Stress hansı xəstəliklərə səbəb olur?
“Stress nəticəsində psixosomatik adı altında birləşdirilən bir çox xəstəliklərin yaranması mümkündür. Buraya daha çox həzm orqanlarında yaranan problemlər, reflüks, qastrit, qıcıqlanmış bağırsaq sindromunu, autoimmun xəstəliklər, ekzemalar, ürək-damar, şəkər xəstəlikləri aid olunur. Hətta son zamanlar onkoloji xəstəliyin də kökündə stress amilinin dayanması haqda çoxsaylı tədqiqatlar var”.
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında həkim-qastroenteroloq Arzu Yusifova deyib.
Mütəxəssis qeyd edib ki, stress nəticəsində beyində bir çox biokimyəvi reaksiyalar baş verir, adrenalin ifrazı artır, bu da dərhal ürək döyüntülərinin sayının artmasına səbəb olur: “Bəzi şəxslər bunu ya əlinin tərləməsi, ya da təngnəfəsliyə gətirib çıxaran hal kimi dəyərləndirir. Bu uzun müddət davam etdikdə, yəni stress amili uzun müddət insanı təsiri altında saxladıqda ürək-damar, şəkər, mədə-bağırsaq xəstəliklərinin yaranması qaçılmaz olur.
Təbii ki, fiziki və zehni stresslər fərqlidir. Yəni qəfildən bədənimizin böyük bir hissəsi yanırsa, əlimiz, ayağımız qırılırsa, ciddi bir əməliyyat keçiririksə, bunlar da stressdir. Şəxsin haqqında danışılan xoşagəlməyən bir söz və ya işdən çıxarılması da stress yaradır. Hamiləlik dövrü, doğuş anı, eləcə də boşanmalar, maddi-sosial problemlər, yaxınların itkiləri stressli vəziyyət kimi dəyərləndirilir. Stress təbii ki, anidən böyük bir xəstəlik törədə bilmir. Amma hər bir insanın hər hansı kiçik qıcığa sərt cavab verməsi, yuxusuzluq, həyəcan, əhval-ruhiyyənin pozulması ilə nəticələnir. Bəzilərində stress zəminində çox yemək, digərlərində isə iştahanın olmaması müşahidə edilir”.
Mütəxəssis deyib ki, stress nəticəsində ilkin olaraq baş, bel, əzələ ağrılarının, bəzi şəxslərdə hətta qaşınmanın, səpgilərin yaranması mümkündür: “Bunları anında dəyərləndirməyəndə sonradan ciddi problemlərin yaranması mümkündür. Bir şəxsin yuxusuzluğu varsa, özünü gərgin hiss edirsə, içində həmişə bir narahatlıq yaranırsa, bunlar bir müddət sonra mütləq psixosomatik xəstəliklərə, orqanik problemlərə, yəni mədə, onikibarmaq bağırsaq yarasına, qıcıqlanmış bağırsaq sindromuna, ürək-damar xəstəliyinə səbəb ola bilər. Məşhur həkimlərdən biri deyib ki, ürək tutmasından ölüm qəfləti olmur. Buna illərcə hazırlıq lazımdır. Yəni illərdir yaşadığımız, amma “önəmli bir şey deyildir” dediyimiz stress bir müddət sonra bu problemlərə gətirir. Təəssüflər olsun ki, bizə müraciət edən xəstələr uzunmüddətli stresslər nəticəsində yaranan xəstəliklərin irəliləmiş halında müraciət edirlər”.
Stress nəticəsində yaranan problemlərdən birinin qıcıqlanmış bağırsaq sindromu olduğunu deyən mütəxəssis bildirib ki, bağırsaq hüceyrələrinin beyinlə əlaqəsi olduqca güclüdür: “İnsan ölən kimi öncə bağırsaq hüceyrələri ölür. Yəni beyinə gələn hər hansı bir qıcıq bağırsaqlara ötürülən impulsu artırır, eyni zamanda qıcıq nəticəsində ifraz olunan stress hormonları da bağırsağın hərəkətliliyini artırır. Bu halda xəstələr qarında bir ağrı hissi, köplük, şişkinlik şikayəti ilə müraciət edirlər. Bəziləri ishal, bəziləri qəbzlik, bəzi şəxslər isə ishalla qəbzliyin növbələşməsi şikayəti ilə gəlirlər. Əgər xəstə gəncdirsə, biz çox ciddi bir problemin olmadığını düşünürük. Amma 40 yaşdan sonra mütləq kolonoskopik müayinə aparılması lazımdır. Bir çox hallarda bu xəstələrdə instrumental-laborator müayinələrin nəticəsində klinik, orqanik bir problem tapmırıq. Yəni bağırsağın divarları da, qan təhlilləri tamamilə normal olur. Amma xəstənin şikayəti var. Bu, qıcıqlanmış bağırsaq sindromudur. Burada yalnız qıcığı söndürmək, beyini sakitləşdirmək lazımdır. Bunun üçün biz sadəcə, xəstəyə stress, depressiya əleyhinə dərmanlar verir, daha çox fiziki aktiv olmağı, təbiət qoynunda dincəlməyi, oksigenlə zəngin yerlərdə olmağı tövsiyə edirik.
Onun sözlərinə görə, qəbizlik bir çox hallarda stresslə bağlı olur: “Təbii ki, qəbizliyin bir çox səbəbləri var. Bağırsaqda bir şiş törəməsi, yəni nəcisin çıxışının qarşısını alan bir törəmə yoxdursa, xəstə şəkərli diabet deyilsə, hər hansı hormonal problemi yoxdursa, o zaman qəbizlik qıcıqlanmış bağırsaq sindromu ilə əlaqəli olur. Bu isə stress nəticəsində baş verir. Gərgin olan insanların hamısında bu hal yaranır. Çünki bağırsaq sürəkli gərgin olur, içərisindəkini kənara buraxmaq istəmir. Burada mütləq psixoloji sakitlik əldə etmək vacibdir. Depressiyada olan insanları daha çox bağırsaqda yaranan problemləri aradan qaldıraraq depressiyadan çıxarmağa çalışırlar”.
Stress nəticəsində ən çox rast gəlinən problemlərdən birinin də reflüks olduğunu vurğulayan mütəxəssis qeyd edib ki, reflyuks mədə möhtəviyyatının yemək borusuna qayıtması deməkdir: “Normalda bilirik ki, yediyimiz qidalar yuxarıdan aşağıya doğru hərəkət edər, yemək borusuna, mədəyə, onikibarmaq bağırsağa, daha sonra da artıq qalan qisimlər yoğun bağırsağa atılır. Ancaq reflyükls halında mədə möhtəviyyatı, yəni turş mühit yemək borusuna atılır. Eyni zamanda stress halında, stress hormonlarının təsiri altında mədənin turşu ifrazı da yüksəlir.
Mədə turşusu yemək borusuna qayıdanda boruda yanma hissi, gəyirmə, döş sümüyünün arxasında ağrı, ən çox da ağızda acılıq kimi şikayətlərlə özünü büruzə verir. Belə hallarda mədə turşuluğunu aşağı salan dərmanlardan istifadə edirik ki, reflüks olsa da, yemək borusunda zədələnmə yaratmasın”.
Onun sözlərinə görə, bir çox hallarda bu problem stress və ya kofein tərkibi içkilərdən daha çox istifadə nəticəsində yaranır: “Məsələn, araşdırmalar göstərir ki, bir stəkan çayda 50 milliqram, bir fincan kofedə 100 milliqram kofein var. Əgər günlük rasionumuzda kofein miqdarı 250 milliqram olarsa, artıq yuxuda pozğunluq yaranır. Bu da stress yaradır. Kofe də digər narkotik vasitələr kimi, siqaret kimi, alkoqol kimi asılılıq yaradan bir içkidir. Ona görə də miqdarı aşmamaq lazımdır.
Adətən bizim insanlar axşamlar yemək yeyən kimi dərhal yatmağa üz tuturlar. Reflüks problemi olan şəxslərdə isə bu ümumiyyətlə, yolverilməzdir. Çünki şaquli vəziyyətdə olanda qidanın geri qayıtma halı heç olmasa bir qədər əngəllənir. Amma yataqda, üfüqi vəziyyətdə uzandıqda bu dərhal baş verir. Geri qayıdan qidanın bir hissəsi traxeyaya atılır və hətta astmatik xəstələrdə tutmalar baş verir. Xəstənin boğulması, səsin bir az xırıltılı olması reflüksün əlamətlərindən biridir”.
Mütəxəssis yemək yeyəndən yalnız 3 saat sonra uzanmağı, yatmağı tövsiyə edib: “Bu arada su içilə bilər. Çay içilməsi və ya meyvə yeyilməsi də doğru deyil. Reflüksün yaranmaması üçün gün ərzində hər on beş dəqiqədən bir su içmək tövsiyə edilir”.
A.Yusifova deyib ki, stresslə mübarizə aparmağın əsas yolu düşüncənin dəyişməsidir: “Qaydalara görə, davranışını dəyişmək istəyirsənsə, öncə düşüncəni dəyişməlisən. Çünki düşüncə duyğu yaradır. Düşüncə dəyişmirsə, aparılan müalicələrin də elə bir əhəmiyyəti olmur. Xəstənin düşüncəsi eyni qalacaqsa, bizim dərman müalicəmiz bitəndən sonra yenidən eyni durumla üzləşəcək. Təbii ki, heç bir halda stressiz yaşamaq mümkün deyil. Amma stressə qarşı, stress situasiyasında alternativ düşüncə yaradaraq vəziyyətdən uğurla çıxmaq mümkündür”.