Plastik əməliyyatların sayının artması nədən xəbər verir?
“Plastik, rekonstruktiv cərrahiyyə əməliyyatlarının 25 faizini estetik əməliyyatlar təşkil edir”
“Əvvəllər plastik burun əməliyyatı 2 saata bitirdi, indi isə 45 dəqiqəyə icra olunur”
“Estetik əməliyyatların içərisində burun əməliyyatları üstünlük təşkil edir”
“Pasient dediyimizlə razılaşmırsa, düşünürük ki, deməli ya depressiyadadır, ya da hansısa psixoloji problemləri var”
“Estetik burun əməliyyatı üçün müraciət edənlərin 15-20 faizi söhbətdən sonra fikrindən daşınır”
“Üzə gellərin vurulması fəsadlar yaradır”
“Bütün pasientlərin əməliyyatın nəticəsindən razı qalması mümkün deyil”
“Plastik əməliyyat olunan 100 nəfərdən 5-8-də ikincili korreksiyaya ehtiyac olur”
“Sifət nə qədər gözəl olsa da, burunda əyrilik, qüsur olanda gözəllik nəzərə çarpmır”
“Son zamanlar plastik cərrahiyyə əməliyyatlarının sayı artıb. Bu, plastik, rekonstruktiv cərrahiyyənin yüksək səviyyədə inkişaf etməsinin göstəricisidir. Bu artım həm də bu gün insanların daha çox maariflənməsindən, daha məlumatlı olmalarından xəbər verir”.
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında plastik, estetik, rekonstruktiv cərrah, tibb elmləri doktoru Vaqif Qələndər deyib.
Mütəxəssis bildirib ki, son illər istifadə olunan texnologiyalar daha yüksək səviyyədə cərrahiyyə əməliyyatlarının icra olunmasına şərait yaradır: “Məsələn, əvvəllər plastik burun əməliyyatları 2 saat, 2 saat yarıma icra olunurdu, indi isə bu, 40-45 dəqiqə davam edir. Çünki əməliyyatın texnikası, metodikası elə dəyişib ki, həm zaman qısalıb, həm də əməliyyatın keyfiyyəti yüksəlib. Bütün əməliyyat protokolları dəyişib, müasirləşib”.
Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da insanların daha gözəl, qüsursuz görünmək istədiklərini deyən V. Qələndər qeyd edib ki, estetik əməliyyatların içərisində rinoplastika, yəni plastik burun əməliyyatları birinci yerdə gedir:
“Amma ümumilikdə plastik, rekonstruktiv cərrahiyyə əməliyyatlarının 25 faizini estetik əməliyyatlar təşkil edir. Onların içində birinci yerdə gələn plastik burun əməliyyatlarıdır.
Bu da ondan irəli gəlir ki, üz quruluşunun gözəlliyində 60-65 faiz rol burunun payına düşür. Sifət nə qədər gözəl olsa da, burunda əyrilik, qüsur, deformasiya olanda o gözəllik nəzərə çarpmır.
Bəzən pasient bizə foto gətirir, deyir ki, burnumu bu fotodakı buruna bənzədin. Biz əməliyyat zamanı burunun, üzün fizionomik ölçülərini nəzərə alırıq. Ölçü mütləq nəzərə alınmalıdır, müvafiq ölçülər bir-birindən fərqli olanda uyğunsuzluq əmələ gəlir.
Ya da deyirlər ki, nə edirsiniz edin, burun çox balaca görünsün.
Yaxud da bir xanım deyir ki, elə edin ki, mənim burnum rus xanımların burnuna bənzəsin. Təbii ki, üz cizgiləri uyğun gəlirsə, bənzədirik. Amma uyğun gəlmirsə, biz bunu edə bilmərik. Pasient bizimlə razılaşırsa, əməliyyatı edirik. Razılaşmayanda bu şəkildə əməliyyat etmirik. Pasientlərin dediyimizlə razılaşmadığı hallar da olur. Artıq belə hallarda bizdə şübhə yaranır. Düşünürük ki, pasient üzünə uyğun burun istəmirsə, deməli ya depressiyadadır, ya da hanınsa psixoloji problemləri var.
Bəzən pasient müraciət edəndə baxırıq ki, burunda qüsur var, amma o deyəndə ki üzdə olan başqa bir problemə görə müraciət edib, heç demirik ki, niyə burundakı qüsuru aradan qaldırmırsan. Deməli, bu, həmin şəxs üçün problem sayılmır, bunu özü üçün psixoloji problemə çevirməyib”.
Mütəxəssis deyib ki, estetik burun əməliyyatı üçün müraciət edən pasientlərin 15-20 faizi söhbətdən sonra əməliyyatdan imtina edib.
“Yaxşı plastik cərrahın rəssam duyumu olmalıdır” deyən V. Qələndər vurğulayıb ki, əməliyyat zamanı üz cizgiləri dəqiqliklə nəzərə alınmalıdır: “Elə etmək lazımdır ki, problem yaranmasın, pasient sonradan kompleksə girməsin. Hər rəssamın əsəri bir-birinə bənzəmədiyi kimi bütün plastik cərrahların da işləri bir-birinə bənzəmir. Mənim etdiyimi digəri, onun etdiyini mən edə bilmərəm”.
Plastik əməliyyatlar zamanı hər zaman təbiiliyi qoruyub saxlamaq mümkün olurmu?
Mütəxəssis hər zaman buna çalışdığını deyib: “Mən hər zaman üzdə təbiiliyi qoruyub saxlamağa üstünlük verirəm. Botokslardan istifadə etmirəm. Pasientin öz piyindən qırışları azaltmaq üçün istifadə edirəm. Yaxud da hialuron tərkibli maddələrin istifadə edirəm. Çünki insanın dərisində də hialuron var. Süni tərkibli gellərin vurulması həm də fəsadlar yaradır”.
Pasientlərin istəyi və nəticələrdən razı qalıb-qalmamaları barədə suallara cavabında mütəxəssis bunları deyib: “Bütün pasientlərin əməliyyatın nəticəsindən razı qaldıqlarını demək olmaz, bu, mümkün deyil. Əgər 1000 əməliyyat etdiyin pasientdən 3-4-ü səndən narazı qalırsa, bu o deməkdir ki, sən yaxşı cərrahsan. Bizim də etdiyimiz əməliyyatlardan sonra çox az hallarda narazılıq olur. Amma biz bunları aradan qaldırırıq. Həmin insanları özümüzdən narazı salmırıq.
Bəzən pasientlər əməliyyat bitən kimi nəticəni çox erkən görmək istəyir və yaxud da pasient əməliyyatdan sonra cərrahın tövsiyəsini nəzərə almır. Əməliyyat olunan pasientlərin 100-dən 5-8-də ikincili korreksiya əməliyyatlarına ehtiyac yaranır”.
Üzdə olan qüsurların psixoloji problem, ən azı mənfi emosiya yaratdığını deyən V. Qələndər “Bir insan hər səhər yuxudan mənfi emosiya ilə oyanır. Həmin şəxslərin plastik cərrahlara müraciət etməsi çox normal haldır”, - deyə bildirib.
Plastik əməliyyatların aparılması üçün hansısa məhdudiyyətlər varmı? Kimlər üçün bu əməliyyatların aparılması mümkün sayılmır?
Mütəxəssis deyib ki, pasientin səhhətində hər hansı problem varsa, bu, əməliyyatdan öncə araşdırılmalıdır: “Məsələn, abdominal, yəni qarın bölgəsinin piylənməsi ilə bağlı plastik əməliyyatlar üçün müraciət olunubsa, pasientdə ciddi şəkər xəstəliyi aşkarlandıqda bu əməliyyatların aparılmasını düzgün hesab etmirik. Biz deyirik ki, əvvəlcə endokrinoloji problemi aradan qaldırmaq, piylənməsi aradan qaldırmağın digər yollarından istifadə etmək lazımdır.
Yaxud da qanda laxtalanma problemi varsa, bununla bağlı müvafiq mütəxəssislərlə məsləhətləşəndən, müəyyən müalicələrdən sonra əməliyyatlara üstünlük veririk.
Ümumiyyətlə, hər hansı problem varsa, biz pasientlərin həyatını riskə ata bilmərik. Məsələn, şəkər yüksəkdirsə, endokrinoloqla, qan xəstəliyi varsa, hematoloqla məsləhətləşəndən sonra qərar veririk”...