Cərrah, uzman doktor Aydın Talışinski: “Uşaqlarda adenoid əməliyyatlarının aparılması üçün yaş məhdudiyyəti yoxdur”

“Burun spreylərindən uzun müddət istifadə ciddi problemlərə yol açır”

“Burun tıxanıqlığı qulaq, burun, boğaz xəstəlikləri arasında ən çox rast gəlinən problemlərdən birdir. Burunda yaranan tıxanıqlıq probleminin çox səbəbləri var”.
 
Bunu Apa.TV-nin “Öncə sağlıq” proqramına qonaq olan qulaq, burun, boğaz, baş- boyun cərrahı, uzman doktor Aydın Talışinski deyib.
 
A. Talışinski bildirib ki, tıxanıqlığın səbəbini aydınlaşdırmaq üçün ilk növbədə endoskopik müayinə aparmaq lazımdır: “İstər uşaqlarda, istərsə də böyüklərdə burun tıxanıqlığı, çətin nəfəs alma, xoruldama ilə bağlı çoxsaylı müraciətlər olunur. Bəzi xəstələr özləri ilə rentgen, tomoqrafiya müayinəsinin nəticəsini də gətirirlər. Problem varsa, ilk növbədə endoskopik müayinə aparmaq lazımdır. Yalnız kamera ilə baxanda burunun bütün ciblərini, onların problemlərini görmək mümkündür. Klassik üsulla, işıqla, ayna ilə baxanda bir çox problemlər gözdən qaça bilər. Son iyirmi ildə kamera ilə, endoskopla müayinə metodu çox geniş inkişaf etdiyi üçün burun tıxanıqlıq probleminin çox dəqiq müayinəsini aparıb, uğurlu nəticəyə nail olmaq imkanları dəfələrlə çoxalıb”.
 
Mütəxəssis ümumi soyuqdəymə, qrip, zökəm əlamətlərini çıxmaq şərti ilə uşaqlarda burun tıxanıqlığının daha çox adenoid hipertrofiyası ilə bağlı yarandığını vurğulayıb: “Adenoid, burun-udlaqda olan xüsusi bir toxumadır. Bəzi uşaqlarda bu toxuma çox böyüyür. Əslində, həmin toxumanın əsas funksiyası infeksiyaların, mikrobların qarşısını almaqdır. Lakin o böyüyəndə tam əksinə, yəni neqativ təsiri olur. Bu zaman uşaqlar nəfəs ala bilmirlər, yuxu rejimləri pozulur, xoruldayırlar və gündəlik həyatda ciddi problemlər yaranır”.
 
A.Talışinskinin sözlərinə görə, uşaqlarda adenoid əməliyyatlarının aparılması üçün hər hansı yaş məhdudiyyəti yoxdur: “Biz adenoidi hipertrofiya olduğu halda əməliyyat edirik. Yəni sadəcə, şişmiş, problem yaradan adenoid toxumasını aradan qaldırırıq. Əgər adenoid şişibsə, uşağa ciddi problem yaradırsa, onun yatması, nəfəs almasında çətinlik varsa, mütləq əməliyyat olunmalıdır. Adenoid toxunması həddən artıq böyüyübsə, 90 faiz tıxanıqlıq yaradırsa, artıq buna dərman kömək etmir, əməliyyat tətbiq olunur. Amma bu halın sərhədini düzgün bilmək lazımdır ki, haçan dərman müalicəsi tətbiq olunmalı, haçan əməliyyat yolu seçilməlidir. Əməliyyat düzgün şəkildə, endoskopik yolla icra olunduğu halda, onun yenidən yaranma ehtimalı yoxdur. Toxuma endoskopun nəzarəti ilə tamamilə təmizlənsə, yenidən problem yaranma ehtimalı da yaranmaz”.  
 
Mütəxəssis onu da deyib ki, bu problemi müasir üsullarla, çox rahat bir şəkildə, uşaqları incitmədən aradan qaldırmaq mümkündür: “Əməliyyatdan 4 saat sonra uşaqlar evə yazılır”.
 
Cərrah qeyd edib ki, bir sıra hallarda tıxanıqlıq problemlərinin dərmanla müalicəsi mümkündür: “Burun qapalı orqan olduğu üçün xalq arasında hər burun probleminə “burun əti” deyirlər. Həm uşaqlarda adenoid hipertrofiyasına, həm xüsusilə allergiya zəminində meydana çıxan polipləri “burun əti” adlandırırlar. Bir sıra hallarda bu problemlərin dərmanla müalicəsi mümkündür. Bu mümkün olmadıqda isə müasir üsullarla əməliyyat aparılır. Əgər burun qığırdağında ciddi bir problem varsa, heç halda bunu dərmanla aradan qaldırmaq mümkün deyil.
 
Çox az adam tapmaq olar ki, burun çəpəri ideal şəkildə düzdür. Cüzi çəpər əyriliyi varsa, bunu yalnız həkim müayinə zamanı görürsə, xəstənin heç bir şikayəti yoxdursa, əməliyyat olunmağa ehtiyac yoxdur. Amma çəpərdə ciddi əyrilik varsa və bu, problem yaradırsa, əməliyyat qaçılmazdır. Hətta gənc bir insanda ciddi çəpər əyriliyi aşkarlanırsa, o həmin anda problem yaratmasa da, tez əməliyyat olunması faydalıdır. Çünki cavan yaşlarda problem yaratmayan ciddi çəpər əyriliyi yaşlananda problem yaradır.
Bir çoxları elə bilir ki, əvvəllər olduğu kimi burun əməliyyatı zamanı metrlərlə tampon qoyulur. Vaxtilə belə idi, onu çıxarmaq xəstə üçün çox ağrılı olurdu. Amma indi bu tamponlardan ya istifadə edilmir, ya da xəstəni incitməyən, buruna yapışmayan materialdan istifadə edilir. Bir sözlə, əməliyyat yeri qətiyyən ağrımır”.
 
A. Talışinski qeyd edib ki, burun tıxanıqlığı başqa səbəblərlə, allergiya, qrip, sinusitlə (haymorit) bağlıdırsa, bu problemlər əksər hallarda dərmanla müalicə olunur: “Zökəm çox davam edirsə, haymoritə çevrilirsə, burundan axan selik qatılaşırsa müalicə etmək lazımdır. Əslində, adi zökəmin, soyuqdəymənin müalicəsi yoxdur. Bir qayda olaraq, dincəlmək, çoxlu maye qəbul etmək lazımdır. Müalicə isə simptomatik müalicə olmalıdır. Baş ağrıyırsa, ağrısını kəsmək, qızdırma çox yüksəkdirsə aşağı salmaq, burun tutulubsa onu  açmaq lazımdır. Onsuz da zökəm bir həftəyə keçəcək, müalicənin məqsədi xəstəlik müddətini daha rahat keçirməkdir. Bütün bunlara riayət olunsa, antibiotik müalicəsinə ehtiyac qalmaz. Amma diqqət yetirilməsə, soyuq faktorunun da rolu olarsa, superinfeksiya yaranar. Yəni virusun üstünə əlavə bakteriyalar da gələr, o zaman ciddi müalicəyə ehtiyac yaranar”.
 
Cərrah burun tıxanıqlığı zamanı burun spreylərindən uzun müddət istifadənin ciddi problemlərə yol açdığını vurğulayıb: “Uzun müddət istifadə əks göstəriş verir, burunla da yaranan tıxanıqlıq daha da artır. Bəzən xəstədə ciddi arakəsmə əyriliyi olur, nəfəs ala bilmir, ona görə də aylarla, illərlə spreydən istifadə etməyə məcbur olur. Belə xəstələrə tövsiyəmiz vaxtında əməliyyat olunmaqdır. Aylarla, illərlə dərmandan istifadə nəticəsində yaranan problemin aradan qalxması üçün aylar lazım gəlir. Amma yerli steroid dediyimiz spreylərdən allergiyalarda, polip problemlərində həkim göstərişi ilə uzun müddət istifadə etmək olar”.
 
Sinusitin, əhali arasında haymorit kimi tanınan problemin müalicəsi barədə danışan cərrah bunları deyib: “20-30 il əvvəl haymoritdən şikayət edən xəstələrdə burundakı irinli seliyi axıtmaq üçün boşluğu punksiya edirdilərsə, müasir tibdə bu metoddan istifadə olunmur. Sonuncu dəfə bu üsulu hansı xəstəyə tətbiq etdiyimi xatırlamıram. Bu prosedura yalnız bir halda, üz nahiyəsində çox güclü ağrı olanda ehtiyac yarana bilər. Bu isə nadir hallarda olur. Əksər hallarda ağrıkəsici güclü ağrını aradan qaldıra bilir. Boşluğun deşilməsi, punksiyası rus-sovet məktəbinin üstünlük verdiyi bir prosedura olub. Bu yaxınlarda Bakıda səfərdə olan Rusiya Rinologiya Cəmiyyətinin sədri bildirdi ki, ABŞ-da, Türkiyədə, Avropada bu üsulun nə üçün istifadə olunmadığı barədə tədqiqat aparıb və aydın olub ki, punksiya ilə yanaşı dərman müalicəsinin effekti təkcə dərman müalicəsinin effekti ilə eynidir. Odur ki, insanları incidən bu üsula ehtiyac yoxdur. Artıq Rusiyada da bununla bağlı düşüncə dəyişikliyi yaranıb. İndiki dərmanlar çox güclü təsirə malikdir. Onlardan düzgün, vaxtında istifadə edildikdə problem aradan qalxar. Mən Azərbaycanda çalışdığım müddətdə bir halı da müşahidə etmişəm, insanlarda iynə-dərmanlara bir meyllik var. Qəbula özü gələn xəstəyə evə iynə yazmaq anlayışı yoxdur. Əksər hallarda xəstə xəstəxanada müalicə olunanda ona iynə yazılır. Ambulator şəkildə həkim yanına gələn xəstələrə 90 faiz hallarda tabletlər təyin olunur. Beynəlxalq protokollara əməl olunsa, əksər hallarda sinusit probleminin, kəskin vaxtında belə, dərmanla müalicəsi mümkündür, belə olsa, əməliyyata ehtiyac qalmır. Amma problem kəskinləşirsə, xəstə ayılarla haymorit problemi ilə gəzib, buna əhəmiyyət vermirsə, bəzən əməliyyat etmək lazım gəlir”.

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR