Azərbaycanın baş pediatrı Nəsib Quliyev: “Qrip əleyhinə peyvəndlər xəstəlikdən maksimum bir il qoruyur”

“Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da soyuq aylarda uşaqlar arasında soyuqdəymə adlandırılan xəstəliklərə daha tez-tez rast gəlinir. Bunlar əsas etibarilə viruslar və bakteriyalar tərəfindən törədilən xəstəliklərdir. Havanın soyuması orqanizmin ümumi müqavimətinin azalmasına səbəb olur. Bədən soyuduqda maddələr mübadiləsi zəifləyir, orqanizm toxumasının özünümüdafiə qabiliyyəti aşağı düşür. Belə olan halda bakteriyaların, virusların baş qaldırması üçün şərait yaranır”.

 

Bu fikirləri APA TV-nin “Öncə sağlıq” proqramına qonaq olan Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev deyib.

 

Baş pediatr vurğulayıb ki, uşaqların payız-qış mövsümündə virus xəstəliklərinə daha az yoluxmaları üçün orqanizmin möhkəmləndirilməsi tədbirləri ilin isti fəsillərində aparılmalıdır: “Günəşli hava və dəniz uşaqların yay mövsümündə orqanizminin möhkəmləndirilməsi üçün faydalıdır. Təbiətin bizə verdiyi nemətlərdən lazımınca istifadə etmək lazımdır. Həkimlər də, valideynlər də yay fəslində uşaqların sağlamlığı üçün tədbirlər görməlidirlər. Eyni zamanda xəstəliklərin qarşısını almaq üçün uşaqları vaxtında peyvənd etmək lazımdır. Çünki peyvəndlə idarə olunan xəstəliklərin xeyli qisminə payız və qış mövsümündə daha tez-tez rast gəlinir”.

 

N. Quliyev təəssüflə qeyd edib ki, bəzi valideynlər kəskin respirator virus xəstəliyinə yoluxmuş uşaqları özbaşına müalicə edirlər: “Ən qorxulusu odur ki, bəzi valideynlər uşaqlarına inyeksiyanı belə, özləri edirlər. Hər kəs bilməlidir ki, inyeksiya etmək bəzilərinin düşündüyü kimi elə də sadə məsələ deyil. İnyeksiyanın elə xırda nüansları var ki, tibb təhsili olmayan adamların bunu bilməsi mümkün deyil. Təbii ki, özfəaliyyət səviyyəsində aparılan müalicələrin bəzən dəhşətli fəsadları olur. Qripin, kəskin respirator virus infeksiyasının özündən daha çox törətdikləri fəsadlar qorxuludur. Uşaq orqanizmində virusun sürətlə çoxalması baş verdikdə, obrazlı desək, bədənin bütün qüvvəsi həmin viruslarla mübarizəyə sərf olunur.  Bu zaman digər bakteriyalar və viruslar baş qaldırır. Çünki orqanizmin qoruyucusu olmur. Belə olan hallarda ağır meningitlər, pnevmoniyalar da baş verə bilər, əsəb sistemi zədələnə bilər.

Ona görə də valideynlərə məsləhətimiz budur ki, belə maskalanmış məkrli xəstəliklərlə zarafat etmək olmaz”.

 

Mütəxəssis virus xəstəliklərinin davam etmə müddətinin azı bir həftə olduğunu vurğulayıb: “Bir həftə sonra xəstə orqanizmdə viruslara qarşı hazırlanmış antitellər əmələ gəlir. Onların əmələ gəlməsi xəstəliyin qarşısının alınmasına və sağalmasına gətirib çıxarır. Əgər uşağın xəstəliyi bir həftədən də çox davam edirsə, artıq bu, başqa problemlərin də ortaya çıxdığını göstərir.

 

Yaxud da bəzən viruslara qarşı tədbirlər görülür, problem aradan qalxır, amma bir neçə gün sonra problem yenidən qayıdır, hərarət qalxır. Bu isə artıq bakteriya infeksiyasının başlandığını xəbər verir.

Belə olan halda valideyn bilməlidir ki, ağırlaşma mərhələsi başlayıb. Ona görə də diqqətli olmaz lazımdır”.  

 

Baş pediatr uşaqları xəstəlik, virus mənbəyi olan yerlərdən uzaqlaşdırmağı tövsiyə edib: “Harada virus təhlükəsi varsa, uşaqları təcili uzaqlaşdırmaq lazımdır ki, yoluxma baş verməsin. Yoluxma əlaməti görünəndən sonra xəstə uşağı evdən bayıra buraxmaq tamamilə yanlış mövqedir. Xəstəliyi yüngül hesab edib, uşağı bağçaya, məktəbə göndərmək olmaz. Bu həm uşağın özünə ziyanlıdır, həm də  onun ətrafında olan uşaqların yoluxmasına gətirib çıxarır.

 

Kəskin dövrdə heç bir xəstəni aşıq havada gəzdirmək olmaz. Evdə pəncərəni açıb otağın havasını, yelçəkər yaratmadan, dəyişmək olar. Amma xəstə uşağı açıq havada gəzdirmək doğru deyil. Uşaq yataq rejimində olmalıdır. Xəstə uşaqlar yüksək kalorili, tez asan həzm olunan, təzə vitaminlərlə zəngin qidalar qəbul etməlidir. Viruslara qarşı ən yaxşı vasitələrdən biri C vitamini ilə zəngin qidalardır. Ümumiyyətlə, C vitamini ilə zəngin qidalarla daha çox qidalanan uşaqlar belə xəstəliklərə çox zaman yoluxmurlar. Respirator, virus xəstəlikləri zamanı xüsusi pəhriz saxlamağa ehtiyac yoxdur”.

 

N. Quliyev, kəskin respirator virus xəstəliklərinin gedişində temperaturun diqqət mərkəzində saxlanmasının xüsusilə vacib olduğunu vurğulayıb: “Kiçik yaşlı uşaqlar üçün hərarətin qalxması 5 yaşdan böyük uşaqlardan daha təhlükəlidir. Çünki, körpə uşaqlarda əsəb sistemi hələ tam formalaşmır. Körpələrdə informasiya, impuls daşıyan sinirlərin xeyli hissəsinin üstü myelin qişası ilə tam örtülməmiş olur. Ona görə də sinirlərdə myelinləşmə tam başa çatmadığına görə, qızdırmanın yaratdığı vəziyyət  qısa zamanda bütün bədənə yayılır, qıcolma və beyin ödemi baş verir. Bu yaşda olan uşaqlarda hərarət diqqət mərkəzində saxlanmalıdır. Ən azı iki saatdan bir uşağın hərarəti yoxlamalıdır”.

 

Baş pediatr hərarət yüksələn zamanı valideynlər tərəfindən temperaturu normaya salan dərmanlardan geniş istifadə olunması hallarına da münasibət bildirib: “Təsnifata görə, mötədil qızdırmadan yuxarı olan bütün hallarda, bu da 38 dərəcədən yuxarı deməkdir, 38 və 38,5 temperatur müşahidə olunmayana qədər hərarətsalan dərmanlardan istifadə etmək doğru deyil. Çünki hərarət orqanizmin infeksiyalardan qoruyucu, müdafiə reaksiyasıdır. Məsələn, toxumanın içərisində, boşluqlarda, selikli qişalarda hərarət 37 dərəcə, 38 dərəcədən yuxarı olursa, o zaman həm bakteriyaların, həm də virusların artıb, çoxalması kəskin pozulmuş olur. Çünki viruslarda, bakteriya hüceyrələrində, biokimyəvi proses gedir. Bu proses üçün ən optimal temperatur 37 dərəcə sayılır. Temperatur 38 dərəcə olursa, o zaman bakteriyaların, virusların inkişafı ləngiyir, onlar əvvəlki qaydada artıb-çoxala bilmirlər. Ona görə də belə hərarəti endirmək, normaya salmaq üçün uşağa dalbadal hərarət salan dərmanlar vermək yanlışdır. Bəzən, uşaqlara o qədər hərarət salan dərmanlar verirlər ki, uşaqlarda qanın parçalanması, hemoliz deyilən çox qorxulu bir fəsad baş verir. Bu qorxulu fəsadın baş verməməsi üçün də uşağa lazım gəldi-gəlmədi hərarətsalıcı dərmanlar vermək olmaz. Bu cür müalicə xəstə orqanizmə xeyir əvəzinə, ziyan verir. Sadəcə, hərarətin çox yüksəlməməsinə nəzarət etmək lazımdır”.

 

Mütəxəssis qrip əleyhinə peyvəndlərdən istifadəyə də aydınlıq gətirib: “Qripə qarşı olan vaksinlərdən bütün dünyada, o cümlədən, Azərbaycanda da istifadə olunur. Amma bu, könüllü peyvənddir, kim istəyir, alıb, vurdurur. Dünyada ən çox qripin A, B, C viruslarına qarşı peyvəndlər var. Məsələ bundadır ki, 13-15 qrip törədən virus var və onlar epidemiya törədə bilir. Ondan başqa, insanda qripəbənzər xəstəlik törədən minlərlə virus var. Bunların hamısına qarşı vaksin hazırlamaq qeyri-mümkündür. İkincisi, ən xoşagəlməz hal ondan ibarətdir ki, bu viruslar o qədər dəyişkəndirlər ki, çox qısa zamanda mutasiya yolu ilə öz DNT tərkiblərini dəyişirlər, bir il əvvəlki virusa qarşı hazırlanan vaksin, bu il öz təsirini göstərmir. Belə geniş mutagenlik olduğu üçün külli miqdarda hazırlanan vaksin ola bilsin ki, bir il sonra lazım olmur. Hər kəs bilməlidir ki, qripə qarşı peyvəndin yaratdığı immunitet müvəqqətidir.

 

Qrip əleyhinə peyvənd 6 aydan bir ilə qədər insanı qripə yoluxmaqdan qoruyur, sonra effektini itirir. Çünki immunitet daimi yaranmır. Eyni zamanda, əgər bir növə qarşı bədəndə immunitet yaranıbsa, digər növlərə yoluxanda vaksin təsir eləmir. Ona görə də qrip peyvəndləri dünyada o qədər də geniş yayılmayıb”.

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR