Yazda dərini qocalmadan necə qorumaq lazımdır?
“Günəş şüaları çil, ləkə, yaşlanma, hətta dəri xərçənginə də səbəb ola bilər”
“Dərini Günəşdən qorumaq üçün geyimi düzgün seçmək lazımdır”
“Əslində 50 ilə 100, 30-la 80 faktorlu Günəş qoruyucu kremlər arasında çox fərq yoxdur”
“Gənc qalmaq üçün dərini Günəşdən qorumaq vacibdir”
“20-25 yaşda solarium edənlər 50 yaşda dəri xərçəngi ilə üzləşəcək”
.
“Dəridə olan bir rəngli ləkələr daha çox kosmetik problemlərlə bağlı olur”
“Ləklərin üzərində tünd, qırmızı, yaxud qara nöqtələrin olması dəri xərçənginin başlanğıcı sayılır”
“Üz maskalarından möcüzəvi nəticə gözləmək düzgün deyil”
“Günəşin dəriyə müsbət təsirləri ilə yanaşı bir çox mənfi təsirləri də var. Bu, yazda daha çox özünü göstərir. Havalar birdən-birə isinməyə başlayanda dərinin quruluşu da dəyişir”.
Bunu APA-TV-nin “Öncə sağlıq” proqramında dermatoloq, uzman doktor, Mərkəzi Gömrük Hospitalının həkimi Leyla Mirzoyeva deyib.
Mütəxəssis bildirib ki, Günəş şüaları çillənmə, ləkələnmə, dərinin yaşlanması, hətta dəri xərçənginə də səbəb ola bilər.
Onun sözlərinə görə, Günəşin dəriyə təsiri nəticəsində su buxarlanır və quruluq əmələ gəlir, quruluğa bağlı olaraq bir çox dəyişikliklər yaranır. Dərinin tez-tez tərləməsi də bir sıra problemlərə yol açır:
“Bəzi dəri xəstəliklərindən əziyyət çəkənlərə Günəş müsbət təsir edir. Məsələn, pullu dəmirov deyilən xəstəlikdən əziyyət çəkənlər isti aylarda daha rahat olur.
Günəşə bağlı olan sızanaqlar və yağlı krem istifadəsi ilə bağlı yaranan sızanaqları istisna etməklə, qalan sızanaqların əksəriyyəti yaz mövsümündə azalmağa başlayır. Eyni zamanda seboreya adlı dəri problemi də isti havalarda səngiyir. Günəşin təsiri nəticəsində dəridə damarlanmanın artması, səpgilərin yaranması, xalq arasında ala xəstəliyi kimi tanınan ala ləkələrin yaranması mümkündür.
Günəş ala ləkələri çoxalda bilər. Əgər Günəş yanığı varsa, onun yerində yeni ağ ləkələrin də yaranması mümkündür. Həm də məhz bu problemə görə Günəşdən qorunmağı tövsiyə edirik”.
Həkim deyib ki, Günəş şüaları daha çox qadınlarda ləkələrin, çillərin yaranmasına səbəb olur. Xüsusilə hamiləliyin son ayları Günəşli günlərə təsadüf edirsə, bu ləkələr daha çox yayılır.
Dermatoloq bildirib ki, Günəşdən qorunmaq üçün ilk növbədə geyimi düzgün seçmək lazımdır: “İsti aylarda açıq rəngli paltarlara üstünlük verməliyik. Tünd rəng geyimlər Günəşin dərimizə daha çox mənfi təsir etməsinə şərait yaradır.
Açıq rəng parçalardan hazırlanan paltarlar Günəş şüalarını itələyir və dərimizi qorumuş olur. İkinci əsas qoruyucu isə Günəş qoruyucu kremlər hesab olunur”.
Əvvəlki illərlə müqayisədə bu gün Azərbaycan əhalisinin qoruyucu kremlər barədə daha məlumatlı olduğunu, kremlərdən daha çox istifadə edildiyini deyən L. Mirzoyeva kremlərin düzgün seçilməsinin çox vacib məsələ olduğunu vurğulayıb: “Təəssüf ki, kişilər krem çəkməyi sevmirlər, amma əslində onlar da Günəşdən qoruyan kremlərdən istifadə etməlidirlər. Kişilərdə də qadınlar qədər Günəş ləkələrinin, çillərin və hətta şüaların təsiri nəticəsində dəri xərçənginin yaranması riski var”.
L. Mirzoyeva hər kəsi Günəş qoruyucu seçərkən diqqətli olmağa çağırıb. Qeyd edib ki, bu zaman ilk növbədə istehsal edən ölkələr nəzərə alınmalıdır:
“Günəş qoruyucularının tərkibi çox mürəkkəbdir. Onların içərisində bir çox kimyəvi maddələr var. Ona görə də istehsalçının inkişaf etmiş ölkələr olması daha yaxşı olar”.
Digər tərəfdən, mütəxəssis vurğulayıb ki, kremin üzərində yazılan rəqəmə, yəni qoruyuculuq faktoruna baxılmalıdır: “Bəzən pasient deyir ki, siz qoruyucu faktoru 50 olan krem dediniz, amma mən 100 faktorlu krem aldım, çünki 100 olan daha yaxşı qoruyur.
Əslində isə 50 və ya 100 faktor qoruma faizi demək deyil. Yəni 50 ilə 100, 30-la 80 faktor arasında çox da böyük fərq yoxdur. 50 ilə 100 arasında olan fərq çox azdır. Nəzərə almaq lazımdır ki, 50 faktorlu krem Günəş şüalarının təxminən 93 faizindən,100 faktorlu isə 96 faizindən qoruyur. Arada cəmi 3 faizlik bir fərq var.
50 faktorlu, yaxşı qoruyucu bir krem 4-5 saatdan bir, Günəş şüaları altına çıxmazdan 15-20 dəqiqə əvvəl çəkilsə, bu, yetərincə qoruma qabiliyyətinə malik olur.
Hətta 30 faktorlu krem də qorunmaq üçün yetərlidir. Önəmli olan kremi vaxtında çəkib, onu 4-5 saatdan bir təkrarlamaqdır. Onu da nəzərə almaq lazımdır ki, faktor artdıqca tərkib mürəkkəbləşir və bu hallarda bəzən səpgilərin də yaranması mümkündür”.
L. Mirzoyeva vurğulayıb ki, Günəş şüaları dərini tarım, gənc, gözəl saxlayan kollegen liflərini parçalayır: “Günəşin altında çox qalanda kollegenlər parçalanmağa başlayır. Ona görə də biz “Günəş dərini yaşlandırır”, deyirik. Kollegenləri qorumaq üçün Günəşdən qorunmalıyıq”.
Dermatoloq deyib ki, əgər dəridə hər hansı problem yoxdursa, yazdan, aprel ayından başlayaraq qoruyucu kremdən istifadə edilməlidir. Dərisində ləkələr, Günəşə qarşı allergiyası olanlar isə kremi qışda da çəkməlidirlər.
Onun sözlərinə görə, tərkibində sink-osksid olan adi bir krem də 30 faktorlu qoruyucu qədər qoruma qabiliyyətinə malikdir: “Qoruyucu kremlər olmayanda adi nəmləndirici istifadə olunsun. Onların da Günəşdən müəyyən qədər qorumaq qabiliyyəti var.
Dəriyə heç bir şey sürtmədən birbaşa Günəş altına çıxmaqdansa, əl altında olan nəmləndirici, yumşaldıcı kremlərdən istifadə olunmalıdır”.
Günəş ləkləri barədə danışan həkim vurğulayıb ki, əgər bu ləkələr tək rəngli, məsələn, açıq və ya tünd qəhvəyi rəngdədirsə, o zaman daha çox kosmetik bir problemlə bağlı ola bilər. Amma əgər bu ləklərin üzərində daha tünd, qırmızı, yaxud qara nöqtələr, ləkələr varsa, deməli, onlar adi ləkə, çil deyil. Bu ləkələr hətta ən təhlükəli dəri xərçənginin başlanğıc forması ola bilər. O, belə olan halda mütləq həkim-dermatoloqa müraciət etməyin vacib olduğunu açıqlayıb.
Kosmetik prosedurların icrası barədə danışan həkim deyib ki, yazda, yayda pilinqlər əks göstəriş sayılır: “Soyulan dəriyə Günəş şüası dəyən zaman o daha da tündləşir. Üzdə ləkə olmasa belə yeni ləkə yaranması mümkündür. Ona görə də biz pilinqləri Azərbaycan şəraitində may ayına qədər edib, mayda dayandırırıq”.
Günəş şüalarının yazda, yayda lazerli prosedurlar üçün də problem yarada bildiyini deyən mütəxəssis deyib ki, bu prosedurlar ləkələri aparsa da, sonradan daha tünd bir ləkə əmələ gətirməsi mümkündür.
Maskaların əhəmiyyəti barədə danışan L. Mirzoyeva deyib ki, üz maskalarından möcüzəvi nəticə gözlənilməsi doğru deyil: “İstər professional, istərsə də ev şəraitində olan maskalar ciddi liftinq effekti vermir. Amma maskalar yağlılığı götürə, sızanaqları quruda, qara nöqtələri təmizləyə bilər. Maskanı edən zaman dəri dartılır, amma təmizləyəndən sonra liftinq effekti qalmır”.
Dermatoloq onu da deyib ki, problemi olmayan dərilər üçün maskaların problem yaratmaması mümkündür, amma problemli, sızanaqları, çatları, ləkələri olan dəruilərdə maskalardan sonra fəsadlar yaranması istisna olunmur.
L. Mirzoyeva proqramda yaratdığı fəsadları nəzərə alaraq solariumdan uzaq olmağı da tövsiyə edib: “Son zamanlar solarium çox dəbdədir. Gənc qadınlar solariumdan istifadə edirlər. Solarium çox ciddi fəsadlara yol açır. 20-25 yaşlarında solarium edənlər nəzərə alsınlar ki, 50 yaşında dəri xərçəngi ilə üzləşə bilərlər. Ona görə də solariumdan uzaq olmağı tövsiyə edirik”.