İstinin, günvurmanın riskləri: Nələrə diqqət olunmalıdır?

“Havaların çox isti keçməsi, xüsusilə son günlər həddən artıq yüksək temperaturun qeydə alınması ilə əlaqədar olaraq insanların sağlamlıq durumunda müəyyən dəyişikliklər, patologiyalar izlənilir. İsti hava şəraiti daha çox yaşlı əhaliyə, kiçik yaşlı uşaqlara, körpələrə ağır təsir göstərir”.

 

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında terapevt, Mərkəzi Klinik Xəstəxananın həkimi Sevinc Ələsgərova deyib.

 

Onun sözlərinə görə, temperaturun yüksəlməsi ilə əlaqədar olaraq həkimlərə müraciətlər artıb. Bu hallar isə əsasən günvurma, istivurma ilə bağlıdır: “İnsanda bədən hərarətinin requlyasiyası mərkəzi sinir sistemi tərəfindən tənzimlənir. İstilik müəyyən dərəcəyə çatdıqda, məsələn, 36 dərəcəni keçdikdə bu requlyasiyada müəyyən problemlər yaradır. Bununla bağlı bir sıra  simptomlar yaranır, bunlardan biri də ilkin olaraq dəridə səpgilərin meydana gəlməsidir. Bu da tər vəzilərinin özündə gedən dəyişikliklər, şişkinləşmə ilə əlaqədar ola bilər. Xüsusilə də aşağı ətraflarda çox ayaq üstdə duran şəxslərdə şişkinliklər ola bilər. İstidən hətta qıcolmaların da yaranması mümkündür. Qıcolma daha çox mineralların itməsi ilə əlaqədar yaranır. İstivurma, günvurma zamanı ürək vurğularının sayı artır, təngnəfəslik olur, dəri quruyur, tərləmə demək olar ki, olmur. Bu hallarda temperaturun qalxması da mümkündür. İstidən temperaturun qalxması, yəni hipertermiya ilə qızdırma bir-birindən fərqli hallardır. Yəni, qızdırma əsasən bədənin infeksiyaya qarşı reaksiyasıdır.  Amma hipertemiya bədəndə termorequlyasiyanın pozulmasıdır. Belə hal olduqda, tez bir zamanda yardım etmək lazımdır. Çünki bu ağır patologiyalara gətirib çıxara bilər”.  

 

Onun sözlərinə görə, günvurma zamanı insan ilkin olaraq özünü pis hiss etməyə başlayır. Hətta başağrısı, ürəkbulanma, qusma yaranır. Belə məqamlarda demək olar ki, tərləmə olmur. Təngnəfəslik başlayır, ürək döyünmələrin sayı artır. Bunlar hamısı günvurmanın əlamətləridir. Belə hallar bayılma, ya da huşun itməsi ilə nəticələnə bilər. Ona görə də insan özünü pis hiss etdikdə, mümkün qədər həmin isti şəraitdən soyuq mühitə yerini dəyişməlidir. Heç bir dərmanın qəbul olunması tövsiyə olunmur. Belə əlamətlər müşahidə olunan kimi soyuq duş qəbul olunması, soyuq içkilərdən istifadə edilməsi halları da olur. Amma çox soyuq içki də qəbul etmək olmaz.  Bu sonradan başqa ağırlaşmalara da gətirib çıxara bilər.

 

Əgər ətrafda gün vuran şəxs varsa, həmin şəxsi tez bir zamanda sərin, ya da kölgəli yerə çəkmək lazımdır. Bədənə soyuq kompreslər, hətta buz da qoyula bilər.  

Hipertoniya xəstələri, yəni yüksək təzyiqdən əziyyət çəkən adamlarda susuzlaşma ilə əlaqədar təzyiqin daha da artması mümkündür. Ürək qan-damar sistemi xəstəliyi olan insanlarda susuzlaşma qanın qatılığının artmasına gətirib çıxarır. Bu da tromblaşma, insult riskini artırır.

 

Ona görə də ciddi bir ehtiyac yoxdursa, Günəş şüalarının altına, isti havaya az çıxmaq tövsiyə olunur. Saat 10-16 arasında mümkün qədər isti havada az olmaq lazımdır. Əgər ehtiyac varsa, maye qəbulu artırılmalıdır. Hər bir şəxs isti havaya çıxmamışdan qabaq 750 ml qədər maye içməlidir. Bu, istəklə bağlı deyil, su mütləq içilməlidir. Açıq rəngli, mümkün qədər boş, bədəni sıxmayan paltarlar geyinməlidir”.

 

 

Həkim onu da deyib ki, isti havalarda bəzən təzyiqin enməsi də müşahidə edilir: “Tərləmə zamanı orqanizmdə maye itkisi baş verdikdə, dəri səthində damarlar genişləndikdə, bu, təzyiqin enməsinə səbəb olur.  İsti havalarda daha çox sistalik təzyiqin enməsi qeydə alınır”.

 

Burun-qulaq, boğaz cərrahı, Mərkəzi Kliniki Xəstəxanasının mütəxəssisi Bilal Çərkəzov da  deyib ki, havaların isti keçməsi ilə əlaqədar olaraq həkimə müraciətlər artıb.

 

Yayda spesifik olaraq bir sıra burun, boğaz, qulaq problemlərinin yarandığını deyən mütəxəssis bunlardan birinin də çox soyuq içkilərdən istifadə ilə əlaqədar olduğunu qeyd edib.

 

Onun sözlərinə görə, yayda daha çox boğaz problemləri yaranır. Yayda qəbul edilən soyuq mayelər boğazda infeksiyaların yayılmasına, hətta kəskin tonzillitə qədər inkişaf etməsinə gətirib çıxarır. Sonra isə yaranan problem hava damcı hava yolu ilə yayılmağa başlayır:   

 

“Eyni zamanda isti havalarda hovuzlara, dənizə üz tutanlarda, hətta evdə tez-tez duş qəbul edənlərdə qulaqda bir çox problemlər, burun ciblərinin bəzi xəstəlikləri yayılır. Buna görə qulaq, burun problemləri ilə əlaqədar olaraq həkimə müraciətlər  artıb.

 

Yayda əsasən qulaqda yaranmış tıxacların, qulaq kirinin dənizin, duşun təsirindən şişməsi baş verir. Eşitmənin azalması və qulaqda batma hissiyyatının əmələ gəlməsi kimi hallar müşahidə edilir. Bir çox insanlar məhz buna görə müraciət edirlər.

Hətta bəzi xəstələrimiz belə hallarda qulağa özləri müdaxilə edirlər. Biz “qulaq çöpləri”ndən istifadəni qətiyyən məsləhət görmürük. Qulağa müdaxilə ancaq vəziyyəti pisləşdirə bilər. Qulaq kirlərinə müdaxilə etmək qulaqda zədələnmələrə və qulaq kiri tıxacının daha da dərinə itələnməsinə gətirib çıxarır. Ümumiyyətlə, “qulaq çöpü” deyilən çöplər qulaq üçün düşünülməyib, bunlar hansısa ləkənin, qadınlarda makiyajın silinməsi üçündür. Onun “qulaq çöpü” adlandırılması səhv fikirdir. Bu çöplərdən qulaq üçün istifadə olunması hətta təbil pərdəsinin zədələnməsinə gətirib çıxarır”. 

 

Mütəxəssis qeyd edib ki, günvurma nəticəsində bəzən burun qanaxmalarının da yaranması mümkündür. İstinin təsirindən hər bir normal insanda burun qanaması baş verə bilər. Bundan başqa, qan təzyiqi qalxanda istinin təsirindən burunda qanaxmalar olur: “Qanaxma zamanı insanlar burunu sıxaraq başı arxaya doğru əyirlər. Bu, doğru deyil, belə hallarda başı önə əyməyimiz daha məqsədəuyğun olar. Bu zaman qanaxma daha tez dayanır. Bəzən insanlar yüksək təzyiq zamanı burun qanaxmasından qorxurlar.

Amma bu halın müdafiə tərəfini də fikirləşmək lazımdır. Çünki burundan qanın açılması təzyiqin düşməsinə səbəb olur. Belə hallarda ilkin olaraq burun kökünə buz qoyula, nəm salfetdən istifadə oluna bilər. Amma sonra  həkimə müraciət etmək lazımdır.

 

Qan duruldan dərmanlardan istifadə edən şəxslər bu məsələdə daha diqqətli olmalıdırlar. Onlarda qanaxmalar daha ciddi xarakter daşıyır, həkim müdaxiləsi lazım olur”.

 

Mütəxəssis vurğulayıb ki, burun, boğaz, istər adenoma, tonzillektomiya əməliyyatı olunan, istərsə də estetik, çəpər əyriliyi əməliyyatı keçirən insanlarda qanamaya meyllilik olur. Ona görə də onların isti mühitdən uzaq olmaları tövsiyə olunur.

 

 

 

 

Bəzi insanlarda kondisioner havasına qarşı allergiya yarandığını deyən mütəxəssis onu da bildirib ki, allergiya zamanı burun damcılarından həkim göstərişi olmadan istifadə edilməsi məqsədəuyğun deyil: “Bəzən xəstələr allergiya zamanı damar daraldıcı dərmanlardan istifadə edirlər. Halbuki antiallergik burun püskürtmələrindən istifadə olunmalıdır. Belə olan halda damar daraldıcı dərmanlar əlavə problemlərə gətirib çıxarır. Həm də xəstədə iltihab, yoxsa allergik proses olduğunu həkim müəyyənləşdirməli, hansı dərmandan istifadə edilməsinə həkim qərar verməlidir.

 

Ümumiyyətlə, yay aylarında burunda daha çox quruluq yarandığı üçün apteklərdə təbii okean, dəniz suyu adı altında satılan damcılardan istifadə olunsa, daha yaxşı olar”.

 

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR