“Zəhərli zob”un əsas əlamətləri: nələr təhlükəlidir?
“Qalxanabənzər vəzin düyünləri əksər hallarda təsadüfən aşkarlanır”
“Uşaqları əqli çatışmazlıq, fiziki qüsurlardan qorumaq üçün anadan olan kimi qalxanabənzər vəzi müayinəsi aparılmalıdır”
“Zoba daha çox qadınlarda rast gəlinir”
“Düzgün müalicə olunmazsa, xəstə komaya düşə, həyatını itirə bilər”
“İrsiyyət, emosional gərginlik, nevrotik vəziyyət əsas risk faktorlarıdır”
“Zob düyünləri çox zaman təsadüfi müayinələr zamanı aşkarlanır”
“Düyünlər bərkdirsə, onların bədxassəli olma ehtimalı artır”
“Ölçüsü 1 sm-dən böyük olan düyünlər biopsiya edilməlidir”
“Qalxanabənzər vəzin problemləri illərlə sonsuzluğa səbəb olur”
“Təəssüf ki, qalxanabənzər vəzinin gərəksiz əməliyyatlarına rast gəlirik”
“Qalxanabənzər vəzinin xəstəlikləri onun funksiyasının artması, azalması və digər səbəblərdən meydana çıxır. Bizim regionda qalxanabənzər vəzin problemlərinə sıx rast gəlinir. Bunun bir səbəbi yod çatışmazlığı ilə bağlıdır. Azərbaycan orta dərəcəli yod çatışmazlığı olan ərazidə yerləşir”.
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında endokrinoloq, Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Endokrinologiya şöbəsinin müdiri Könül İsmayılova deyib.
K. İsmayılova deyib ki, qalxanabənzər vəzin xəstəliklərinə hər yaşda təsadüf oluna bilər. Gənc yaşlarda problemin daha çox aşkarlandığını vurğulayan endokrinoloq bildirib ki, həm bu, həm də ümumiyyətlə, endokrin sisteminin digər xəstəliklərinə qadınlarda daha çox təsadüf olunur: “Ələlxüsus zoba qadınlarda daha çox rast gəlinir. Zobun yaranmasında irsiyyət, psixoemosional gərginlik, nevrotik vəziyyət əsas risk faktorlarından biridir”.
Yod çatışmazlığının daha çox dağlıq ərazilər, Şəki, Qax, Zaqatala və digər bölgələrdə inkişaf etdiyini deyən həkim bildirib ki, qalxanabənzər vəzin müxtəlif problemləri irsi olaraq ana xətti ilə ötürülür.
Onun sözlərinə görə, qalxanabənzər vəzin düyünləri əksər hallarda təsadüfi müayinə zamanı aşkar olunur: “Yəni düyün olsa da, bu xəstəni narahat etmir. Bu isə o demək deyil ki, düyünləri nəzarətsiz qoymalıyıq. Bunların bir qismi təbiətinə görə zərərli düyünlərdir. Düyün olarsa, onun mahiyyəti araşdırılmalıdır. Düyündən biopsiya nümunəsi götürülməli, xoş, yaxud bədxassəli olduğu müəyyən edilməlidir.
Düyünün ölçüsündən, mahiyyətindən asılı olaraq xəstələrdə müəyyən zaman ərzində müxtəlif müayinələrin aparılması vacibdir. Heç bir şikayət olmadan, skrininq müayinələri aparılan hallarda düyünlər tez-tez aşkarlanır. Ölçüsü kiçik olan, təbiətinə görə zərərli hesab olunan düyünlərin də təsadüfən aşkarlanması mümkündür”.
Bu problemlərin aşkarlanması metodları haqda danışan endokrinoloq bildirib ki, ultrasəs müayinəsi qalxanabənzər vəzin strukturunu müəyyən etmək üçün qızıl standartdır: “Ultrasəs müayinəsi vəzin sıxlığı, ölçüsü, homogenliyini, düyünlərin mövcud olub-olmadığını göstərir. Ultrasəs müayinəsi düyünlərin təbiətini təxmin edir, düyünün maye tərkibli olub-olmadığını, qan təchizatını göstərir.
Amma düyünlərin funksiyasının artıb-azaldığını, dəyişib-dəyişmədiyini USM ilə müəyyən etmək mümkün deyil. Bunun üçün mütləq qan analizləri, hormonal analizlərin aparılması lazımdır”.
Mütəxəssis onu da qeyd edib ki, qalxanabənzər vəzidə olan düyünlər bərkdirsə, onların bədxassəli olması ehtimalı artır: “Tərkibi maye olan düyünlər demək olar ki, xoşxassəli olur. Düyünlərin bərk, yoxsa yumşaq olduğunu müəyyən etmək üçün elastoqrafiya adlanan metod da var. Yəni bu elastikliyi, sərtlik dərəcəsini müəyyən etməyə imkan verir. Bu, xoşxassəli və bədxassəli düyünlərin differensiasiyasında bizə çox kömək edir. Amma yenə də şübhələr qalarsa, incə iynəli biopsiya deyilən metoddan istifadə olunmalıdır.
Biz düyünlərin onkoloji problemə çevrilmə ehtimalını nəzərə alaraq daim nəzarətdə saxlayırıq. Əfsuslar olsun ki, düyünlərin bir qismi bədxassəli olur.
Düyünlərin xoş, yaxud bədxassəli olduğunu bilmək üçün USM müayinəsinin müşayiəti altında incə iynəli biopsiya metodu ilə düyündən material götürülür və araşdırma aparılır. Nəticəyə uyğun olaraq addımlar atılır. Əgər düyünün ölçüsü 1 sm-dən böyükdürsə mütləq biopsiya olunmasına göstəriş var. Müasir beynəlxalq protokollar bunu tələb edir”.
K. İsmayılova bildirib ki, qalxanabənzər vəzin funksiyasının artması nəticəsində bir çox əlamətlər müşahidə olunur: “Çəkinin azalması, gözlərin önə çıxması, göz qırpmasının olmaması, gözlərin parlaqlaşması, yanaqların qızarması, daimi narahatlıq, tələskənlik, əllərinin əsməsi, iştaha yaxşı olsa da, arıqlamaq əlamətləri daha çox nəzərə çarpır.
Vəzin funksiyasının azalmasının da özünəməxsus əlamətləri var. Belə xəstələr çəkilərinin artmasından şikayət edirlər. Əslində burada çəki artması yox, maye toplanması, ödem yaranmasından söhbət gedir. Şişkinlik daha çox səhər yuxudan duranda qeydə alınır.
Göz qapaqlarında, göz ətrafında, üzdə, əllərdə şiş yaranır. Saç tökülməsi, saçların solğun, kövrək olması, rəngin avazıması kimi əlamətlər qeydə alınır. Belə insanlar daim yorğun olurlar, kontaktdan yayınırlar, fiziki işləri görə bilmir, tez yorulurlar.
Vəzin funksiyası artdığı hallarda ürək vurğularının sayının artması, aritmiyalar meydana çıxır. Bu cür xəstələrdə təzyiqin yüksəlməsinə təsadüf edirik. Funksiyanın azalması isə əksinə ürək vurğularının azalması, təzyiqin aşağı enməsi, hemoqlobin sayının azalması ilə müşahidə edilir”.
Mütəxəssis onu da deyib ki, bu əlamətlər bir çox hallarda bir sıra başqa xəstəliklərin əlamətləri ilə oxşar olduğu üçün müalicələr başqa istiqamətdə aparılır:
“İnsanlar illərlə kardioloji, illərlə nevroloji problemlərə görə müalicə alırlar. Amma bugünkü müayinə metodları ilə qalxanabənzər vəzinin problemlərini vaxtında aşkarlayıb, uğurlu müalicəsini aparmaq mümkündür”.
K. İsmayılova onu da deyib ki, qalxanabənzər vəzin funksiyasının artması və azalması düzgün müalicə olunmazsa, xəstə komaya düşə, həyatını itirə bilər.
Qalxanabənzər vəzinin problemləri ilə bağlı gərəksiz cərrahiyyə əməliyyatlarının aparılması barədə fikirlərə münasibət bildirən mütəxəssis deyib ki, belə hallarla praktikada onlar da rastlaşırlar:
“Düyünlərin ölçüsü böyüdürsə, bədxassəlidirsə, triotoksikoz varsa, zobun ölçüsü çox böyüyübsə, yəni nəfəs, qida borusu sıxırsa, həyati vacib orqanlara maneçilik törədirsə, o zaman əməliyyat olunmalıdır. Əgər vəzdə düyün yoxdursa, sadəcə, vəz funksiyasını yerinə yetirmirsə, o zaman hansı əməliyyatdan söhbət gedə bilər? Əməliyyat ziyanlı, artıq hissəni götürmək lazım olanda tətbiq edilməlidir. Təəssüflər olsun ki, biz autoimmun tiroid, yəni qalxanabənzər vəzin funksiyasının azalmasına gətirib çıxaran iltihabi xəstəlik zamanı cərrahiyyə əməliyyatlarının aparılmasına təsadüf edirik. Hipoterioz, yəni qalxanabənzər vəz çatışmazlığı zamanı da əməliyyatlar olunur. Bunlar birmənalı olaraq səhv yanaşmalardır. Burada hər hansı müzakirəyə də yer yoxdur”.
Mütəxəssis onu da deyib ki, bir çox ölkələrdə doğum evlərində uşaq dünyaya gələn kimi
qalxanabənzər vəzinin funksional vəziyyəti qiymətləndirilir: “Bu, çox vacibdir. Əgər çatışmazlıq aşkarlanarsa, ilk 6 ayda diaqnoz qoyulmalı, müalicəyə həmən başlanmalıdır.
Burada gecikmə olarsa, əqli, fiziki inkişafda, cinsi yetişkənlikdə problemlər yaradır. Cəmi bir dərmanla vəzidə olan çatışmazlığın qarşısını almaq, uşağı əqli, fiziki çatışmazlıqdan qorumaq olar. Doğum evlərində belə müayinələr aparılmasa da pediatrlar diqqətli olmalı, valideynləri zamanında bu müayinələrin aparılmasına yönəltməlidirlər. Əgər müalicəsi asandırsa, nə üçün uşaq sabah əqli qabiliyyətinin zəif olmasından əziyyət çəkməlidir?”
Yod çatışmazlığının hamiləlik dövründə yaratdığı problemlərə toxunan mütəxəssis “Hamiləlik dövründə anaya yod daha çox lazımdır ki, həm özünü, həm də dölü təmin etsin. Qalxanabənzər vəzin hormonları dölün, onun beyninin, mərkəzi sinir sisteminin formalaşmasında çox mühüm rol oynayır. Ona görə də hamilə qadınların, hamiləliyə hazırlaşan xanımların qalxanabənzər vəzi ilə bağlı müayinələrə cəlb olunması çox vacibdir. Onu da deyim ki, qalxanabənzər vəzin problemləri ilə bağlı sonsuzluq halları da həddən artıq çoxdur. Funksiyanın artması da, azalması da hamiləliyin baş tutmamasına səbəb olur”, deyə vurğulayıb.