“Qrip kəskinləşəndə meningit, nefrit, miokardit inkişaf edə bilər”

“Son zamanlar əhali arasında geniş müşahidə edilən hal qrip yox, zökəmdir”

 

“Yalnız laborator araşdırmalardan sonra hansı virusun yayıldığını demək olar” 

 

“İstənilən virus infeksiyası təhlükəlidir”

 

“A tipli qripə yoluxmanın əsas əlamətləri yüksək hərarət, öskürək, dözülməz baş, əzələ ağrılarıdır”

 

“Qrip immuniteti zəif olanlarda, yaşlılarda, körpələrdə, hamilə qadınlarda ağırlaşma yarada bilər”

 

“Kəskin respirator infeksiyalara yoluxanlar təcrid olunmalıdır”

 

 “Virus əleyhinə preparatlar yoluxmadan sonra təsir gücünə malik olmur”

 

“İl ərzində 3 dəfədən artıq xəstələnmək immun sistemində problem olduğuna dəlalət edir”

 

 

“Qrip peyvəndinin qoruyuculuğu bir mövsümlükdür”

 

 

“Adətən qripdən 20 günə sağalmaq olur”

 

 

 

 

“Son zamanlar əhali arasında hər iki nəfərdən birində soyuqdəymə əlamətləri müşahidə olunur. Bu şəxslərdə burundan selik ifrazı, baş, alın, göz nahiyəsində ağrılar, halsızlıq, əzginlik kimi əlamətlər qeydə alınır. Bu halları görən kimi insanlar dərhal qripə yoluxduqlarını düşünürlər. Lakin elmi baxımdan yanaşsaq, bu, heç də qrip virusu infeksiyası deyil, orqanizmin soyuqlaması nəticəsində yaranan vəziyyətdir”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında Vəli Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Lalə Rüstəmova deyib.

 

 

Son zamanlar əhali arasında geniş yayılan respirator xəstəliyin zökəm olduğunu deyən mütəxəssis, ölkədə qrip virusunun yayılmadığını bildirib:

 

“Mövsümlə əlaqədar olaraq əhali arasında oktyabr ayından başlayaraq aprel ayına qədər respirator xəstəliklərə yoluxanların sayı artır. Kəskin respirator xəstəliklər deyəndə respirator virusların törətdiyi infeksiyalar nəzərdə tutulur.

 

Qrip infeksiyasının konkret törədicisi var, bu infeksiyanın törədicisi - A, B və C qrip viruslarıdır. Biz hansısa infeksiyanın yayıldığını törədicini müəyyənləşdirdikdən sonra deyə bilərik. Yəni virus infeksiyasının törədicisi laborator şəraitdə təsdiqləndikdən sonra demək olar ki, bu, konkret olaraq nədir.

 

Havaların soyuması ilə əlaqədar olaraq bir çox hallarda immun sistemində zəiflik müşahidə olunur. Daha çox immun sistemi zəif olan və risk qrupuna daxil olan insanlarda kəskin əlamətlərin üzə çıxması narahatlıq doğuran haldır”.   

 

Mütəxəssis qeyd edib ki, yaşlı şəxslər, hamilə qadınlar, xroniki xəstəliklərdən əziyyət çəkənlər, körpələr, yeni doğulmuşlar, müəyyən patologiyalarla doğulan uşaqlar kəskin respirator virus infeksiyalarına yoluxma baxımından risk qrupuna daxildirlər və bu şəxslərə qarşı daha çox diqqətli olmaq lazımdır:

 

“Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda Azərbaycanda, konkret olaraq Bakıda kəskin respirator virus infeksiyalarının bəzi törədicilərinin yayılma, aşkar olunma vəziyyəti, onların spektri müayinə olunur. 2016-cı ilin nəticələrinə əsasən deyə bilərəm ki, Bakı şəhərində yerləşən uşaq və böyük poliklinikalarına müraciət edən şübhəli şəxslərin burnundan götürülən yaxmaların laborator analizi nəticəsində adenavirus infeksiyası və respirator sincitial virus aşkar edilib. Ötən il bizim apardığımız müayinələrdə A qripi virusu aşkarlanmayıb”.

 

 

Son günlər Azərbaycanda qeydə alını A tipli N3 N2 qripinin təqdim edildiyi kimi təhlükəli, öldürücü olması barədə deyilənlərlə razılaşmayan L. Rüstəmova bununla yanaşı bildirib ki, istənilən halda hər hansı virus infeksiyası təhlükəlidir.

 

 

Bəs A qrip infeksiyasına yoluxmanın əsas əlamətləri hansılardır?

 

L. Rüstəmova deyib ki, bu virusa yoluxma çox yüksək, yəni 38-40 dərəcə hərarətlə, öskürək, dözülməz həddə olan baş ağrıları, xüsusilə göz nahiyəsində olan ağrılarla özünü büruzə verir: “Hətta göz nahiyəsində olan ağrılar o dərəcədə şiddətli olur ki, pasientlər gözlərini hərəkət etdirməyə çətinlik çəkdiklərini deyirlər. Burada əsas əlamətlərdən biri əzələ və oynaq ağrılarıdır. Zökəm zamanı bu əlamətlər müşahidə edilmir. Bu əlamətlər olsa belə qripdə olduğu kimi kəskin deyil, yüngül formada olur”.

 

Mütəxəssis bildirib ki, qripin ağırlaşmaları, onun yaratdığı fəsadlar təhlükəli sayılır. O, yuxarı tənəffüs yollarının zədələnməsi ilə qeydə alınan pnevmoniyalar, plevritlər, eyni zamanda ürək əzələsinin zədələnməsi ilə müşahidə olunan miokarditlərin də buraya aid olduğunu deyib.

 

Onun sözlərinə görə, ağırlaşmalar immuniteti çox zəif olan insanlarda, risk qrupuna daxil olan şəxslərdə, yaşlılarda, hamilələrdə, azyaşlılar, müxtəlif patologiyalarla doğulan uşaqlarda daha çox qeydə alına bilər.

 

“Qripdən, zökəmdən qorunmaq üçün hansı tədbirlər görülməlidir” sualına cavab olaraq həkim deyib ki, infeksiyaya yoluxmamaq üçün ilkin tədbir yoluxan şəxsin aşkarlanması və onun mümkün qədər təcrid olunmasıdır.

 

L. Rüstəmova qeyd edib ki, profilaktik tədbirlər deyəndə ilk növbədə diqqət mütəşəkkil uşaq kollektivlərinə yönəldilməlidir. Məktəbəqədər müəssisələrdə, məktəblərdə xəstə uşaqlar varsa, yəni qripə, zökəmə xas olan əlamətlərin ikisi, üçü qeydə alınırsa, həmin uşaqları mütləq təcrid etmək, kollektivdən uzaqlaşdırmaq lazımdır. Bundan sonra laborator müayinə aparılmalı, respirator virusun növü dəqiq təyin olunmalı, daha sonra müalicəyə başlanmalıdır.

 

 

Əhalinin sanitar maarifləndirilməsinin də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan həkim virus əleyhinə olan preparatların qəbul edilməsi barədə də danışıb. Mütəxəssis deyib ki, yoluxandan sonra həmin dərmanların effekti olmur: “Yəni bu preparatları yoluxana qədər qəbul etmək lazımdır. Yoluxandan sonra onların demək olar ki, praktik effekti olmur. Viruslardan qorunmaq üçün klassik “İnterferon” damcısı yaxşı effekt verir. Bu hətta körpə uşaqlara da tətbiq oluna bilər. Bu damcılardan, virus əleyhinə olan digər preparatlardan istifadə olunsa, yoluxma baş versə belə, xəstəlik yüngül formada keçir, demək olar ki, ağırlaşmalar qeydə alınmır”.

 

Mütəxəssis kəskin respirator virus infeksiyalarına yoluxan şəxslərin həkimə müraciət etmələrinin vacib olduğunu vurğulayıb. Qeyd edib ki, şübhəli əlamətlər varsa, ilk növbədə sahə həkimlərinə müraciət olunmalı, yoluxan şəxslər müalicə edilməlidir.

 

Həkim onu da deyib ki, bir şəxsdə il ərzində 3 dəfədən artıq zökəm, qrip əlamətləri müşahidə olunursa, deməli, onun immun sistemində problem var. Onun sözlərinə görə, il ərzində bir dəfə yoluxma normal haldır.

 

L. Rüstəmova kəskin respirator infeksiya ilə xəstələnən şəxsin 20 günə sağaldığını, müalicə olmayanda isə xəstəliyin uzun zaman davam etdiyini, ağırlaşma yarandığını deyib. Onun sözlərinə görə, qrip infeksiyası daha kəskin vəziyyət yaratdığı üçün zökəmə nisbətən uzun müddət davam edir.

 

Həkim vurğulayıb ki, qrip infeksiyasının özündən çox onun fəsadları qorxuludur. Qripin ən çox fəsad yaratdığı orqanlar, baş beyin, ürək-damar sistemi və böyrəklərdir: “Yəni qripin kəskinləşməsi zamanı meningitlərin, nefritlərin, miokarditlərin inkişaf etməsi mümkündür. Ona görə də ağırlaşmalardan qorunmaq üçün şübhəli əlamətlər olanda mütəxəssisə müraciət olunmalıdır”.

 

Qrip əleyhinə peyvəndlər barədə danışan mütəxəssis qrip virusunun daha çox antigen dəyişikliyinə məruz qaldığını, bu virusun demək olar ki, hər il yeni antigen variantının meydana çıxdığını deyib: “Bu virusların hər il yeni ştamının yaranması mümkündür.

Ona görə də qripə qarşı peyvənd profilaktikasına bir qədər ehtiyatla yanaşılır.

 

Bu il istifadə olunan peyvəndin gələn il istifadəsinin mümkün sayılmaması mümkündür.  Çünki biz gələn il qrip virusunun yeni ştamı ilə qarşılaşa bilərik. Belə olan halda konkret törədiciyə qarşı hazırlanan peyvənd digər törədiciyə təsir etmir.

Amma bu o demək deyil ki, peyvənddən imtina olunmalıdır. Bu gün də qrip əleyhinə  peyvəndlər dünyanın qabaqcıl ölkələrində tətbiq edilir”.

 

 

 

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR