Uşaqlarda nitq qüsurları nədən yaranır?
“Uşaqlarda nitq qüsurları geniş yayılan problemlərdən biridir. Edilən müraciətlərə əsasən demək olar ki, xüsusilə yeni danışmağa başlayan - yəni 15-18 ayından başlayaraq məktəb yaşı dönəminədək olan dövrdə bu və ya digər dərəcədə nitq qüsuru problemi olan uşaqlar çoxdur”.
Bunu APA TV-nin "Öncə sağlıq" proqramında uşaq nevroloqu, Tibb Universitetinin Tədris Terapevtik Klinikasının əməkdaşı Rima İbadova deyib.
Mütəxəssis deyib ki, nitqdə yaranan problemlər çox geniş bir məfhumdur və nitq qüsurlarının səbəbləri müxtəlif olur. Bəzi hallarda danışmada olan ləngimə genetik olur, bəzi hallarda isə bunun çox ciddi səbəbləri ortaya çıxır: “Bunu ilkin olaraq valideynlər hiss edir. Ona görə də valideynlər daha diqqətli olmalıdırlar. İki-üç aylıq uşaq qığıldamalıdır, 6-8 aylıqda bəzi hecaları deməli, göz kontaktı ilə adına reaksiya verməli, 1 yaşından başlayaraq istiqamətli bir neçə söz deməlidir. Əgər uşaq 1 yaşında göz kontaktı qura bilmirsə, mütləq mütəxəssisə müraciət olunmalıdır. Təbii ki, uşaqları öncə pediatrlar görürlər. Pediatrlar hər hansı nitq ləngiməsindən şübhələnərlərsə o zaman nevroloqa müraciət edilməlidir. Hər hansı nevroloji problem aşkarlanmasa, yəni nitq probleminin nevroloji problemdən qaynaqlanmadığı məlum olsa, məsələn, bunun autizmlə bağlı olduğu ortaya çıxsa, o zaman pasient psixoloq və ya psixiatrlara yönləndirilir. Burada psixososial məşqlər çox önəmlidir”.
R. İbadova nevroloqa müraciətin nitq probleminin hansı səbəblə bağlı olduğunu araşdırmaq baxımından çox önəmli olduğunu vurğulayıb.
Nevroloqun sözlərinə görə, nitq qüsurun olmasına şübhə yaradan ciddi siqnallardan biri uşağın adına reaksiya verməməsidir: "Bir yaşında uşaq adını çağıranda reaksiya vermirsə, yaxud da məsələn, babasına “baba” demirsə, hər kəsə “baba” deyirsə, bu, söz deyil, heca hesab olunur".
R.İbadova nitq qüsurlarının bir sıra hallarda eşitmə probleminə bağlı olduğunu qeyd edərək deyib ki, bu problem nə qədər tez aşkarlanarsa, həlli üçün nə qədər tez tədbirlər görülərsə, uşağın nitqində olan qüsuru minimuma endirmək daha asan olar: “Əgər uşaqda nitq ləngiməsi varsa, uşağın eşitmə qabiliyyətini yoxlayırıq. Erkən uşaqlıq dönəmində hər hansı zədələnmə baş verərsə, bu, beynin nitq mərkəzinin zədələnməsinə gətirib çıxara bilər. Nə qədər erkən diaqnoz qoyularsa, müdaxilə edilərsə, nəticə daha ürəkaçan olur".
Onun sözlərinə görə, daha çox qohum nikahlardan doğulan uşaqlarda eşitmə və nitq qüsurları müşahidə edilir.
Mütəxəssis nitq qüsurları ilə bağlı dərman müalicəsinin olub-olmaması barədə suala cavabında "Təəssüf ki, nitqi açan, problemi aradan qaldıran dərman yoxdur. Elə bir dərman elmə bəlli deyil ki, biz onu verəcəyik və uşaq danışacaq”, - deyə bildirib.
Həkim epilepsiyadan əziyyət çəkən uşaqlarda da nitq ləngiməsinin yarandığını söyləyib.
Nevroloq onu da vurğulayıb ki, uşağın davamlı şəkildə televizor, kompüter qarşısında oturması, planşet, telefondan istifadə etməsi nitq ləngiməsinə səbəb olur: “Bunlar valideynlərin buraxdığı səhvlərdən biridir. Bunun nəticəsində uşaqda nitq ləngiməsi müşahidə olunur, bunlar uşaqların özünə qapanmasına şərait yaradır, sosiallaşmasına mane olur. Nitqin inkişafı üçün sosiallaşma əsas faktorlardan biridir"...