Pediatr: “Qripin xüsusi müalicəsi yoxdur”
“Peyvəndinin qoruyuculuğu 1-2 il sonra itə bilər”
“Yüksək hərarət zamanı qıcolma yarananda uşağın dilini tutmaq, boğazına qaşıq salmaq cəfəngiyatdır”
“İmmun sisteminin gücləndirən dərmanlar mövcud deyil”
“Qrip olan kimi müalicələrin, antibiotik qəbulunun heç bir əhəmiyyəti yoxdur”
“Temperatur 38 dərəcədən çox deyilsə müdaxilə lazım deyil”
“Virus infeksiyalarının əksəriyyəti, xüsusilə qrip soyuq havada daha çox yayılır. Mövsüm dəyişikliyi, havaların soyuması ilə əlaqədar olaraq uşaqlar arasında bu problemlərlə daha çox rastlaşırıq. Amma bizim əhalinin “soyuqdəymə” dediyi halla qrip eyni hal deyil. Soyuqdəymə zamanı uşaqlar, ümumiyyətlə, insanlar özlərini qripdə olduğu kimi elə də pis hiss etməzlər. Qrip zamanı bir sıra əlamətlərin bir arada yaranması mümkündür. Halsızlıq, bəzən yataqdan başını qaldıra bilməyəcək dərəcədə ağırlaşma, güclü baş ağrısı duyula, yüksək hərarət ola bilər. Bu əlamətlər olanda diqqətli olmaq lazımdır”.
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında pediatr, tibb üzrə fəlsəfə doktoru Əli Quliyev deyib.
Bu gün üçün qripin özəl müalicəsinin olmadığını deyən mütəxəssis, bildirib ki, bununla bağlı xüsusi müalicələrin, eləcə də antibiotik qəbulunun heç bir əhəmiyyəti yoxdur: “Qrip virus infeksiyasıdır, adətən özü gələr və özü də gedər, qripin təxminən 5-7 gün ömrü var. Bu zaman əsas olan bol maye qəbuldur və əgər yüksək hərarət varsa, hərarət salan dərmanların içilməsi tövsiyə olunur. Yanaşı olaraq digər dərmanların qəbulunun mənası yoxdur. Amma qrip ağırlaşacağı halda xəstəyə dəstək müalicəsi təyin olunur”.
Qrip zamanı burun damcısı kimi istifadə olunan dəniz sularının əhəmiyyəti barədə danışan Ə. Quliyev “Bəzən ailələr deyir ki, okean, dəniz suyu töksək də, uşaq sağalmadı. Nəzərə almaq lazımdır ki, bu damcılar ağırlaşmaların qarşısını almaq, nəfəs almanı asanlaşdırmaq üçün tətbiq olunur, müalicə baxımından edilmir”, - deyib.
H1N1 (“donuz qripi”) virusu ilə bağlı əhali arasında hələ də xof olduğunu açıqlayan mütəxəssis vurğulayıb ki, artıq bu virusa insan bədənində antigen yaranmağa başlayıb. Ona görə də bundan sonra bu qripin daha da ağır keçəcəyi, ölüm hallarının baş verməsi gözlənilmir: “Məsələn, normal mövsümi qrip necədirsə, o da elə olacaq”.
H1N1 virusuna qarşı peyvəndlər barədə danışan həkim qeyd edib ki, əvvəllər bu qripə qarşı peyvənd yarananda tək peyvənd şəklində olub və hamıya vurulması tövsiyə edilib. Amma indiki qrip peyvəndlərinin içində H1N1 peyvəndi də var. Yəni “donuq qripi” üçün ayrı, mövsüm qripi üçün ayrı peyvənd yoxdur. Onların ikisi də eyni iynə şəklində vurula bilər”.
Mütəxəssis deyib ki, oktyabrın əvvəlindən başlayaraq istəyən valideynlər 6 ayından etibarən uşaqlara qrip peyvəndləri vurdura bilərlər.
Qrip peyvəndinin qoruyuculuğu barədə suala cavabında Ə. Quliyev deyib ki, bu gün vurulan peyvəndin yaratdığı qoruyuculuq 1-2 il sonra itə bilər: “Qrip virusları çox tez-tez dəyişdiyi üçün peyvəndlərin də dəyişməsi zərurəti yaranır. Normal halda isə qrip peyvəndinin hər il yenilənməsi tövsiyə olunur. Uşaqlarda səkkiz yaşına qədər ilk dəfə yarım, bir ay sonra da yarım doza vurulur, ondan sonrakı illərdə isə ildə bir doza vurulması kifayətdir. Qrip peyvəndi tam qorumasa belə, peyvənd vurulanda uşaqlar qripi daha yüngül keçirirlər”.
“Bütün uşaqlara qrip peyvəndi vurulmalıdırmı”, sualına cavab olaraq Ə. Quliyev deyib ki, Amerika Pediatriya Akademiyası 6 ayından sonra bütün uşaqlara qrip peyvəndi vurulmasını tövsiyə edir: “Əgər ailə tərəddüd edirsə, o zaman xroniki xəstəliklərdən - ürək, ağciyər, böyrək və sairə xəstəliklərindən əziyyət çəkən, yəni qripi daha da ağır keçirən azyaşlılara ilk növbədə peyvənd vurulması tövsiyə olunur”.
Eyni zamanda həkim uşaq kollektivlərində çalışan şəxslərə də qrip peyvəndi vurulmasını tövsiyə edib.
Pediatr əlavə edib ki, daha əvvəl peyvənd vurulandan sonra allergik reaksiyalar qeydə alınıbsa, həmin uşaqlara peyvənd vurulmur. Amma bu, çox nadir görülən bir haldır.
Qripdən qorunmaq barədə mövcud təsəvvürlər barədə danışan mütəxəssis bunları deyib: “İmmun sisteminin gücləndirən dərmanlar yoxdur ki, biz tövsiyə edək və insanlar xəstələnməsin, qrip olmasın, viruslara yoluxmasın. Evdə bir nəfər qripdirsə, digərlərinin də qrip olma ehtimalı 90 faizdir. Maska taxmaq olar, amma onun da qoruyuculuğu tam deyil. Eyni zamanda buruna okean, dəniz suları tökmək olar. Amma uşaqları qripdən qorumaq üçün buruna hansısa krem çəkilməsi, şamlar qoyulması, guya immuniteti gücləndirəcək siropların verilməsi ilə qripdən qorunmaq mümkün deyil.
Sadəcə, qripı olan uşaq çoxlu maye içməli, evdə istirahət etməli, düzgün qidalanmalıdır. Qrip zamanı hər hansı ağırlaşmalar yaranarsa, o zaman antibiotik müalicəsinə başlamaq olar. Belə ağırlaşmalarla onsuz da çox az rastlaşırıq. 100 uşaqdan 80-ni qripi normal keçirir, hər hansı ağırlaşmalar olmur. Dünyada qripin müalicəsi yoxdur, ona görə də özümüzdən yeni müalicə icad edib, tətbiq etməyimiz mümkün deyil”.
“Qrip ağırlaşmayıbsa, müalicəyə gərək yoxdur” deyən pediatrın sözlərinə görə, ağırlaşma varsa, o zaman antibiotik müalicəsinə başlana bilər.
Mütəxəssis, soyuq aylarda valideynlərin virusa yoluxmasın, soyuqlamasın deyə uşaqları qapalı mühitdə saxlamalarının yanlış olduğunu bildirib, qeyd edib ki, virus infeksiyalarının daha çox yayılmasının əsas səbəblərindən biri insanların daha çox qapalı mühitdə qalmaları, təmiz havada az olmalarıdır: “Uşaqlar insanların çox olduğu qapalı mühitdə daha çox viruslarla təmasda olub, onlara yoluxurlar. Düzgün geyindirmək şərti ilə uşaq soyuq havaya da çıxa, gəzə bilər”.
Çox antibiotik qəbulunun fəsadları barədə danışan Ə. Quliyevin bildirib ki, bu zaman allergik reaksiyaların yaranması, mədə-bağırsaq florasının pozulması və bu kimi fəsadlar yaranır. Onun sözlərinə görə, bunlarla yanaşı, ən təhlükəli hal antibiotik çox istifadə olunan zaman antibiotikə qarşı rezistentlik yaranmasıdır. Yəni lazım olan halda antibiotik tətbiq edəndə hər hansı nəticə olmur və hətta dərmanın təsiri olmadığı üçün vəziyyət ağırlaşa, insan itirilə bilər.
Uşaqlarda qrip zamanı hərarətin yüksəldiyi hallarda görülən tədbirlərin effektinə gəlincə, pediatr qeyd edib ki, normal halda viruslara qarşı cavab reaksiyası temperaturun yüksəlməsidir. Müasir tibbi yanaşmalara görə uşaqlarda 38,5 temperatura qədər müdaxilə olunmamalıdır: “Ola bilər ki, uşağa bu duruma qədər hərarəti salmaq üçün dərman verilməsin və birdən-birə temperatur yüksəlsin və qıcolma yaransın.
Hər kəs bilməlidir ki, qızdırmaya bağlı olan qıcolmalardan ölüm halı baş vermir. 6 ayından 6 yaşına qədər bütün uşaqlar hərarətin yüksəldiyi hallarda qıcolma keçirə bilər. Bu kimi hallarda uşağın dilini tutmaq, boğazına qaşıq salmaq cəfəngiyatdır, heç bir elmi əsası yoxdur. Sadəcə, həmin anda qusma baş verərsə, boğulma yaranmasın deyə uşağı böyrü üstdə çevirməyi məsləhət görürük. Bu zaman bədəni nəm əski ilə silmək lazımdır.
Adətən bu, 4-5 dəqiqə davam edir və uşaq həmin haldan çıxır. Narahatlıq varsa, təbii ki, təcili yardıma müraciət oluna bilər.
Hərarət yüksələn zaman qızdırma salan iynələrdən, “smes” deyilən qarışıqlardan istifadə edilməsi qətiyyən tövsiyə olunmur. Müasir tibbi protokollarda belə bir müalicə vasitəsi yoxdur”.
Bu qarışıqların sonradan ciddi fəsadlara səbəb olduğunu açıqlayan Ə. Quliyev hərarət yüksələn zaman uşağı ilıq su ilə yuyundurmağı, temperatur yüksək olduğu müddətdə bu proseduru istənilən qədər təkrar etməyi tövsiyə edib: “Yuyundurub, nazik paltar geyindirib, qızdırma salan dərman vermək olar. Bəzən uşaqları qrip olanda yuyundurmurlar ki, soyuq dəyər, ya da hərarət yüksələndə isti mühitdə saxlayırlar, bunların heç bir əsası yoxdur”...