Exinokokk: orqanları sıradan çıxaran təhlükədən necə qorunmalı?

“Exinokokk paraziti ən çox qaraciyərdə toplanır, dalaq, böyrəklər, beyin, ürəkdə də olma ehtimalı var”

 

“Exinokokk kistasının partlaması şok yaradır, ölümə də səbəb olur”

 

“Bəzən kista partlayanda hər hansı şikayət vermir”

 

“Gənc insanlarda kistaların partlama riski daha böyükdür”

 

“Xəstəliyin ağırlaşmalarının qarşısını almaq üçün müalicəsi vaxtında və düzgün aparılmalıdır”

 

“Exinokokk kistası heç bir şikayət vermədən təsadüfən də aşkarlanır”

 

“Exinokokkun yayılmaması üçün gigiyenik normalara əməl olunmalı, əhali arasında maariflənmə aparılmalıdır”

 

 

“Exinokokk başqa ölkələrdə olduğu kimi Azərbaycanda da yayılan xəstəlikdir. Exinokokk kistalarına daha çox qaraciyərdə rast gəlinir”.

 

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında cərrahiyyə uzmanı, Mərkəzi Neftçilər Xəstəxanasının əməkdaşı Eldar Əhmədov deyib.

 

E. Əhmədovun sözlərinə görə, bu təhlükəli parazit xəstəliyinə maldarlıq, heyvandarlığın inkişaf etdiyi ərazilərdə yaşayan insanlar arasında daha çox rast gəlinir. Exinokokk parazitləri daha çox it, canavar, tülkü, pişik  orqanizmlərində, daha doğrusu, onların bağırsaq sistemində yaşayırlar. Həmin heyvanların nəcisi vasitəsi ilə xaricə atılan exinokokk yumurtaları digər heyvanların, eləcə də insanın orqanizminə keçir. Daha çox yaxşı yuyulmamış göyərti, meyvə-tərəvəz, hətta su vasitəsilə insan bədəninə daxil olur.

Mədəyə daxil olandan sonra bu yumurtalar mədə şirəsinin təsiri ilə parçalanır və əmələ gələn qurdcuqlar qan sistemi vasitəsi ilə birinci növbədə qaraciyərə çatırlar.

 

 

Həkim deyib ki, qurdların 70 faizə qədər qaraciyərdə qalır, ona görə də exinokokk kistalarına ən çox qaraciyərdə rast gəlinir. Qaraciyərdən sorulan qurdların 30 faizi isə buradan birbaşa ağciyərlərə gedir, təxminən 20 faizə qədəri ağciyərlərdə qalır. Qaraciyərdən sonra ən çox exinokokk kistalarına ağciyərlərdə rast gəlmək olur. Yerdə qalan 10 faizə qədər qurdcuqlar isə digər orqanlara yayılırlar.

 

Onun sözlərinə görə, exinokokkun əksər orqanlara, dalaq, böyrəklər, beyində, ürək əzələsində toplanması, kistalar əmələ gətirməsi ehtimalı var.

Mütəxəssis bildirib ki, daha çox heyvandarlıqla məşğul olan, heyvan saxlayan insanlarda bu problemə rast gəlinsə də, bəzən heyvanlarla heç bir əlaqəsi olmayan şəxslərdə də exinokokk aşkarlanır. Bu isə gündəlik istifadə olunan meyvə-tərəvəzlərin düzgün, yaxşı  yuyulmadan qəbul edilməsindən irəli gəlir. Bütün bunlar isə xəstəliyin profilaktikasının aparılmamasından qaynaqlanır: “Hər şeydən əvvəl bilməliyik ki, küçələrdə olan sahibsiz heyvanların exinokokk daşıması ehtimalı böyükdür. Çünki ev itlərinə, sahibi olan heyvanlara ildə bir neçə dəfə exinokokk həbləri verilir. Həmin dərmanların tək dozası heyvanların bağırsağında olan exinokokk yumurtalarının təmizlənməsi üçün yetərlidir.  Dərman verilən heyvanlarda heç vaxt exinokokk olmur. Bu dərmanların digər heyvanlara da verilməsi vacibdir. Yəni çox sadə tədbirlərlə xəstəliyin yayılmasının qarşısını almaq olar. İnkişaf etmiş ölkələrdə exinokokka çox nadir hallarda rast gəlinir. Bu da həmin ölkələrdə profilaktik tədbirlərin görülməsindən irəli gəlir”.

 

 

Həkim qeyd edib ki, orqanlarda inkişaf etməyə başlayan exinokokk müxtəlif simptomlar yaradır: “Məsələn, qaraciyərdə böyümüş exinokokk kistası ətraf orqanları sıxa bilir. Kistanın öd yollarına, qarın boşluğuna açılması nəticəsində ağırlaşmaların yaranması mümkündür. Ona görə də exinokokk ciddi bir xəstəlik kimi qəbul olunur.

Onun ağırlaşmalarının qarşısını almaq üçün müalicəsi vaxtında və düzgün aparılmalıdır”.

 

 

E. Əhmədov deyib ki, exinokokk kistaları bir sıra hallarda təsadüfən aşkarlanır: “Məsələn, xəstə tamam başqa bir səbəb, mədə, qarın ağrısı şikayəti ilə həkimə müraciət edir. Bu zaman müayinələrdən keçəndə qaraciyərdə exinokokk olduğu aşkarlanır. Yəni exinokokk tamamilə başqa, ona xas olmayan şikayətlər əsasında da tapıla bilər”.

 

Cərrah qeyd edib ki, çox böyümüş, qaraciyər kapsulunu sıxan exinokokk ağrı verə bilər: “Yaxud da exinokokk kistası irinləyə bilər, bu zaman qaraciyər absesi yarana və xəstədə ağrılara, qızdırmaya səbəb ola bilər”.

 

Həkim qeyd edib ki, kistaların öd yollarına açılması nəticəsində mexaniki sarılıq əmələ gəlməsi də mümkündür.

 

 

E. Əhmədov deyib ki, ağ ciyərdə olan exinokokk kistaları böyüdüyü hallarda bronxlara açıla, öskürək əlamətləri yarada, döş qəfəsində ağrıya, qızdırmaya səbəb ola bilər.

 

Exinokokk kistalarının partlaması halları barədə danışan mütəxəssis qeyd edib ki, partlamış kistanın anafilaktik şok yaratması ehtimalı var. Onun sözlərinə görə, kistanın içərisində olan maye zəhərli xüsusiyyətə malik olduğu üçün belə bir hal baş verir. Anafilaktik şok nəticəsində xəstənin itirilməsi də mümkündür.

  

E. Əhmədov deyib ki, bəzən partlayan kista anafilaktik şok yaratmaya, hər hansı əlamət verməyə də bilər. Hətta kista partlayandan bir neçə il sonra aparılan müayinələr nəticəsində partlamış kistanın qarın boşluğunda çoxlu sayda kistaların meydana gəlməsinə səbəb olduğu  aşkarlanır.

 

Radiologiya uzmanı, Respublika Diaqnostika Mərkəzinin həkimi Ağakişi Yəhyayev isə deyib ki, hazırda radiologiyanın verdiyi imkanlarla exinokokk xəstəliyinin diaqnozunun qoyulması rahatdır, sadə bir USM müayinəsi exinokokk kistasının olub-olmadığını göstərir.

 

Böyümüş exinokokk kistalarını aşkarlamağın çox asan olduğunu deyən mütəxəssisin fikrincə, hətta təcrübəsi az olan USM mütəxəssisləri exinokokk kistalarını aşkarlaya bilər. Radioloq ilkin mərhələdə olan exinokokk kistalarının başqa kistalardan fərqləndirmək üçün digər müayinələrin aparılması, laborator analizlərin verilməsinin lazım gəldiyini açıqlayıb.

 

A. Yəhyayev onu da deyib ki, Azərbaycanda hətta ürək əzələsinin içində exinokokk kistalarına rast gəlinməsi, onların əməliyyatla çıxarılması halları da olub.

 

 

Radioloq qeyd edib ki, exinokokk daim maye ifraz etdiyi üçün kista daxilində təzyiq olur, kistanın öz-özünə və yaxud travma nəticəsində partlaması mümkündür.   

Onun sözlərinə görə, gənc insanlar daha hərəkətli olduqları üçün onlarda olan kistaların partlama riski daha böyükdür.

 

 

A.Yəhyayev bu ağır problemlə qarşılaşmamaq üçün əhalinin maariflənməsinin vacib olduğunu vurğulayıb. Qeyd edib ki, ölümə, orqanların tamamilə sıradan çıxmasına, qaraciyər transplantasiyasına gətirib çıxaran exinokokkun qarşısını çox sadə profilaktik tədbirlərlə almaq mümkündür:  

 

“Çox sadə tədbirlərlə potensial yayma qaynağı olan itlərə, pişiklərə exinokokk əleyhinə dərmanların verilməsi, meyvə-tərəvəzlərin, göyərtilərin yaxşı yuyulub-təmizlənməsi ilə exinokokkdan uzaq qalmaq olar. Şəhərdə, şəhər ətrafında, kəndlərimizdə kifayət qədər sahibsiz itlər var. Biz demirik ki, onları öldürmək lazımdır, xeyr. Bir dərmanla problemi həll etmək mümkündür”.

 

Exinokokkun invaziv radiologiya metodu ilə müalicəsi barədə danışan A.Yəhyayev deyib ki, invaziv metod yalnız qaraciyərdə olan exinokokk kistalarının müəyyən mərhələləri üçün keçərlidir. Digər orqanlarda olan exinokokk kistaları ilə bağlı bu metoddan istifadə edilməməlidir: “Başqa orqanlarda olan exinokokk kistalarını aradan qaldırmaq üçün bu metoddan istifadə zərərlidir və icra olunmamalıdır”.

 

 

E. Əhmədov onu da bildirib ki, müasir tibdə exinokokkun xüsusi qrup dərmanlarla asanlıqla müalicəsi mümkündür. Həmin dərmanlar parazitləri öldürmək qabiliyyətinə malikdir. Onun sözlərinə görə, müayinələrdən sonra dərmanla müalicə üçün göstəriş varsa, bunlar təyin olunur. Yox, dərmanla müalicə mümkün deyilsə, o zaman problem müdaxilə ilə, cərrahi yolla aradan qaldırılır.

 

Əvvəllər exinokokk problemi ilə bağlı daha çox cərrahi əməliyyatlar tətbiq olunduğunu deyən cərrah bu gün vəziyyətin fərqli olduğunu, ümumiyyətlə, təbabətdə cərrahi yolla müalicə hallarının azaldığını vurğulayıb.

 

Həkim bildirib ki, exinokokk kistaları çox böyük olanda, ya da orqanlarda çoxlu sayda kistalara rast gəlinəndə artıq cərrahiyyə əməliyyatı ilə problemi aradan qaldırmaq lazım gəlir.

 

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR