Uşaqlarda uroloji problemlər: gec aşkarlandıqda nə baş verir?
“Uşaq doğulandan sonra bir yaşına qədər mütləq qarın boşluğu, o cümlədən böyrəklər USM müayinəsi olunmalıdır”
“Adi sayılan qarın ağrısı, yüksək hərarət ciddi uroloji problemin əlaməti də ola bilər”
“Ana südü ilə qidalanan uşaqlarda böyrək daşlarına demək olar ki, rast gəlinmir”
“Uşaqlarda sidiyə gedə bilməmək, sidik qaçırma, qarında ağrı, tez-tez yüksələn hərarət valideynləri narahat etməlidir”
“Uşaqlarda qarın ağrısı şikayətlərinin çoxu sidik yolları infeksiyaları, o cümlədən sistitlərlə bağlı olur”
“5 yaşa qədər uşaq gündə bir litrə yaxın, 10 yaşdan sonra 1,5 litr su içməlidir”
“Böyrəklərdə olan genişlənməni uşaq ana bətnində olanda aşkarlamaq mümkündür”
“Uşaqlarda uroloji problemlərin bir çoxu anadangəlmə patologiyalarla bağlı yaranır.
Bu problemlər gec aşkarlandıqda, ya da problemə səhlənkar yanaşdıqda fəsad yaranır, böyrəklər zədələnir, böyrək hüceyrələri ölməyə başlayır və böyrək çatışmazlığı inkişaf edir. Belə hallarla qarşılaşmamaq üçün zamanında həkimə müraciət etmək vacibdir, problem varsa, vaxtında düzgün müalicəsi aparılmalıdır ki, belə fəsadlar baş verməsin”.
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında uşaq cərrahı-uroloq, Kliniki Tibbi Mərkəzin əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Allahverdi Musayev deyib.
Həkim bildirib ki, bu gün diaqnostik imkanların inkişafı, təkmilləşməsi sayəsində uşaqlarda olan bir çox problemləri vaxtında aşkarlamaq mümkün olur: “Erkən diaqnostika sayəsində patologiyaların sayında da artım müşahidə edilir. Əslində isə bu problemlər əvvəllər də mövcud idi, sadəcə, o zaman diaqnostik imkanlar bu qədər geniş olmadığına görə, problemləri aşkarlamaq çətin olurdu”.
Onun sözlərinə görə, hətta uşaqlarda elə patologiyalar var ki, onları uşaq ana bətnində olanda, hamiləliyin 3-4-cü ayında aşkarlamaq mümkün olur: “Məsələn, böyrəklərdə olan genişlənməni uşaq ana bətnində olanda aşkarlamaq mümkündür. Hətta çox cüzi genişlənmə olsa belə bu, ultrasəs müayinəsi ilə çox rahatlıqla aşkarlanır.
Əgər mütəmadi olaraq bu hal nəzarətdə saxlansa, böyrək genişlənməsinin get-gedə artdığı müşahidə edilsə, hamiləliyin 7-8-ci aylarında dölə müdaxilə edib, böyrəklər zədələnməsin deyə ora kateter yerləşdirmək mümkündür”.
Belə hallara az rast gəlindiyini açıqlayan həkim onu da deyib ki, böyrəklərdə genişlənmə varsa, uşaq doğulandan sonra da nəzarətdə saxlanmalıdır: “Bəzi hidronefrozlar, yəni böyrək genişlənmələri əməliyyatsız keçib gedir, nəzarət altında saxladığımız problemin iki yaşdan sonra öz-özünə aradan qalxdığının şahidi oluruq. Amma bəzən böyrəkdə genişlənmə get-gedə çoxaldığı üçün əməliyyata ehtiyac yaranır”.
Böyrək yolunun anadangəlmə bağlı olması hallarına da rast gəlindiyini deyən A. Musayev bildirib ki, belə olan hallarda sidik kisəyə süzülmür və böyrəkdə yığılır: “Bu, uşaq doğulandan bir neçə gün sonra da baş verir və dərhal müdaxiləyə ehtiyac yaranır. Yolu açandan sonra böyrəklər xilas olur və uşaq ömür boyu bir problem yaşamır”.
Mütəxəssis qeyd edib ki, son zamanlar daha çox uşaqlarda qarın ağrıları, qusma şikayətləri ilə müraciətlər edilir: “Qarın ağrıları ilə bağlı şikayətlərin çoxu uşaqlarda sidik yolları infeksiyaları, o cümlədən sistitlərlə bağlı olur. Bu problemlərin çoxu müalicə ilə aradan qalxır. Təbii ki, burada vaxtında diaqnozun qoyulması və düzgün müalicənin təyin olunması önəmlidir. Bəzən isə bu problemlərin altda yatan səbəbinin anadangəlmə patologiyalar olduğu üzə çıxır. Məsələn, böyrəklərin özünün, onlardan gələn sidik axarlarının ikiləşməsi kimi patologiyalara rast gəlinir”.
Onun sözlərinə görə, anadangəlmə patologiyalar nəticəsində sidik bəzən geri qayıdır, bu, temperaturun yüksəlməsinə, qusmaya səbəb olur: “Belə hallar ayda bir-iki dəfə təkrarlana bilir. Uşaqlarda keçirilən stress nəticəsində də bu problemin meydana gəlməsi mümkündür. Stress sidik kisəsi əzələlərində də gərginlik yaradır, uşaq sidik qaçırır, bu, birdən-birə gecələr də yaranmağa başlayır. Tez-tez tualetə getmə halları da müşahidə edilir. Bu hala daha çox 5-6 yaşlarda rast gəlinir. Bəzən uşaqlar dərslərin oxumasın deyə sidiyini sıxıb saxlayır və saatlarla sidiyə getmirlər. Belə hallar da müalicə ilə aradan qalxır”.
Həkim deyib ki, uşaqlarda təkrarlanan sistitlər ciddi problemlərdən biri sayılır və bir sıra hallarda “qapaq çatışmazlığı” deyilən problem nəticəsində ortaya çıxır.
A.Musayev bildirib ki yüksək temperatur, sidiyə gedə bilməmək kimi əlamətlər varsa, gündüz və ya gecələr sidik qaçırma, qarında ağrı yaranması kimi əlamətlər valideynləri narahat etməlidir: “Yəni bütün bunlara ciddi yanaşmaq və mütəxəssisə müraciət etmək lazımdır. Məsələn, qapaq çatışmazlığı kimi bir problem zamanında aşkarlandıqda bəzən cəmi on beş dəqiqəlik endoskopik bir prosedurla problemi birdəfəlik aradan qaldırmaq mümkün olur. Daha ağır qapaq çatışmazlığını isə məcbur qalıb əməliyyat edib, qapaq düzəldirik.
Qapaq çatışmazlıqları çox zaman anadangəlmə olduğu üçün daha çox 1-5 yaşlarda rast gəlinir. Uşaq doğulandan sonra rast gəlinirsə, 8-10 aya, bir yaşa qədər gözləyirik, müalicə edirik. Müalicə ilə aradan qalxmayanda problemi əməliyyatla aradan qaldırırıq.
Bəzən 1-2-ci dərəcəli reflüksləri, yəni qapaq çatışmazlıqlarını kontrolda saxlamaqla, müalicə ilə aradan qaldırmaq mümkün olur”.
Mütəxəssis qeyd edib ki, uşaqlarda bir qisim uroloji problemlər yanlış mütəxəssis, qeyri-ixtisas həkimlərinə müraciət edilməsi nəticəsində inkişaf etməyə başlayır: “Bəzən uşağın ayda 2-3 dəfə yüksək temperaturu olur. Bununla bağlı müalicə aparıb temperaturu qaydaya salırlar, amma bir dəfə də olsun USM müayinəsi aparılmır. Çox zaman yüksək temperatur boğazda olan problemlə əlaqələndirilir, halbuki bunun boğazla bir əlaqəsi olmur. Mütəxəssisə müraciət edilənə qədər böyrəklər sıradan çıxır. Ona görə də uşaqda tez-tez yüksək hərarət yaranarsa, valideynlər bunun səbəbini araşdırmağa çalışmalı, diqqətli olmalıdırlar. Bu gün dünyada qəbul olunan normalara görə, uşaqla ayda bir dəfə temperaturun olması normal sayılır, amma bu, ayda bir neçə dəfə təkrarlanırsa, artıq şübhələnməyə, geniş müayinələr aparmağa ehtiyac var.
Hər bir uşaq doğulandan sonra bir yaşına qədər mütləq qarın boşluğunun USM müayinəsi olmalıdır. Valideynlər bilməlidirlər ki, USM müayinəsinin heç bir ziyanı yoxdur.
Bəzən uşaqda heç vaxt USM müayinəsi aparılmır və valideyn uşağı kəskin böyür ağrısı ilə xəstəxanaya gətirir. Baxıb görürük ki, uşaqda böyrək çıxışında anadangəlmə bağlılıq olub və bu səbəbdən böyrək şişərək partlayacaq həddə çatıb. Hətta böyrək şişdiyi hallarda hiperaktiv uşaq yüksəklikdən tullanan zaman böyrəyin partladığı hal da olub.
Halbuki bütün bunlar zamanında aşkarlansa, aradan qaldırılar, heç əməliyyata ehtiyac qalmaz”.
Uşaqlarda böyrək daşı problemi barədə danışan mütəxəssis deyib ki, Azərbaycanda çox az hallarda uşaqlarda böyrək daşlarına rast gəlinir. Onun sözlərinə görə, uşaqlarda böyrək daşları daha çox irsi problem sayılır və əsasən beş yaşına qədər ortaya çıxır: “Daş sidik axarına düşdüyü zaman ciddi problemlər yarana bilir. Hətta gecikdirilən hallarda dializ müalicəsinə qədər ağırlaşmalar baş verir. Belə ağırlaşmaların olmaması üçün daşı da zamanında aşkarlanması lazımdır. Çox zaman bu problem vaxtında aşkarlandıqda kiçicik müdaxilə ilə aradan qalxır. Hətta bəzən müalicəyə də ehtiyac qalmır, daşların tipi müəyyən olunduqdan sonra müvafiq olaraq təyin olunan ot çayları xırda daşları təmizləyə bilir”.
A.Musayev deyib ki, düzgün qidalanmama ilə bağlı olaraq uşaqlarda 11-12 yaşda, ondan sonra da böyrək daşlarına rast gəlinir. Onun sözlərinə görə, daha çox “fast food” qidalara üstünlük verilməsi, duzdan çox istifadə daşların yaranmasında mühüm rol oynayır.
Mütəxəssis onu da vurğulayıb ki, ana südü ilə qidalanan uşaqlarda böyrək daşlarına demək olar ki, rast gəlinmir: “Uşaqlara bir yaşdan sonra əlavə yeməklər veriləndə, sonradan yeməklərə daha çox duz qatılanda daşların beş yaşa qədər ortaya çıxma ehtimalı artır”.
Həkim onu da deyib ki, hər bir uşaq beş yaşına qədər gündə bir litrə yaxın su qəbul etməlidir, 10 yaşdan sonra isə bu miqdar 1,5 litr olmalıdır: “Tərkibi normativlərə uyğun qazsız sular içilsə daha yaxşı olar. Ev şəraitində standartlara uyğun filtrlərdən keçirilən sulardan da istifadə edilə bilər”.