NEYROCƏRRAH SABİR ETİBARLI: “20 il əvvəl disk yırtığından əziyyət çəkənlərin sayı 20 dəfə az idi”
“Ara həkimlərinin disk yırtığını müalicə etməsi mümkün deyil və buna cəhd etmək yolverilməzdir”
“Disk yırtığı nəticəsində sinirdə geriyə dönməz proseslər getdiyi halda əməliyyatın nəticəsi də müsbət olmur”
“Fəqərələrarası disk yırtıqları bu gün ən geniş yayılan xəstəliklərdən biridir. Bel ağrısından şikayət etməyən insana çox nadir hallarda rast gəlinir. İyirmi il bundan öncə disk yırtığından əziyyət çəkənlərin sayı bu günlə müqayisədə 20 dəfə az idi”.
Bu fikirləri Apa.tv-nin “Öncə sağlıq” proqramında qona olan Azərbaycan Tibb Universitetinin neyrocərrahiyyə kafedrasının müdiri, tibb elmləri doktoru Sabir Etibarlı deyib.
Neyrocərrah hesab edir ki, fəqərələr arası disk yırtıqların əmələ gəlməsinin və çox geniş yayılmasının bir sıra səbəbləri var: “İnsanlarımız elə bilir ki, bu say yalnız Azərbaycanda artıb. Əslində isə bütün dünyada belədir. Bu, tibbin qarşısında duran mühüm problemlərdən biridir. Problemin yaranmasının konkret səbəbi bəlli deyil. Amma müəyyən risk faktorlarının üzərində dayanmaq olar. Disk yırtıqları fəqərə sütununda, fəqərə sümükləri arası qığırdaqlarda əmələ gələn degenerativ proses - mübadilə xəstəliyi sayılır. Yəni orqanizmdə gedən mübadilə prosesinin pozulması nəticəsində bu problem ortaya çıxır. Ona görə də ilk növbədə qidalanma faktoruna diqqət yetirmək lazımdır. Səbəblərdən biri normal qidalanmanın olmaması, qidaların xarakterinin dəyişməsi, qarışıq, mənşəyi məlum olmayan qidalardan istifadədir.
İkinci faktor kimi hipodinamiya, yəni az hərəkətlilik götürülür. Bu amillər arasında elmi- texniki tərəqqinin inkişafını da qeyd etməmək olmur. Keçmişdə bu gün disk yırtığı diaqnozu qoyduğumuz xəstələrin bəlkə də 30 faizinə bu diaqnozu qoya bilməzdik. O zamankı müayinə üsulları indiki kimi dəqiq diaqnozların qoyulmasına imkan vermirdi. Ona görə də bugünkü müayinə metodları disk yırtıqlarının diaqnozunun qoyulmasını asanlaşdırıb və təbii ki, xəstələrin sayının artması həm də bu amillə bağlıdır”.
S. Etibarlı deyib ki, fəqərəarası disk yırtıqları nəticəsində beldə yaranan, eyni zamanda aşağı ətraflara vuran ağrını aradan qaldırmaq üçün 2 aya qədər aparılan müalicənin effekti olmasa, prosedurları davam etdirməyə lüzum yoxdur: “Uzun müddətli sıxılma nəticəsində sinirdə geri dönməz proseslər, atrofiya yaranır. Sıxılma uzun müddət davam edərsə, hətta əməliyyatın da effekti az olur. Disk yırtığından əziyyət çəkən xəstələr çox zaman neyrocərrahlara ağırlaşma olanda müraciət edirlər. O zaman sinirdə geridönməz proseslər getdiyi halda cərrahiyyə əməliyyatın nəticəsi də müsbət olmur. Əgər ciddi fəsadlar yoxdursa, xəstə yalnız ağrı ilə müraciət edirsə, bu zaman əməliyyatdan sonra problemlər də yaranmır və reabilitasiya müddəti qısa çəkir”.
Mütəxəssis ölkədə qeyri-professionalların, ara həkimlərinin disk yırtıqlarını müalicə cəhdləri barədə də danışıb: “Bu gün fəqərəarası disk yırtıqlarını hər kəs “müalicə” etməyə cəhd edir. Bəzən çox qəribə müalicə metodları barədə eşidirik. Çox təəssüf ki, insanlarımız da belə metodlara üstünlük verirlər bir çox hallarda. Beldə ağrı olan yerə müalicə məqsədi ilə yaxma qoyulur, onurğada dartma aparılır. Əgər yırtıq varsa, bu metodlar ona təsir edə, kiçildə bilməz. Ola bilsin ki, beldə ciddi problem yoxdur, sadəcə, soyuqdəymə nəticəsində bir ağrı yaranıb. Belə ağrı yüngül masajla, isidici prosedurla da aradan qalxa bilər. Amma disk yırtığı bu cür metodlarla müalicə olunması mümkün deyil və buna cəhd etmək yolverilməzdir”.
S. Etibarlı onu da deyib ki, fəqərəarası disklərdə problemi olan şəxslər, əməliyyat olunan xəstələr bel-əzələ bağını möhkəmləndirmək üçün sxematik olaraq, həkimin tövsiyə etdiyi gimnastika hərəkətləri etməli, üzgüçülüklə məşğul olmalıdırlar: “Üzgüçülük ən münasib idman hərəkətidir”.
Neyrocərrah qeyd edib ki, fəqərə sütununun, xüsusən disk yırtıqlarının ən düzgün, ən dəqiq müayinəsi Maqnit Rezonans Tomoqrafiya ilə aparılır: “MRT-yə disk yırtıqları üçün ən yaxşı, daha doğrusu, yeganə müayinə metodu demək olar. Bəzən həkimlər xəstələri Kompüter Tomoqrafiya, hətta rentgen müayinələrinə yönəldirlər. Həmin aparatlardan diaqnoz qoymaq üçün imkanı yox dərəcəsindədir. Düzgün diaqnoz qoymaq, xəstənin ekonomik vəziyyətinə çox ziyan vurmamaq üçün MRT müayinəsinə göstəriş vermək lazımdır”.
Tibb elmləri doktoru Sədaqət Hüseynova: “Fəqərələrarası disk yırtıqları bu gün təbabətin qarşısında duran ən mühüm problemlərdən biridir”
“Neyrocərrahi müalicə üçün əsas göstəriş üç aydan çox davam edən, heç bir müalicəyə tabe olmayan ağrı sindromudur”
“Öncə sağlıq” proqramına açıqlama verən tibb elmləri doktoru Sədaqət Hüseynova da qeyd edib ki, fəqərələrarası disk yırtıqları bu gün həm nevrologiyanın, həm neyrocərrahiyyənin, həm travmatologiyanın, bütünlükdə təbabətin qarşısında duran ən mühüm problemlərdən biridir: “Yırtığa ən çox onurğanın bel-oma nahiyəsində rast gəlinir. Disk yırtıqları döş və boyun hissəsində nisbətən az görülür. Bel və oma nahiyəsində isə ən çox patoloji prosesə məruz qalan hissə beşinci bel, birinci oma, dördüncü və beşinci bel fəqərələri olur. Dördüncü, beşinci fəqərəarası diskdə yırtıq əmələ gələrsə, bu zaman ağrı beldə olur. Bu zaman bir, yaxud da iki ayağa ağrı yayılır”.
S. Hüseynova deyib ki, müalicə metodunun seçimi xəstənin vəziyyəti ilə müəyyənləşir: “Neyrocərrahi müalicə üçün əsas göstəriş üç aydan çox davam edən, heç bir müalicəyə - istər dərman, istər fizioterapevtik müalicəyə tabe olmayan ağrı sindromudur. Cərrahi müdaxiləyə ikinci göstəriş kiçik çanaq üzvlərinin funksiyasının pozulmasıdır. Bel disklərində problem olduqda həm sidik kisəsi, həm bağırsaqlarda problem yaranır. Həm qəbizlik, həm sidik ləngiməsi, sidiyi saxlaya bilməmək kimi problemlər yaranır. Bu hal da neyrocərrahi əməliyyat üçün göstəriş sayılır”.
Radioloq: “Rentgenin fəqərəarası disk yırtıqlarını dəyərləndirməkdə həssaslığı sıfırdır”
“MRT olduğu yerdə bu problemlə bağlı KT müayinəsi aparılmaz”
“Öncə sağlıq” proqramına disk yırtıqlarının müayinə üsulları barədə açıqlama verən radioloq, uzman doktor Ağakişi Yəhyayev də deyib ki, Maqnit Rezonans Tomoqrafiya disk yırtıqlarının müayinəsi üçün əvəzolunmaz müayinə üsuludur: “MRT yumşaq toxumaları dəyərləndirmək üçün radiologiyada var olan aparatların içində ən vacib aparatdır. Fəqərəarası disklər yumşaq toxuma olduğu üçün ilk növbədə MRT ilə müayinə olunmalıdır. Müayinə zamanı radiasiyanın olmaması da üstünlükdür. MRT yırtıqların dərəcəsini, onların ağırlaşmasını, sini nə dərəcədə sıxıb-sıxmadığını, fəqərəarası disk ətrafındakı toxumaların dəyərləndirilməsində bir nömrəli müayinə üsuludur. Rentgenin fəqərəarası yırtıqları dəyərləndirməkdə həssaslığı sıfırdır. Sümüklər MRT ilə 40-50 faiz dəyərləndirilə bilər. Amma fəqərəarası disklər, onların yırtıqları, ətraf yumşaq toxumalar rentgenlə dəyərləndirilə bilməz. 40 il bundan qabaq bu problemlər bu cür müayinə metodları ilə dəyərləndirilirdi. Kompüter Tomoqrafiya isə fəqərəarası disk yırtıqlarının dəyərləndirilməsi ilə bağlı bizə qismən kömək edə bilər. KT sümükləri, onların ağırlaşmalarını göstərə bilər. Amma diskləri 60-70 faiz göstərə bilər. Amma MRT olduğu disk yırtıqlarının KT ilə müayinəsi aparılmaz - bəzi məlumatları artırdığına, bəzilərini azaltdığına görə”.
Radioloq onu da deyib ki, MRT-nin insan orqanizmi üçün ziyanı olmağı üçün müayinələrin təkrarlanma sıxlığında və tezliyində heç bir ziyan yoxdur: “Ümumiyyətlə, radiologiyadakı dörd müayinə metodundan 2-si Ultrasəs müayinəsi və MRT-nin ziyanı yoxdur. Rentgen və Kompüter Tomoqrafiya radiasiya tərkibli olduğu üçün zərərləri var”.