Yüksək təzyiq nədən yaranır?
“Hər 4-5 nəfərdən birində təzyiq problemi var”
“Təzyiq xəstəliyi olan insanların 30 faizi problemin olduğundan xəbərsizdirlər”
“Təzyiq xəstəliyi fəsadları ilə təhlükəlidir”
“Yüksək təzyiq çox gənc yaşlarda əlilliyə və ölümə səbəb olur”
“Tez-tez təkrarlanan baş ağrıları yüksək təzyiqin ilkin simptomudur“
“Təzyiq bir neçə dəfə 130, 140 həddində qeydə alınırsa, müalicəyə başlamaq lazımdır”
“Böyrəküstü vəzi hormonlarının normadan artıq ifrazı təzyiqin birdən-birə yüksəlməsinə səbəb olur”
“Yanlış qidalanma, düzgün olmayan həyat tərzi, zərərli vərdişlər təzyiq yaradır”
“Yalnız dərmanla təzyiqin normaya düşəcəyini gözləmək düzgün deyil”
“Başlanğıc mərhələdə artıq çəkidən azad olmaqla təzyiqi normaya salmaq mümkündür”
“Duz qəbulunu minimuma endirmək lazımdır”
“Duzun əvəzinə təbii turş məhsullardan istifadə etmək olar”
“Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, bu gün dünyada 20 yaşından yuxarı olan əhalinin 26 faizində təzyiq xəstəliyi mövcuddur. Təzyiq orqanizmdə problem olduğunu göstərən siqnaldır, bu hala laqeyd yanaşmaq olmaz”.
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında nefroloq, tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Neftçilər Xəstəxanasının əməkdaşı Elnur Fərəcov deyib.
Mütəxəssis bildirib ki, təzyiq xəstəliyi olan insanların 30 faizinin onlarda bu problemin olması barədə məlumatları yoxdur. Təzyiq xəstəsi olan insanların təxminən 40 faizi isə problem olduğunu bilsələr də, ya adekvat müalicə almırlar, ya da ümumiyyətlə, müalicə olunmurlar. Təzyiq xəstələrinin qalan 30 faizi normal şəkildə müalicə qəbul edir və özlərini ciddi fəsadlardan qorumuş olurlar.
E. Fərəcov təzyiq xəstəliyinin fəsadlarının təhlükəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, beyin qan dövranının pozulması, beyin infarktı, beyin qanamaları, ürək fəaliyyətinin pozulması, böyrək çatışmazlığı kimi hallar çox ciddi fəsadlardır və insanların daha gənc yaşlarda əlilliyinə və ölümə səbəb olan risk faktorlarıdır:
“Bu gün əvvəlki dövrlərlə müqayisədə daha çox metabolik problemlər, yəni yanlış həyat tərzi, yanlış qidalanma sayəsində ortaya çıxan problemlərlə rastlaşırıq. Burada təzyiq, şəkərli diabet, ürək-damar problemlərini qeyd etmək vacibdir.
Təzyiqin yaranmasına səbəb olan faktorlar müxtəlifdir. Amma təəssüflər olsun ki, bu gün dünyada təzyiqin nədən yaranmasını dəqiq şəkildə heç kim bilmir. Baxmayaraq ki, bununla bağlı çox geniş araşdırmalar aparılır, amma bu yöndə dəqiq nəticə yoxdur”.
Birincili təzyiq problemi barədə danışan həkim deyib ki, təzyiq problemi olan hər yüz insandan 90-na birincili təzyiq diaqnozu qoyulur:
“Bizdə insanlarda təzyiq ölçmə vərdişi yoxdur. Ələlxüsus gənc insanlar buna əhəmiyyət vermirlər. Kimdəsə tez-tez baş ağrıları baş verirsə, bu, yüksək təzyiqin ilkin simptomu ola bilər. Buna sadə bir baş ağrısı kimi baxmaq olmaz. Baş ağrıları varsa, tez-tez təkrarlanırsa, mütləq təzyiqi ölçmək gərəkdir.
Əgər bir insanda təzyiq normal haldan - yəni 120-80-dən yuxarıdırsa, histolik təzyiq 130-140 arasındadırsa, bu, təzyiq probleminin başlanğıc mərhələsi sayılır.
Bu çox önəmli haldır. Çox zaman bu hala diqqət edilmir və əhəmiyyətsiz bir şey kimi yanaşırlar. Sonrakı mərhələlərdə 140-150, yaxud 150-160 arası, ya da 160-dan yüksək olan təzyiqlərin olması mümkündür.
Biz təzyiqi olan insanların 10 faizində ikincili təzyiq olduğunu təyin edirik. Məsələn, böyrəyə gedən damarlarda qan dövranının pozulması nəticəsində təzyiqin yüksəlməsi mümkündür. Bu, həm gənc, həm də yaşlı insanlarda baş verə bilər.
Bu, yaşlı insanlarda ateroskleroz, gənclərdə isə damarların iltihabı və başqa problemlər nəticəsində özünü büruzə verir. Nəticə olaraq böyrəkdə qan dövranı pozulur, hormonlar təzyiqi yüksəldir ki, daralmış damarlardan böyrəyə daha çox qan gəlsin”.
Onun sözlərinə görə, böyrəküstü vəzlərində yerləşən, duz və su mübadiləsini tənzimləyən hormonlar təzyiqi stabil saxlamağa xidmət edir. Əksər hallarda həmin vəzlərdə xoşxassəli, nadir hallarda isə bədxassəli şişlərin yaranması nəticəsində həmin hormonların normadan artıq ifrazı təzyiqi yüksəldir. Bəzi hormonların normadan artıq ifrazı təzyiqin tədricən, bəzilərinin artıq ifrazı isə anidən 200, 250-yə yüksəlməsinə səbəb olur.
Ürək qüsurları, ürək xəstəliklərinin də təzyiqin yüksəlməsinə səbəb olduğunu deyən E. Fərəcov bildirib ki, qalxanabənzər vəzi hormonlarının azalması və çoxalması nəticəsində də təzyiqin qalxması mümkündür.
Mütəxəssis bildirib ki, daha yüksək, dərmana tabe olmayan təzyiqin qeyd olunan xəstəliklər nəticəsində yaranması şübhəsi var: “Amma bu heç də şərt deyil. Bu hal təzyiqin başlanğıc mərhələsi də ola bilər. Ona görə də biz yüksək təzyiqlə bağlı müraciət edən xəstədə altda yatan səbəbləri öyrənməliyik. İstər böyrək damarlarını, istər hormonal vəziyyəti müayinə etməliyik”.
Əksər hallarda birincili təzyiq problemi ilə qarşılaşdıqlarını deyən nefroloq bildirib ki, bu, yanlış qidalanma, oturaq həyat tərzi, genetik faktorlar nəticəsində ortaya çıxır.
Həkim onu da vurğulayıb ki, təzyiqin müalicəsində yalnız dərman preparatlarından istifadə yanlışdır: “Yalnız dərman qəbul etməklə təzyiq probleminin həll olunacağını gözləmək yanlışdır. Bu, ələlxüsus da gənc insanlara aiddir. Təbii ki, təzyiq yüksək səviyyədədirsə, dərman preparatları ilə onun fəsadlaşmasının qarşısını almaq lazımdır. Amma bununla məhdudlaşmaq olmaz”.
E. Fərəcov qeyd edib ki, aşağı səviyyədə olan təzyiqi bir müddət dərman preparatlarını kənarlaşdıraraq normaya salmaq olar: “Bunun üçün ilk növbədə bədən çəkisinə diqqət etmək vacibdir. Artıq çəkisi olan və piylənmədən əziyyət çəkən insanlarda çəkini normaya salanda təzyiq əksər hallarda stabilləşir. İnsan 10-15 kilo çəki itirirsə, avtomatik olaraq təzyiq 15-30 vahid aşağı enir.
Burada ikinci mühüm faktor duz qəbuludur. Artıq bütün dünyada insanlar əvvəlki illərlə müqayisədə daha çox emal olunan məhsullardan istifadə edirlər. Emal olunan məhsullarda isə duz miqdarı normadan çoxdur. Bu, qlobal problemdir.
Bu səbəbdən biz gündəlik duz qəbulunu minimuma endirməliyik. Normal halda bir insan gündəlik norma olaraq 6 qram duz qəbul etməlidir. Bundan çox olmaz. Təzyiqi olan insanlar isə 3 qram qəbul etməlidirlər. Duz qəbulunu minimuma endirməliyik. Duzun bədəndə olan suyu saxlamaq qabiliyyəti var, bu isə təzyiqin qalxmasına səbəb olur. Duzun əvəzinə turş məhsullar, məsələn, limon, sumax istifadə etmək lazımdır.
Üçüncü əsas faktor isə aktivlik, hərəkətdir. Hər bir insan gün ərzində minimal 30 dəqiqə hərəkət etməlidir.
Təzyiq bir çox hallarda tədricən qalxdığı üçün insanlar belə bir problemin olduğundan xəbərsiz olurlar. Ona görə də təsadüf nəticəsində ölçüləndə, təzyiq olduğunu eşidəndə bir çoxları buna inanmırlar. Yadda saxlamaq lazımdır ki, yüksələn təzyiqi hiss etməyə də bilərik. Ona görə də hər kəs vaxtaşırı təzyiqini ölçməlidir. Bu gün hər bir ailədə təzyiq ölçən aparat olmalıdır. Hər 4-5 nəfərdən birində təzyiq probleminin olması ciddi haldır və hər kəs diqqətli olmalıdır”.