Apendisit: Hamıda yarana bilərmi?
“Qarının sağ tərəfində olan hər ağrı apendisit ağrısı deyil”
“Yeni doğulmuşlardan tutmuş yaşlı şəxslərə qədər bu problemin yaranması mümkündür”
““Xroniki apendisit” adlı xəstəlik yoxdur”
“Asan problem sayılsa da, çox zaman apendisitə dəqiq diaqnoz qoymaq çətin olur”
“Apendisiti ağrısı bəzən qaraciyərin altına qədər yayılır”
“Gecikmiş hallarda xəstə üçün həyati risklər yaranır”
“Apendisk çıxıntısının lazımsız olması haqda deyilənlər yanlışdır”
“Apendisit mövzusu çox keçmiş zamanlardan mövcuddur. Bu gün də mühüm problemlərdən biri kimi qarşımıza çıxır. Bəzən el arasında bu problem “kor bağırsaq” adlandırılır. Kor bağırsaq, yoğun bağırsağın bir hissəsidir, apendiks isə kor bağırsağın bir çıxıntısıdır. Onun iltihabı apendisit adlanır və günümüzdə ən çox rast gəlinən xəstəliklərdən biridir”.
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında ümumi cərrahiyyə uzmanı, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkiminin müavini Elmir Əsgərov deyib.
Mütəxəssis bildirib ki, təcrübədə cərrahlar apendisitlə tez-tez rastlaşırlar: “Bəzən xəstələr tibbi ədəbiyyatda təqdim olunduğu kimi klassik apendisit tutmaları ilə, bəzən isə çox ağırlaşmış formalarda bizə müraciət edirlər. İlk baxışda asan bir problem kimi təqdim olunsa da, əslində elə deyil. Bəli, əgər vaxtında düzgün diaqnoz qoyulsa, problemi asanlıqla aradan qaldırmaq mümkündür. Amma vaxtında müraciət olunmazsa həm həkim üçün çətin olur, həm də xəstə üçün risklər yaranır”.
Bu problemlə daha çox 13, 15, 17 yaşlardan sonra rastlaşdıqlarını açıqlayan mütəxəssis buna baxmayaraq, hər yaşda bu problemə rast gəlinməsinin mümkün olduğunu deyib.
Onun sözlərinə görə, əslində yeni doğulmuşlardan tutmuş yaşlı şəxslərə qədər apendisitin yaranması mümkündür:
“Sadəcə, uşaqlarla böyüklər arasında apendisitin əmələ gəlməsi, etiogen faktorlar fərqlidir. Faktorlar fərqli olsa da, problem eynidir. Yəni apendiks çıxıntısının, kor bağırsaq boşluğuna açılan hissəsinin mənfəəzinin tutulması, apendisit əmələ gəlməsinin əsas səbəbidir. Uşaqlarda bu çox vaxt limfagen səbəblərdən, limfa orqanlarının böyüməsi nəticəsində tutulur. Daha yaşlı insanlarda isə mexaniki səbəblərlə bağlı olur”.
Həkim apendisitin bir çox simptomlarının olduğunu deyib. Onun sözlərinə görə, bir çox hallarda bu simptomlar digər xəstəliklərin əlamətləri ilə eyniyyət təşkil etdiyi üçün qarışdırılır, dəyişik salınır.
Cərrah apendisitin əsas əlamətlərindən birinin qarında səbəbsiz yerə yaranan ağrı olduğunu açıqlayıb: “Bu daha çox mədə ağrısı kimi özünü büruzə verir. Göbək çevrəsində ağrılar yaranır və yeməyə qarşı ikrah hissi olur.
Amma ağrı əlamətləri heç də hamıda eyni olmur. Biz öz təcrübəmizə əsasən daha çox bulantı, qusma ilə müraciət edən xəstələrə rast gəlirik. Bu hallarda qarın ağrısı çox olmur. Nəzərə almaq lazımdır ki, qarının sağ tərəfində olan hər ağrı apendisit ağrısı deyil. Bəzən bir çox xəstəliklər eyni ağrıları yarada bilər. Xüsusilə uşaqlarda bir çox problemlər həmin nahiyədə ağrıya səbəb olur.
İkinci tərəfdən, apendiksin yerləşmə yeri də önəmlidir. Yəni onun kor bağırsağın hansı tərəfində yerləşməsinin də əhəmiyyəti var. Əlamətin necə olması çıxıntının yerləşmə yerindən çox asılıdır. Apendisit ağrısı tipik olaraq sidik yolu infeksiyaları, sidik yolu daşları, qadınlarda yumurtalıq patologiyalarının ağrılarına bənzəyir. Bundan başqa, boru hamiləliyi apendisit ağrılarına bənzər ağrılar yaradır. Elə apendiks iltihabları var ki, onların ağrısı qaraciyərin altına qədər yayılır. Öd kisəsinin iltihabı kimi özünü göstərə bilir. Bu ağrılara da bəzən apendisit kimi yanaşılır, amma sonradan fərqli problemlərin olduğu məlum olur. Bundan başqa, uşaqlarda bağırsaq infeksiyaları da eyni əlamətlər yarada bilər.
Ona görə də apendisitlərlə bağlı çox diqqətli davranmaq lazımdır. Dəqiq diaqnoz qoymaq üçün xəstəliyin başlanması hekayəsini diqqətlə araşdırmaq vacibdir. Yəni apendisitin diaqnozunu qoymaq, elə də asan iş deyil. Təcrübəli cərrahlar üçün isə bu çətin deyil.
Xəstə var apendisit tutmasından 24 saat sonra ağırlaşma ilə qarşımıza gəlir, xəstə var bunu 3 gündən sonra edir. Bəzən ağırlaşmalarda xəstənin apendiksi partlayır və bu ətraf orqanlarda da iltihabın yaranmasına səbəb olur”.
Apendisit partlamasının fəsadlarından ölüm hallarının da yarandığını deyən mütəxəssis bildirib ki, belə hallar vaxtilə daha çox qeydə alınıb, bu gün isə artıq bu fəsadların qarşısı vaxtında alınır: “Ağırlaşmış apendisitlərlə təəssüf ki, hələ də qarşılaşırıq. Xəstə vaxtında müraciət edirsə, bu baş verməz”.
Mütəxəssis deyib ki, əgər 4-5 saatın içində keçməyən bir ağrı varsa, mütləq həkimə müraciət olunmalıdır: “Apendisitin diaqnozunun zamanında qoyulması, vaxtında əməliyyat olunması ilə bir çox fəsadların qarşısını almaq olur. Apendisit dərman müalicəsinə tabe olmayan problemdir. Ona görə vaxtında əməliyyat olunmasa daha böyük problemlərin yaranmasına səbəb olur. Bu gün apendisiti əməliyyatları əvvəllər olduğu kimi açıq kəsiklərlə icra edilmir. Hazırda minimal invaziv cərrahiyyə üstünlük təşkil edir. Bu metodla icra edilən əməliyyatdan sonra xəstələr eyni gündə evə göndərilə bilir, həmin gün yemək yeyə bilirlər”.
Apendiks çıxıntısının gərəksiz olması barədə fikirlərin yanlış olduğunu deyən cərrah
“Ola bilsin ki, bu çıxıntının bizim əcdadlarımızın həyatında çox önəmli vəzifəsi olub. Sonralar isə, elə günümüzdə də bu, rudimentar bir çıxıntı sayılır. Amma rudimentar orqan hesab edilən apendiks çıxıntısının bağırsaq florasının, bağırsağın yerli immunitetinin tənzimlənməsində önəmli vəzifələri var. Yəni heç kim düşünməsin ki, apendiks lazımsız orqandır və elə yeri gəldi-gəlmədi onu kəsmək lazımdır. Problem varsa, çıxıntını kəsmək lazımdır, yoxdursa, yanlış olaraq bu addımı atmaq səhvdir”, deyə E. Əsgərov vurğulayıb.
Ultrasəs müayinəsi ilə apendisiti təyin etmək mümkündürmü?
E. Əsgərov bunun mümkün olduğunu deyib. Onun sözlərinə görə, xəstə artıq çəkili deyilsə və apendiksin yerləşimi normaldırsa, ultrasəs müayinəsində apendisit və onun iltihablı olub-olmadığı görünür. Mütəxəssis deyib ki, apendisitin diaqnozunun qoyulmasında ultrasəs müayinəsi çox vacibdir.
“Xroniki apendisit” adlı problem olmadığını deyən həkim bu yöndə yanaşmaların yanlış olduğunu açıqlayıb: “”Xroniki apendisit” adlı xəstəlik yoxdur. Ağrının səbəbləri fərqli ola bilər. Ağrı tutar və sakitləşər. Tibdə bunlar var. Amma ildə iki-üç dəfə apendisit ağrısı tutur və keçir kimi yanaşmalar yanlışdır”.