olanların da sayının çox olduğunu deyən ortoped təəssüflə qeyd edib ki, əhalinin bununla bağlı yanlış vərdişləri kifayət qədərdir:

 

“Qaçış zamani geyinilən ayaqqabının, yerin də əhəmiyyəti var. Asfaltda altlığı nazik olan ayaqqabı ilə qaçmaq pəncənin zədələnməsinə səbəb ola bilər. Qaçış zamanı sahənin dəyərləndirilməsi olduqca əhəmiyyətlidir. Eyni zamanda buna müvafiq olaraq ayaqqabı seçimi olmalıdır. Bütün yük ayaqlara düşdüyü üçün qaçış olan yerin sərtliyinə uyğun olaraq ayaqqabılar seçmək lazımdır”.

 

 

Həkim vurğulayıb ki, çəkisi ağır olanlara qaçmaq məsləhət deyil, bu zaman dizlər travma alır: “Belə şəxslərin qaçması yox, gəzməsi lazımdır. Burada çəki çox önəmlidir. Kök adamlar qaçanda dizlərə böyük ziyan vermiş olurlar, oynaqlar zədələnir. Kiçik addımlarla yerisələr yaxşıdır. Qaçan zaman əzələ yoruldusa dayanmaq, dincəlib yenidən başlamaq lazımdır”.

 

 

Mütəxəssis onu da deyib ki, əzələləri möhkəmləndirmək üçün qaçmaq, yerimək yetərli deyil. Bunun üçün spesifik idman hərəkətləri lazımdır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR