Hansı ağrılar infarkt əlamətləridir?
“İnfarktın qəflətən ortaya çıxması, əlamətlərinin qəfildən yaranması haqda yanlış təsəvvürlər var”
“Damarlarda tutulma infarkt keçirməzdən ən azı 5 il əvvəldən başlayır”
“İnfarkt əlamətləri olan xəstələrin çox qısa zamanda təxliyəsi, hospitalizasiyası zəruri sayılır”
“Xəstələrin böyük əksəriyyəti qəflətən, infarkt şikayətləri başladıqdan iki saat ərzində həyatını itirir”
“Əsas işimiz damarın tutulmasının qarşısını almaq, damar tutulubsa, tez bir zamanda onu açmaqdır”
“Çox zaman infarkt ağrıları soyuqdəymə, əzələ ağrıları kimi yozulur, keçib gedən bir hal sayılır”
“Bütün dünyada olduğu kimi ölkəmizdə də infarktdan olan ölümlərin sayı çoxdur, bu ölümlər ilk sıralarda gəlir”.
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında invaziv kardioloq, uzman doktor Oktay Musayev deyib.
Mütəxəssis bildirib ki, miokard infarktı ürək əzələsini - miokardı qidalandıran tac damarlarında tutulma nəticəsində ürək əzələsinin qidalana bilməyən hissəsinin ölməsi, yığılma funksiyasını itirməsidir: “Ürək əzələsinin yığıla bilməməsi, funksiyasını yerinə yetirməməsi səbəbindən çox ciddi fəsadlar meydana gəlir. Ən təəssüfedici haldır ki, ölüm, ən əsası isə ani ölümlər ortaya çıxır”.
Onun sözlərinə görə, infarkt keçirən lakin xəstəxanaya çatdırıla bilməyən xəstələrin böyük əksəriyyəti qəflətən, infarkt şikayətləri başladıqdan sonrakı iki saat ərzində həyatını itirir. Ona görə də bu gün bütün dünyada infarkt əlamətləri olan xəstələrin çox qısa zamanda təxliyəsi, hospitalizasiyası zəruri sayılır: “Bizim insanlarda çox yanlış bir təsəvvür var ki, guya infarkt qəflətən ortaya çıxır, onun əlamətləri elə qəfildən yaranır. Əslində isə damarlarda tutulma dediyimiz ateroskleroz ən azı infarkt mərhələsindən 5 il əvvəldən başlayır. Çox nadir hallarda bu proses özünü qısa zamanda büruzə verir.
Əgər zamanında buna diqqət yetirilsə, ateroskleroza qarşı zamanında mübarizə aparılsa, onu yaradan amillər aradan qaldırılsa təbii ki, damarın tutulmasının qarşını almaq mümkündür. Praktikada, gündəlik həyatda bizim iki profilaktik işimiz var – birincisi, damarın tutulmasının qarşısını almaq, ikincisi, damar tutulubsa, unu tez bir zamanda açmaq. Yəni əsas məqsədimiz ürəyin zədələnməsinin, onun əzələlərində problem yaranmasının qarşısını almaqdır.
98-99 faiz hallarda miokard infarktının səbəbi tac damarlarında yaranan ateroskleroza bağlı olan daralmalar, tutulmalardır. Çox nadir, istisna hallarda ateroskleroz olmadan tac damarlarının özündə spazma, damarın iltihabı, damar içində iltihaba bağlı olan infarktlar meydana gəlir”.
O. Musayev deyib ki, aterosklerozla bağlı risk qrupuna daxil olan insanlar infarkt riski ilə, ürəyin işemik xəstəliyinin digər formaları ilə daha çox üzləşirlər.
Həkim risk faktorları içərisində şəkərli diabet, arterial təzyiq, yağlı qidalara üstünlük verilməsi, oturaq həyat tərzi, siqaret çəkmə, yaşlanma, genetik amilləri vurğulayıb.
Mütəxəssis deyib ki, kişilərdə ateroskleroza daha çox rast gəlinir. Amma klimaksdan sonrakı dövrdə olan qadınlarda infarkt keçirmə sayı təxminən kişilərlə eynidir.
Onun sözlərinə görə, daha gənc yaşlarından siqaret çəkməyə başlayan insanlarda da infarkt çox sıx görülür.
Həkim qeyd edib ki, idarə olunan risk faktorlarına zamanında diqqət yetirəndə, şəkər, təzyiq normada saxlandıqda, fiziki aktivlik və düzgün qidalanma qaydalarına riayət olunanda aterosklerozun qarşısı alınır, beləliklə də infarkt təhlükəsindən uzaqlaşmaq olar.
Kardioloq bildirib ki, əvvəllər, 30-40 il öncə infarkta daha çox yaşlı insanlarda rast gəlinirdisə, bu gün gənc infarkt keçirənlər arasında cavanlar çoxluq təşkil edir. Bu, siqaret və tütün məhsullarından istifadəyə çox gənc yaşlarda başlanması, qidalanma faktoru, doymuş yağlarla hazırlanan qidalara, “fast food”lara üstünlük verilməsi, artıq çəki, oturaq həyat tərzi ilə bağlıdır.
Mütəxəssis onu da deyib ki, yaşlı insanlarla müqayisədə cavan yaşlarda keçirilən infarktların daha ağır nəticələri olur.
İnfarktın klinik təzahürlərinin çox səssiz getdiyini bildirən O. Musayev qeyd edib ki, çox zaman ağrı hissi olmadığı üçün xəstələr həkimə ağırlaşmış vəziyyətdə müraciət edirlər: “Ağırlaşmış hallarda müraciət olunduqda müalicə çox uzun çəkir, müalicədə istənilən effekti almaq üçün uzun zaman sərf olunur”.
O. Musayevin sözlərinə görə, çox zaman qəfləti ölümlərlə bağlı aparılan araşdırmalar zamanı məlum olur ki, həmin şəxslərdə az da olsa şikayətlər hiss olunub.
Kardioloq vurğulayıb ki, miokard infarktının əsas əlaməti döş qəfəsində, sinədə olan yandıran, göynədən ağrıdır. Bu ağrı sol qola, sol kürəyə yayılır, bəzən hətta sağ tərəfə, boyuna, çənəyə də yayılması mümkündür: “Amma bu hal bütün insanlarda eyni əlamətlərlə təzahür eləmir. Bəzi insanlar ağrıdan əlavə yol gedərkən təngnəfəslik hiss edir, sinəsində sıxılma yaranır, bəzi insanlarda anidən arterial təzyiq qalxır.
Təbii ki, ailəsində ürək problemləri olan, şəkərli diabetdən, arterial təzyiqdən əziyyət çəkənlərin ilk növbədə bu əlamətlərə daha diqqətli yanaşmaları lazımdır. Belə şikayətlər varsa, təcili olaraq həkimə müraciət olunmalıdır.
Çox təəssüflə qeyd edim ki, son bir həftədə bizim xəstəxanaya müraciət edən infarkt keçirən xəstələrin yarıya qədəri 3-4 gün öncə infarkt keçirmiş olurlar. Çox zaman infarkt ağrıları soyuqdəymə, əzələ ağrıları kimi yozulur, keçib gedən bir hal sayılır.
Ona görə də həkimə gecikmiş hallarda müraciət olunur və həkimlər də belə hallarda istənilən nəticəni əldə edə bilmirlər. Müasir təbabətin qaydalarına görə xəstə infarkt əlamətləri baş verən kimi, ilk iki saat ərzində xəstəxanaya çatdırılarsa, zamanında diaqnoz qoyularsa və tıxanan damar invaziv metodlarla açılarsa, o infarkt keçirilməmiş sayılır. İlk iki saat itirilərsə, xəstəni ilk altı saatda çatdırmaq lazımdır. Bu da baş verməyibsə, heç olmasa ilk 24 saat ərzində bu imkanı qaçırmaq olmaz. Bu, ağırlaşmaların qarşısını almaq üçün çox önəmlidir”.
Kardioloq deyib ki, infarktla bağlı atılan addımlarda təkcə səhiyyənin təşkili, avadanlıqların müasir olması, həkimlərin professionallığı rol oynamır. İnsanların fərdi olaraq öz sağlamlıqlarına olan münasibəti, zamanında problemlərə diqqətlə yanaşmaları da mühüm əhəmiyyət kəsb edir: “Ən azından ildə bir dəfə ürək müayinəsindən keçmək lazımdır. Şikayət olsa da olmasa da. Özfəaliyyət şəklində dərman qəbulu, ağrılara əhəmiyyət verməmək vaxtsız, qəfləti ölümlərə səbəb olur. İnfarkt əlamətləri varsa, həmin şəxs sakit vəziyyət alıb, uzanmalı, tez bir zamanda təcili yardıma müraciət olunmalıdır. İlkin yardım kimi, “Aspirin” qəbul etmək, “Nitroqliserin” çeynəmək olar. Özfəaliyyət şəklində bundan artığını etmək olmaz. Mütləq həkimə müraciət olunmalıdır. “İnfarktlı xəstəni tərpətmək olmaz” kimi qəbul edilən anlayış yanlışdır. Ürək işlək orqandır. Sakit duranda da, yeriyəndə də, təxliyə olunanda da işləyir. Sadəcə, həmin halda iş görmək, ürəyə fiziki yük vermək olmaz”...